Məhkəmə qərarları › İş №e-2-2(113)-97/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-97/2024

20.02.2024 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-97/2024 20.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi, vəkil Nümayəndə1, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh "xxxx" ASC-yə qarşı ümumi yığıncağın protokolunun etibarsız hesab edilməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinin illik yekunlarına dair səhmdarların ümumi yığıncağının 30 iyun 2019-cu il tarixli, 25 iyun 2021ci il tarixli və 30 iyun 2022-ci il tarixli protokollarının (qərarlarının) etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, "xxxx" ASC Azərbaycan Respublikasının 208-İQ nömrəli xx.xx.1996-cı il tarixli Qanunu ilə təsdiq edilmiş“Dövlət müəssisələrinin səhmdar cəmiyyətinə çevrilməsi Qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq 2000-ci ilin dekabr ayında Suraxanı rayonu ərazisində fəaliyyət göstərən bazarın səhmdar cəmiyyətinə çevrilməsi yolu ilə yaradılmış, sonradan isə X4 Reyestrində emitent qismində ümumilikdə 21424 (iyirmi bir min dörd yüz iyirmi dörd) ədəd səhmlə qeydiyyata alınmışdır. İddiaçılardan İddiaçı3 2001-ci ildə həmin cəmiyyətin ümumilikdə 21424 (iyirmi bir min dörd yüz iyirmi dörd) ədəd olan səhmindən 788 (yeddi yüz səksən səkkiz) ədədinə (ümumi səhmlərin 3,6781 faizi), İddiaçı2 isə 2002-ci ildə həmin cəmiyyətin yuxarıda göstərilən 21424 (iyirmi bir min dörd yüz iyirmi dörd) ədəd olan səhmindən 560 (beş yüz altmış) ədədinə (ümumi səhmlərin 2,6139 faizi) sahib olmuş, 2019-cu ilin avqust ayında isə səhmlərini hazırki birgə İddiaçı1 satmışlar. İddiaçı1 həmin cəmiyyətin səhmdarlarından olan X5(o, xx.xx.2019-cu ildə vəfat etmişdir) məxsus 200 ədəd səhmi (ümumi səhmlərin 0,9335 faizi) də almılş, beləliklə də 2019-cu ilin avqust ayından etibarən ümumilikdə 1548 (min beş yüz qırx səkkiz) ədəd səhmə (788+560+200), yəni ümumi səhmlərin 7,2255 faizinə (3,6781+2,6139+ 0,9335) sahib olmuşdur. İddiaçılardan İddiaçı3 və İddiaçı2, 23 ilə yaxın müddət ərzində cəmiyyətin səhmdarları olduqlarına baxmayaraq paylarına uyğun 1 (bir) manat da olsun dividend almamışlar. Eləcə də iddiaçılardan İddiaçı1 2019-cu ilin avqust ayından ümumi səhmlərin 7,2255 faizinə malik olsa da, bu günədək ona da 1 (bir) manat da olsun dividend verilməmişdir. Cavabdehin səlahiyyətli əməkdaşları səhmdarlara dividendin verilməməsini bazarın həmişə zərərlə işlədiyi ilə əlaqələndirmişlər. Qeyd edilməlidir ki, vaxtilə İddiaçı3, İddiaçı2 və mərhum X6 tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinəqarşı dividend tələbinə dair iddia qaldırılmış və 2017-ci ilədək olan dövr ərzində gedən çəkişmələrin nəticəsi olaraq sonuncu, yəni 2017-ci il audit yoxlamaları zamanı cəmiyyətin qənaətbəxş işləmədiyi, mühasibat uçotunun qanunauyğun aparılmadığı, rüsumların toplanması və xərclənməsində şəffaflığın təmin edilmədiyi və s. bu kimi neqativ hallar müəyyən edilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh bu günədək əvvəlki qaydada fəaliyyət göstərmiş, icarə haqlarının, gündəlik yığımların (rüsumların) toplanması bütünlüklə rəsmiləşdirilməmiş, pulların əksər hissəsi qeyri-rəsmi yığılaraq hesabatdan gizlədilmiş, bir sözlə, cəmiyyətin xalis mənfəətinin formalaşmasından yayınmaqla dividend almaq hüquqlarımız cavabdeh trəfindən pozulmaqda davam etmişdir. Qeyd edilməlidir ki, əvvəlki illərdə olduğu kimi, 2018-2021-ci illər ərzində də cəmiyyətin gəlir və xərcləri, habelə xalis mənfəəti barədə bizə heç bir məlumat verilməmiş, habelə göstərilən illər üçün bizə bir manat da olsun dividend ödənilməmişdir. Məsələ ilə bağlı söhbətlər zamanı cavabdehin səlahiyyətli əməkdaşları tərəfindən cəmiyyətin yenə də “zərərlə işlədiyi” bildirilsə də, cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə bu günədək bizə heç bir rəsmi sənəd təqdim edilməmiş, həqiqi gəlir, xərclər və mənfəət gizlədilmişdir. Bu səbəblərdən 2022-ci ildə tərəfimizdən cavabdehə qarşı məhkəmə mübahisəsi açılmışdır ki, cavabdeh həmin mübahisənin gedişində səhmdarların ümumi yığıncağının 30 iyun 2018-ci il tarixli, 30 iyun 2019-cu il tarixli, 25 iyun 2021-ci il tarixli və 30 iyun 2022ci il tarixli protokollarını məhkəməyə təqdim edərək cəmiyyətin 2017-ci ildə yekun hesabat üzrə 27818 manat zərəri olduğundan qeyd edilən il üzrə dividendlərin verilməsinin qeyrimümkün hesab edilməsi barədə qərar qəbul edildiyini, 2018-ci maliyyə ili üzrə 58303,29 manat mənfəətin olduğunu, lakin 2017-ci maliyyə ili üzrə cəmiyyətin 27818 manat zərəri olduğundan qeyd edilən il üzrə dividendlərin verilməsinin qeyri-mümkün hesab edilməsi barədə qərar qəbul edildiyini, 2019-cu maliyyə ili üzrə mənfəətin 38858,06 manat olduğunu, odur ki, həmin maliyyə ili üzrə hər bir səhm üzrə 1,82 manat dividendin ödənilməsi barədə qərar qəbul edildiyini, 2020-ci maliyyə ili üzrə mənfəətin 10802,20 manat olduğunu, odur ki, həmin il üzrə hər bir səhm üzrə səhmdarlara 0,50 manat dividend ödənilməsi barədə qərar qəbul edildiyini, 2021-ci maliyyə ili üzrə mənfəətin 5374,71 manat olduğunu, odur ki, həmin maliyyə ili üzrə hər bir səhm üzrə 0,25 manat dividend ödənilməsi barədə qərar qəbul edildiyini bildirmişdir (göstərilən qərarlardan irəli gələn dividendlər də bizə ödənilməmişdir). Həmin çəkişmə zamanı səhmdarların ümumi yığıncağının qərarlarının tərəfimizdən mübahisələndirlmədiyi məhkəmə tərəfindən qeyd edilmiş, nəticə etibarilə həmin qərarlar əsas götürülməklə məhkəmənin e-2-2(113)- 4676/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiamız təmin edilməmişdir (qeyd edilməlidir ki, göstərilən qətnamədən tərəfimizdən verilmiş apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli iclasında da cəmiyyətin səhmdarlarının ümumi yığıncağının qərarlarının tərəfimizdən mübahisələndirilmədiyi məhkəmə kollegiyası tərəfindən diqqətə çatdırılmışdır - icraat yekunlaşmamışdır). Aşağıdakılara əsasən hesab edirik ki, cəmiyyətin ümumi yığıncağının yuxarıda göstərilən qərarları formal və əsassızdır, həmin qərarlarda göstərilən rəqəmlər özlüyündə əsl həqiqəti əks etdirmir, bir sözlə, subyektiv maraqlar zəminində və səhmdarlara divindend verilməsindən yayınmaq məqsədi ilə qəbul edilmişdir ki, bu hal aşağıda göstərilən faktlarla sübuta yetir: Əvvəla cəmiyyətin “zərərlə işləməsi” motivi qətiyyən inandırıcı deyildir, belə ki, uzun illər ərzində bazar ərazisində olan bütün ticarət sahələrinin tam gücü ilə işlədiyini birmənalı olaraq hər gün müşahidə etmişik, yəni bazar həmişə ilin bütün fəsillərində fəaliyyət göstərmiş və sanballı maliyyə dövriyyəsi olmuşdur. Bazarın yerləşdiyi məkanı, orada icarə əsasında fəaliyyət göstərən mağazaları, eləcə də hər gün kənd təsərrüfatı və gündəlik tələbat mallarının alış-verişi üçün oraya gələn insanların çoxluğu, bazarın qətiyyən “zərərlə işləmədiyinə” dəlalət edir. Sadəcə, yuxarıda qeyd edildiyi kimi, yer pulu, icarə haqqı və sairədən toplanan pullar hesabatdan yayındırılır və qanunauyğun surətdə rəsmiləşdirilmir. Digər tərəfdən, qeyd edilməlidir ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Əmlakın İnventarlaşdırılması bürosu tərəfindən hazırlanmış və hələ 18 noyabr 2002-ci il tarixdə təsdiq olunmuş baş plana əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus torpaq sahəsinin ümumi sahəsi 6.495,00 (altı min dörd yüz doxsan beş) m2 təşkil edir. Hələ 2018-ci ilədək tərəflər arasında gedən çəkişmələr zamanı həmin torpaq sahəsinin istifadə edilməyən hissəsi 649,00 (altı yüz qırx doqquz) m2 yəni cəmi 10 faiz, istifadə edilən hissəsi isə 5.846,00 (beş min səkkiz yüz qırx altı) m2 (6.495,00- 649,00=5,846), yəni 90 faiz olmuşdur (qeyd edilməlidir ki, son illər ərzində aparılan yenidənqurma işləri nəticəsində istifadə edilməyən torpaq sahəsinin əksər hissəsi də faydalı sahəyə çevrilmişdir). Ümumi faydalı sahənin o vaxtki 10 faiz hissəsini nəzərə almasaq, alış-veriş üçün satıcılara və icarəçilərə ödəniş əsasında icarəyə verilən sahə yuxarıda göstərilən 5.846,00 m2-dən ibarətdir. Təxmini olaraq 1 m2 sahənin aylıq icarə haqqı ən azından 20 (iyirmi) manatdan hesablandığı təqdirdə belə, cavabdehin illik ümumi gəliri 1.403.040 (bir milyon dörd yüz üç min qırx) manat təşkil edir (5.846,00 m2 x 20 azn=116.920 azn x 12 ay=1.403.040 azn). Həmin məbləğin ən çoxu 20 faiz hissəsi xərclərə çıxıla bilər ki, belə olan halda cəmiyyətin fəaliyyət növündən əldə edilən xalis mənfəət 1.122.432,00 (bir milyon yüz iyirmi iki min dörd yüz otuz iki) manat təşkil edir (1.403.040,00 azn - 20 faiz (280.608 azn) = 1.122.432,00). Qeyd edilməlidir ki, bazarın faydalı, yəni əsas ticarət sahəsi daş və metal konstruksiyalı tikililərdən, az miqdarda isə açıq piştaxtalardan ibarətdir. Müraciətimiz əsasında "xxxx" MMC tərəfindən verilmiş 05 may 2021-ci il tarixli, 181/S-05-21/M-01 saylı mütəxəssis rəyinə əsasən "xxxx" ASC-nin balansında olmaqla ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın (bazarın) 2018-2021ci illər ərzində 1 m2 sahəsinin xx.xx.2021-ci il tarixinə icarə haqqı daş tikili üzrə 25-30 manat, metal konstruksiyalı tikili üzrə 18-22 manat, açıq piştaxta üzrə 10-13 mant təşkil etdiyi müəyyən edilmişdir. Yuxarıda göstərildiyi kimi, bütün bunlara baxmayaraq, cavabdeh, bazarın həmişə “zərərlə işlədiyini”, yalnız son 2019-2021-ci illər ərzində cüzi mənfəət gətirdiyini bəyan etmişdir ki, bu, qətiyyən həqiqətə uyğun deyildir. Bir sözlə, 22 (iyirmi iki) ildir ki, bazarın əsasən “zərərlə işlədiyi”, yalnız 2019-2021-ci illər ərzində “qəpikquruş” mənfəət gətirdiyi qətiyyən ağlabatan deyildir. Məhz bütün bu səbəblərdən tərəfimizdən “X2”nə müraciət edilmiş və iş üzrə əlaqəli sənədlər təqdim edilərək cəmiyyətin (bazarın) gəlir, xərc və mənfəəti barədə, nəticə etibarilə bizə verilməli olan dividendin məbləğinin müəyyən edilməsi barədə araşdırma aparılmasını və müvafiq rəy verilməsi xahiş edilmişdir. Həmin mərkəzin təqdim etdiyi 01 dekabr 2022-ci il tarixli 132 №li rəyi ilə müəyyən edilmişdir ki, 01 yanvar 2018-ci il tarixdən 13 iyun 2019-cu il tarixədək olan dövr üçün səhmdar İddiaçı3 788 ədəd (ümumi səhmlərin 3.6781 faizi) səhminə görə payına düşən dividend məbləği 57,056.88 manat, 01 yanvar 2018-ci il tarixdən 13 iyun 2019-cu il tarixədək olan dövr üçün səhmdar İddiaçı2 560 ədəd (ümumi səhmlərin 2,6139 faiz) səhminə görə payına düşən dividend məbləği 40,548.40 manat, 13 iyun 2019-cu il tarixdən 31 dekabr 2021-ci il tarixədək olan dövr üçün səhmdar İddiaçı1 1548 ədəd (ümumi səhmlərin 7,2255 faizi) səhminə görə payına düşən dividend məbləği 125,802.41 manat təşkil edir. Göründüyü kimi, cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin illik yekunlarına dair yuxarıda göstərilən səhmdarların ümumi yığıncağının 30 iyun 2019-cu il tarixli, 25 iyun 2021-ci il tarixli və 30 iyun 2022-ci il tarixli protokollarındakı (qərarlarındakı) rəqəmlər ilə bizə təqdim edilmiş müstəqil ekspert rəyindəki rəqəmlər arasında əsaslı və ciddi fərqlər mövcuddur. Odur ki, cavabdeh tərəfindən məhkəmə çəkişməsi zamanı təqdim olunmuş qərarlarda (protokollarda) əks olunmuş rəqəmlərin həqiqiliyinə və mötəbərliyinə əsaslı şübhələrimiz vardır, yəni birmənalı olaraq hesab edirik ki, həmin sənədlər cavabdeh tərəfindən formal olaraq tərtib edilmişdir. Cavabdehin həmin sənədlərdəki rəqəmlərə görə audit rəylərinə istinad edəcəyi təqdirdə də hesab edirik ki, həmin istinad tamamilə əsassız hesab edilməlidir. Belə ki, audit yoxlamasına təqdim edilən maliyyə hesabatlarının və oradakı rəqəmlərin düzgünlüyünə görə rəhbərlik məsuliyyət daşıyır. Təsadüfi deyildir ki, cavabdehə təqdim olunmuş audit rəylərində bilavasitə göstərilmişdir ki, “Rəhbərlik maliyyə hesabatlarını, X1 Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır. Maliyyə hesabatlarının hazırladıqda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır. İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Cəmiyyətin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.” Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi, vəkil Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, səhmdar cəmiyyəti 2000-ci ildə yaradılmış, ərazisi təxminən 6000 m2 olan Suraxanı bazarının yüksək gəlirin əldə edilməsinə baxmayaraq, cavabdeh Suraxanı bazarının çox az gəlir gətirdiyinə istinad edərək, xx.xx.2019-cu ilin ümumi yığıncağın protokolunda ümumiyyətlə divident verməmiş, xx.xx.2020-ci ilin ümumi yığıncağın protokolunda hər səhm üzrə 0,50 manat məbləğində dividentin ödənilməsi, xx.xx.2022-ci il tarixli ümumi yığıncağın hər səhm üzrə 0,25 manat məbləğində dividentin ödənilməsi müəyyən etmişdir. Odur ki, məhkəmədən hər səhm üzrə dividentin məbləğinin çox aşağı göstərildiyini nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş "xxxx" ASC-nin nümayəndəsi, Vəkil izahatında bildirmişdir ki, protokolun nəticələri ancaq ümumi yığıncağın keçirilməsi ilə bağlı prosedur qaydalara riayət edilmədiyi təqdirdə mübahisələndirilə bilər. Bununla yanaşı cəmiyyət 2019 və 2021-ci illər üzrə xalis mənfəətin olduğuna istinad edərək dividentin ödənilməsini müəyyən etsə də, ekspert rəyinə əsasən həmin illərdə xalis gəlir mövcud olmamış və divident ümumiyyətlə verilməməli idi. Eyni zamanda iddiaçılara dividentin ödənilməsi üçün bank hesablarının təqdim edilməsi təklif edilsə də, sonuncular bunu etməmişlər. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq iddianın rədd olunması barədə qətnamə qəbul ediməsini xahiş etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, cəmiyyətin 2018-ci maliyyə ili üzrə mənfəəti 58303,29 manat olmuşdur. Lakin keçən maliyyə ilindən cəmiyyətin mənfəəti olmamış və əksinə 27818 manat zərəri olmuşdur. Eyni zamanda ondan əvvəlki il üzrə zərər 9143,34 manat olmuşdur. Buna görə hazırki maliyyə ilində əldə edilmiş gəlir hesabına həmin zərərin ödənilməsi və qalan məbləğin isə gündəlikdə duran üçüncü məsələ ilə bağlı yenidən qurma işlərinə yönəldilməsi və buna görə də qeyd edilən il üzrə dividentlərin verilməsinin qeyri-mümkün hesab edilməsi təklif edildi. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, cəmiyyətin 2019-cu maliyyə ili üzrə mənfəəti 10802,20 manat olmuşdur və həmin il üzrə səhmdarla dividendin verilməsi mümkündür. 10802,20/21424=0,50 manat divident. Göstərilən maliyyə ili üzrə hər bir səhm üzrə 0,50 manat divident ödənilməsi təklif edildi. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, cəmiyyətin 2021-ci maliyyə ili üzrə mənfəəti 5374,71 manat olmuşdur və həmin il üzrə səhmdarla dividendin verilməsi mümkündür. 5374,71/21424=0,25 manat divident. Göstərilən maliyyə ili üzrə hər bir səhm üzrə 0,25 manat divident ödənilməsi təklif edildi. xx.xx.2023-cü il tarixli 9/8635 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi təqdim edilmiş iş materiallarında olan "xxxx" ASC-nin 2018- 2021-ci illər üzrə dövriyyə balansı, ASC-nin kassasında olan pul vəsaitlərinin hərəkətinə dair arayış məlumatları, əmək haqqı və DSMF ayırmaları, Bank hesablaşma hesablarında pul vəsaitlərinin hərəkətinə dair arayış məlumatları, mənfəət vergisi bəyannamələri, eyni zamanda Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli müstəqil auditor hesabatında göstərilənlər nəzərə alınmaqla ekspert qarşısında qoyulmuş suallar üzrə aşağıdakılar müəyyən edilir: yuxarıda qeyd edilən ilk mühasibat sənədlərinə əsasən cəmiyyətin 2018-ci maliyyə ilini 49243,32 manat, 2020-ci maliyyə ilini isə 19925,45 manat zərərlə başa vurduğu, 2019-cu maliyyə ilini mənfəət vergisi nəzərə alınmadan 22502,22 manat, 2021-ci maliyyə ilini isə mənfəət vergisi nəzərə alınmadan 55904,54 manat mənfəətlə başa vurduğu müəyyən edilir. (mənfəətlə başa vurulmuş illərin gəliri əvvəlki illərin zərəri ilə əvəzləşdirilərsə mənfəət vergisi hesablanmaya bilər). Belə olan halda 2018,2019, 2020 və 2021-ci illər üzrə hər bir il üzrə ayrılıqda "xxxx" ASC-nin mənfəətinin olması müəyyən edilmədiyindən təsisçilərə ayrılmalı olan dividend müəyyən edilmir. Qeyd edilir ki, AR Mülki Məcəlləsinin 106-3.1-ci maddəsinə əsasən maliyyə ili üzrə əldə edilmiş xalis mənfəətin bölüşdürülməsi səhmdarların ümumi yığıncağının qərraı ilə müəyyən edilməsi göstərilmişdir. Təqdim edilmiş "xxxx" ASC-nin 30 iyun 2019-cu il tarixli ümumi iclas protokoluna əsasən 2018-ci maliyyə ilində 58303,29 manat mənfəət əldə etdiyi göstərilmiş və əvvəlki illərin zərəri hesabına bağlandığı göstərilmişdir. 25 iyun 2021-ci il tarixli ümumi iclas protokoluna əsasən 2019-cu maliyyə ilində 38858,06 manat mənfəət əldə etdiyi göstərilmiş və 0,50 manat dividend elan edilmişdir. 30 iyun 2022-ci il tarixli ümumi iclas protokoluna əsasən 2021-ci maliyyə ilində 5374,72 manat mənfəət əldə etdiyi göstərilmiş və hər səhmə 0,25 manat dividend elan edilmişdir. Göründüyü kimi 2018-2021-ci illər üzrə müəyyən edilmiş xalis mənfəət və zərər Suraxanı Bazar ASC-nin ümumi yığıncaqlarında elan edilmiş xalis mənfəət və zərərdən əsaslı surətdə fərqlənir. Belə ki, "xxxx" ASC səhvə yol verərək mənfəəti olmadığı halda 2019,2020 və 2021-ci illərdə keçirilmiş ümumi yığıncaqda mənfəəti olduğunu bildirərək hər səhmə illərə münasib olaraq müvafiq məbləğdə dividend elan etdiyi müəyyən edilir. Tədqiqatın dəyəri 100 manatdır. Azərbaycan Respublikası Auditor Palatasının sərbəst auditoru X3 hesabatından görünür ki, 2018-2021-ci illər üzrə müəyyən edilmiş xalis mənfəət və zərər "xxxx" ASC-nin ümumi yığıncaqlarında elan edilmiş xalis mənfəət və zərərdən əsaslı surətdə fərqlənir. Belə ki, "xxxx" ASC səhvə yol verərək mənfəəti olmadığı halda 2019,2020 və 2021-ci illərdə keçirilmiş ümumi yığıncaqda mənfəəti olduğunu bildirərək hər səhmə illərə münasib olaraq müvafiq məbləğdə dividend elan etdiyi müəyyən edilir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 107-6.1-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağının protokolu yığıncaq bitdikdən sonra üç iş günündən gec olmayaraq iki nüsxədə tərtib olunur, sədrlik edən şəxs və katib tərəfindən imzalanır və möhürlənir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinin illik yekunlarına dair səhmdarların ümumi yığıncağının 30 iyun 2019-cu il tarixli, 25 iyun 2021-ci il tarixli və 30 iyun 2022-ci il tarixli protokollarının (qərarlarının) etibarsız hesab edilməsi tələbi ilə bağlı iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddiaları rədd edilməlidir. Belə ki, iddiaçılar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin yüksək gəlir əldə etməsinə baxmayaraq, xx.xx.2019-cu ilin ümumi yığıncağın protokolunda ümumiyyətlə dividentin verilməməsi, xx.xx.2020-ci ilin ümumi yığıncağın protokolunda hər səhm üzrə 0,50 manat məbləğində dividentin ödənilməsi, xx.xx.2022-ci il tarixli ümumi yığıncağın hər səhm üzrə 0,25 manat məbləğində, yəni çox aşağı divident müəyyən edildiyindən protokolun etibarsız hesab edilməsini xahiş etmişlər. Məhkəmə ilk öncə qeyd edir ki, ümumi yığıncağın protokolunda dividentin aşağı məbləğdə müəyyən edilməsi, sözügedən protokolun etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Bununla yanaşı məhkəmə bildirir ki, ekspert rəyi və müstəqil ekspertin hesabatına əsasən "xxxx" ASC-nin 2019, 2020 və 2021ci illərdə mənfəəti olmadığı halda, keçirilmiş ümumi yığıncaqlarda həmin illər üzrə dividentin ödənilməsi qərara alınmış, yəni iddiaçılar dividentlərin aşağı olduğuna istinad etsələr də, həmin illər üzrə ümumiyyətlə divident ödənilməməli idi. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia rədd edilməli və ekspertiza xərci olan 100 manat məbləğində pul iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinin illik yekunlarına dair səhmdarların ümumi yığıncağının 30 iyun 2019-cu il tarixli, 25 iyun 2021-ci il tarixli və 30 iyun 2022-ci il tarixli protokollarının (qərarlarının) etibarsız hesab edilməsi tələbinə dair iddiaları rədd edilsin. Ekspertiza xərci olan 100 manat məbləğində pul iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar