Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-919/2025 03.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, gecikdirmə faizi və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Məmmədzadə Nilgün Azər qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən Karataş Muhammetin (VÖEN: **********) xeyrinə 16775.00 manat məbləğində pulun, həmin məbləğin 8540 manat hissəsinin ödənilməsinin 3 il müddətinə, 8235 manat hissəsinin ödənilməsinin isə 2 il müddətinə gecikdirilməsinə illik 5 faiz dərəcəsi ilə hesablanmaqla 2100 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 147 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi Karatas Muhammet (icraçı) ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Baş İcraçı direktoru X1 (sifarişçi) arasında 05 may 2021-ci il tarixində “AX 134/0521” №-li xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı sifarişçiyə məxsus nəqliyyat vasitələrin təmir xidmətlərini eləcə də zəruri ehtiyat hissələrlə təmin edilməsini həyata keçirməyi, sifarişçi isə göstərilən xidmətlərin razılaşdırılmış dəyərini icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən iddiaçı Karataş Muhammet tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilərək sifarişçiyə 16775.00 manat dəyərində xidmət (iş, mal) göstərilmişdir. Həmin mallar sifarişçiyə müxtəlif tarixlərdə, yəni xx.xx.2021-ci il tarixində 350 manat dəyərində, xx.xx.2021-ci il tarixində 8190 manat dəyərində, xx.xx.2022-ci il tarixində 8235 manat dəyərində xidmət (iş, mal) göstərilmiş və həmin tarixlərdə malların təhvil alınması barədə sifarişçi tərəfindən müvafiq olaraq EBBC 389520 nömrəli, EBBD 861434 nömrəli, EBBV 242483 nömrəli elektron-qaimələr imzalanmışdır. Göründüyü kimi iddiaçı xidmət müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmiş, borclu isə müqavilənin tələblərini pozaraq 16775.00 manat dəyərində xidmət göstərilməsinə baxmayaraq iddiaçıya olan borcundan heç bir ödəniş etməmişdir. Müqavilə üzrə yaranmış borc məbləğinin ödənilməsi barədə "xxxx" Açıq Səhmdar Cəmiyyətni dən müqavilənin icrası, borcun qaytarılması tələb edilməsinə və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələr gətirərək müqavilə üzrə öhdəliklərini artıq 02 ildın artıqdır ki, icra etməkdən qəsdən yayınmışdır. Eyni zamanda cavabdeh hüquqi şəxsin qanunsuz hərəkətləri iddiaçı vergi ödəyicisi olan Karataş Muhammetin sahibkarlıq fəaliyyətinə həddindən çox mənfi təsir göstərir. Odur ki, nəticədə məhkəməyə müraciət etmək qərarına gəlinmişdir. Bundan başqa Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.3-ci maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Yuxarıda qeyd edilən 16775.00 manat məbləğində pulun 8540 manat hissəsinin ödənilməsi 3 il, 8235 manat hissəsi isə 2 ildən artıq müddətdir ki, gecikdirilir. Odur ki, 16775.00 manat məbləğində pulun 8540 manat hissəsinin ödənilməsi 3 il, 8235 manat hissəsi isə 2 ildən gecikdirilməsinə görə illik 5 faiz olmaqla 2100 manat məbləğində pul vəsaiti Garanti Motors MMC-yə cavabdeh tərəfindən ödənilməlidir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir.
5. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Karatas Muhammet ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AX- 134/0521 saylı xidmət müqaviləsinə əsasən:
8. Müqavilənin 1.1-ci bəndinə icraçı sifarişçinin tapşırığı əsasında tələb olunan bütün növ təmir işlərini həyata keçirir, sifarişçi isə göstərilən xidmətlərin razılaşdırılmış dəyərini icraçıya ödəyir.
9. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən xidmətlərin həcmi, icra müddəti, dəyəri və digər şərtlər bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə tərəflər arasında razılaşdırılır.
10. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən isə xidmətlər sifarişçi tərəfindən təhviltəslim aktı əsasında qəbul olunduqdan sonra icra edilmiş sayılır.
11. xx.xx.2021-ci il tarixli, EBBC389520 saylı e-qaiməyə əsasən "xxxx" ASC-yə 350 manat dəyərində (təsdiqlənib), xx.xx.2021-ci il tarixli, EBBD861434 saylı e-qaiməyə əsasən 8190 manat dəyərində (təsdiqlənib) və xx.xx.2022-ci il tarixli EBBV242843 saylı e-qaiməyə əsasən isə 8235 manat dəyərində(təsdiqlənib) xidmətlərin göstərilməsinə dair elektron qaimələr göndərilmişdir (E-qaimələrin təsdiqi çıxarışından görünür ki, həmin qaimələr sistem tərəfindən deyil, cavabdeh şirkətin özü tərəfindən təsdiqlənmişdir).
12. 15.03.2024-cü il tarixli maliyyə arayışına əsasən "xxxx" ASC-nin müqavilə üzrə 16.775 manat olduğu qeyd olunmuşdur.
13. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
15. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
16. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
17. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
18. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının":
20. 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir;
21. 3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.
22. 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
23. 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
24. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
25. Bununla bağlı məhkəmə qeyd edir ki, xidmətlərin göstərilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən xidmətin qəbul edilməsi mənasına gəlir. Həmçinin cavabdeh tərəfindən bunun əksini təsdiq edən hər hansı bir sübut təqdim olunmamışdır.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
27. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, tərəflərin razılaşması əsasında müəyyən olunmuş xidmətlər təhvil verilmiş, sonuncu tərəfindən xidmətlər qəbul olunsa da, 16775 manat məbləğində borcu ödənilməmiş qalmışdır.
28. Buna görə də məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, 16775 manat borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
29. İddia tələbinin ikinci hissəsi olan - bugünədək iddiaçıya ödənilməmiş və iddiaçının qanuni pul vəsaiti olan 16775 manat məbləğə gecikdirmə faizi olaraq hesbalanmış 2100 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbini məhkəmə qismən əsaslı hesab edir.
30. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
31. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.
32. İddiaçı tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009- cu il tarixli Qərarına uyğun olaraq özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanan faiz borcunun cavabdehdən tutulmasını əsaslı hesab edir.
33. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xidmət müqaviləsi üzrə borcun ödənişi gecikdirildiyi üçün, illik 5% ilə hesablanmaqla 2100 manat məbləğində faiz borcu müəyyən edilməklə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
34. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 147 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
35. MPM-in:
36. 4107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
37. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
38. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. Odur ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği iddia tələbinin təmin edilən məbləğinə münasibətdə 147 manat həddində müəyyən edilərək cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən xx.xx.2021-ci il tarixli AX 134/0521 saylı xidmət müqaviləsi üzrə 16775 manat əsas borc məbləği, borcun ödənişinin gecikdirilməsinə görə 2100 manat faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 147 manat tutularaq iddaçı İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova