Məhkəmə qərarları › İş №e-2-2(113)-920/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-920/2024

03.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-920/2024 03.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: nəqliyyat ekspedisiyası müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır.

1. İŞİN HALLARİ

2. Cavabdeh MMC ilə (müştəri) İddiaçı MMC (ekspeditor) arasında xx.xx.2023-cü il tarixli FB407/23 saylı nəqliyyat ekspedisiyası müqaviləsi bağlanmışdır.

3. Həmin müqavilənin:

4. 2.1-ci bəndinə əsasən ekspeditor müştərinin hesabına aşğıda göstərilən xidmətlərin yerinə yetirməyi və ya icrasını təşkil etməyi, müştəri isə bu xidmətlərin qəbul etməyi və onların dəyərini ekpeditora ödəməyi öhdəsinə götürmüşdür.

5. 2.1.1.bütün nəqliyat növləriilə birbaşa və ya arışıq yollar ilə yükdaşımaların təşkili;

6. 2.1.2.Bu müqaviləü zrə öhdəliklərin icrası üçün müxtəlif müqavilələrin bağlanması;

7. 2.1.3.Sifarişə əsasən yükün göndərilməsinin və təhvil alınmasının təşkili;

8. 2.1.4. əgər bu sifarişdə nəqərdə tutulacasa, yükün sığortası üzrə əməliyyatların təşkili;

9. 2.1.5. bu müqavilə və onun müvafiq əlavələri ilə nəzərdə tutlmuş digər xidmətlər.

10. 3.3.7-ci bəndinə əsasən yük alan tərəfindən yükü vaxtında qəbulunu və yükün sifarişdə nəzərdə tutulmuş təyinat nəqtəsinə gəlməsi anından başlayaraq, sifarişdə göstərilmiş müddət ərzində nəqliyyat vasitələrinin boşaldılmasını təmin etmək müştərinin vəzifələrinə daxildir.

11. 3.3.10-cu bəndinə əsasən ekspeditor tərəfindən göstərilmiş xidmətlərin dəyərinin, həmçinin hazırkı müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə bağlı hesablanmış cərimə sanksiyalarının gecikdirmədən ekspeditora ödənilməsini təmin etmək müştərinin vəzifələrinə daxildir.

12. 5.10-ci bəndinə əsasən müştərinin və (və ya) yük göndərənin və (və ya) yük alanın təqsiri üzündən nəqliyyat vasitələri yükləmə məntəqəsində və gömrük rəsmiləşdirilməsi zamanı sfarişdə göstərilmiş müddətlərdən artıq qalarsa, bu halda müştəri gecikmənin hər günü üçün sifarişdə göstərilmiş nəqliyyat vasitələrinin həddən artıq saxlanma vaxtı üçün cərimə ödəyir(“demurrage” və “storage”).

13. 5.14-cü bəndinə görə xidmət dəyərinin, həmçinin bu müqavilənin icrası üçün eksperditor tərəfindən çəkilmiş xərclərin ödənişi üzrə öhdəliklərin müştəri tərəfindən icrasının ləngidilməsi halında, müştəri hər ləngdilmiş günə görə ekspeditora ödənilməmiş məbləğin 0,5% həcmində cəriməni ödəyir.

14. M.G.Logistic LTD şirkəti ilə (daşıyıcı) İddiaçı MMC (müştəri) arasında xx.xx.2023cü il tarixli A67/20 saylı yüklərin daşıması haqqında müqavilə bağlanmışdır.

15. Həmin müqavilənin:

16. 1.2-ci bəndinə əsasən müştəri bu müqavilədə razılaşdırılan şərtlərə əsasən daşıyıcıya yüklərin daşınması və çatdırılmasını həvalə edir və daşıyıcı qeyd edilən şərtərə əsasən yükləri daşımağı və çatdırmağı üzərinə götürür.

17. 3.10-cu bəndinə görə gömrük rəsmiləşdiririlməsi və nəqliyyat vasitəsinin yüklənməsi şərtləri daşıma sifarişində müəyyən edilmişdir. Nəqliyat vasitəsinin qeyd edilən müddətdən artıq saxlanılmasına görə hər bir gözləmə günü üçün daşıma sifarişində qeyd edilən nəqliyyat vasitəsinin saxlanılması üçün müəyyən edilən tarif məbləği ödəniləcəkdir.

18. Müqavilə tərəflərin imzaları və möhürü ilə təsdiq edilmişdir.

19. xx.xx.2023-cü il tarixli FB407/23 saylı nəqliyyat ekspedisiyası müqaviləsinin 01 saylı Əlavəsi olan 01 saylı sifariş orderinə əsasən müəyyən edilir ki, xx.xx.2023-cü ildə Cavabdeh MMC tərəfindən Poti-Baku marşrutu ilə avtomobil nəqliyyatı ilə (yeddi ədəd konteyner) yükün daşınması sifariş edilmişdir. Daşınmanın təxmini müddəti 3-5 gündür. Gömrük rəsmiləşdirilməsi və boşaldılma üçün müddət 48 saat və bu müddətin aşılmasına görə cərimə 100 ABŞ dollarıdır. Xidmətin dəyəri 14.140 ABŞ dolalrı, limanda gecikmə və digər xərclər 27.216 ABŞ dolları təşkil edir. Konteyner daşımalarında müştərinin təqsiri üzündən konteynerin təyin olunmuş azad vaxtdan əlavə saxlanılmasına görə yaranan xərclər (storage, demurrage, detention), həmçinin tərəflər arası əlavə xərc kimi qiymətləndirilən daşınan yüklərlə bağlı səlahiyyətli dövlət orqanları tərəfindən ekspeditor barədə tətbiq edilmiş cərimələr xidmət haqqına daxil deyil. Ödəniş müddəti müqaviləyə əsasən yük təhvil verildikdən sonra 5 iş günü olaraq müəyyən edilmişdir.

20. Əlavə 01 hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

21. M.G.Logistic LTD şirkəti tərəfindən İddiaçı MMC-yə ünvanlanmış invoyslara əsasən xx.xx.2023-xx.xx.2023-cü il tarixlər arası dövr üçün koteynerlərin vaxtında qayıtmaması nəticəsində boşdayanmasına görə (demurrage) 14.240 manat məbləğində cərimə sanksiyası hesablanmışdır.

22. Yol-qaimələrinə əsasən müəyyən edilir ki, X4 şirkəti (İndoneziya) tərəfindən Vəlioğlu” MMC-yə göndərilən müxtəlif adda və dəyərdə mallar xx.xx.2023-cü ildə X2 yola salınmaqla Poti Portuna gəmi nəqliyyatı ilə daşınmış, xx.xx.2023-cü il tarixdə həmin mallar Potidən Bakıya yükmaşınları vasitəsilə yola salınmışdır. Yol Qaimələrindən 48 saatdan sonra gecikdirilmiş hər gün üçün 100 ABŞ dolları məbləğində cərimə saksiyalarının ödənilməsi nəzərdə tutulmuşdur.

23. xx.xx.2023-cü il tarixli FB407/23 saylı nəqliyyat ekspedisiyası müqaviləsinə 1 saylı Əlavə üzrə xx.xx.2023-cü il tarixli 01 saylı xidmətlərin göstərilməsi haqqında aktına əsasən müəyyən edilir ki, ekspeditor özü üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, ekspeditor tərəfindən göstərilmiş nəqliyyat-ekspedisiya xidmətlərinin keyfiyyəti müvafiq müqavilənin şərtlərinə cavab verir və bununla bağlı müştərinin ekspeditora etirazı yoxdur. Müştəri ekspeditor tərəfindən götərilmiş xidmətlərin dəyərini müvafiq müqavilənin 4-cü maddəsinə uyğun olaraq ödəyir. Ödənişin məbləği 41.356 ABŞ dolları təşkil edir.

24. 01 nömrəli xidmətlərin göstərilməsi haqqında akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

25. Ramal-Trans LTD MMM tərəfindən vəkil sorğusuna cavabında xx.xx.2023xx.xx.2023-cü il tarixədək Ramal-Trans LTD MMM ipək yol Terminalına yalnız SC084AN nömrəli dartıcı xx.xx.2023-cü il tarixdə saat 12:52-də daxil olması və xx.xx.2023-cü il tarixdə saat 16:000-da ərazidən çıxması bildirilmiş və treyler və konteynerlər barədə məluma təldə edilməsi üçün Bakı BAş Gömrük İdarəsinə müraciət edilməsi tövsiyə edilmişdir.

26. İddiaçı MMC tərəfindən Vəlioğlu-2018” MMC-yə xx.xx.2023-cü il tarixli pretenziya məktubu ünvanlanaraq borcun 5 günü ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

27. İİ. MƏHKƏMƏDƏ İCRAAT

27.1. İddia tələbi və iddia tələbinin dəlilləri

28. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 iyun 2023-cü il tarixli FB407/23 nömrəli nəqliyyat ekspedisiyası müqaviləsinə əsasən 18.196 ABŞ dolları məbləğində xidmət haqqı və qalıq cərimə məbləği, tələb edilən xidmət haqqına və qalıq cərimə məbləğinə münasibətdə 454,90 ABŞ dolları məbləğində əldən çıxmış fayda və hər ləngidilmiş günə görə hesablanmış 13.647 ABŞ dolları məbləğində cərimə məbləği olmaqla, cəmi 32.297,90 ABŞ dolları məbləğində pul vəsaiti, habelə ödənilmiş 1.500 manat məbləğində hüquqi yardım, 210 manat məbləğində ilkin mediasiya xərci və 50 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçı xeyrinə ödənilməsinə dairbarədə qətnamə çıxarılmasını xahiş etmişdir.

29. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh (müştəri) ilə İddiaçı (ekspeditor) arasında bağlanmış 24 iyun 2023-cü il tarixli FB407/23 nömrəli Nəqliyyat ekspedisiyası müqaviləsinə əsasən, ekspeditor müştərinin hesabına müvafiq müqavilə ilə nəzərdə tutulmuş xidmətləri yerinə yetirməyi, müştəri isə bu xidmətləri qəbul etməyi və onların dəyərini ekspeditora ödəməyi öhdəsinə götürmüşdür. Ekspeditor tərəfindən müştərinin sifarişi əsasında yükün qəbulunun başlanğıc tarixi 24 iyun 2023-cü il olmaqla yeddi ədəd konteynerin Poti-Bakı daşınma marşrutu əsasında 3-5 gün müddətində xidmət dəyəri 14.140 ABŞ dolları və limanda gecikmə, eləcə də digər xərclər olmaqla 27.216 ABŞ dolları olmaqla, cəmi 41.356 ABŞ dolları müəyyən edilməklə daşınması nəzərdə tutulmuşdur. Qeyd edilən xidmət dəyəri və limanda gecikmə, eləcə də digər xərclərdən əlavə bəhs edilən konteynerlərin Bakı şəhərində müvafiq terminalda boşaldılması zamanı müştəri tərəfindən ciddi gecikmələrə yol verilmiş və bunun nəticəsində konteynerlərin məxsus olduğu gəmi xətti tərəfindən əlavə olaraq 14.240 ABŞ dolları məbləğində cərimə hesablanmışdır. Müştəri tərəfindən 27 iyun 2023-cü il tarixdə 7.400 ABŞ dolları, 28 iyun 2023-cü il tarixdə 10.000 ABŞ dolları və 01 avqust 2023-cü il tarixdə 20.000 ABŞ dolları olmaqla, cəmi 37.400 ABŞ dolları məbləğində nağd qaydada ödəniş həyata keçirilmişdir. Tərəflər arasında imzalanmış 18 iyul 2023-cü il tarixli 01 nömrəli xidmətlərin göstərilməsi haqqında aktın məzmunundan göründüyü kimi, ekspeditor olaraq iddiaçı müvafiq müqavilə əsasında öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada tam həcmdə və razılaşdırılmış müddətlərdə) yerinə yetirmiş, iddiaçı tərəfindən göstərilmiş nəqliyyat-ekspedisiya xidmətlərinin keyfiyyəti müvafiq müqavilənin şərtlərinə cavab vermiş və bununla bağlı cavabdehin iddiaçı şəxsə qarşı heç bir etirazı olmamışdır. Ödəniş məbləği müvafiq müqavilədə göstərilmiş rekvizitlər üzrə bu aktın cavabdeh tərəfindən imzalandığı tarixdən 3 iş günü ərzində iddiaçı şəxsə ödənilməsi nəzərdə tutulmuşdur. Lakin buna baxmayaraq, tərəflər arasında müəyyən edilmiş və razılaşdırılmış xidmət haqqından heç bir məbləğ, yəni 14.140 (ABŞ dolları və qalıq cərimə məbləği olaraq 4.056 ABŞ dolları olmaqla, cəmi 18.196 ABŞ dolları məbləğində olan hissəsi bu günə kimi iddiaçı şəxsin xeyrinə cavabdeh tərəfindən ödənilməsi təmin edilməmişdir. Dəfələrlə edilmiş şifahi xəbərdarlıqlara, keçirilmiş görüşlərə və yarım ildən çox vaxt keçməsinə baxmayaraq, hazırkı vaxtadək qeyd edilən xidmət və qalıq cərimə məbləğlərinin ödənişi cavabdeh tərəfindən təmin edilməmiş və bununla da tərəflər arasında bağlanmış müvafiq müqavilənin şərtləri cavabdeh tərəfindən kobudcasına pozulmuşdur. Müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsi üçün iddiaçı şəxs tərəfindən cavabdehin faktiki ünvanına borc məbləğinin ödənilməsinə dair 10 oktyabr 2023-cü il tarixli 52 nömrəli pretenziya məktubu göndərilmiş, borc vəsaitinin 5 gün müddətində ödənilməsinin təmin edilməsi xahiş olunmuş, əks təqdirdə, müvafiq borcun, hesablanmış cərimə sanksiyalarının, əldən çıxmış fayda məbləğinin və məhkəmə xərclərinin məcburi qaydada tutulması ilə bağlı məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdar edilmişdir. Lakin müvafiq pretenziya məktubunu alan cavabdeh təşkilat qeyd edilən tələbin təmin edilməsi istiqamətində heç bir addım atmamışdır. Qeyd edilənləri nəzərə alaraq, tərəflər arasında müəyyən edilmiş və razılaşdırılmış xidmət haqqı 14.140 ABŞ dolları və qalıq cərimə məbləği olaraq 4.056 ABŞ dolları olmaqla, cəmi 18.196 ABŞ dolları məbləğində borc vəsaiti cavabdehdən iddiaçı şəxs tərəfindən tələb edilir. Göründüyü kimi, gecikdirilmiş vaxt yarım ilə yaxın bir müddət olduğundan və tələb edilən xidmət haqqına və cərimə məbləğinə münasibətdə 454,90 ABŞ dolları olduğundan (18.196 $ (borc məbləği) x 0,5 (müddət) x 5% (gecikdirilmiş vaxt üçün illik faiz) = 454,90$), qeyd edilən məbləğin əldən çıxmış fayda qismində cavabdehdən iddiaçı şəxs tərəfindən tələb edilir. Eyni zamanda, tərəflər arasında bağlanmış 24 iyun 2023-cü il tarixli FB407/23 nömrəli nəqliyyat ekspedisiyası müqaviləsinin: 3.3.10-cü bəndinə görə ekspeditor tərəfindən göstərilmiş xidmətlərin dəyərinin, həmçinin hazırkı müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə bağlı hesablanmış cərimə sanksiyalarının gecikdirmədən ekspeditora ödənilməsini təmin etmək müştərinin vəzifəsidir; xidmət dəyərinin, həmçinin bu müqavilənin icrası üçün ekspeditor tərəfindən çəkilmiş xərclərin ödənişi üzrə öhdəliklərin müştəri tərəfindən icrasının ləngidilməsi halında, müştəri hər ləngidilmiş günə görə Ekspeditora ödənilməmiş məbləğin 0,5% həcmində cəriməni ödəyir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bundan əlavə xidmət dəyərinin və qalıq cərimə məbləğinin cavabdeh tərəfindən ləngidildiyi günlərin sayı 150 gün olduğundan və hər ləngidilmiş günə görə ödənilməmiş məbləğin 0,5% həcmində cərimə məbləği müvafiq müqavilə ilə nəzərdə tutulduğundan, hesablanmış 13.647 ABŞ dolları məbləğində cərimə məbləği (18.196$ (borc məbləği) x 0,5% (hər ləngidilmiş günə görə cərimə faizi) x 150 gün (müddət-5 ay) = 13.647$) cavabdehdən iddiaçı tərəfindən tələb edilir. Eyni zamanda gecikdirilmiş vaxt yarım ilə yaxın bir müddət olduğundan və tələb edilən xidmət haqqına və cərimə məbləğinə münasibətdə 454,90 ABŞ dolları olduğundan (18.196 $ (borc məbləği) x 0,5 (müddət) x 5% (gecikdirilmiş vaxt üçün illik faiz) = 454,90$), qeyd edilən məbləğin əldən çıxmış fayda qismində cavabdehdən iddiaçı tərəfindən tələb edilir.

30. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.14-21.3, 442, 443.4, 445.7-ci maddələrinə istinad etmişdir.

31. b) İddiaya qarşı etirazın dəlilləri

32. 20.05.2024-cü il tarixdə cavabdeh iddiaya qarşı etiraz təqdim edərək, iddianın rədd olunmasını xahiş etmişdir.

33. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Cavabdeh MMC-yə qarşı xx.xx.2023-cü il tarixli, FB407/23 saylı müqaviləyə əsasən pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia edir ki, guya mallarımızı çatdırarkən bizim tərəfimizdən malların boşaldılmasında gecikmə olduğundan pul hesablanmışdır. İddianı qəbul etmir. İddiaçıya həmin məbləğdə borcları yoxdur. İddiaçı məhkəməyə heç bir mötəbər sübut təqdim etməyib. İddiaçı tərəfindən bizə göndərilən məktubların heç biri onlara təqdim edilməyib. Qeyd edilən ünvanda müəssisənin heç bir ofisi yoxdur. Həmçinin iddiaçı xx.xx.2024-cü il tarixdə iki elektron qaimə vurmuşdur ki, onlar tərəfindən geri qaytarılmışdır. Heç bir iş görülmədən ümumilikdə 70305,2 manat və 24208 manatlıq elektron qaimə vurulmuşdur. Açıq aydın görünür ki, iddiaçı borcu əsassız da şişirdir. Həmin sonuncu elektron qaimələrin barkodu yoxlansa görünər ki, onlar ləğv edilmişdir. Həmçinin iddiaçının və məhkəmənin sorğuları ilə iddiaçı tərəfindən gömrük terminalına SC084AN nömrəli dartıcı daxil olmuş və o da cəmi 3 gün orda qalmışdır. O da xx.xx.2023 tarixdə 12:52-də daxil olmuş və xx.xx.2023-də 16:10-da terminaldan çıxmışdır. Bu da göstərir ki, həmin yük daşıyan şirkətin dediyi kimi mallar gecikmədən boşaldılmışdır. Faktiki olaraq mallar bir neçə gün gecikmə ilə boşaldılmış və iddiaçının texnikaları yola salınmışdır. Buna görə də iddiaçının bu qədər, yəni 18196 USD bir, 454 USD bir və 13297 ABŞ dolları bir pul tələb etməsi əsassızdır. İddiaçı özü də iddia ərizəsində etiraf edir ki, biz ona ümumilikdə 37400 ABŞ dolları tərəfimizdən ödənilmişdir. Gecikməyə görə günə 0.5% cərimə tələb edir. 3 gün gecikməyə görə bu qədər pul tələb etmək əsassızdır. Həmçinin təqdim edilən müqavilə də onlar tərəfindən imzalanmayıb. Bu yüklər daşınandan sonra iddiaçı onlara müqavilə təqdim etmiş, lakin və həmin müqavilə tərəflərindən imzalanmamışdır. Çünki işlər artıq görülmüşdür. Həmin müqavilədəki möhür və imza onlara məxsus deyil. Yuxarıda qeyd edilən səbəblərdən iddianın rədd edilməsini xahiş edirlər.

34. c) İşdə iştirak edən şəxslər və onların izahatları

35. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili dəqiqləşdirilmiş iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

36. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında tərəflər arasında bağlanmış müqaviləni mübahisələndirmədiklərini bildirdi, lakin yüklərin boşaldılması və gömrük rəsmiləşdirilməsi zamanı gecikdirməyə yol verdiklərini inkar edərək həmin gecikdirməyə görə tətbiq edilmiş cərimə sanksiyalarının məbləğinin onlardan tutulması, eləcə də dəbbə pulunun tutulması hissəsində iddianın rədd edilməsini xahiş etdi.

37. İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

38. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

39. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

40. İV. TƏTBİQ EDİLƏN HÜQUQ

41. AR Mülki Məcəlləsinin:

42. - 21.1-21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

43. - 385.1, 442, 443.1, 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

44. - 443.7-ci maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.

45. - 850.1-ci maddəsinə görə yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

46. - 850.2-ci maddəsinə görə əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir.

47. - 852.1-ci maddəsinə görə ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.

48. - 852.3-cü maddəsinə görə ekspeditor yük göndərənin göstərişlərinə əməl etməlidir. O, daşıyıcıları öz məsuliyyəti ilə seçir. Əgər ekspeditor daşımanı tamamilə və ya qismən özü həyata keçirirsə, daşıyıcının hüquq və vəzifələrinə malik olur. Əgər bir neçə yük göndərinin əşyalarının aralıq və son təyinat yerləri eynidirsə, ekspeditor bu əşyaları qruplaşdıraraq yığma nəqliyyat təşkil edə bilər. Bütün hallarda o, yük göndərənin mənafelərini qorumalı və göstərişlərinə əməl etməlidir. O, qarşıya çıxan bütün çətinliklər barəsində yük göndərənə məlumat verməlidir.

49. - 852.4-cü maddəsinə görə ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır.

50. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

51. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

52. - 466.1-ci maddəsinə görə əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir.

53. - 445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yrandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

54. AR MPM-in:

55. - 106.3-cü maddəsinə görə Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

56. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

57. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

58. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

59. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

60. V. MƏHKƏMƏNİN MÖVQEYİ

61. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

62. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh MMC ilə (müştəri) İddiaçı MMC (ekspeditor) arasında xx.xx.2023-cü il tarixli FB407/23 saylı nəqliyyat ekspedisiyası müqaviləsinə əsalanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC həmin müqavilə üzrə öhdəlikləri icra edərək sifarişdə göstərilmiş yükü Potidən Bakıya konteynerlər vasitəsilə daşınmasını təşkil etmişdir. Cavabdeh İddiaçı MMC isə göstərdiyi xidmətlərə və xidmətlərin göstərilməsi ilə bağlı çəkdiyi xərclərə görə sifarişə və xidmətlərin göstərilməsi barədə akta uyğun olaraq 41.356 ABŞ dolları ( xidmət haqqı 14.140 ABŞ dolları və limanda gecikmə, eləcə də digər xərclər 27.216 ABŞ dolları) məbləğində pul vəsaiti ödəməli olduğu halda həmin öhdəliyi tam şəkildə icra etməmiş, iddiaçıya ümumilikdə 37.400 ABŞ dolları məbləğində ödəniş etmişdir.

63. Hazırda İddiaçı MMC göstərdiyi xidmətlərə və çəkdiyi xərclərə görə qalıq borcun, eləcə də yükün boşaldılması və gömrük rəsmiləşdirilməsi üçün sifarişdə müəyyən edilmiş müddətin (48 saat) cavabdeh tərəfindən pozulması nəticəsində ona dəymiş zərərin əvəzinin (14240 ABŞ dolları), cəmi 18.196 ABŞ dolları məbləğində pul vəsaitinin, eləcə də həmin borcun ödənilməsinin gecikdirilməsinə görə cərimənin və Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faiz formasında əldən çıxmış faydanın Cavabdeh MMC-dən tutulmasını tələb edir.

64. Xidmətlərə və xərclərə görə borcun ödənilməsi hissəsində iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, işin yuxarıda göstərilən halları ilə cavabdehin ödəməli olduğu 41.356 ABŞ dolları məbləğindən 37.400 ABŞ dolları hissəsini ödəməsi, borcun 3956 (41.356-37.400) ABŞ dolları hissəsinin isə ödənilməmiş qalması təsdiq edilir. Odur ki, iddiaçı nəqliyyat-ekspedisiya müqaviləsi üzrə göstərilmiş xidmətlərə, eləcə də xidmətlərin göstərilməsi ilə bağlı çəkilmiş xərclərə görə 3956 ABŞ dolları məbləğində borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

65. Yükün boşaldılması və gömrük rəsmiləşdirilməsi müddətinin pozulmasına görə dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı həmin hissədə iddia tələbini sifarişdə cavabdeh tərəfindən yükün boşaldılması və gömrük rəsmiləşdirilməsinin 48 saat ərzində aparılmalı olması razılaşdırıldığı halda cavabdehin gecikdirməyə yol verməsi, nəticədə daşınmanı həyata keçirmiş M.G.Logistic LTD şirkəti tərəfindən iddiaçıya 14.240 manat məbləğində cərimə sanksiyalarının tətbiq edilməsi ilə əsaslandırmışdır.

66. Göstərilən tələblə bağlı məhkəmə qeyd edir ki, iddiaçı konteynerlərin Potiyə qaytarılması müddətinin pozulması ilə bağlı MG Logistic şirkəti tərəfindən ona cərimələr tətbiq edilməsini təsdiq edən invoysları məhkəməyə təqdim etsə də, həmin cərimələrin məhz İddiaçı MMC-nin müqavilə öhdəliklərinin pozuntusuna yol verməsi (gömrük rəsmiləşdirilməsi və yüklərin boşaldılması müddətini pozması) nəticəsində tətbiq edilməsini sübuta yetirə bilməmişdir.

67. Odur ki, həmin hissədə iddianın təmin edilməsi üçün əsasların mövcudluğu müəyyən edilmir.

68. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə 13.647 ABŞ dolları məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

69. Məhkəmə tələb olunan dəbbə pulunun tutulması qət edilmiş əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 200 ABŞ dolları məbləğində müəyyən edilməlidir.

70. İddiaçının öhdəliyin icrasının gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 %-lə faizlərin tutulması tələbinə münasibətdə isə qeyd edilməlidir ki, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlər pul öhdəliyinin icrasının gecikdirilməsinə, yəni borclu tərəfindən pul öhdəliyinin pozulmasına görə tətbiq edildiyindən sanksiya xarakterlidir. Digər tərəfdən həmin faizlər borclunu pozuntuya görə cəzalandırmaq deyil, kreditorun pozulmuş hüquqlarını bərpa etmək, yəni kreditorun ödənilməsinin gecikdirildiyi pul vəsaitindən istifadə etdiyi halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəliri, yəni maddi zərərin fomalarından biri olan olan əldən çıxmış faydanı kompensasiya etmək məqsədi daşıdığından sanksiyaların bərpaedici növünə aiddir.

71. Beləliklə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulan faizlər bərpaedici sanksiyalarına aid edildiyindən həmin sanksiyanın pozuntuya yol verilmiş şəxsi cəzalandırmaq məqsədilə tətbiq edilən cərimə xarakterli sanksiyalarla (məsələn, dəbbə pulu) yanaşı tətbiq edilməsi istisna olunmur və həmin sanksiyaların eyni zamanda tətbiqi ikiqat məsuliyyətə səbəb olmur.

72. Digər tərəfdən maddi zərərlə dəbbə pulunun nisbətini müəyyən edən Mülki Məcəllənin 466-cı maddəsinin məzmunundan göründüyü kimi qanunda və müqavilədə digər qayda müəyyənləşdirilmədikdə, dəbbə pulu əvəzləşdirilən dəbbə pulu hesab edilir, yəni dəbbə pulu məbləği zərər məbləği ilə əvəzləşdirilməklə zərərin yalnız dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə dəbbə pulunun digər növləri də nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər (müstəsna dəbbə pulu);. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər (cərimə xarakterli dəbbə pulu); kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər (alternativ dəbbə pulu). Göründüyü kimi zərərlə yanaşı tutulan cərimə dəbbə pulundan fərqli olaraq digər üç dəbbə pulu növü (əvəzləşdirilən, müstəsna və alternativ) zərər məbləğinə əlavə olaraq tutulmur.

73. Hazırkı halda tərəflər arasında bağlanmış müqavilədə zərərlə dəbbə pulunun nisbətinin xüsusi qaydası müəyyən edilmədiyindən, müqavilənin 8.3-cü bəndində nəzərdə tutulmuş dəbbə pulu dəbbə pulu əvəzləşdirilən dəbbə pulu hesab edilir. Belə olan halda isə, həmin dəbbə pulu tutulduqda zərərin yalnız dəbbə pulu ilə əhatə edilməyən hissəsi tutula bilər.

74. Odur ki, hazırkı halda 3956 manat məbləğində pul öhdəliyinin icrasının gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 6 aylıq müddət (iddia ərizəsində tələb edilən müddət) üçün əldən çıxmış faydanın əvəzi olaraq iddiaçıya hesablanacaq məbləğ (3956x5%/12ayx6 ay) 98,9 manat təşkil etməklə hazırkı qətnamə ilə tutulmuş dəbbə pulu məbləği ilə tam əhatə olunur. Odur ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul tutulması hissədə iddia əsassız olmaqla rədd edilməlidir.

75. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 210 manat məbləğində müdiasiya xərcləri ilə yanaşı 50 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

76. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan görünür ki, hazırkı iddia tələbi üzrə dövlət rüsumunun məbləği 255 manat təşkil edir.

77. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli,iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 30 manat və dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

78. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, vəkil yardımına xərclərə görə cavabdehdən 750 manat məbləğində pul tutulması ağlabatandır.

79. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli FB407/23 saylı nəqliyyat ekspedisiyası müqaviləsi üzrə 3956 ABŞ dolları məbləğində borc, 200 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla cəmi 4156 ABŞ dolları məbləğində pul vəsaiti, ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla, eləcə də iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 30 və dövlət rüsumunun əvəzi olaraq 10, hüquqi yardım xərclərinin əvəzi olaraq 750 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar