Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9042/2025 10.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: xidmət müqaviləsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlu, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:
1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixli, 1564-2017 saylı mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. Müqavilənin predmetinə əsasən, şirkət (iddiaçı) korporativ abunəçiyə (cavabdehə) mobil rabitə xidmətləri göstərir, “Korporativ Abunəçi” isə bu xidmətləri qəbul edib bu müqavilənin tərkib hissəsi olan Korporativ tarif təklif planı əsasında xidmət haqqının vaxtı-vaxtında ödənilməsini təmin edir. Bu müqavilə üzrə şirkət korporativ abunəçiyə şirkətin şəbəkəsindən istifadə etmək üçün “Sim Kart” paketləri ilə birlikdə 5 ədəd nömrə təqdim edir. Müqavilə üzrə nömrələrin siyahısı 1 saylı Əlavədə əks olunur və həmin nömrələrin istifadəçilərinin şəxsiyyətini təsdiq edən sənədlər hazırkı müqaviləyə əlavə olunur. Korporativ abunəçi isə həmin nömrələri öz işçilərinin xidməti istifadəsinə verir və Korporativ tarif təklif planına (2 saylı Əlavə) uyğun olaraq xidmət haqqının vaxtı-vaxtında ödənilməsini təmin edir. Hər növbəti ayın 20-dən gec olmayaraq əvvəlki ayın hesabını və izahlı qaiməsini korporativ abunəçiyə təqdim etmək iddiaçının, bu müqaviləyə uyğun olaraq 5 ədəd nömrəni qəbul etmək, onları ən azı 3 ay ərzində istifadə etmək və istifadə edilən xidmətlərə görə ödənişləri vaxtıvaxtında etmək isə cavabdehin öhdəliyi kimi müəyyən olunur (müqavilənin 1.1, 1.2 və 2.1.2 və 2.3-cü bəndləri).
2. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli, 1564-2017 saylı “Mobil rabitə xidmətlərinin göstərilməsi” nə dair müqaviləyə 1 saylı Əlavədə cavabdehə təqdim ediləcək 5 ədəd nömrənin siyahısı verilmiş, 2 və 3 saylı Əlavələr ilə iddiaçı tərəfindən cavabdehə təqdim olunan güzəştli tarif paketlərinin dəyəri razılaşdırılmışdır.
3. İddiaçı tərəfindən cavabdehə 63,36 manat məbləğində MT2501 seriyalı, 10275988 nömrəli; 108 manat məbləğində MT2410 seriyalı, 10751553 nömrəli; 108 manat məbləğində MT2411 seriyalı, 10375698 nömrəli və 103 manat məbləğində MT2412 seriyalı, 10282076 nömrəli olmaqla, cəmi 382,36 manat məbləğində elektron-qaimələr göndərilmişdir.
4. Bundan başqa, iddiaçı tərəfindən cavabdehə ödəniş etməsi məqsədi ilə dekabr 2021- dekabr 2024-cü il dövrü üzrə hesablanmaqla, 318,1 manat (269,58 manat əsas + 48,52 manat ƏDV) məbləğində hesab-faktura göndərilmişdir.
İDDİA ƏRİZƏSİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ:
a) İddia ərizəsinin dəlilləri
5. İddiaçı cavabdehdən 318,10 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında imzalanmış 21 dekabr 2017-ci il tarixli, 1564-2017 saylı “Mobil rabitə xidmətlərinin göstərilməsinə dair” müqaviləyə əsasən iddiaçı cavabdehə mobil rabitə xidmətlərini göstərməyi, cavabdeh isə xidmətləri qəbul edib müqavilənin tərkib hissəsi olan korporativ tarif planı əsasında xidmət haqqının vaxtı-vaxtında ödənilməsini təmin etməyi öz üzərinizə götürmüşdür. Lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər yerinə yetirilməmiş, təqdim edilmiş hesablar üzrə ödənişlər həyata keçirilməmişdir. Belə ki, 021 dekabr 2017-ci il tarixli, 1564-2017 saylı “Mobil rabitə xidmətlərinin göstərilməsinə dair” müqavilənin 2.3.3- cü bəndinə görə koporativ abunəçi (cavabdeh) təqdim edilmiş xidmətlərə görə ödənişləri vaxtı vaxtında həyata keçirməli olduğu halda, müqavilənin həmin şərtinin tələbini pozmuşdur. Hal-hazırda cavabdehin İddiaçı MMC-yə 318,10 manat ödənilməmiş borcu qalmışdır.
b) İddiaya qarşı etirazın dəlilləri
7. Cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə bildiriş göndərilsə də, cavabdeh etirazını məhkəməyə təqdim etməmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
8. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
9. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:
Azərbaycan Respublikası Mülki Məcəllə:
10. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
13. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
18. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
19. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
20. Mülki Məcəllənin 386.1-ci maddənin məzmunundan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.
21. İddiaçının tələbi yerinə yetirilmiş mobil rabitə xidmətlərinə görə xidmət haqqının ödənilməsi ilə bağlıdır və iddiaçı bu tələbinin hüquqi əsası kimi Xidmət müqaviləsinə əsaslanır. Məhkəmə qeyd edir ki, tərəflər arasında Xidmət müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır və həmin müqavilədə iddiaçı tərəfindən göstəriləcək xidmətlərin nədən ibarət olması, xidmətin hansı qaydada və necə təhvil verilməsi, təhvil verilmiş xidmətlərə görə haqqın ödənilməsi qaydası və şərtləri konkret göstərilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının pul tələbinin əsaslı olması birbaşa həmin şərtlərə əvvəlcə iddiaçı tərəfindən necə əməl edilməsindən asılıdır.
22. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 1564-2017 saylı mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən iddiaçı razılaşdırılmış mobil rabitə xidmətləri göstərməyi, cavabdeh isə bu xidmətləri qəbul edib bu müqavilənin tərkib hissəsi olan Korporativ tarif təklif planı əsasında xidmət haqqını vaxtı-vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
23. İş materialalrından görünür ki, iddiaçı tərəfindən cavabdehə 63,36 manat məbləğində MT2501 seriyalı, 10275988 nömrəli; 108 manat məbləğində MT2410 seriyalı, 10751553 nömrəli; 108 manat məbləğində MT2411 seriyalı, 10375698 nömrəli və 103 manat məbləğində MT2412 seriyalı, 10282076 nömrəli olmaqla, cəmi 382,36 manat məbləğində elektron-qaimələr göndərilmişdir. Bundan başqa, iddiaçı tərəfindən cavabdehə ödəniş etməsi məqsədi ilə dekabr 2021- dekabr 2024-cü il dövrü üzrə hesablanmaqla, 318,1 manat (269,58 manat əsas + 48,52 manat ƏDV) məbləğində hesab-faktura göndərilmişdir.
24. Beləliklə, iddiaçı müqavilə ilə üzərinə götürdüyü mobil rabitə xidmətlərinin göstərilməsinə dair öhdəliyini lazımınca icra etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh göstərilən xidmətləri qəbul etmək hüququna malik olduğu kimi, eyni zamanda bu müqavilənin tərkib hissəsi olan Korporativ tarif təklif planı əsasında xidmət haqqını vaxtı-vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh isə göstərilən müqavilə əsasında xidmətlərin qəbul edilməsinə dair hüququndan istifadə etmiş, lakin xidmət haqqını ödəməyərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Odur ki iddiaçı 318,10 manat məbləğində borcun cavabdeh tərəfindən ödənilməsinə dair hazırkı iddia tələbini irəli sürməkdə haqlıdır.
25. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 318,10 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Pərviz Zamanlı