Məhkəmə qərarları › İş №e-2-2(113)-9671/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-9671/2025

30.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9671/2025 30.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh BOKT ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızı, İddiaçı MMC-nin Cavabdeh BOKT ASC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh BOKT ASC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2023-cü il tarixli, T-51/23 saylı Müqavilə üzrə 1416 (1200 manat əsas borc + 216 manat ƏDV borcu) manat məbləğində əsas borcun, 424.8 (dörd yüz iyirmi dörd manat səksən qəpik) manat məbləğində cərimə-dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 43,06 (qırx üç manat altı qəpik) manat pulun, ümumilikdə 1883.86 manat pul məbləğinin və 38.84 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, bildiririk ki,İddiaçı MMC ilə Cavabdeh Bank Olmayan Kredit Təşkilatı ASC arasında xx.xx.2023-cü il tarixli, T-51/23 saylı Xidmət Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İcraçıİddiaçı MMC Sifarişçi Cavabdeh Bank Olmayan Kredit Təşkilatı ASC-nin sifarişi əsasında təmizlik xidmətləri göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib bunun müqabilində İcraçıya bu Müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürür. Lakin İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı ASC üzərinə düşən öhdəlikləri tam yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli, T-51/23 saylı müqavilə üzrə 1416 (1200 manat əsas borc, 216 manat ƏDV borcu) manat məbləğində borc cavabdeh tərəfindən ödənilməmişdir. Belə ki, borc məbləği iddia ərizəsinə əlavə edilmiş müqavilə, tərəflər arasında tərtib edilmiş qaimələr və xidmətin göstərilməsinə dair olan aktlar ilə təsdiq edilir. Bu əsasla tərəfimizdən cavabdehə xx.xx.2025-ci il tarixində internet vergi idarəsi sistemi və məhkəmə kabineti vasitəsilə 3 iş günü müddətində borc məbləğini tələb etməyimiz barədə Pretenziya məktubu göndərilməsinə baxmayaraq bu günədək qeyd edilən pul şirkətə ödənilməmişdir. Əlavə olaraq bildirək ki, xx.xx.2023-cü il tarixli, T-51/23 saylı Müqavilənin 3.4-cü bəndinə əsasən hər gecikən gün üçün qalıq borcun 1% (bir) miqdarında dəbbə pulu hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən cərimə məbləği 3143,52 (üç min yüz qırx üç manat əlli iki qəpik) manat təşkil etsə də, tərəfimizdən güzəşt faizi tətbiq edilərək əsas məbləğin ≈30 %-i həcmində, yəni cəmi 424.8 (dörd yüz iyirmi dörd manat səksən qəpik) manat dəbbə pulu tələb edilməkdədir. Beləliklə, göründüyü kimi cavabdehin ödənişdən yayınmaq üçün müxtəlif üsullara əl atmağı səbəbindən hazırkı mübahisə məhz məhkəmə vasitəsilə həll edilməlidir

II. Məhkəmə baxışının hədləri:

3. Mülki Prosessual Məcəllənin: - Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

4. İddiaçı (icraçı) və Cavabdeh BOKT ASC (sifarişçi) arasında bağlanmış xx.xx.2023cü il tarixli, T-51/23 nömrəli xidmət müqaviləsinə əsasən İcraçı Sifarişçinin sifarişinə əsasən təmizlik xidmətləri (bundan sonra “Xidmətlər” adlanacaq) göstərməyi, Sifarişçi isə bu Müqavilənin şərtlərinə uyğun olaraq həmin Xidmətləri qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür.

5. Müqavilənin 1.2-ci bəndinə əsasən Yerinə yetiriləcək xidmətlərin təsviri, icra müddəti və qiyməti Xidmət Sifarişində göstəriləcək (bundan sonra «XS» adlanacaq) və XS vahid nömrəyə malik olmaqla bu Müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edəcək.

6. Müqavilənin 3.2-ci bəndinə əsasən Həyata keçiriləcək xidmətlərin dəyəri xidmət göstərilmədən əvvəl tam şəkildə həyata keçirilir Sifarişçi tərəfindən ödənilir. Tərəflər razılaşır ki, icra edilmiş xidmətlərə görə ödəniş zamanı Manatın 10%-i ötən devalvasiyası müşahidə edilərsə, hesablanmış həmin fərq məbləği Sifarişçi tərəfindən icraçıya əlavə olaraq ödəniləcəkdir.

7. Müqavilənin 3.4-cü bəndinə əsasən Sifarişçi tərəfindən ödəmədə gecikmə olarsa, hər gecikən gün üçün qalıq borcun 1%-i (bir) miqdarında dəbbə pulu hesablanacaq.

8. Müqavilənin 4.2.1-ci bəndinə əsasən Sifarişçi Müqavilədə nəzərdə tutulmuş qaydada Xidmətlərin dəyərini ödəməlidir.

9. İddiaəçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixli, T-51/23 saylı müqavilə üzrə Cavabdeh Bank olmayan Kredit Təşkilatı ASC-nin İddiaçı MMC-yə xx.xx.2025-ci il tarixinə əsas borcu 1416 manat, cərimə borcu 3143,52 manat və gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 43,06 manat təşkil edir.

10. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 073552 nömrəli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında akta əsasən sifarişçinin sifarişi əsasında ümumi dəyəri 1200 manat əsas 216 manat ədv olmaqla ümumilikdə 1416 manat məbləğində xidmətlər icraçı tərəfindən icra edilmişdir.

11. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli, EBEB 336921 nömrəli 1416 manat məbləğində elektron qaimə-faktura göndərilmişdir.

12. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

14. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, cavabdehin yaranmış borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, T-51/23 nömrəli xidmət müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.

15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

16. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

19. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

20. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

21. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir.

22. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

24. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

25. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

26. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin xx.xx.2023-cü il tarixli, T-51/23 nömrəli müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 1416 manat məbləğində əsas borcunun yarandığını, belə olan halda isə iddiaçının əsas borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, cavabdehdən ümumilikdə 1416 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

27. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xidmət müqaviləsinə əsasən hesablanmış 424,8 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

28. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

29. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

30. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

31. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 70 manat müəyyən edilməlidir.

32. Bundan əlavə, iddiaçı iddia ərizəsində borclunun icranın gecikdirməsi nəticəsində əsas borc üzrə ona vurulmuş zərər qismində ümumilikdə 43,06 manat (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) ödənilməsi tələbini də irəli sürmüşdür.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

34. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

35. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

36. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

37. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...

38. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”

39. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

40. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

41. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”

42. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.

43. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz iddiaçının əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması iddiaçının gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.

44. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır.

45. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

46. 466.1-ci maddəsinə görə əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir.

47. 466.2-ci maddəsinə görə qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər:

48. 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər;

49. 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər;

50. 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər.

51. 466.3-cü maddəsinə görə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məhdud məsuliyyətin müəyyənləşdirildiyi hallarda dəbbə pulu çatmayan və ya dəbbə pulundan yuxarı hissədə və ya onun əvəzinə ödənilməli olan zərər həmin məhdudiyyətlə müəyyənləşdirilmiş həddə qədər tutula bilər.

52. Hazırkı halda xidmət daşınması müqaviləsində nəzərdə tutulmuş dəbbə pulu, həm də Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlər bərpaedici sanksiyalar olduğundan həmin sanksiyaların birlikdə tətbiq edilməsi ikiqat məsuliyyət yaratmaqla hüququn universal prinsipi olan non bis in idem (eyni əmələ görə iki dəfə olmaz) prinsipinə ziddir.

53. Bundan əlavə hazırkı halda gecikdirilmiş borc məbləğinə həm dəbbə pulunun, həm də faizlərin hesablanması Mülki Məcəllənin 466-cı maddəsinin tələblərinə də uyğun hesab edilə bilməz.

54. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən zərərin formalardan biri olan əldən çıxmış faydanın əvəzi olaraq hesablanan faizlərin yalnız dəbbə pulu məbləği ilə əhatə edilməmiş hissəsinin tutulmasına yol verilir.

55. Odur ki, iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən tutulmasını xahiş etdiyi 43,06 manat məbləğində faiz cavabdehdən tutulmalı olan 70 manat dəbbə pulu ilə əhatə edildiyi üçün iddia tələbi bu hissədə təmin edilə bilməz.

56. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1416 manat əsas borc, 70 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir.

57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

58. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan iş üzrə ödənilmiş 36,27 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş qalan 2,63 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

IV. Nəticə:

59. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh BOKT ASC-dən 1416 manat əsas borc, 70 manat cərimə, 36,27 manat dövlət rüsumu, ümumilikdə 1522,27 (bir min beş yüz iyirmi iki manat iyirmi yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 2,63 (iki manat altmış üç qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar