Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-935/2025 22.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, borc, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "X2” Məhdud Məsuliyyətli Cəmiyyətindən 44.645,21 (qırx dörd min altı yüz qırx beş manat iyirmi bir qəpik) manat borcun, 223.94 (iki yüz iyirmi üç manat doxsan dörd qəpik) dövlət rüsumunun birdəfəlik tutularaq iddiaçı SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə ödənilməsinə dair qətnamə çıxarılmasılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsi (bundan sonra “iddiaçı”) ilə "X2” MMC (bundan sonra “cavabdeh”) arasında 19 iyul 2022-cİ il tarixli “Qaz ölçü qovşağında metrololi ölçmələrin aparılması, elektron sərfölçmə cihazının kalibrlənməsi və quraşdırılması” işləri haqqında müqavilə (bundan sonra müqavilə) bağlanılmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, iddiaçı cavabdehə obyektlərin qaz ölçü qovşaqlarında metroloji ölçmələrin və digər işlərin aparılmasını üzərinə götürür, cavabdeh isə xidmətlərin dəyərinin ödənilməsini təmin edir. Tərəflərin imzaladığı 17 may 2024-cü il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi” barədə Akta əsasən, xx.xx.2024-cü il tarixə cavabdehin iddiaçıya 44.645,21 manat borcu vardır. Borcun ödənilməsinə dair cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilmiş, həmçinin pretenziya (həm məktub, həmçinin elektron qaydada) təqdim edilsə də, cavabdeh müqavilə üzrə ödənilməli olan borcu ödəməmişdir.”
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsi ilə "X2” MMC arasında 19 iyul 2022-cİ il tarixli “Qaz ölçü qovşağında metrololi ölçmələrin aparılması, elektron sərfölçmə cihazının kalibrlənməsi və quraşdırılması” işləri haqqında müqaviləyə əsasən:
8. Müqavilənin 2.1-ci bəndinə əsasən "İcraçı" "Azərenerji" İB-nə məxsus ayrı-ayrı regionlarda yerləşən obyektlərin qaz ölçü qovşaqlarında metroloji ölçmələrin aparılması, daraldıcı qurğunun kalibrlənməsi və hesabat vərəqəsinin hazırlanması, eləcə də 11 ədəd Floobus-107 tipli elektron sərfölçən cihazlarının (MVS tipli sensorlarla birlikdə) kalibrlənməsi və quraşdırılması işlərinin yerinə yetirilməsini öz üzərinə götürür, Sifarişçi" isə həmin xidmətin dəyərini Müqavilənin şərtlərinə uyğun ödənilməsini öhdəsinə götürür;
9. Müqavilənin 3.1-ci bəndinə əsasən "İcraçı" tərəfindən yerinə yetirilən işlərin dəyəri Müqavilənin ayrılmaz hissəsi sayılan "Qiymət-Razılaşma Protokoluna" (Qoşma 1) və Xərclər Smetasına (Qoşma 2) əsasən ƏDV nəzərə alınmaqla 66 318,26 manat (altmış altı min üç yüz on səkkiz manat, 26 qəpik) təşkil edir;
10. Müqavilənin 3.2-ci bəndinə əsasən yerinə yetirilmiş işlər Tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmiş işlərin qəbulu aktı ilə yekunlaşdırılır. Bu akt "İcraçı"nın təqdim etdiyi hesabın ödənilməsi üçün əsasdır; 11.Müqavilənin 3.3-cü bəndinə əsasən Göstərilmiş xidmətlərin dəyəri təhvil-qəbul aktının təsdiq olunmasından sonra "İcraçı" tərəfindən təqdim olunmuş elektron-qaimə faktura və hesab-faktura əsasında 30 (otuz) iş günü müddətində "Sifarişçi" tərəfindən ödənilir;
12. Müqavilənin 3.4-cü bəndinə əsasən Ödəniş Azərbaycan manatı, köçürmə yolu ilə həyata keçirilir.
13. xx.xx.2024-cü il tarixli qarşılıqlı borcların üzləşdirilməsi barədə akta əsasən xx.xx.2024-cü il tarixə cavabdehin iddiaçıya 44645,21 manat məbləğində borcun olması müəyyən edilmişdir. Akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
14. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
15. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
16. Tərəflər arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Mülki Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
20. Bununla yanaşı Mülki Məcəllədə xidmət müqaviləsini tənzimləyən xüsusi normalar olmadığından məhkəmə oxşar hüquqi münasibətləri - podrat müqaviləsindən irəli gələn münasibətləri tənzimləyən normaların hazırkı mübahisəyə tətbiq edilməsini mümkün sayır.
21. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
22. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsi ilə "X2” MMC arasında 19 iyul 2022-cİ il tarixli “Qaz ölçü qovşağında metrololi ölçmələrin aparılması, elektron sərfölçmə cihazının kalibrlənməsi və quraşdırılması” işləri haqqında müqavilə imzalanmışdır. Həmin müqavilə üzrə cavabdeh MMC-nin 44645,21 manat borcun qalması müəyyən edilmişdir.
23. Məhkəmə qeyd edir ki, iddiaçının tələb etdiyi borc məbləği xx.xx.2024-cü il tarixli iki tərəfli təsdiq edilmiş qarşılıqlı borcların üzləşdirilməsi aktı ilə təsdiq edildiyi üçün 44645,21 manat pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
26. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 223,94 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, 223,94 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 44.645,21 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 223,94 manat tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Namazova