Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-944/2025 05.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “videogörüntülərinin qeydə alınmasının qadağan edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: işgüzar nüfuzun müdafiəsi, videogörüntülərin qeydə alınmasının qadağan edilməsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “videogörüntülərinin qeydə alınmasının qadağan edilməsi” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Nizami rayonu, R.Rüstəmov küçəsi 20 ünvanıda yerləşən qeyri-yaşayış sahəsinin sərhəd divarına, tavanına və digər hissələrinə Cavabdeh MMC tərəfindən edilən qanunsuz müdaxilələr qadağan edilməsi, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 14 ünvanında yerləşən şərti sərhədə açılan 2 ədəd giriş-çıxış qapılarının bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsiylə həmsərhədd istiqamətdə Cavabdeh MMCnin istifadəsində olan torpaq sahəsinin qanuni ölçüsü olan 40 metrə uyğunlaşdırılması və artıq istifadə edilən 4 m 30 sm-lik hissənin boşaldılması öhdəliyinin cavabdehin üzərinə qoyulması, ünvan 1 ünvanında yerləşən şərti sərhəddə yerləşən yolda avtomobil dayancaq haqqının yığılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən mehmanxana kimi fəaliyyət göstərən qeyri-yaşayış sahələri ona məxsusdur. Həmin qeyriyaşayış sahələri ilə qonşuluqda Fatimə-M MMC-nin istifadəsində olan, təxminən 0.6 ha torpaq sahəsi vardır. Belə ki, Nizami rayon İH başçısının 159 nömrəli, 05 aprel 2004-cü il tarixli sərəncamı ilə Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən ticarət xidməti obyekti Fatimə-M Kiçik müəssisəsiyə (hazırki Fatimə-M MMC-nin) ayrılmışdır. Lakin bu günə qədər həmin torpaq sahəsi dövlət mülkiyyətindədir. Həmin torpaq sahəsi cənub və şərq istiqamətində ona məxsus qeyri-yaşayış sahələri ilə həmsərhəddir. Ona məxsus qeyri-yaşayış sahələrinin işlədilməsinə Cavabdeh MMC tərəfindən mütəmadi maneələr yaradılır. Belə ki, R.Rüstəmov küçəsi 20 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin sərhəd divarına müdaxilə edilir. Yəni, divarın yerə bitişən hissəsində kanalizasiya xətti çəkilir, divara müxtəlif isitmə cihazları quraşdılır, divara ağırlıq edən tullantı materiallarını qeyri-yaşayış sahəsinin divarına söykəniliir, eləcə də, məlumat vermədən mülkiyyətində olan qeyri-yaşayış sahəsinin tavanında özbaşına söküntü işləri aparılır. (bununla bağlı zəruri fotoşəkillər qoşmaya əlavə edilir.) İddiaçı ona məxsus qeyri-yaşayış sahəsinin şərti sərhədi daxilində yerləşən yolda avtomobil saxlanılmasına cavabdeh tərəfindən mütəmadi maneə yaradılır. Həmçinin müəssisənin işçiləri tərəfindən həmin ərazidə avtomobilini saxlayan müştərilərdən Fatimə-M MMC-nin təyin etdiyi şəxslər tərəfindən qanunsuz olaraq (dayanacaq üçün) pulalınır. Cavabdeh əsassız olaraq bildirir ki, həmin sahə ona məxsus ərazinin daxilində yerləşir. 11 fevral 2019-cü il tarixli texniki pasportun 2-ci səhifəsindən görünür ki, ünvan 3 ünvanında Fatimə-M MMC ilə onun qeyri-yaşayış yerləşən obyektləri arasında olan yol şərti sərhəd hesab edilir və iddiaçının mülkiyyətində olan R. Rüstəmov küçəsi 20 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə doğru istiqamətlənir. Həmin yol yalnız onun mülkiyyətində olan obyektlərə gediş-gəliş üçün nəzərdə tutulur. Nizami rayon İH-nin 05 aprel 2004-cü il tarixli 159 sayılı sərəncamına əlavə edilmiş Nizami rayonu Layihə Smeta bürosu tərəfindən tərtib edilən yerləşmə cizgisindən görünür ki, Fatimə-M MMC-nin istifadəsində olan torpaq sahəsinin ona məxsus mehmanxana ilə qonşuluqda olan cənub hissəsinə heç bir giriş-çıxış nəzərdə tutulmadığı halda Fatimə-M MMC tərəfindən həmin yola 2 ədəd giriş qapısı qanunsuz olaraq açılmışdır. Nəticədə isə həmin yoldan istifadəyə mütəmadi maneələr yaradılır, istifadə olunmayan avtomobillər orada saxlanılır ki, bu da müştərilərin rahatlığına mənfi təsir edir. Həmçinin Nizami rayon İH-nin 05 aprel 2004-cü il tarixli 159 sayılı sərəncamına əlavə edilmiş Nizami rayonu Layihə Smeta bürosu tərəfindən tərtib edilən yerləşmə cizgisindən görünür ki, Fatimə-M MMC-nin istifadəsində olan torpaq sahəsinin ona məxsus mehmanxana ilə qonşuluqda olan cənub hissəsinin eni 40 m olmalı olduğu halda faktiki olaraq 44.3 metr təşkiledir. Əlavə olaraq cavabdehə xx.xx.2024-cü il tarixində xəbərdarlıq məktubu göndərmiş və daha sonra isə elektron qaydada xəbərdarlıq, iddia ərizəsi və ona qoşma olan bütün sənədlər cavabdehə təqdim edilmişdir.
3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin azaldılması barədə dəqiqləşmə ərizəsi ilə müraciət edərək, iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin (giriş-çıxışlarının) videogörüntülərinin (eləcə də, fotoşəkillərinin) qeydə alınması cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə qarşı iddia tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Belə ki, sonucu məhkəmə hazırlıq iclasında məhkəmə iddianın əsasını təşkil edən maddi normaların qeyd edilməsini zəruri olduğunu bildirmişdir. İş materiallarında olan fotoşəkillərdən də göründüyü kimi cavabdeh əraziyə kameralar yerləşdirməklə iddiaçıya məxsus mehmanxananın giriş və çıxışını birbaşa müşahidə altına alır. Fotoşəkillərdən də görünür ki, həmin kameralar birbaşa olaraq mehmanxananın girişini qeydə alır. Fatimə-M MMCnin direktoru Kəramət Məmmədov da öz səs yazısında açıq-aşkar bildirir ki, həmin mehmanaxanaya gələn şəxsləri qeyd alaraq yayacaq və həmin mehmanxanaya heç kim gəlməyəcəkdir. Həmin səs yazısını məhkəmə dinləmişdir. Nəticə etibarilə iddiaçının sahibkarlıq fəaliyyətinə ziyan dəyəcək və işgüzar nüruzu zədələnəcəkdir. İddia tələbi Azərbaycan Respublikası MM-in 13-cü, 23.1-, 23.6-cı, 1089.3-cü, 1097.1-ci və 1098.1-ci maddələrinə istinad edilməklə əsaslandırlmışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin dəqiqləşdirilməsində göstərilən tələbin təmin edilməsini xahiş etdi.
6. Hazırlıq iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 bildirmişdir ki, iddia tələbi əsasızdır. Belə ki, əgər video-görüntülərin yayılması olarsa, o zaman məhkəməyə verərlər. Tərəf polisə və ya başqa orqana müraciət etsin, iki mehmanxananın da fəaliyyəti yoxlanılsın. İddiaçıya məxsus mehmanxana ilə cavabdehə məxsus mehmanxana arasında yol var və kameralar o yola yönləndirilmişdir. İddiaçınını tələbi gələcəkdə bu videoların yayılması ehtimallarına əsaslanır, hələki həmin hallar baş vermədiyindən məhkəmə buna münasibətdə qərar qəbul edə bilməz. Cavabdeh kameraları öz hasanı çəkmək üçün qoymuşdur. Məhkəməyə mübahisə daxil olmamışdan 3-4 ay öncə kameralar yerləşdirilmişdir. İddia tələbinin rədd edilməsini xahiş etmişdir.
7. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.
8. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
11. İddia tələbinin hüquqi əsası kimi Mülki Məcəlləsinin 23, 1089.3, 1097.1 1098.1ci maddələr göstərilmişdir və sübut qismində isə cavabdeh hüquqi şəxsin direktorunun səs yazısı və foto, video görüntülər CD-diskdə təqdim edilmişdir.
12. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən: İ. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. İİ. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.
14. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.
15. Həmin Məcəllənin 23.3-cü maddəsinə əsasən mediada hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş (yayımlanmış) fiziki şəxsin həmin mediada öz cavabının dərc edilməsi (yayımlanması) hüququ vardır.
16. Həmin Məcəllənin 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.
17. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 №-li Qərarının 3-cü bəndinə əsasən məhkəmələr şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında qiymət verməlidirlər: məlumatın vətəndaşların və təşkilatın şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması.
18. 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
19. Məhkəmə iddiaçının tələbinə məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
20. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən sübut qismində təqdim edilən CD-disk yazıya baxış keçirilmiş və həmin CD-yə əlavə edilmiş video görüntüdə sadəcə dayanacaqda saxlanılmış nəqliyyat vasitələrinin görüntüsü təqdim edilmişdir. Həmçinin 2.50 dəqiqədə olan səs yazısında da bəzi şəxslərin adı çəkilmiş və yaranmış münasibətlərdən bəhs edilmişdir, qonşuluq münasibətlərin pozulduğu halda mehmanxanaya gəlib-gedən şəxslərin video görüntülərin gələcəkdə yayıla biləcəyi qeyd edilmişdir. Lakin, hazırkı iş üzrə iddiaçının adına və ya işgüzar nüfuzuna xələl gətirəcək hər hansı ifadəyə, hərəkətlərə yol verilməsi, hər-hansı məlumatın yayılması video görüntüdə müəyyən edilmir. Bundan başqa iddiaçı tərəfindən də sübuta yetirilməmişdir.
21. İddiaçının nümayəndəsi məhkəmə iclaslarında bildirmişdir ki, cavabdeh şirkətinin direktoru iddiaçını təhdid edərək bildirir ki, iddaçıya məxsus iki ünvanda yerləşən mehmanxaların giriş-çıxışlarını videogörüntüyə alaraq, həmin videoları yayaraq iddiaçının müştərilərinin həmin mehmanxanalara gəlişlərinin qarşısını alacaq və bu da iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə maneələr yaradacaqdır, sahibkarlıq fəaliyyətinə müdaxilə kimi gəbul edilməlidir. Lakin, məhkəmə qeyd edir ki, iş materiallarında olan fotoşəkillərdən və tərəflərin verdiyi izahatlardan müəyyən olunur ki, iddiaçı və cavabdehə məxsus qeyri-yaşayış sahələri aralarında ümumi istifadədə olan yol keçməklə qonşu ərazilərdə yerləşməsi müəyyən edilir. Və iddiaçının mübahisələndirdiyi video-görüntüləri əks etdirən kameralar da cavabdeh hüquqi şəxsin istifadəsində olan qeyri-yaşayış sahəsinin (hasarının, qeyri-yaşayış sahəsi daxilində mövcüd ağacın və sair obyektlərin) üzərində quraşdırmaqla cavabdehə məxsus əraziləri və ümumi istifadədə olan iki qeyri-yaşayış (mehmanxanaları) sahələri arasında mövcud olan yolun videogörüntülərini çəkir. Həmin video-foto görüntülərin cavabdeh şirkət tərəfindən artıq istifadə etməklə iddiaçıya hər-hansı zərərin vurulması, o cümlədən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində hər-hansı maneələrin yaradılması iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Bundan əlavə, məhkəmə onu da qeyd edir ki, cavabdeh hüquqi şəxsin direktorunun, fiziki şəxs olaraq, səs-yazısında onun tərəfindən gələcəkdə hərhansı çəkilişin yayılma ehtimalının bildirilməsi, hüquqi şəxs üçün hər-hansı məsuliyyətin yaranması anlamına gəlməməlidir.
22. Beləliklə, cavabdeh tərəfindən iddiaçının işgüzar nüfuzuna zərərin vurulması və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə maneə olan mülki hüquq pozuntusunun törədilməsi iş materialları ilə müəyyən edilmir.
23. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.2-ci maddə).
24. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
25. Göründüyü kimi iddiaçının iddia tələbi ilə bağlı bir sıra dəlillər irəli sürməsi, həmin faktları məhkəmədə sadəcə şifahi müdafiə etməsi, onun hazırkı mübahisə predmeti üzrə haqlı olması anlamına gəlməməlidir.
26. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Huk Niderlanda qarşı” iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. 60. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kraska İsveçrəyə qarşı iş” üzrə 1993-cü il 19 aprel tarixli qərarında məhkəmə araşdırmasının ədalətli aparılıb-aparılmamasının müəyyənləşdirilməsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı “məhkəmə” üçün öhdəlik yaradır ki, o, öz qərarına aid olub-olmamasına dair qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırsın (§ 30).
30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (“Hiro Balani İspaniyaya qarşı” iş üzrə 1994cü il 9 dekabr, “Kuznetsov və digərləri Rusiyaya qarşı” iş üzrə 2**7-ci il 21 yanvar tarixli Qərarları).
31. Qeyd olunanlardan göründüyü kimi hazırkı iş üzrə iddiaçı fiziki şəxsin hər hansı hüquqlarının cavabdeh hüquqi şəxs tərəfindən pozulması sübuta yetirilmədiyindən, iddia tələbi əsassız hesab edilərək təmin edilməməli və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdehnə qarşı “videogörüntülərinin qeydə alınmasının qadağan edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova