Məhkəmə qərarları › İş №e-2-2(113)-976/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-976/2023

05.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-976/2023 05.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Müstəqil Tele-Radio Kompaniyasının Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Müstəqil Tele-Radio Kompaniyası (bundan sonra – iddiaçı) Cavabdeh MMCyə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 40561.66 manat əsas borcun, 3042.12 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun, 5000 manat cərimə borcunun, cəmi 48603.78 manat borcun, ilkin mediasiya xidməti üçün ödənilmiş 200 manat rüsumun və 36 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında, X-********** (youtube kanalları ilə bağlı) saylı müqavilə bağlanmışdır. Həmin müqavilə şərtlərinə görə iddiaçıya aid youtube kanallarından gələn gəlirlərin iddiaçıya aid hissəsi cavabdeh tərəfindən iddiaçının hesabına köçürülməli idi. Cavabdeh bir müddət müqavilə üzrə öhdəliklərini icra edərək bir neçə ay üçün ödənişlər etmiş, lakin qalan 40 561.66 manat pul məbləği cavabdeh tərəfindən bu günə kimi iddiaçının hesabına köçürülməmişdir. Qeyd edilməlidir ki, cavabdeh iddiaçıya aid youtube kanallarını idarə etdiyi üçün həmin kanallarda yerləşdirilmiş materialların baxışına görə youtube tərəfindən ödənişlər cavabdehin bank hesabına köçürülmüşdür. Həmin ödənişlər müqavilə üzrə müəyyən olunan formada (müqavilənin 4.5-ci bəndi) iddiaçı ilə cavabdeh arasında bölüşdürülməli idi. Youtube tərəfindən ödənişlər cavabdehin hesabına köçürülsə də, cavabdeh üzərinə düşən öhdəlikləri icra etməmiş və iddiaçıya aid pul məbləğini hesaba bu günə kimi ödəməmişdir. xx.xx.2021-ci il tarixli, X-********** saylı Müqavilənin 4.3-cü bəndində göstərilmişdir ki, “YouTube” (və ya tərəfdaşları) tərəfindən ödənilmiş məbləğ (MCN xərcləri çıxıldıqdan sonra) ödəniş tarixindən 10 (on) iş günü müddətində müqavilənin 4.5. bəndinə uyğun olaraq Şirkətin, yəni iddiaçının bank hesabına köçürülməlidir. Müqavilə şərtlərinə və göstərilən xidmət həcminə görə cavabdehin kifayət qədər qazanc əldə etməsinə baxmayaraq o, müqavilə şərtlərini kobud şəkildə pozmuş və bu günə kimi iddiaçıya aid olan məbləği ödəməmişdir. Dəfələrlə cavabdehə şifahi xəbərdarlıqlar olunsa da, cavabdeh müxtəlif bəhanələr gətirərək müqavilə şərtlərini yerinə yetirməmişdir. Qeyd edilməlidir ki, sonuncu dəfə cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçıya ödəniş edilmiş, lakin həmin tarixədək və eləcə də ondan sonra yaranmış borcun ödənilməsi Cavabdeh MMC-dən tələb olunsa da, cavabdeh bu günə kimi iddiaçıya aid məbləği öz hesabında saxlayaraq qaytarmamışdır. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı (sifarişçi) ilə cavabdeh (icraçı) arasında bağlanmış 03 yanvar 2021-ci il tarixli X-********** nömrəli xidmət müqaviləsinə əsasən sifarişçi ona məxsus “YouTube” kanallarının idarə olunması, öz yayım şəbəkəsinə daxil olan məzmunlara aid bütün rəqəmsal hüquqların pozulmamasına nəzarət edilməsi, yayımlanan məzmunlardan gəlir əldə edilməsi hüququnu icraçıya verir. Müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilə müddətində əldə olunacaq gəlirlər bu Müqavilənin 4.5-ci bəndində göstərilən pay bölgüsü qaydasında tənzimlənir. Müqavilənin 4.1-ci bəndinə əsasən YouTube.com/Analytics bölməsində hər ay göstərilən qazancdan 10 % MCN (X1) xərcləri çıxıldıqdan sonra yerdə qalan bütün məbləğ “Gəlir” olaraq müəyyən olunur. Müqavilənin 4.2-ci bəndinə əsasən “YouTube” (və ya tərəfdaşları) tərəfindən ödəniləcək məbləğ sifarişçi və ya icraçının bank hesabına köçürülə bilər. Müqavilənin 4.3-cü bəndinə əsasən tərəflərdən birinin bank hesabına “YouTube” (və ya tərəfdaşları) tərəfindən ödənilmiş məbləğ (MCN xərcləri çıxıldıqdan sonra) ödəniş tarixindən 10 iş günü müddətində bu müqavilənin 4.5-ci bəndinə uyğun olaraq digər tərəfin bank hesabına köçürülməlidir. Müqavilənin 4.5-ci bəndinə əsasən tərəflərin bu müqavilə ilə əldə edəcəyi gəlir aşağıda göstərilən nisbətdə müəyyən olunur. a) Kanalların ümumi aylıq gəliri 14999 ABŞ dollar və daha az olduqda, əldə edilən gəlirin 60 %-i sifarişçiyə, 40%-i isə icraçıya; b) Kanalların ümumi aylıq gəliri 15000 ABŞ dollarından 24999 ABŞ dollarına qədər olduqda əldə edilən gəlirin 70 %-i sifarişçiyə, 30 %-i isə icraçıya; c) Kanalların ümumi aylıq gəliri 25000 ABŞ dolları və daha çox olduğu təqdirdə isə əldə edilən gəlirin 80 %-i sifarişçiyə, 20 %-i isə icraçıya aid edilir. Müqavilənin 7.6-cı bəndinə əsasən icraçı bu müqavilə üzrə öhdəliklərini vaxtında və ya lazımınca icra etmədikdə yazılı xəbərdarlıqdan sonra (Kağız daşıyıcı vı ya mail vasitəsi ilə) öhdəliyin gecikdirildiyi hər gün üçün sifarişçiyə cari ay üçün əldə olunan gəlirin 1%-i həcmində dəbbə pulu ödəyir. İddiaçı tərəfindən cavabdehə EBAZ 295341 nömrəli xx.xx.2021-ci il tarixli 4010 manat, EBBD 159660 nömrəli xx.xx.2021-ci il tarixli 10368,96 manat, EBBD 159653 nömrəli xx.xx.2021-ci il tarixli 12653,44 manat, EBBD 593175 nömrəli xx.xx.2021-ci il tarixli 10017,07 manat, EBBH 559429 nömrəli xx.xx.2021-ci il tarixli 9164,77 manat, EBBH 560473 nömrəli xx.xx.2021-ci il tarixli 8374,47 manat məbləğli elektron qaimələr göndərilmişdir. İddiaçıya məxsus ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixdə 1528,02 manat məbləğində ödəniş edilmişdir. İddiaçıya məxsus bank hesabından çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən 4010 manat, xx.xx.2021-ci il tarixdə 8489,04 manat ödəniş edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-13-6/2-3933 nömrəli məktubdan görünür ki, İddiaçı MRTK Qanuni nümayəndə1 direktor olduğu "xxxx" MMC ilə 02 sentyabr 2019-cu il tarixdə və Cavabdeh MMC ilə 03 yanvar 2021-ci il tarixdə müqavilələr bağlanaraq “ATV” telekanalının “Youtube” video portalındakı kanalların idarə edilməsi barədə razılığa gəlmişdir. Müqavilələrin şərtlərinə əsasən baxış sayına görə əldə olunan “Youtube” gəliri 15000 ABŞ dollarına qədər olduqda 60 %, 25000 ABŞ dollarına qədər olduqda 70 %, 25000 ABŞ dollarından artıq olduqda isə 80 %–nin İddiaçı MTRK-ya ödənilməsi nəzərdə tutulmuşdur. Qanuni nümayəndə1 əldə edilən vəsaitdən 37030 manatı MTRK-ya ödəmiş, lakin 67816 manat borclu qalmışdır. Hüquqi dəyərləndirmə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 03 yanvar 2021-ci il tarixli X-********** nömrəli xidmət müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə cavabdehin ümumilikdə 40561.66 manat məbləğində borcu yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin 03 yanvar 2021-ci il tarixli X-********** nömrəli müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 40561.66 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehdən 40561.66 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 3042.12 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ... 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...” 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır və iddia tələbi həmin hissədə də təmin edilməlidir. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış 03 yanvar 2021-ci il tarixli X-********** nömrəli müqavilənin 7.6-cı bəndinəə əsasən hesablanmış 5000 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 2000 manat məbləğində müəyyən edilməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 40561.66 manat əsas borc, 3042.12 manat faiz borcu, 2000 manat cərimə borcu olmaqla, ümumilikdə 45603,78 manat pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallarda olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 23 sentyabr 2022-ci il tarixli MŞB/5-03154 nömrəli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiyaya dair xərc iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat mediasiya xərci cavabdehə, ödənilmiş 36 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 40561.66 manat əsas borc, 3042.12 manat faiz borcu, 2000 manat cərimə borcu, 200 manat məbləğində dövlət rüsumu, ümumilikdə 45803,78 (qırx beş min səkkiz yüz üç manat yetmiş səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı Müstəqil Tele-Radio Kompaniyasına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumu İddiaçı Müstəqil Tele-Radio Kompaniyasının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar