Məhkəmə qərarları › İş №e-2-2(113)-908/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-908/2025

03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-908/2025 03.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, qida məhsullarının təchizatı, faiz borcu və dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Vəliyeva Nigar Rauf qızının katibliyi, iddiaçının nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC -dən 16 976 (on altı min doqquz yüz yetmiş altı) manat məbləğində pul məbləğinin, gecikdirilmiş pul məbləğinin 5%-i miqdarında gecikdirilmiş vaxt üçün 848,80 (səkkiz yüz qırx səkkiz) manat 80 qəpik məbləğində əlavə pul məbləğinin və 143,48 (bir yüz qırx üç) manat 48 qəpik məbləğində ödənilmiş dövlət rüsumunun, toplamda 17 968,28 (on yeddimin doqquz yüzaltmış səkkiz) manat 28 qəpik məbləğin ödənilməsi barəsində müvafiq qətnamə qəbuqəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Bakı şəhərində və bütün Azərbaycan Respublikasının ərazisində müxtəlif fəaliyyət növü ilə məşğul olan Şirkətlərə personallarının qidalanması kimi iaşə xidmətlərini göstərir. Uzun müddətdir ki, şirkətin markası altında göstərilmiş keyfiyyətli iaşə xidmətləri daim müştəriləri məmnun etmişdir. Bu müştərilər sırasında Cavabdeh MMC də olmuşdur. Belə ki, Cavabdeh ilə bağlanmış xx.xx.2023-cü il tarixli, 00046 saylı işçi personalın nahar ilə təmin edilməsinə dair iaşə xidmətlərinin göstərilməsi müqaviləsi üzrə İcraçı olaraq İddiaçı MMC Sifarişçi "xxxx" MMCnə qeyd olunan X1 Protokollarında göstərilən xidmətləri göstərmiş, eyni zamanda Sifarişçi Cavabdeh MMC də müvafiq qaydada xidmətləri təhvil-təslim aktları (təhvil-təslim aktlarının surətləri əlavə edilir) ilə qəbul edib, dəyərini müqavilə şərtlərinə uyğun ödəməyi öz öhdəsinə götürmüşdür. Halbuki, xx.xx.2023-cü il tarixində EBDQ № 004424 saylı, xx.xx.2023-cü il tarixində EBDR № 757685 saylı, xx.xx.2023-cü il tarixində EBDU № 006437 saylı, xx.xx.2023-cü il tarixində EBDW № 486398 saylı və xx.xx.2024-cü il tarixində EBDX № 957790 saylı elektron qaimə-fakturalar (Elektron qaimə-fakturaların surətləriəlavə edilir) və təhvil-təslim aktları ilə 18 379,20 manat məbləğində iaşə xidmətlərinin Cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq, bu xidmətlərdən yalnız xx.xx.2023-cü il tarixində EBDQ № 004424 saylı elektron qaimə-faktura üzrə 403,20 (dörd yüz üç) manat 20 qəpik və digər qaimə-faktura üzrə isə qalıq 17 976 (on yeddi min doqquz yüz yetmiş altı) manatdan cəmi 1000 (bir min) manat ödəniş edilmişdir.(ödəniş tapşırıqları əlavə edilir) Müqavilənin qalıq 16 976 (on altı min doqquz yüz yetmiş altı) manat dəyəri müqavilənin 2.4.2 və 2.4.3.-cü bəndlərinə zidd olaraq, hal-hazıradək ödənməmişdir. Xidmət müqaviləsinin 4.1.-ci bəndinə əsasən “İcraçı” və “Sifarişçi” arasında ödənişin qaydası, forma və müddəti müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra İcraçı təqdim edilən qaməyə əsasən 10 iş günü ərzində tərəflərin razılaşmasına əsasən bank ödənişi yolu ilə həyata keçirilməlidir. Xidmətlər ən son dəfə yanvar 2024-cü ildə təqdim edilməsinə baxmayaraq, ən gec xx.xx.2024-cü il tarixinədən müqavilə üzrə tam öhdəliyinizi icra edib, ödənişləri bitirməli idi. Yuxarıda qeyd olunan xx.xx.2024-cü il tarixinədək bütün qaimə-fakturalar təsdiq edilməsinə və müvafiq qaydada xidmətlərin təhvil-təslim aktları ilə birgə Cavabdehə təqdim edilməsinə baxmayaraq, müqavilə öhdəliklərini pozaraq, hal-hazıradək öz üzərinə düşən öhdəliklərini yerinə yetirmirlər və 16 976 (on altımin doqquz yüz yetmiş altı) manat məbləğində qalıq ödənişlərini ödəmirlər. Nəticə etibarilə Cavabdeh hal-hazırki tarixədək tərəfindən yuxarıda qeyd olunan qalıq ödəniş öhdəliyini tam icra etməmişdir və öhdəliyin pozulmasına yol verilmişdir.

3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh MMC -dən 20 031,68 manat pul məbləğinin (16 976 manat məbləğində cari hesaba, 3 055,68 manat isə ƏDV depozit hesabına), gecikdirilmiş pul məbləğinin 5%-i miqdarında gecikdirilmiş vaxt üçün 1001,58 manat məbləğində əlavə pul məbləğinin və 153,10 manat məbləğində ödənilmiş dövlət rüsumunun, toplamda 21 186,36 manat məbləğin ödənilməsi barəsində müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.

6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 00046 saylı xidmət müqaviləsinə əsasən:

9. Müqavilənin 1.1-ci bəndinə əsasən tərəflər bu Müqavilənin Əlavələrində daha ətraflı müəyyən edilən iaşə xidmətlərini (bundan sonra “Xidmətlər” adlandırılacaq) bu Müqavilədə nəzərdə tutulan şərtlərə əsasən göstərməyi öz öhdəsinə götürür.

10. Müqavilənin 1.2-ci bəndinə əsasən sifarişçi Xidmətlərin yerinə yetirilməsinin müqabilində İcraçıya bu Müqavilədə nəzərdə tutulmuş haqqı ödəməyi öz öhdəsinə götürür.

11. Müqavilənin 2.1-ci bəndinə əsasən icraçının hüquqları:

12. Müqavilənin 2.1.1-ci bəndinə əsasən Sifarişçidən Xidmətlərin dəyərini Müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə ödəməyi tələb etmək;

13. Müqavilənin 2.1.2-ci bəndinə əsasən sifarişçi bu Müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, bu Müqavilə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada vəzifələrin yerinə yetirilməsini tələb etmək.

14. Müqavilənin 2.4-cü bəndinə əsasən sifarişçinin vəzifələri:

15. Müqavilənin 2.4.1-ci bəndinə əsasən Bu Müqaviləyə uyğun olaraq, Xidmətləri İcraçıdan qəbul etmək;

16. Müqavilənin 2.4.2-ci bəndinə əsasən xidmətlərin dəyərini bu Müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə (vaxtında və dəqiq məbləğdə) İcraçıya ödəmək;

17. Müqavilənin 2.4.3-cü bəndinə əsasən bu Müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada icra olunmasını və onların pozulmasına yol verilməməsini öhdəsinə götürmək.

18. Müqavilənin 3.1-ci bəndinə əsasən xidmətlər ilə bağlı Tərəflər arasında müvafiq Təhvil-Təslim Aktı imzalanır. Xidmətlərin qəbulu tarixi Təhvil-Təslim Aktının hər iki Tərəfdən imzalandığı tarix hesab edilir.

19. Müqavilənin 3.2-ci bəndinə əsasən icraçı hər ay yerinə yetirilmiş Xidmətlər ilə bağlı Sifarişçiyə Təhvil-Təslim Aktını təqdim edir. Sifarişçi təhvil-təslim aktını aldığı gündən 2 (iki) iş günü müddətində onu imzalamalı və ya əsaslandırılmış imtinanı göndərməlidir. Bu zaman imtinanın səbəbləri kimi Xidmətlərin bu Müqavilənin şərtlərinə uyğun olmaması təchiz edilən ərzağın keyfıyyətsizliyi əsas götürülür.

20. Müqavilənin 4.1-ci bəndinə əsasən Bu Müqavilənin ayrılmaz hissəsi olan 01 saylı Əlavəsində göstərilən tariflərin tətbiqi ilə müəyyən olunacaqdır və bununla bağlı Tərəflər arasında müvafiq Təhvil-təslim Aktının imzalanmasından sonra, İcraçı təqdim etdiyi Hesab- Fakturaya əsasən 10 (on) iş günü ərzində Sifarişçi tərəfindən ödəniləcəkdir.

21. Müqavilənin 4.2-ci bəndinə əsasən tərəflər arasında hesablaşma bank hesabına köçürmə yolu ilə həyata keçirilir.

22. xx.xx.2023-cü il tarixli, 00046 saylı xidmət müqaviləsinə 1 saylı əlavəyə əsaən qablaşdırılmış nahar 1 nəfər üçün 4.20 manat həddində razılaşdırılmışdır.

23. xx.xx.2023-cü il tarixli, 227 saylı təhvil-təslim aktına əsasən iddiaçı MMC tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi nahar yerində 565 pors yemək seti təhvil verildiyi, xx.xx.2023-cü il tarixli, 271 saylı təhvil-təslim aktına əsasən iddiaçı MMC tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi nahar yerində 905 pors yemək seti təhvil, xx.xx.2023-cü il tarixli, 298 saylı təhvil-təslim aktına əsasən iddiaçı MMC tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi nahar yerində 1366 pors yemək seti təhvil verildiyi verildiyi və xx.xx.2024-cü il tarixli, 013 saylı təhvil-təslim aktına əsasən iddiaçı MMC tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi nahar yerində 1444 pors yemək seti təhvil verildiyi qeyd olunmuş və aktlar hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir.

24. İddiaçı MMC tərəfindən müqavilə üzrə göstərilmiş 475,78 manatlıq xidmət üzrə xx.xx.2023-cü il tarixli, EBDQ004424 saylı e-qaimə, 2800,14 manatlıq xidmət üzrə xx.xx.2023-cü il tarixli, EBDR757685 saylı e-qaimə, 4485,18 manatlıq xidmət üzrə xx.xx.2023-cü il tarixli, EBDU006437 saylı e-qaimə (cavabdeh tərəfindən təsdiqlənib), 6769,90 manatlıq xidmət üzrə xx.xx.2023-cü il tarixli, EBDW486398 saylı və 7156,46 manatlıq xidmət üzrə xx.xx.2024-cü il tarixli, EBDX957790 saylı e-qaimələr tərtib edilərək cavabdehə göndərilmişdir.

25. 21.11.2023-cü il tarixli 000İPX123325147B saylı ödəniş tapşırığına əsasən 403.2 manat dəyərində və xx.xx.2024-cü il tarixli 00İPX********** saylı ödəniş tapşırığına əsasən 1000 manat dəyərində (təyinatı e-qaimələr və müqavilə göstərilməklə) ödəniş cavabdeh tərəfindən iddiaçının hesabına köçürülmüşdür.

26. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir.

27. Tərəflər arasında bağlanmış müqavilənin adı Xidmət müqaviləsi adlandırılsa da, lakin iş materiallarına əlavə edilmiş təhvil-təslim aktlarından, elektron qaimələrdən görünür ki, mübahisələndirilən borc məbləği iddiaçı tərəfindən cavabdehə çatdırılmış/təhvil verilmiş yemək setinə görə yaranmışdır. Beləliklə, faktiki olaraq iddiaçı cavabdeh şirkəti qida (yemək) məhsulları ilə təmin etmiş, cavabdeh isə alınan həmin məsulun dəyərini iddiaçıya ödəməli idi.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

29. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

30. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

31. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

32. 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

33. 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

34. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının":

36. 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir;

37. 3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.

38. 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.

39. 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

40. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

41. Məhkəmə qeyd edir ki, xidmətlərin göstərilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən xidmətin qəbul edilməsi mənasına gəlir. Həmçinin cavabdeh tərəfindən bunun əksini təsdiq edən hər hansı bir sübut təqdim olunmamışdır.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

43. İşdən göründüyü kimi tərəflər arasında xidmətlərin göstərilməsinə (yemək setlərinin təchizatı) dair müqavilə bağlanmışdır, qida məhsulları (hazır nahar yeməkləri) cavabdehə təhvil verilmiş və cavabdehə e-qaimələr göndərilmişdir. Həmin e-qaimələr cavabdeh tərəfindən ləğv edilməmiş, düzəliş üçün iddiaçıya qaytarılmamışdır. Lakin, cavabdeh müqaviləyə əsasən yaranmış borcunu ödəməmişdir.

44. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, elektron qaimə, təhvil-təslim aktları və qismən ödənişlər ilə təsdiq olunduğu üçün 20.031,68 manat borc məbləğinə dair hissədə iddia tələbi təmin edilməlidir.

45. İddia tələbinin digər hissəsi olan - əsas borcun gecidilməsinə görə gecikdirmə faizi olaraq hesablanmış 1001,58 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbini də məhkəmə əsaslı hesab edir.

46. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

47. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.

48. İddiaçı tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009- cu il tarixli Qərarına uyğun olaraq özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanan faiz borcunun cavabdehdən tutulmasını əsaslı hesab edir.

49. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərə (satılmış qida məhsullarına) görə göndərilmiş e-qaimələr və təhviltəslim aktları üzrə borcun bugünə kimi ödənilmədiyini nəzərə alaraq, borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanmaqla 1001,58 manat məbləğində faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbində haqlı olmuşdur. Beləliklə, bu hissədə də iddia təmin edilərək borcun ödənişinin gecikdirilməsinə görə 1001,58 manat faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

50. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 153,10 manat dövlət rüsumu ödənilmişdir.

51. Azərbaycan Respublikası MPM-in:

52. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

53. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

54. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

55. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumu xərcinin əvəzi olaraq 153,10 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

56. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli 00046 saylı xitmət müqaviləsi üzrə ƏDV daxil 20.031,68 manat əsas borc məbləği, borcun ödənişinin gecikdlməsinə görə 1001,58 manat faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 153,10 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar