Məhkəmə qərarları › İş №e-2-2(113)-942/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-942/2022

09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-942/2022 09.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh şəxsi bank hesabında olan qalıq vəsaitindən artıq miqdarda xərclədiyi 572,85 manat məbləğində bоrcun və 10,4 manat məbləğində dövlət rüsumunun və 20 manat məbləğində ödənilmiş mediasiyaya dair xərcin tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10 avqust 2018-ci il tariхli Bank hesabı və biznes kart xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən onun adına plastik kart hesabı açılmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq hesab sahibi olan Cavabdeh açılmış AZ50AZEN********************saylı plastik kart hesabına daxil olan pul vəsaitlərini qəbul etməyi və hesaba salmağı, hesabdan pul vəsaitlərini köçürməyi və verməyi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair imkan yaradılır. Bu müqavilənin şərtlərinə əsasən hesab üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsaitin həcmindən artıq məbləğ istifadə edildikdə texniki Overdraft yaranır (Overdraft - hesabda olan qalıq vəsaitdən artıq miqdarda vəsitin xərclənməsi) və hesab sahibi Bankın tələbi ilə müvafiq vəsaiti Banka dərhal qaytarmalıdır. Lakin Cavabdeh tərəfindən plastik kart hesabında olan vəsitin həcmindən artıq məbləğdə vəsait istifadə edilib və vaxtında banka ödəniş edilməmiş, yəni öhdəlik yarandığı tarixdən bu günədək öhdəliyi icra etməyərək müqavilənin 4.10-cu-cu və 4.12-ci bəndlərini pоzmuşdur. Belə ki, 02.05.2019-cu il tarixə Cavabdeh cari hesabında 1119.44 manat pul vəsaiti var idi. Həmin hesaba eyni tarixdə əlavə 79 manat məbləğində pul vəsaiti mədaxil edilmiş və balansı 1198.44 manat təşkil etmişdir. Həmin gün borclunun kart hesabı vasitəsi ilə cəmi 1.771.29 manat məbləğində müəyyən əməliyyatlar aparmışdır. Həmin əməliyyatlar bunlardan ibarətdir: ilk növbədə 728.08 manat məbləğində vergi ödənişləri silinmiş, 3.21 manat məblığində komissiya xərcləri tutulmuş, daha sonra 1040 manat məbləğində hesabdan nağd şəkildə terminal vasitəsi ilə çıxarılmışdır. Vergi ödənişləri online qaydada hesabdan silinmişdir. Nəzərinizə çatdırırıq ki, bütün online silinmələrin təsdiqi barədə məlumatlar günün sonunda kimi göndərilir və sonra silinmə aparılır, silinmə təsdiqlənməyincə cari hesabda pulun silinməsi əks olunmur və balans qalığı yenilənmir. Odur ki, həmin vergi ödənişlərinin silinməsi təsdiq edilənə kimi qeyd edilən kimi borclu hesabdan pul vəsaiti çıxarmışdır. Ona görə də, pul vəsaiti kartdan çıxarıldığına görə silinmənin təsdiqi aparılan zaman hesabda kifayət qədər pul vəsaiti olmadığına görə silinmə bank hesabından aparılmış və bu səbəbdən də 572.85 manat məbləğində overdraft yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "Expressbank” ASC ilə Cavabdeh arasında 10 avqust 2018-ci il tariхdə Bank hesabı və biznes kart xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən sonuncunun adına plastik kart hesabı açılmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq hesab sahibi olan Cavabdeh açılmış AZ50AZEN********************saylı plastik kart hesabına daxil olan pul vəsaitlərini qəbul etməyi və hesaba salmağı, hesabdan pul vəsaitlərini köçürməyi və verməyi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair imkan yaradılır. Bu müqavilənin şərtlərinə əsasən hesab üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsaitin həcmindən artıq məbləğ istifadə edildikdə texniki Overdraft yaranır (Overdraft - hesabda olan qalıq vəsaitdən artıq miqdarda vəsitin xərclənməsi) və hesab sahibi Bankın tələbi ilə müvafiq vəsaiti Banka dərhal qaytarması barədə Cavabdeh öhdəlik götürmüşdür. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, 02.05.2019-cu il tarixə Cavabdeh cari hesabında 1.119,44 manat pul vəsaiti olmuş, həmin hesaba eyni tarixdə cəmi 79 manat məbləğində pul vəsaiti mədaxil edilmiş və balansı 1.198,44 manat təşkil etmişdir. Həmin gün borclunun kart hesabı vasitəsi ilə cəmi 1.771.29 manat məbləğində müəyyən əməliyyatlar aparmışdır. Görünür ki, həmin gün 728,08 manat məbləğində vergi ödənişləri silinmiş, 3,21 manat məblığində komissiya xərcləri tutulmuş, daha sonra 1.040 manat məbləğində hesabdan nağd şəkildə terminal vasitəsi ilə çıxarılmışdır. Məhkəmə qeyd edir ki, tələbin qanuni əsası kimi Mülki Məcəllənin 960 və 739-cu maddələri nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 960.1-ci maddəsinə əsasən Bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. Həmin Məcəllənin 960.2-cı maddəsinə əsasən tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, tərəflər arasında Bank hesabı və biznes kart xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmış, müqavilənin şərtlərinə uyğun olaraq 02.05.2019-cu il tarixdə hesabda pul vəsaiti olmasa da, Bank tərəfindən maliyyələşmişdir. Beləliklə də, cavabdehin Banka 572,85 manat məbləğində borcu yaranmışdır. Beləliklə iddia 572,85 manat məbləğində pulun tələb edilməsi hissəsində əsaslıdır. Məhkəmə iddianın 20 manat mediasiya xərcinin tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmçinin məhkəmə qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 3.4-cü maddəsi də eyni məzmunludur. Göründüyü kimi qanunverici mediasiya xərclərini məhkəməyə iddia verilərkən ödənilən dövlət rüsumu ilə eyniləşdirmişdir. Ancaq Mülki Prossesual Məcəlləsində ( 119-cu maddədə) konkret olaraq mediasiya xərclərinin bölüşdürülməsi göstərilməsə də, qeyd olunan hala MPM-in 13.4-cü maddəsinə (Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir) əsasən qiymət verilməlidir. Belə ki, iddiaçı tərəf Kommersiya məhkəməsinə müraciət edərkən mütləq qaydada ilkin mediasiya sessiyasında iştirak etməli və müvafiq arayışı təqdim etməlidir. İddiaçı da, ilkin mediasiya sessiyasında iştirak edərkən müəyyən mediasiya xərcini ödəyir. Ona görə də, mediasiya zamanı çəkilən xərclərlə iddia ərizəsi üzrə məhkəməyə müraciət edilərkən ödənilmiş dövlət rüsumu “status” baxımından eyniləşdirilməlidir və MPM-nin 13.4-cü maddəsinə istinad edilməklə 119-cu maddə tətbiq edilməlidir. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Bank tərəfindən 20 manat məbləğində mediasiya xərci ödənmişdir. Ona görə də, iddianın 20 manat məbləğində mediasiya xərci olaraq tələb etməkdə Bank haqlıdır. 10,4 manat məbləğində dövlət rüsumunun tutulmasının tələb edilməsi hissəsində isə iddia təmin edilə bilməz. Belə ki, iddianın qiyməti 1000 manatadək olduqda dövlət rüsumu 30 manat təşkil edir, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Bank tərəfindən 20 manat, Cavabdeh da 20 manat ödəməyi öhdəsinə götürmüşlər. Müvafiq olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunduğunu nəzərə alaraq 10,4 manat məbləğində dövlət rüsumu ödənilməli olmadığı halda ödənildiyindən, qeyd edilən pulun cavabdehdən tələb edilməsi əsassızdır. Beləliklə iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 572 (beş yüz yetmiş iki) manat 85 (səksən beş) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 20 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar