Məhkəmə qərarları › İş №e-2-2(113)-962/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-962/2025

10.03.2025 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-962/2025 10.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “əmlak inzibatçısının təyin olunması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əmlak inzibatçısının təyin edilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmlak inzibatçısının təyin olunması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin İddiaçı olan 273.500 manat məbləğində borcun ödənilməsi məqsədilə aktivlərinin müəyyən edilməsi üçün əmlak inzibatçısının təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC xx.xx.2009-cu il tarixdə dövlət qeydiyyatına alınmış və əsas fəaliyyəti çoxmərtəbəli bina inşa edərək satmaqla, sahibkarlıq fəaliyyəti göstərib. Bununla əlaqədar Cavabdeh MMC tərəfindən 2014-cü ildən etibarən çoxsaylı şəxslərlə ünvan 1 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binasında mənzil və qeyri yaşayış sahələrinin satışını həyata keçirmişdir. Cavabdeh MMC yeganə təsisçisi X1r. Cavabdeh MMC ilə İddiaçı arasında Cavabdeh MMC-nin ünvan 2 ünvanda inşa etdiyi çoxmərtəbəli yaşayış binasında xx.xx.2016 tarixli alqı-satqı müqaviləsi üzrə 136.000 manat dəyəri tam ödənilməklə yaşayış evi əldə edilmişdir. Cavabdeh MMC ilə X2 arasında Cavabdeh MMC-nin ünvan 2 ünvanda inşa etdiyi çoxmərtəbəli yaşayış binasında xx.xx.2014 tarixli alqı-satqı müqaviləsi üzrə 137.500 manat dəyəri tam ödənilməklə yaşayış evi əldə edilmişdir. X6 Cəfərovun arvadıdır və yuxarıda qeyd edilən mənzillər faktiki olaraq İddiaçı tərəfindən pulu ödənilməklə alınmışdır. İddiaçı isə Xanlar Cəfərovun qohumluq əlaqəsi olmayan dostudur. Cavabdeh MMC-nin təsisçisi və rəhbəri X3 2018-ci il tarixdə həbsdə olan zaman İddiaçı zərərçəkmiş şəxslərə vurulmuş zərərin ödənilməsi üçün ona köməklik göstərməyi israrla xahiş etdi. Cavabdeh MMC-dən almış olduğu xx.xx.2014 və xx.xx.2016 tarixli alqı-satqı müqavilələri üzrə məxsus olan mənzillərdən imtina etməyimi, həmin mənzilləri zərərçəkmiş şəxslərə ödəməklə həbsdən azad ediləcəyini və bundan sonra mənə eyni dəyərdə əmlak və ya pul verəcəyini vəd etdi. Qısası mən yaxın dost olduğumuz üçün razılaşdım və həmin mənzillərdən imtina edərək MMC-yə qaytardım və həmin mənzillərə dair digər şəxslərlə alqı-satqı müqavilələri bağlanıldı. X7 həbsdən azad edildikdən sonra təkrarən həbs edildiyi üçün mənə verdiyi vədi tuta bailmədi. Bununla da, Cavabdeh MMC-nin mənə xx.xx.2014 və xx.xx.2016 tarixli alqı-satqı müqavilələri üzrə 273.500 manat müqavilə üzrə borcu yaranmışdır. İddia ərizəsinə əlavə edilmiş cavab məktubundan görünür ki, Cavabdeh MMC-nin yeganə təsisçisi hazırda həbsdə olan Xanlar Cəfərovdur, MMC isə hazırda qeyri-qanuni yollarla müxtəlif şəxslər tərəfindən öz mənafeləri naminə idarə edilir. Cavabdeh MMC hazırda ödəmə qabiliyyətinə malik deyildir və müflis olma təhlükəsi ilə qarşılaşmışdır. Belə olan halda Cavabdeh MMC-nin aktivlərini və passivlərini müəyyən edilməklə mənə və müxtəlif şəxslərə (kreditorlara) olan borclar ödənilməlidir ki, bu səlahiyyət də inzibatçının vəzifələrinə daxildir. İnzibatçı iflas prosesi zamanı Cavabdeh MMC-nin aktiv və passivlərini müəyyən edərək borcların ödənilməsini təmin etməli və eyni zamanda məhkəmələrin icraatında olan işlər üzrə real həqiqətləri araşdıraraq məhkəməyə izahatlar verməlidir. Bu hal MMC-də baş verən qanunsuzluqlara da son qoyulmasına səbəb olacaq.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 63.1-ci maddəsinə əgər hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər. Azərbaycan Respublikasının “Müflisləşmə və iflas” haqqında Qanununun: 1-ci maddəsinə görə müflisləşmə – borclunun öz öhdəliklərini ödəmə qabiliyyətinin olmamasıdır. Əmlak inzibatçısı – borclunun ödəmə qabiliyyətsizliyi halında təyin edilən, bu Qanunun V fəslində səciyyələndirilmiş vəzifəli şəxs. 3-cü maddəsinə əsasən Borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. 10-1-ci maddəsinə əsasən, iflas haqqında iş üzrə ərizəyə məhkəmə, daxil olduğu gündən 1 (bir) ay müddətində baxır və həmin işin həllinə dair müvafiq qərar çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 (bir) ay müddətində baxılır və həmin işin həllinə dair müvafiq qərar çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclası barədə həmin iclasa ən azı 5 (beş) iş günü qalmış xəbərdar edilməlidirlər. Ərizəçi eyni zamanda məhkəmə baxışının tarixinə 5 (beş) iş günü qalanadək həmin məhkəmə baxışı haqqında müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində və rəsmi dövri mətbu nəşrdə elan dərc etdirməlidir. 11-ci maddəsinin 1-ci hissəsinə əsasən İflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar barədə müvafiq qərar çıxarır: a) borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə; b) müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması barədə; c) borclunu müflis elan etməkdən imtina barədə. 13-cü maddəsinin 1-ci hissəsinə əsasən borclunun məhkəmə qaydasında müflis elan olunmasından sonra əmlak inzibatçısı kreditorların ilkin yığıncağını bütün məlum kreditorlara və əgər borclu dövlət müəssisəsidirsə müvafiq icra hakimiyyəti orqanına yığıncaq barəsində bildiriş göndərmək yolu ilə çağırır. Həmin yığıncaq borclunu müflis elan etmək barəsində müvafiq məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən ən geci 15 gün ərzində keçirilməlidir. 14-cü maddəsinə əsasən Məhkəmənin iştirakı olmadan iflas prosesinə yalnız borclu müəssisə (borclu dövlət müəssisəsi olduğu halda həmçinin müvafiq icra hakimiyyəti orqanı) tərəfindən qəbul olunmuş müvafiq qərara əsasən başlanıla bilər. Bu qərar qəbul olunduğu zaman ehtimal olunan əmlak inzibatçısı da təyin edilir. Həmin qərarın qəbul edildiyi tarix iflas prosesinə məhkəmənin iştirakı olmadan başlanmasının məqamıdır.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır.

9. İş materiallarından görünür ki, ünvan 3-da tikilən yaşayış binasının 1-ci mərtəbəsində 7 nömrəli mənzil barədə İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi bağlanmış, ünvan 3-da tikilən yaşayış binasının 3-cü mərtəbəsində 21 nömrəli mənzil barədə X2 ilə Cavabdeh MMC arasında xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır.

10. Daha sonra İddiaçı elektron notariat avtomatlaşdırılmış informasiya sistemində xx.xx.2018-ci il tarixində ünvan 3 ünvanında yerləşən mərtəbə-1 olan yaşayış binasının ümumi sahəsi 136. Kv.m olan 7 nömrəli mənzilə dair adına olan müqavilədən və pay hüququndan imtina etmiş və həmin pay hüquqlarının digər şəxsin adına keçirilməsinə etiraz etməmişdir.

11. Bundan əlavə X2 da avqust 2018-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəsi ilə ünvan 3-da tikilən yaşayış binasının 3-cü mərtəbəsində 125 kv.m-dən ibarət 21 nömrəli mənzildən və pay hüququndan imtina etmiş, həmin mənzilin satılmasına və digər şəxsin adına keçirilməsinə etiraz etməmişdir.

12. Hazırda İddiaçı cavabdehin keçmiş direktoru həbsdə olduğundan, qeyd edilən mənzillərə dair edilmiş 273.500 manat məbləğində pulun ona qaytarılması üçün cavabdehin aktivlərinin müəyyən edilməsi əmlak inzibatçısının təyin edilməsini məhkəmədən xahiş edir.

13. Məhkəmə qeyd edir ki, əmlak inzibatçısı “Müflisləşmə və iflas” haqqında Qanuna görə borclunun müflis elan edildiyi və iflas prosesinə başlanıldığı halda təyin edilir.

14. Hazırda isə, ərizəçi tərəf ilk redaksiyada ərizə ilə Məhkəməyə müraciət edərkən Cavabdeh MMC-nin müflis elan edilməsini tələb etsə də, sonradan iddiasını dəyişmiş və ancaq əmlak inzibatçısının təyin edilməsini xahiş etmişdir.

15. Məhkəmə bu xüsusda qeyd edir ki, hazırda Cavabdeh MMC müflis elan edilmədiyindən və iflas prosesinə başlanılmadığından əmlak inzibatçısının təyin edilməsi üçün əsaslar mövcud deyildir.

16. Beləliklə, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

17. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh MMC-yə qarşı “əmlak inzibatçısının təyin olunması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar