Məhkəmə qərarları › İş №e-2-2(113)-920/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-920/2023

07.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-920/2023 07.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 6.992 manat pul məbləğinin və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 110 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı və "xxxx" ASC arasında AS FX18/355 nömrəli, 03 aprel 2019-cu il tarixli xidmət müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı İcraçı kimi Sifarişçinin Qazaxıstan Respublikasında icrasını həyata keçirdiyi "dövlət əhəmiyyətli A-27 Aktobe-Atıray-Rusiya Federasiyası sərhədi, 236-275 km" yolunun yenidən qurulması lahiyəsində nəqliyyat vasitələri, maşın və texnikaların elektrik hissələrinin təmiri ilə əlaqədar işlərin icrasını və nəzarətini öz üzərinə götürür, sifarişçi isə bunun qarşılığında İcraçıya 2.190 manat xidmət haqqı ödəyir. Sözügedən Müqavilə əsasında iddiaçı 03 aprel 2019-cu il tarixdə müqavilə üzrə öhdəliklərini yerinə yetirmək üçün Qazaxıstan Respublikasına getmişdir. 12 noyabr 2019-cu il tarixdə isə "xxxx" ASCnin göstərişi ilə Qazaxıstandan Bakıya gəlmişdir. İcraçı kimi öz öhdəliyini müqavilədə göstərilən standarlara uyğun olaraq yerinə yetirməsinə baxmayaraq "xxxx" ASC tərəfindən 2019-cu ilin iyul, Sentyabr, Oktyabr və Noyabr ayları üzrə nəzərdə tutulmuş ödənişlər iddiaçıya ödənilməmişdir. ASFX18/355 nömrəli, 03 aprel 2019-cu il tarixli xidmət müqaviləsinin: 2.1-ci bəndinə əsasən Sifarişçi İcraçıya 1 ay üçün 2.190 manat xidmət haqqı ödəyir. 2019-cu il iyul ayı üzrə 690 manat, sentyabr ayı üzrə 2190 manat, oktyabr ayı üzrə 2.190 manat, noyabr ayı üzrə 1010 manat və üç il gecikməyə görə hər il üçün 5% dərəcəsi tətbiq olunaraq 912 manat olmaqla cəmi 6.992 manat məbləğ ona ödənilməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-920/2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə kiçik iddiaya dair kommersiya işinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh tərəf məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə ASFX18/355 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icraçı (İddiaçı) sifarişçinin (Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC) Qazaxstan Respublikasında icrasını həyata keçirdiyi dövlət əhəmiyyətli A-27 Aktobe-Atıray-Rusiya Federasiyası sərhədi, 236-275-ci km yolunun yenidən qurulması layihəsində nəqliyyat vasitələri, maşın və texnikaların elektrik hissələrinin təmiri ilə əlaqədar işlərin icrası və nəzarətini öz üzərinə götürmüşdür. Müqavilə üzrə aylıq xidmət haqqı 2.190 manat müəyyən edilmişdir. Müqavilənin 2.6-cı bəndinə əsasən icraçı bu müqavilə üzrə işlərin icrasına 03 aprel 2019-cu il tarixdən başlayacaqdır. Müqavilənin 13.8-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və 3 ay müddətinədək qüvvədə qalır, müqavilə müddətinin bitməsinə 1 həftə qalmış tərəflərdən biri, digərinə müqaviləyə xitam verilməsi barədə yazılı müraciət etməzsə, müqavilə eyni müddətə uzadılmış hesab edilir. Müqavilə hər iki tərəfin imzası və Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin möhürü ilə təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqavilə üzrə sifarişçinin tapşırığı ilə icraçı nəqliyyat vasitələrinin təmiri və istismarına nəzarət işləri ilə əlaqədar işlərin icrası və nəzarətini öz üzərinə götürmüşdür. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Hazırda iddiaçı 03 aprel 2019-cu il tarixdən 12 noyabr 2019-cu il tarixinədək Qazaxstanda təmir işlərini icra etdiyini və cavabdehin 2019-cu il iyul ayı üzrə 690 manat, sentyabr ayı üzrə 2190 manat, oktyabr ayı üzrə 2.190 manat, noyabr ayı üzrə 1010 manat borcu qaldığını bildirir. Cavabdeh tərəf də, elektron məhkəmə informasiya sistemi vasitəsilə xx.xx.2023-cü il tarixli ərizəsində məhkəmədən iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, cavabdeh tərəf məhkəməyə ünvanlamış olduğu ərizəsində iddiaçı tərəfindən işlərin görülüb-görülməməsi ilə bağlı hər hansı bir halı qeyd etməmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixli xidmət müqaviləsi üzrə iddiaçının hesabına xx.xx.2019-cu il tarixdə aprel ayı üzrə göstərilmiş xidmətlərə görə 1.898 manat, xx.xx.2019-cu il tarixində avqust ayı üzrə 2.190 manat, xx.xx.2020-ci il tarixində may ayı üzrə 2.190 manat, xx.xx.2020-ci il tarixində iyun ayı üzrə 2.190 manat, xx.xx.2021-ci il tarixində isə hansı aya aid ödəniş olması göstərilməmiş və 1.500 manat məbləğində pul köçürülmüşdür. İşdə olan iddiaçının elektron poçt ünvanına göndərilmiş elektron təyyarə biletlərindən görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdə Qazaxstanın Aktau şəhərindən Bakıya dönüş etmişdir. Bundan başqa bu hal həmçinin iddiaçıya məxsus pasportda əks edilmiş möhürlə də, öz təsdiqini tapır. Belə olan halda görünür ki, iddiaçı tərəf xx.xx.2019-cu il tarixdən Qazaxstanın Aktau şəhərində işlərin icrasına başlamış və xx.xx.2019-cu il tarixdə geri dönmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən isə İddiaçı ödənişlər ancaq aprel, avqust, may, iyun və hesabdan çıxarışda hansı aya aid olduğu qeyd edilməmiş 1.500 manat məbləğində pul ödənilmişdir. Məhkəmə iclasında iştiak edən iddiaçı hansı aya aid olduğu qeyd edilməmiş 1.500 manat məbləğində pulun məhz iyul ayına aid oluduğunu və həmin ay üzrə 690 manat borcun qaldığını bildirir. Məhkəmə qeyd edir ki, tədqiq edilmiş sübutlardan görünür ki, həqiqətən də görülmüş işlərə görə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iyul ayı üzrə qalıq 690 manat, sentyabr ayı üçün 2.190 manat, oktyabr ayı üçün 2.190 manat məbləğində pul İddiaçı ödənməmişdir. Məhkəmə noyabr 2019-cu il üçün tələb edilən 1.010 manat pulla bağlı aşağıdakıları qeyd edir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli ASFX18/355 saylı müqavilənin 2.2-ci bəndindən görünür ki, bu müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri sifarişçinin təyin etdiyi iş yerində 6 gün (bazar ertəsi-şənbə) icra edir. Göründüyü kimi müqavilədə nəzərdə tutulmuş 2.190 manat xidmət haqqı bir aylıq olmaqla həftənin 6 günündə işlərin görülməsini nəzərdə tutur. 2019-cu il noyabr ayı üzrə təqvimdən görünür ki, həmin ayda 4 bazar günü olmaqla hazırkı müqavilə baxımından 26 iş günü mövcuddur. Belə olan halda günlük görülmüş işə görə hesablanmalı olan məbləğ 84,23 (2190/26=84,23) manat təşkil edir. İşdə olan ezamiyyə vəsiqəsindən (командировочное удостоверение) görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti vurulmuş möhürlə İddiaçı xx.xx.2019-cu il tarixdə işlərin icrasını təsdiq etmişdir. Belə olan halda, noyabr ayı üzrə görülmüş işlərə görə xidmət haqqı məhz 12 gün üzrə hesablanmalıdır. Qeyd edilən məbləğ isə 1.010,76 (84.23x12=1.010,76) manat təşkil edir. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən həmçinin iddiaçıya noyabr ayı üzrə ödənilməmiş 1.010 manat borcu qalmışdır. Belə olan halda məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə münasibət bildirilməsini zəruri hesab edir. Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinin tələblərinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşdən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında olan müqavilə münasibələri artıq xx.xx.2019-cu il tarixdə sonuncunun Bakıya dönməsi ilə bitmişdir. Ona görə də, iddia müddətinin axımı qeyd edilmiş tarixdən hesablanmaqla son gün xx.xx.2022ci il tarixi təşkil edir. İşdə olan mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, mediasiyanın tətbiqi barədə təklif xx.xx.2022-ci il tarixdə yəni iddia müddəti keçdikdən sonra edilmişdir. Ancaq buna baxmayaraq iddiaçı tərəfindən işə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı ilk dəfə hazırkı tələblə xx.xx.2022-ci il tarixdə Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş və Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-847/2022 saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Sonradan iddiaçı tərəf yenidən 2-ci dəfə xx.xx.2022-ci il tarixdə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-6134/2022 saylı qərardadı ilə iddia ərizəsi elektron qaydada verilmədiyindən iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı tərəf həmçinin elektron məhkəmə informasiya sistemi vasitəsi ilə xx.xx.2023cü il tarixdə ərizə göndərərək iddia müddətinin bərpa edilməsi və ötürülməmiş hesab edlməsini xahiş etmişdir. Məhkəmə qeyd edilən halla bağlı aşağıda qeyd edilmiş normalara nəzər yetirilməsini zəruri hesab edir. Mülki Məcəllənin 380-ci maddəsinə görə Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 382-ci maddəyə görə İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Hazırkı işdən də göründüyü kimi, iddia müddəti xx.xx.2022-ci il tarixdə bitməsinə baxmayaraq İddiaçı öz pozulmuş hüquqlarının bərpası ilə bağlı Məhkəmələrə xx.xx.2022ci il tarixdən etibarən müraciət etməyə bağlamış lakin hüquqi təhsili olmadığından iddia verilərkən prossesual qaydalara riayət edilmədiyindən iddia ərizələri geri qaytarılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı tərəfindən iddia müddətini keçirməsi üzrlü hesab edilməlidir. Ona görə də, iyul ayı üzrə qalıq 690 manat, sentyabr ayı üçün 2.190 manat, oktyabr ayı üçün 2.190 manat, noyabr ayı üçün 1.010 manat məbləğində pul cəmi görülmüş işlərə görə 6.080 manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənməlidir. Məhkəmə iddianın gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmaqla 912 manat məbləğində pulun tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, tərəflər arasında müqavilə münasibətlərinin faktiki olaraq xx.xx.2019-cu il tarixdə bitməsi və iddianın isə məhkəməyə xx.xx.2023-cü il tarixdə verilməsi nəzərə alındığında görünür ki, öhdəliyin icrası təxmini 38 ay gecikmişdir. Ona görə də, əsas borca illik 5 faiz hesablanmış məbləğ 962,66 (6.080x5/100=304 (1 il üçün) 304/12=25,33 (1 ay üçün), 25,33x38=962,66 (38 ay üçün)) manat təşkil edir. İddiaçının özünün iddiada 912 manat tələb etməsi nəzərə alaraq məhkəmə hesab edir ki, əsas borc illik 5 faiz hesablanmaqla 912 manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənməlidir. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 110 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı tərəfindən 110 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Belə olan halda, hazırkı hissədə iddia təmin edilməli, 110 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidirŞərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli ASFX18/355 nömrəli müqavilə üzrə 6.080 (altı min səksən) manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı verilsin. Əsas borca illik 5 faiz hesablanmaqla 912 (doqquz yüz on iki) manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı verilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 110 (yüz on) manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar