Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9539/2025 25.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: xidmət müqaviləsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlu, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:
1. Tərəflər arasında xx.xx.2021-ci il tarixli, NBA-01-001 saylı xidmət müqaviləsi bağlanmış, müqavilənin predmetinə əsasən, icraçı (iddiaçı) onlayn kassa qeydiyyatı, quraşdırılması, uçotdan çıxarılması, proqram kassa sisteminə vaxtı-vaxtında texniki xidmət göstərilməsi, onlayn kassa təmiri və əvvəlki onlayn kassa yenidən istismara verildiyi ana qədər müvəqqəti onlayn kassa istifadə üçün təqdim olunması xidmətlərini (bundan sonra – xidmətlər) göstərməyi, sifarişçi (cavabdeh) isə icraçı tərəfindən göstərilən xidmətlərin haqqını ödəməyi və onlayn kassa istifadəsini icraçının və Vergilər Nazirliyinin tələb etdiyi qaydada həyata keçirməyi öhdəsinə götürür. Müqavilənin: 1.1. 1.2-ci bəndinə əsasən, göstərilən xidmətlərin tam siyahısı bu müqavlənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə göstərilmişdir. 1.2. 2.1-ci bəndinə əsasən, bu müqavilənin 1 saylı əlavəsinə əsasən razılaşdırılmış ödəniş sifarişçi tərəfindən bu müqavilə imzalandığı, müvafiq sənədlər təqdim edildiyi gündən sonra 5 iş günü ərzində həyata keçiriləcək. 1.3. 2.2-ci bəndinə əsasən, ödəniş həyata keçirildikdən sona icraçı 10 iş günü ərzində işləri təhvil verməlidir və göstərilən xidmət üçün aşağıda qeyd olunan sənədlər sifarişçiyə təqdim edilməlidir: 2.3.1. xidmətlərin göstərilməsi barədə akt; 2.3.2. elektron qaimə-faktura.
2. İş materiallarına əlavə edilmiş Texniki Xidmət müqaviləsi üçün 1 saylı və 3 saylı X1 ilə tərəflər 1 vahidin qiyməti 60 manat olmaqla ƏDV daxil hər biri 70,8 manat dəyərində “kassa qeydiyyatı + token” növündə xidmətin göstərilməsini; 2 saylı və 4 saylı X1 ilə 1 vahidin qiyməti 8 manat olmaqla ƏDV daxil hər biri 9,44 manat dəyərində “NKA göstərilən aylıq servis” növündə xidmətlərin göstərilməsi razılaşdırmış, X2 hər iki tərəfdən imzalanmış və hüquqi şəxslərin möhürü ilə təsdiq edilmişdir.
3. Həmçinin, iddiaçı tərəfindən cavabdehə cəmi 302,26 manat dəyərində elektronqaimələr göndərilmişdir.
İDDİA ƏRİZƏSİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı cavabdehdən 111,78 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (bundan sonra – İddiaçı) rəsmi dövlət qeydiyyatına alınmış e-kassa operatorlarından biridir. İddiaçı vergi ödəyicilərinə elektron kassaların (hazırda istifadədə olan bütün kassalar “e-kassa” hesab olunur) satışını, proqram təminatının quraşdırılmasını, e-kassa aparatının funksionallığının təmin edilməsi üçün “token”- lərin (nəzarət mexanizm qurğusu) quraşdırılması, kassa aparatının zəruri qaydada işləməsi üçün texniki xidməti həyata keçirir. “Token” İddiaçının mülkiyyətidir və vergi ödəyicisi kassanın fəaliyyətini dayandırmaq və kassa aparatını qeydiyyatdan çıxarmaq istədikdə İddiaçının ünvanına yaxınlaşaraq bu işin icrasını İddiaçı vasitəsi ilə həyata keçirir və tokeni İddiaçıya qaytarır. Məhz bundan sonra kassa qeydiyyatdan çıxmış hesab olunur və İddiaçının xidməti dayanır. İddiaçı ilə Cavabdeh arasında NBA-01-001 saylı 22 yanvar 2021-ci il tarixli müqavilə imzalanmışdır. Həmin tarixdə Müqaviləyə uyğun olaraq İddiaçı tərəfindən Cavabdehə müvafiq xidmətlər göstərilmişdir. İddiaçı tərəfindən göstərilən xidmətlərə müvafiq olaraq Cavabdehin İddiaçıya ümumilikdə 302.26 manat borcu mövcud olmuşdur. Cavahdeh həmin borc məbləğinin 190.48 manat hissəsini ödəmiş, lakin İddiaçı tərəfindən dəfələrlə edilən müraciətlərə baxmayaraq qalan məbləği ödəməkdən imtina etmişdir. Odur ki, Cavabdehin hazırki tarixədək İddiaçıya ümumilikdə 111.78 manat borcu qalmışdır.
b) İddiaya qarşı etirazın dəlilləri
6. Cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə bildiriş göndərilsə də, cavabdeh etirazını məhkəməyə təqdim etməmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:
Azərbaycan Respublikası Mülki Məcəllə:
9. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
10. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
11. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
12. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
15. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
19. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsassızdır.
20. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
21. Mülki Məcəllənin 386.1-ci maddənin məzmunundan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.
22. İddiaçının tələbi yerinə yetirilmiş xidmətlərə görə xidmət haqqının ödənilməsi ilə bağlıdır və iddiaçı bu tələbinin hüquqi əsası kimi Xidmət müqaviləsinə əsaslanır. Məhkəmə qeyd edir ki, tərəflər arasında Xidmət müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır və həmin müqavilədə iddiaçı tərəfindən göstəriləcək xidmətlərin nədən ibarət olması, xidmətin hansı qaydada və necə təhvil verilməsi, təhvil verilmiş xidmətlərə görə haqqın ödənilməsi qaydası və şərtləri konkret göstərilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının pul tələbinin əsaslı olması birbaşa həmin şərtlərə əvvəlcə iddiaçı tərəfindən necə əməl edilməsindən asılıdır.
23. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, NBA-01-001 saylı xidmət müqaviləsinə əsasən iddiaçı razılaşdırılmış xidmətlər göstərməyi, cavabdeh isə iddiaçı tərəfindən göstərilən xidmətlərin haqqını ödəməyi və onlayn kassa istifadəsini icraçının və Vergilər Nazirliyinin tələb etdiyi qaydada həyata keçirməyi öhdəsinə götürmüşdür.
24. Sözügedən müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən, bu müqavilənin 1 saylı əlavəsinə əsasən razılaşdırılmış ödəniş sifarişçi tərəfindən bu müqavilə imzalandığı, müvafiq sənədlər təqdim edildiyi gündən sonra 5 iş günü ərzində həyata keçirilməli, ödəniş həyata keçirildikdən sona icraçı 10 iş günü ərzində işləri təhvil verməlidir və göstərilən xidmət üçün xidmətlərin göstərilməsi barədə akt və elektron qaimə-fakturanı sifarişçiyə təqdim edilməlidir.
25. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdehin 302,26 manat məbləğində borcu olmuş, bundan 190,48 manat ödəniş edilmiş, 111,78 manat məbləğində borcu ödənilməmiş olaraq qalmışdır.
26. Lakin iddiaçı yerinə yetirdiyi xidmətin cavabdehə təhvil verməsi barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmiş, yalnız elektron qaimə-fakturalara əsaslanmışdır. Məhkəmə iddiaçının həmin dəlili ilə bağlı qeyd edir ki, AR Vergi Məcəlləsinin 71-1.1-ci maddəsində gösrərilir ki, bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı qanunla müəyyən edilmiş qaydada və müddətlərdə təqdim (tərtib) etməlidir. Göstərilən müddəanın mənasından da görünür ki, elektron qaimə-faktura alqı-satqı əməliyyatlarının, habelə işlərin görülməsinin və xidmətlərin göstərilməsinin vergi məqsədləri üçün rəsmiləşdirilməsi, ƏDV öhdəliyinin rəsmiləşdirilməsi, bu sahədə dövlət nəzarətinin təmin edilməsi xarakteri daşıyır və heç bir halda alqı-satqı predmeti olan malların təhvil verilməsini, işlərin görülməsini və xidmətlərin göstərilməsini fiziki olaraq təsdiq etmir.
27. "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqe də bundan ibarətdir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
28. Məhkəmə qeyd edir ki, MM-nin 389.1-ci maddəsinin məzmunundan da göründüyü kimi, müqavilə iki və ya daha çox şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə, əldə etdikləri razılaşmadır. Müqavilə azadlığı əqli (şüuru) iradəyə söykənir və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir. Müqavilənin məzmununa bir qayda olaraq onun tərəfləri, bağlanması forması, predmeti, tərəflərin öhdəlikləri (məsuliyyəti), ödəniş qaydası və şərtləri, qüvvəsi, qiyməti və digər şərtlərlə bərabər tərəflər arasında yaranmış münasibətlərin xarakterindən asılı olaraq elə spesifik şərtlər da daxil edilə bilər ki, bu müqavilə tərəflərinin hüquq və öhdəliklərinin icrasına bir başa təsir göstərə bilər. Məhkəmə qeyd edir ki, Xidmət müqaviləsinin yerinə yetirilmiş işlərin təhvil verilməsini nəzərdə tutan 2.2-ci bəndinə əsasən icraçı göstərilən xidmət üçün xidmətlərin göstərilməsi barədə akt və elektron qaimə-fakturanı sifarişçiyə təqdim edilməlidir. Lakin işin faktiki hallarından görünür ki, xidmətlərin göstərildiyini təsdiq edəcək aktlar iş materiallarına əlavə edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz.
29. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Pərviz Zamanlı