Məhkəmə qərarları › İş №e-2-2(113)-9705/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-9705/2025

26.11.2025 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-9705/2025 26.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı “AECOM Exp Russia Limited” şirkətinin Cavabdeh MMC-nin (ləğv prosesindədir) “müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı “AECOM Exp Russia Limited” şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin (ləğv prosesindədir) müflis elan olunması və barəsində əmlak inzibatçısının təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Çünki iddiaçı tərəfindən cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Belə ki, Cavabdeh MMC ləğv prosesində olduğu üçün iddiaçı ilk növbədə sonuncunun ləğvedicisinə kreditor tələbi ilə bağlı müraciət etməsi və onun tələbinin qeydə alınması barədə sənəd təqdim etməmişdir. Halbuki mülki qanunvericilikdə ləğv prosesində olan hüquqi şəxsin kreditorlarının tələbinin müraciət və qeydə alınma qaydası, ödəmə qabiliyyəti olmadığı halda müflis olma prosesi göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 61.1-ci maddəsinə əsasən Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 10 gün müddətində Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatı dərc etdirir. Bu məlumat hər dəfə 15-20 gün fasilə ilə daha iki dəfə eyni qaydada dərc etdirilir. Kreditorların tələblərinin irəli sürülməsi müddəti ləğvetmə haqqında ilk məlumatın dərc edildiyi gündən etibarən 60 gündən az ola bilməz. 61.2-ci maddəsinə əsasən Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 15 gün müddətində ləğvetmə barədə qərarı, bu Məcəllənin 59.2- 1-ci və 61.1-ci maddələrində göstərilən ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatı, ilk məlumatın dərc olunmasını təsdiq edən sənədi və möhürü hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı təqdim edilmiş məlumatları aldığı gündən 5 gün ərzində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hüquqi şəxslərin dövlət reyestrinə daxil edir. Bundan sonra hüquqi şəxs tərəfindən sənədlərin tərtibi zamanı üzərində “ləğv prosesindədir” yazılmış möhürdən istifadə olunur və bütün sənədlərdə onun adından sonra “ləğv prosesindədir” sözləri əlavə edilir. 61.3-cü maddəsinə əsasən ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) kreditorları aşkar etmək və debitor borcunu almaq üçün tədbirlər görür, habelə ləğvetmə ilə bağlı mətbuatda elanın dərc olunduğu gün hüquqi şəxsin ləğvi haqqında bütün məlum kreditorlara bildiriş göndərir, dövlət büdcəsinə məcburi ödənişlər və büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə borcların olub-olmamasını müəyyən etmək üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edir. 61.4-cü maddəsinə əsasən ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) hər hansı bir kreditorun irəli sürdüyü tələblə razılaşmadığı halda həmin kreditor məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Tələb barədə məhkəmə qərarı qəbul edilənədək onun təmin edilməsi üçün zəruri olan vəsait saxlanılmalıdır. 61.6-cı maddəsinə əsasən ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) hüquqi şəxsə məxsus olan əmlakın kreditorların tələblərini ödəmək üçün kifayət etmədiyini müəyyən etdikdə, dərhal müflis olma prosesini başlamalıdır. Bundan başqa qeyd edilənlərə əsasən hesab edirəm ki, belə olan halda cavabdehin ödəmə qabiliyyətsizliyinin təsdiqi iddiaçı tərəfindən ərizədə tam göstərilməmişdir. Belə ki, iddiaçı ərizədə cavabdehin icra sənədi üzrə ona borcu olduğunu, bununla bağlı icra orqanında icra işi olduğunu, əmlakları olmadığını, borcun məbləğinin cavabdehin nizamnamə kapitalından çox olduğunu qeyd etsə də, cavabdehin digər kreditorları barədə məlumatı, onun tələbinin qeydə alınaraq cavabdeh tərəfindən ödəmək imkanın mümkün olmaması göstərilməmişdir. Belə ki, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən:

1. Kreditorun iflas haqqında iddia ərizəsi qanunvericilikdə müəyyən edilmiş formada tərtib edilməli və imzalanmalıdır. Kreditorun nümayəndəsi tərəfindən verilən ərizəsinə etibarnamə və ya həmin nümayəndənin səlahiyyətini, yaxud onun qulluq mövqeyini təsdiq edən başqa sənəd əlavə edilməlidir.

2. İflas haqqında məhkəməyə verilən ərizədə (iddia ərizəsində) aşağıdakılar göstərilməlidir: a) ərizənin (iddia ərizəsinin) verildiyi məhkəmənin adı; b) borclunun adı (adı, atasının adı, soyadı) və ünvanı; c) ərizəçinin (kreditorun) adı (adı, atasının adı, soyadı) və ünvanı; ç) ərizəçiyə məlum olan digər kreditorların adları (adları, atalarının adları, soyadları) və ünvanları; d) ərizəçinin borcluya qarşı irəli sürdüyü tələbin əsasları və məbləği, o cümlədən borclunun ərizəçi qarşısında borcunu təşkil edən hər hansı öhdəliyin yerinə yetirilməsinin müddəti; e) bu Qanunun tələblərinə uyğun olaraq borclunun ödəmə qabiliyyətsizliyinin təsdiqi; ə) borclunun aktivləri barəsində ərizəçidə olan məlumat; f) iflas haqqında iddia ərizəsinə qoşulan sənədlərin siyahısı; g) kreditorun fikrincə, iş üzrə məhkəmə baxışı üçün məhkəməyə lazım ola bilən hər hansı başqa məlumat, habelə qanunvericiliklə nəzərədə tutulmuş digər məlumatlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş sənədlərdən başqa, kreditorun iflas haqqında iddia ərizəsinə aşağıdakıları təsdiq edən sənədlər əlavə edilir: a) məhkəmə rüsumunun ödənilməsini; b) iflas haqqında iddia ərizəsinin və ərizəyə əlavə edilmiş bütün sənədlərin surətlərinin borcluya verildiyini; c) dövlət müəssisəsidirsə – iflas haqqında iddia ərizəsinin surətinin müvafiq icra hakimiyyəti orqanına göndərildiyini. Göründüyü kimi, müflisləşmə və iflas haqqında qanunvericilikdə kreditorun iflas haqqında iddia ərizəsinə məzmun və həmin ərizəyə əlavə edilən sənədlər baxımınıdan xüsusi tələblər müəyyən edilmişdir. Belə ki, kreditorun iflas prosesinə başlamaq üçün təqdim etdiyi ərizədə borclunun ödəmə qabiliyyətsizliyinin təsdiqi, ərizəçiyə məlum olan digər kreditorların adları (adları, atalarının adları, soyadları) və ünvanları barədə məlumat göstərilməlidir. Lakin ərizəçi həmin məlumatları tələb olunan formada ərizədə göstərməmiş və təsdiqləyici sənədlər əlavə etməmişdir. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, iflas haqqında məhkəməyə verilmiş ərizənin (iddia ərizəsinin) bu Qanunun tələblərinə uyğun gəlməməsi, o cümlədən ona əlavə olunmalı sənədlərin həmin ərizə ilə birlikdə təqdim edilməməsi qanunvericilikdə nəzərdə tutulan müvafiq prosessual nəticələrə (məhkəmənin ərizəsini qəbul etməkdən imtina etməsinə, onu baxmadan saxlamasına, hərəkətsiz saxlamasına, yaxud qaytarmasına) səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Hesab edirəm ki, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət etmədiyindən və kreditorun iflas prosesinə başlamaq üçün təqdim etdiyi ərizənin müflisləşmə və iflas haqqında qanunvericiliyi ilə müəyyən edilmiş məzmun tələblərinə riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərar verdim:

İddiaçı “AECOM Exp Russia Limited” şirkətinin Cavabdeh MMC-nin (ləğv prosesindədir) “müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar