Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-967/2025 03.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pul”tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:xidmət müqaviləsi,pul) X3 Rövşən qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən xx.xx.2024-cü il tarixli AZ 526/6251 nömrəli Yüklərin daşınması xidməti üzrə müqavilə üzrə Cavabdeh tərəfindən öz öhdəliklərinin pozulması nəticəsində İddiaçıya 4 614, 80 ABŞ dolları məbləğində dəymiş zərəri, həmçinin hazırkı tarixədək hesablanmış 141,06 AZN (bir yüz qırx bir manat altı qəpik) dəbbə pulunun Cavabdehndən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh MMC arasında 26 iyun 2024-cü il tarixdə Yüklərin daşınması xidməti üzrə müqavilə (bundan sonra “Müqavilə” adlandırılacaq) imzalanmışdır. Müqaviləyə əsasən İddiaçı Cavabdehə nəqliyyat vasitəsilə yükdaşımanı həyata keçirməyi, Cavabdeh isə həmin xidmətlərin dəyərini İddiaçıya ödəmək öhdəliyini üzərinə götürmüşdür. Müqavilə üzrə Cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliklər lazımi qaydada icra edilmədiyindən İddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində ümumi dəyəri 4 614, 80 ABŞ dolları (dörd min altı yüz on dörd ABŞ dolları səksən sent) təşkil edən yükün Çin Xalq Respublikasından Azərbaycan Respublikasına daşınması sifariş olunmuşdur. Lakin, yükün çatdırılmasında gecikmə baş vermiş, daha sonra isə Cavabdeh tərəfindən 07 sentyabr 2024-cü il tarixdə Türkmənistan Respublikasının 2P3C-V44 Chagyl koordinatları ərazisində İddiaçıya yükü daşıyan dövlət nömrə nişanı 08KG810AJX/05KG344PD olan 73 saylı nəqliyyat vasitəsində yanğın hadisəsin baş verdiyi bildirilmişdir. Müqavilənin 4.1.2-ci bəndinə əsasən qarşı tərəfin təqsiri ilə bir tərəfə zərər vurulduqda, təqsirkar tərəf qarşı tərəfə dəymiş zərərin əvəzini tam həcmdə ödəməyə borcludur. 23 iyul 2024-cü il tarixli LC240723-01 nömrəli hesab-fakturayaəsasən İddiaçı tərəfindən məhsula görə 4 614, 80 ABŞ dolları (dörd min altı yüz on dörd ABŞ dolları səksən sent) dəyərində pul vəsaiti ödənilmişdir. Müqavilənin 2.2.6-cı bəndi ilə yükün Çin Xalq Respublikasından çıxdığı andan 20-25 gün müddətində təyinat yerinə çatmasını təmin edilməsi Cavadehin öhdəliklərinə aid edilmişdir. Bu öhdəliyin pozulmasına görə Müqavilənin 4.2.3-cü bəndinə uyğun olaraq daşıyıcı Müqavilə üzrə müəyyən edilmiş çatdırılma müddətinin 30 (otuz) gündən artıq gecikdirilmiş hər günü üçün yükün hər 1 kubu (kiloqramı) üçün razılaşdırılmış məbləğin 0,5%-ı məbləğində dəbbə pulun ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən yük onun daşınması üçün xx.xx.2024-cü il tarixində qəbul edilmişdir, yükün ümumi çəkisi isə 656,10 kiloqram təşkil etmişdir. Belə ki, Cavadeh tərəfindən 4 614, 80 ABŞ dolları məbləğində dəymiş zərər, həmçinin hazırkı tarixədək hesablanmış 141,06 AZN (bir yüz qırx bir manat altı qəpik) dəbbə pulu İddiaçiya ödənilməlidir. İddiaçı tərəfindən qeyd edilən məsələ ilə bağlı pozulmuş hüquqlarının bərpa edilməsinin təmin edilməsi və borcun ödənilməsi üçün Cavabdehə dəfələrlə müraciət edilməsinə,xx.xx.2024-cü il tarixli pretenziya məktubunun təqdim edilməsinə baxmayaraq, Cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində hər hansı addım atılmamışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Sübutların tədqiqi:
6. İddiaçı "xxxx" MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli, AZ 526/6251 nömrəli yüklərin daşınması xidməti üzrə müqavilə imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən Sifarişçinin adından və Sifarişçinin tapşırığı ilə müəyyən haqq müqabilində "Daşıyıcı" tərəfindən nəqliyyatı vasitəsilə (avtomobil, dəmir yolu və dəniz) beynəlxalq yükdaşımanı həyata keçirmək. - 2.2.6-cı bəndinə əsasən ilə yükün Çin Xalq Respublikasından çıxdığı andan 20-25 gün müddətində təyinat yerinə çatmasını təmin edilməsi Cavadehin öhdəliklərinə aid edilmişdir. - 3.1-ci bəndinə əsasən sifarişçi bu Müqavilənin şərtlərinə əsasən göstərilən xidmətlərin dəyərini hazırkı müqavilənin ayrılmaz hissəsi olan Əlavə № 1 -də göctərilən şərtlərə uyğun olaraq Daşıyıcıya ödəyir. İstisna hallarda müəyyən marşrut üzrə hər bir tarif əlavə razılaşmada/sifariş ərizəsində razılaşdırılır və onun yerinə yetirilmə müddəti ərzində qüvvədə olur. Bütün tariflər ƏDV-sizdir. - 4.2.3-cü bəndinə uyğun olaraq daşıyıcı Müqavilə üzrə müəyyən edilmiş çatdırılma müddətinin 30 (otuz) gündən artıq gecikdirilmiş hər günü üçün yükün hər 1 kubu (kiloqramı) üçün razılaşdırılmış məbləğin 0,5%-ı məbləğində dəbbə pulun ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
7. "Yüklərin daşınması xidməti üzrə" xx.xx.2024-cü il tarixli, AZ 526/6251 nömrəli müqaviləyə 1 saylı Əlavəyə əsasən tərəflər arasında göstəriləcək xidmətlərin dəyəri 1 m3 -5m3 yükün həcminə görə 300 ABŞ dolları,5 m3-dan yuxarı yükün həcminə görə 190 ABŞ dolları məbləğində razılaşdırılmışdır.
8. Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə ünvnlanmş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 07 sentyabr 2024-cü il tarixində Türkmənistan Respublikasının 2P3C+V44 Chagyl koordinatları ərazisində fors-major hadisə baş vermiş, yəni iddiaçıya məxsus yükü daşıyan, dövlət nömrə nişanı 08KG810AJX/05KG344PD olan 73 saylı nəqliyyat vasitəsində yanğın hadisəsi baş vermiş və nəticədə iddiaçıya və digər müştərilərə məxsus yük yanaraq tam məhv olmuş və dəymiş ziyanın kompensasiya olunacağına zəmanət verilmişdir.
9. İş materiallarına aəlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəmə sənədindən görünür ki, "xxxx" MMC-nin ödəyici kimi qeyd olunduğu sənəddə əks olunan malların çəkisi 656.1 kq , dəyəri 41614.80 AbŞ dollarıdır
10. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli CMR sənədinin məzmunundan göründüyü kimi, çəkisi 656.1 kq olan malın həmin sənəddə göndərici NİNGBO SUNBO İmport, alıcı "xxxx" MMC daşıyıcı Cavabdeh MMC qeyd edilmişdir.
11. İş materiallarında olan pretenziya məktubundan görünür ki, yaranmış borcun 3 təqvim günü ərzində ödəmədiyi halda ona qarşı iddia irəli sürülərək məhkəməyə müraciət olunması barədə xəbərdar edilmişdir. IV. Tətbiq edilən hüquq:
12. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 850.1-ci maddəsinə görə yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 859.1. Yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. 859.2. Bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. 859.3. Əgər daşıyıcı yükün itirilməsinin və ya məhvinin aşağıdakılar nəticəsində baş verdiyini sübuta yetirərsə, bu Məcəllənin 859.1-859.2-ci maddələrində nəzərdə tutulan məsuliyyət tətbiq edilmir: 859.3.1. risk məlum olsa da, yükün xarakteri və ya nəqliyyat vasitəsinin birbaşa təyinatı; 859.3.2. yük göndərənin və ya yük alanın təqsiri və ya göstərişi; 859.3.3. daşıyıcının lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 466.1-ci maddəsinə görə əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. - 466.2-ci maddəsinə görə qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: - 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; - 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; - 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
13. AR MPM-in: - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”
15. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X1rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
16. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
17. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli, AZ 526/6251 nömrəli yüklərin daşınması xidməti üzrə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.Cavabdeh (daşıyıcı) müqaviləyə əsasən sifariş edilmiş yükdaşıma xidmətlərini göstərməklə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddaçının daşımasını sifariş etdiyi mallara daşımanı həyata keçirməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozaraq, iddiaçıya maddi ziyan vurmuşdur. İş materiallarına əlavə edilmiş sənədlərlə təsdiq olunur ki, cavabdeh tərəfindən yük onun daşınması üçün xx.xx.2024-cü il tarixində qəbul edilmiş, lakin həmin mal daşınması həyata keçirilməmiş iddiaçıya çatdırılmamışdır. Cavabdehin iddiaçıya ünvanlandığı xx.xx.2024-cü il tarixli məktubundan da görünür ki, cavabdeh 07 sentyabr 2024-cü il tarixində Türkmənistan Respublikası iddiaçıya məxsus yükü daşıyan, dövlət nömrə nişanı 08KG810AJX/05KG344PD olan 73 saylı nəqliyyat vasitəsində yanğın hadisəsi baş verdiyini və nəticədə iddiaçıya və digər müştərilərə məxsus yük yanaraq tam məhv olduğunu və dəymiş ziyanın kompensasiya olunacağına zəmanət verildiyini qeyd etmişdir. Qeyd edilən məktubun da məzmunundan göründüyü kimi, iddiaçıya məxsus yükün cavabdeh tərəfindən müqavilə tələblərinəuyğun olaaq çatdırılmaması və həmin malın məhv olması işin mübahisəsiz halıdır. Çatdırılması həyata keçirilməyən iddiaçıya məxsus malın dəyəri isə məhkəməyə təqdim iddiaçı tərəfindən təqdim edilmiş, malın alınmasına dair “İnvoice” və CMR sənədləri iləsübuta yetilir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər lazımınca yerinə yetirilmədiyindən iddiaçıya maddi ziyan dəymişdir və bu ziyan cavabdeh tərəfindən ödənilməlidir.
18. Belə olan halda məhkəmə Mülki Məcəllənin 859-ci maddəsinə əsasən mübahisəli yükdaşıma müqaviləsinə əsaslanan öhdəlik münasibətində sifarişçi iddiaçının daşıyıcı olan cavabdehdən yükün itirildiyi və məhv olduğu hala görə yükün dəyəri olan 4 614, 80 ABŞ dolları məbləğində pul vəsaitini ödənilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, Cavabdeh MMC -dən 4 614, 80 ABŞ dolları tutularaq "xxxx" MMC -yə ödənilməlidir.
19. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 141.06 manat məbləğində cərimənin (dəbbə pulunun) cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
20. Həmin tələblə bağlı məhkəmə hesab edir ki, Cavabdeh MMC -nin müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.
21. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli cavabdehdən 100 manat məbləğində dəbbə pulu tuutlaraq iddiaçıya ödənilməlidir.
22. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 100 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
23. Məhkəmə hesab edirki, iddia təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 100 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 4 614, 80 ABŞ dolları (dörd min altı yüz on dörd dollar səksən sent) əsas borc (ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla), 100 (bir yüz) manat cərimə və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova