Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-9698/2025 08.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (alqı satqı müqaviləsi üzrə əsas və faiz borcu) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Bağırov Ramiz Rauf oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 29559 əsas borc, 1477 manat gecikdirməyə görə əsas borc məbləğinin 5%-i, 185 manat dövlət rüsumu olmaqla, ümumilikdə 31221 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 01 aprel 2024-cü il tarixli 01 saylı müqaviləyə əsasən satıcı Cavabdeh MMC tərəfindən alıcı İddiaçı MTK-ya kərpic, mişar daşı, qum və sement satılması barədə razılaşma əldə edilmişdir. Həmin Müqavilənin 1-ci maddəsinin şərtlərinə əsasən, alıcı şərtləşdirilmiş keyfiyyətdə tikinti materiallarını satıcıdan almalı, satıcı isə satılan malları alıcıya ünvanıda təhvil-təslim sənədləri (qaimə-faktura) ilə təhvil verməlidir. Müqavilənin 2-ci maddəsinə əsasən, alıcı malın dəyərini qabaqcadan ödənilməklə nağd və ya köçürmə qaydasında ödəməlidir. Malın dəyərinin ödənilməsi bank ödəmə tapşırığı, kassa mədaxil orderi və ya digər ödəmə sənədləri ilə təsdiqlənir. Tərəflər arasında qeyd edilən alqı-satqı müqaviləsi bağlandıqdan sonra satıcı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən, alıcı satıcıya xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı sənədləri ilə 25050 manat əsas məbləğ və 4509 manat ƏDV məbləği olmaqla ümumilikdə 29559 manat məbləğində pul vəsaiti ödəmişdir. Cavabdeh ödənişi tam şəkildə qəbul etsə də aldığı ödənişin müqabilində heç bir mal-material verməmişdir. İddiaçı cavabdehə dəfələrlə aralarında bağlanmış müqavilə şərtlərinə əməl etməyi, pulunu ödədiyi malın verilməsini tələb etsə də ödənmiş pulun əvəzində heç bir mal-material ala bilməmişdir. Daha sonra iddiaçı cavabdehdən ya ödədiyi pulun müqabilində mal-material verməsini, ya da əvvəldən ödədiyi pulunun ona geri qaytarılmasını tələb etsə də cavabdeh nə mal-material verməmiş, nə də ki, aldığı pulun geri ödənişini təmin etməmişdir.
İİ. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi
4. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Bir tərəfdən satıcı Cavabdeh MMC, digər tərəfdən alıcı İddiaçı MTK arasında bağlanan 1 aprel 2024-cü il tarixli 01 nömrəli alqı-satqı müqaviləsinin: 1-ci bəndinə əsasən, Alıcı aşağıda göstərilən şərtlərə uyğun olaraq keyfiyyətli kərpic və mişar daş almağı öz öhdəsinə götürür. Satıcı satılan malı alıcıya ünvanında təhvil-təsilm sənədləri (qaimə- faktura) ilə təhvil verilməlidir. 2.4-cü bəndinə əsasən, alıcı aldığı malın dəyərini nəğd və köçürmə yolu ilə ödəyəyir. 2.5-ci bəndinə əsasən, malın dəyəri qabaqcadan ödənilməklə haqq-hesab manatla aparılır. 2.6-cı bəndinə əsasən, malın dəyərinin ödənilməsini bank ödəmə tapşırığı, kassa mədaxil orderi və ya barter haqqında alqı-satqı müqaviləsi təsdiqləyir. 5.1-ci bəndinə əsasən, Bu müqavilə imzalandığı andan qüvvəyə minir. 5.3-cü bəndinə əsasən,Bu müqavilə tərəflərin müqavilə üzrə öhdəliklərini tam həcmdə yerinə yetirdikləri təqdirdə bitmiş sayılır.
7. xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MTK tərəfindən Cavabdeh MMC-nin hesabına MT2404 00626950 nömrəli elektron qaiməyə əsasən ödənişin əsas məbləği qismində 25050 manat ödənilmişdir.
8. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı və xx.xx.2024-cü il tarixli **********285145 nömrəli köçürmənin aparılması haqqında bildişdən görünür ki, İddiaçı MTK tərəfindən Cavabdeh MMC-nin hesabına MT2404 00626950 nömrəli elektron qaiməyə əsasən ƏDV ödənişi qismində 4509 manat ödənilmişdir.
9. 482392535536 nömrəli xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 185 manat dövlət rüsumu ödənilmişdir.
10. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçı qarşısında müqavilə üzrə təhvil verilməmiş malların ödənişinin geri qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 575.1-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 599.3-cü maddəsinə əsasəb qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.
12. Məhkəmə ilkin olaraq qeyd edir ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Digər tərəfdən qüvvədə olan müki qanunvericilik öhdəliyin icrası ilə bağlı iki prinsip müəyyən etmişdir: lazımı şəkildə icra edilməsi prinsipi və real icra prinsipi. Mülki Məcəllənin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır.
13. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 01 nömrəli alqı-satqı müqaviləsi əsasında iddiaçı üzərinə düşən öhdəliyi lazımı qaydada icra edərək müqavilə üzrə malların dəyərini ödəmiş, cavabdeh isə müqavilə üzrə öhdəliklərini lazımı qaydada icra etməyərək dəyəri ödənilmiş malları iddiaçıya təhvil verməmişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən, satıcı satılan malı alıcıya ünvanında təhvil-təsilm sənədləri (qaimə- faktura) ilə təhvil verilməlidir. Belə ki, iş materiallarına əsasən, iddiaçı tərəfindən cavabdehin hesabına 25050 manat əsas borc, 4509 manat ƏDV olmaqla, ümumilikdə 29559 manat pul köçürülmüşdür. İddiaçı hazırda ödənilmiş 29559 manat pul məbləğinin və müqavilənin icrasının gecikdirilməsinə görə illik 5% olmaqla hesablanan faiz borcunun cavabdehdən tutulması tələbi ilə çıxış edir.
14. Məhkəmə xüsusi olaraq qeyd edir ki, cavabdeh iş üzrə keçirilmiş bütün məhkəmə iclaslarının vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına, iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla tanış olmaq imkanına malik olmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya dair etirazını və işin faktiki hallarına dair digər sübutları təqdim etməmiş, beləliklə cavabdeh tərəfindən hazırkı mübahisənin həlli istiqamətində zəruri maraq göstərilməmişdir.
15. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında əks olunmuş hüquqi mövqeyə görə, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak etmə imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
16. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehib öz öhdəliklərini lazımı qaydada icra etməyərək dəyəri ödənilmiş malları təhvil vermədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən edilmiş ödənişləri nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borc hissəsində əsaslı olduğundan təmin edilməli, cavabdehdən 29559 manat pul məbləği İddiaçı MTK -nın xeyrinə tutulmalıdır.
17. Bundan başqa iddiaçı Mərkəzi Bankın illik uçot faiz dərəcəsi ilə hesablanmış 1477 manat faiz borcunun cavabdehdən tutulması tələbi ilə çıxış edir.
18. Belə ki, iddiaçı tələbini bu hissədə MM-in 445-ci maddələri ilə əsaslandırılmağa çalışmışdır. MM-in 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 9 iyul 2009-cu il tarixli Qərarında göstərmişdir ki, “MMin 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur; MM-in 449.3-cü və 449.4-cü maddələrində əksini tapmış «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcudluğu ilə şərtləndirilir”. Göründüyü kimi, MM-in qeyd olunan maddələrinin hazırkı mübahisəyə tətbiqi üçün əsas vardır.
19. Digər tərəfdən, Mülki Məcəllənin zərər və dəbbə pulunun nisbətindən bəhs edən 466-cı maddəsinin məzmununa əsasən, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər (466).
20. Hazırda iddiaçı cavabdehə qarşı dəbbə pulu ilə bağlı hər hansı tələb irəli sürməmiş, yalnız öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcunun tutulmasını xahiş etmişdir.
21. Yuxarıda qeyd edilənləri və cavabdehin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımı qaydada icra etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia faiz borcunun tutulması hissəsində də təmin edilməli, cavabdehdən 1477 manat (29559x5/100%)=1477.95) faiz borcu iddiaçının xeyrinə tutulmalıdır.
22. İddiaçı tələbində eyni zamanda ödənilmiş 185 manat məbləğində dövlət rüsumu məbləğinin cavabdehdən tutulmasını xahiş edir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Qeyd edilən ödənişi təsdiq edən sənədlər iddiaçı tərəfindən iş materiallarına əlavə edilmişdir. Ödənilmiş dövlət rüsumuna münasibətdə məhkəmə iddia tələbinin təmin edildiyini nəzərə alaraq hesab edir ki, 185 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
II. Nəticə:
25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 29559 manat əsas borc, 1477 manat faiz borcu olmaqla, cəmi 31.036 manat (otuz bir min otuz altı manat) və 185 manat dövlət rüsumu İddiaçı MTK-nın xeyrinə tutulsun. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlham Əhmədov