Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9545/2025 29.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında baxılan kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, xidmət haqqının ödənilməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi ilə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasına kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli xidmət müqaviləsi üzrə 107,14 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı rəsmi dövlət qeydiyyatına alınmış e-kassa operatorlarından biridir. İddiaçı vergi ödəyicilərinə elektron kassaların (hazırda istifadədə olan bütün kassalar “ekassa” hesab olunur) satışını, proqram təminatının quraşdırılmasını, e-kassa aparatının funksionallığının təmin edilməsi üçün “token”lərin (nəzarət mexanizm qurğusu) quraşdırılması, kassa aparatının zəruri qaydada işləməsi üçün texniki xidməti həyata keçirir. “Token” iddiaçının mülkiyyətidir və vergi ödəyicisi kassanın fəaliyyətini dayandırmaq və kassa aparatını qeydiyyatdan çıxarmaq istədikdə iddiaçının ünvanına yaxınlaşaraq bu işin icrasını iddiaçı vasitəsi ilə həyata keçirir və tokeni iddiaçıya qaytarır. Məhz bundan sonra kassa qeydiyyatdan çıxmış hesab olunur və iddiaçının xidməti dayanır. 2.2. İddiaçı ilə cavabdeh arasında NBA-10184-001 saylı 25 iyun 2021-ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqaviləyə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə müvafiq xidmətlər göstərilmişdir. Göstərilən xidmətlərə müvafiq olaraq cavabdehin iddiaçıya ümumilikdə 258,92 manat borcu mövcud olmuşdur. Cavabdeh həmin borc məbləğinin 151,78 manat hissəsini ödəmiş, lakin iddiaçı tərəfindən dəfələrlə edilən müraciətlərə əsasən qalan xidmət haqqı məbləğini ödəməkdən imtina etmişdir. Odur ki cavabdehin hazırkı tarixədək iddiaçıya ümumilikdə 107,14 manat borcu qalmışdır.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 443, 448-ci maddələri göstərilmişdir.
II. Mümkünlük və cavabdehin etirazı
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır;
5. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də iddiaçının təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə Mülki Prosessual Məcəllənin yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
6. Cavabdehin hüquqi ünvanına əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri 10 iş günü ərzində məhkəməyə təqdim etməli olduqları barədə məhkəmə bildirişi çatdırılmış, lakin cavabdeh kommersiya mübahisələri üçün Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə nəzərdə tutulmuş qaydada iddiaya etiraz təqdim etməmişdir.
III. Məhkəmə baxışının hədləri
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi
a) Xidmət müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu (bəzi istisnalarla) nəzərə alınmalıdır.
10. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki: – iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli NBA-10184-001 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı onlayn kassa qeydiyyatı, quraşdırılması, uçotdan çıxarılması, proqram kassa sisteminə vaxtlı-vaxtında texniki xidmət göstərilməsi, onlayn kassa təmiri və əvvəlki onlayn kassa yenidən istismara verildiyi ana qədər müvəqqəti onlayn kassanın istifadə üçün təqdim olunması xidmətlərini göstərməyi, cavabdeh isə iddiaçı tərəfindən göstərilən xidmətlərin haqqını ödəməyi və onlayn kassa istifadəsini iddiaçı və Vergilər Nazirliyinin tələb etdiyi qaydada həyata keçirməyi öhdəsinə götürmüşdür. – Müqavilənin ödəniş şərtlərinə əsasən razılaşdırılmış ödənişin sifarişçi tərəfindən müqavilə imzalandığı, müvafiq sənədlər təqdim edildiyi gündən sonra 5 iş günü ərzində həyata keçirilməsi, ödəniş həyata keçirildikdən sonra iddiaçının 10 iş günü ərzində işləri təhvil verməsi razılaşdırılmış, müqaviləyə 01 nömrəli əlavə ilə kassa qeydiyyatı və token xidmətinin qiyməti ƏDV daxil 70,8 manat, nəzarət-kassa aparatına göstərilən aylıq servis xidmətinin haqqı aylıq ƏDV daxil 9,44 manat şərtləşdirilmişdir. – İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ümumilikdə 258,92 manat dəyərində xidmətin göstərilməsinin rəsmiləşdirilməsi ilə bağlı elektron qaimə tərtib edilərək cavabdehə göndərilmişdir.
11. İddiaçı xx.xx.2021-ci il tarixli NBA-10184-001 nömrəli xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyəri olaraq 107,14 manat məbləğində pulun tutulmasını tələb edir.
12. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri 10 iş günü ərzində məhkəməyə təqdim etməli olduğu barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddia tələbinə etiraz etmir.
13. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
14. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
17. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli NBA- 10184-001 nömrəli müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.
18. Mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.
19. Bu mənada Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
20. xx.xx.2021-ci il tarixli NBA-10184-001 nömrəli müqavilənin: – 3.1-ci bəndinə əsasən sifarişçi aşağıdakı vəzifələri yerinə yetirir: onlayn kassasını Dövlət Reyestrinə daxil edilmiş standart proqram kassasına nisbətdə dəyişdirməməlidir; unikal identifikatoru olan çekin kağız daşıyıcısına çap olmasının mümkün olmadığı və proqram kassası zədəli olduğu halda (sıradan çıxdığı halda) proqram kassasını istifadə etməməlidir; zavod və ya seriya nömrəsi dəyişdirilmiş proqram kassasından istifadə etməməlidir; proqram kassasının nəzarət mexanizm qurğusuna (tokenə) bağlantısı pozulduğu təqdirdə proqram kassasından istifadə etməməlidir; nəzarət mexanizm qurğusunu (tokeni) zədələməməli, dəyişdirməməli, icraçının icazəsi olmadan hər hansı müdaxilə etməməlidir; plomblanmış onlayn kassa plombunu özbaşına açmamalı və hər hansı formada plombu zədələməməlidir; nəzarət mexanizm qurğusunun sıradan çıxmasına səbəb olan hərəkətlərə yol verməməlidir; proqram kassa sisteminə quraşdırılan nəzarət mexanizm qurğusunun (tokenin) tamlığını və işlək saxlanılmasını təmin etməlidir; proqram kassa sisteminə texniki baxışı və onların təmirini özbaşına həyata keçirməməli və yalnız icraçıya həvalə etməlidir; proqram kassa sistemini icraçının təqdim etdiyi istifadə təlimatı əsasında istifadə etməlidir; onlayn kassanın qidalandığı elektrik şəbəkəsində nasazlıqların baş verməməsi üçün tədbirlər görməlidir; icraçının üzərinə götürdüyü xidmətləri maneəsiz yerinə yetirməsi üçün şərait yaratmalıdır; sifarişçi, nəzarət mexanizm qurğusu zədələndiyi halda və ya proqram kassa sistemində hər hansı nasazlıq yarandığı halda 24 saat ərzində icraçıya məlumat verməlidir. – 3.2-ci bəndinə əsasən, icraçı aşağıdakı vəzifələri yerinə yetirir: onlayn kassa düzgün işləməsini və istismarını təmin etməlidir; proqram kassalarında aparılan hadisələrin və kassa sənədlərinin, habelə onlayn kassa işlənməsi və istismarının təmin edilməsi prosesində alınmış digər məlumatların məxfililiyh qorumalıdır; problemlərin (insidentlərin), onlayn kassa istismarı zamanı yaranan gözlənilməyən situasiyaların uçotunu aparmalı və Vergilər Nazirliyinin nəzarət orqanlarının səlahiyyətlərinə aid olan bu cür problemlər (insidentlər) barədə, onların baş verdiyi andan iki iş günü ərzində məlumat verməlidir; proqram kassa sistemlərinin, o cümlədən nəzarət mexanizm qurğusunun yoxlamasını ən azı ayda bir dəfə həyata keçirmək; onlayn kassa işləməsində əmələ gələn kənaraçıxmaların qeydiyyatını aparmaq, təhlil etmək və aradan qaldırmaq, həmçinin belə kənaraçıxmalar barədə sifarişçini məlumatlandırmaq; proqram kassa sistemi ilə işləmək üçün təlimlər keçirmək; nəzarət mexanizm qurğusunun zədələnməsi və ya proqram kassa sistemində hər hansı nasazlığın yaranması barədə Sifarişçinin məlumatı daxil olduqda onlayn kassa, o cümlədən nəzarət mexanizm qurğusunun təmiri və ya əvəz edilməsi ilə bağlı tədbirlər görməlidir və 36 saatdan çox keçmədən işlək vəziyyətdə olan avadanlığı Sifarişçiyə təqdim etməlidir. Onlayn kassa işində səhvlərin olduğu məlumatını aldıqdan sonra, onlayn kassa əvəz edilmədən nasazlığın aradan qaldırılması mümkün olmadığı halda, nasazlığın dərəcəsindən asılı olaıaq, Sifarişçini ya yem yaxud da müvəqqəti proqram kassa sistemi ilə təmin etmək yolunda addımlar atmalıdır; xidmətləri keyfiyyətlə və müəyyən edilmiş normalara, texniki tələblərə, göstərişlərə və avadanlığın servis xidməti üzrə digər sənədlərə uyğun aparmalıdır; 3 ay müddətində ardıcıl olaraq sifarişçiyə məxsus cihazda 1000 AZN-dan az kartla əməliyyat olduğu halda cihazın funksionallığı məhdudlaşdırılacaqdır; 3 ay müddətində ardıcıl olaraq aylıq ödəniş həyata keçirilmədiyi təqdirdə halda cihazın funksionallığı məhdudlaşdırılacaqdır; sifarişçi kassa aparatının ləğvi üçün müraciət etdikdən sonra müvafiq sənədlər əsasında icraçının bank hesabına 30 AZN ödəniş etdikdən sonra həyata keçirilir.
21. Hazırkı iş üzrə müqavilədə tərəflər hər birinin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
22. Bu mənada məhkəmə göstərir ki, iddiaçı hazırda göstərilən xidmətlərin dəyərinin ödənilməsini tələb edir, iş materiallarında olan elektron qaimə-fakturalarla xidmətlərin göstərildiyi görünür.
23. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
24. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
26. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
27. Beləliklə, məhkəmə qeyd edir ki, xidmət müqaviləsi üzrə görülmüş xidmətin dəyərini ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
28. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2021-ci il tarixli NBA- 10184-001 nömrəli müqavilə üzrə borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, 107,14 manat borc Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
29. İddiaçı həmçinin 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir.
30. İş materiallarına əsasən məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən ********** nömrəli mədaxil qəbzi əsasında 30 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə ödənilmişdir.
31. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
32. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Beləliklə, iddia tələbinin təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə
34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli xidmət müqaviləsi üzrə 107,14 manat Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova