Məhkəmə qərarları › İş №e-2-2(113)-9563/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-9563/2025

23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9563/2025 23.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, müqavilə öhdəliklərinin lazımınca icra edilməməsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 115,82 manat (yüz on beş manat səksən iki qəpik) məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC rəsmi dövlət qeydiyyatına alınmış e-kassa operatorlarından biridir. İddiaçı vergi ödəyicilərinə elektron kassaların (hazırda istifadədə olan bütün kassalar “e-kassa” hesab olunur) satışını, proqram təminatının quraşdırılmasını, e-kassa aparatının funksionallığının təmin edilməsi üçün “token”- lərin (nəzarət mexanizm qurğusu) quraşdırılması, kassa aparatının zəruri qaydada işləməsi üçün texniki xidməti həyata keçirir. “Token” iddiaçının mülkiyyətidir və vergi ödəyicisi kassanın fəaliyyətini dayandırmaq və kassa aparatını qeydiyyatdan çıxarmaq istədikdə iddiaçının ünvanına yaxınlaşaraq bu işin icrasını iddiaçı vasitəsi ilə həyata keçirir və tokeni iddiaçıya qaytarır. Məhz bundan sonra kassa qeydiyyatdan çıxmış hesab olunur və iddiaçının xidməti dayanır. İddiaçı ilə cavabdeh arasında NBA-30190-001 saylı 07 fevral 2022-ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqaviləyə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə müvafiq xidmətlər göstərilmişdir. İddiaçı tərəfindən göstərilən xidmətlərə müvafiq olaraq cavabdehin iddiaçıya ümumilikdə 394,61 manat (üç yüz doxsan dörd manat altmış bir qəpik) borcu mövcud olmuşdur. Cavahdeh həmin borc məbləğinin 278,79 manat (iki yüz yetmiş səkkiz manat yetmiş doqquz qəpik) hissəsini ödəmiş, lakin dəfələrlə edilən müraciətlərə baxmayaraq, qalan məbləği ödəməkdən imtina etmişdir. Odur ki, cavabdehin hazırki tarixədək iddiaçıya ümumilikdə 115,82 manat (yüz on beş manat səksən iki qəpik) borcu qalmışdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443, 448-ci maddəsinə istinad olunmuşdur.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilmiş, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:

5. İş materiallarından görünür ki, sifarişçi qismində Cavabdeh2 ilə icraçı qismində İddiaçı MMC arasında 07 fevral 2022-ci il tarixli, NBA-30190-001 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı onlayn kassa qeydiyyatı, quraşdırılması, uçotdan çıxarılması, proqram kassa sisteminə vaxtlı-vaxtında texniki xidmət göstərilməsi, onlayn kassa təmiri və əvvəlki onlayn kassa yenidən istismara verildiyi ana qədər müvəqqəti onlayn kassa istifadəsi üçün təqdim olunması xidmətlərini göstərməyi, sifarişçi isə icraçı tərəfindən göstərilən xidmətlərin haqqını ödəməyi və onlayn kassa istifadəsini icraçının və Vergilər Nazirliyinin tələb etdiyi qaydada həyata keçirməyi öhdəsinə götürür; 2.1-ci bəndinə əsasən bu müqavilənin 1 saylı əlavəsinə əsasən razılaşdırılmış ödəniş sifarişçi tərəfindən müqavilə imzalandığı, müvafiq sənədlər təqdim edildiyi gündən 5 iş günü ərzində həyata keçiriləcək; 2.2-ci bəndinə əsasən ödəniş həyata keçirildikdən sonra icraçı 10 iş günü ərzində işləri təhvil verməlidir və göstərilən xidmət üçün aşağıda qeyd olunan sənədlər sifarişçitə təqdim edilməlidir: xidmətlərin göstərilməsi barədə akt və elektron qaimə faktura; 6.1-ci bəndinə əsasən müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə mülki-hüquqi məsuliyyət daşıyırlar; 6.3-cü bəndinə əsasən sifarişçi müqavilənin 3.1-ci bəndində göstərilən vəzifələrini yerinə yetirməməsi nəticəsində icraçı barədə tətbiq olunacaq cərimə məbləğini ödəməyi və ya icraçının məruz qalacağı digər cəza tədbirlərinə görə dəymiş zərərin 110% məbləğində təzminat ödəməyi öz öhdəsinə götürür. Müqavilə tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.

6. İddiaçı MMC ilə Cavabdeh2 arasında imzalanmış 07 fevral 2022-ci il tarixli, NBA- 30190-001 nömrəli alqı-satqı müqaviləsinə 1 nömrəli əlavə olan qiymət razılaşdırılması protokoluna əsasən tərəflər protokolda adıçəkilən və ümumi dəyəri 70,8 manat olan xidmətlər (kassa qeydiyyatı+token) barədə razılığa gəlmişdirlər. Protokol tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.

7. İddiaçı MMC ilə Cavabdeh2 arasında imzalanmış 07 fevral 2022-ci il tarixli, NBA- 30190-001 nömrəli alqı-satqı müqaviləsinə 2 nömrəli əlavə olan qiymət razılaşdırılması protokoluna əsasən tərəflər protokolda adıçəkilən və ümumi dəyəri 9,44 manat olan (aylıq servis xidməti) xidmətlər barədə razılığa gəlmişlər. Protokol tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.

8. İddiaçı tərəfindən iş materiallarına xidmətlərin göstərilməsinə dair Cavabdeh2 göndərilən elektron qaimələr əlavə edilmişdir.

9. İddiaçı MMC tərəfindən tərtib edilmiş maliyyə arayışından müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında imzalanmış 07 fevral 2022-ci il tarixli, NBA-30190- 001 müqavilə üzrə İddiaçı MMC tərəfindən Cavabdeh2 göstərilmiş xidmətlərə görə Cavabdeh2 İddiaçı MMC-yə maliyyə arayışında qeyd edilmiş elektron qaimələrə müvafiq olaraq 394,61 manat borcu mövcud olmuş, Cavabdeh2 tərəfindən həmin borc məbləğinin 278,79 manat hissəsi ödənilmiş və Cavabdeh2 ümumilikdə 115,82 manat borcu qalmışdır.

10. İddiaçı MMC tərəfindən Cavabdeh2 göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

13. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında 07 fevral 2022-ci il tarixli, NBA-30190-001 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı həmin müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və halhazırda iddiaçıya borcu yaranmışdır. Belə ki, iddiaçı müqaviləyə əsasən cavabdehə razılaşdırılmış xidmətləri göstərsə də, cavabdeh göstərilmiş xidmətlərin dəyərini ödəməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Həmin hal təqdim olunmuş sübutlarla öz təsdiqini tapır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə cavabdehə göndərilmiş çoxsaylı elektron qaimələr təqdim edilmişdir. Həmin elektron qaimələr üzrə ümumi məbləğ 394,61 manat təşkil etmiş, həmin məbləğin 70.80 manat hissəsi kassa aparatının qeydiyyat xərcini, 35,4 manat hissəsi qeydiyyatdan çıxarılma xərcini, qalan hissəsi isə xidmət haqqını təşkil etmişdir. İddiaçı iddia etmişdir ki, cavabdeh tərəfindən 278,79 manat ödəniş edilmiş, qalan 115,82 manat məbləğ isə ödənilməmiş qalmışdır.

14. İddia tələbinin bir hissəsini cavabdehdən əsas borca görə 115,82 manat məbləğində pul vəsaitinin tutulmasından ibarətdir.

15. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 115,82 manat (yüz on beş manat səksən iki qəpik) məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.

16. Eləcə də, iddiaçı ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

17. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

18. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 115,82 manat (yüz on beş manat səksən iki qəpik), ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla, cəmi 145,82 manat (yüz qırx beş manat səksən iki qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar