Məhkəmə qərarları › İş №e-2-2(113)-992/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-992/2024

12.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-992/2024 12.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlu İddiaçı QSC-nin cavabdeh “Technicon FZCO” şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “xx.xx.2020-ci il tarixli podrat müqaviləsinin ləğvi edilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİ: İddiaçı QSC cavabdeh “Technicon FZCO” şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış TECH-TUR-HVAC-001 saylı podrat müqaviləsinin ləğv edilməsi, cavabdehdən 238,498 ABŞ dolları məbləğində borc pul məbləğinin həmin pulun qanunsuz saxlanmasına görə 11924.9 ABŞ dollar hüquqi yardım göstərilməsi məqsədilə vəkilə ödənilmiş 5000 manat və mübahisənin mediasiya vasitəsilə həll edilməsi məqsədilə ilə ödənilmiş 400 manat, ödənilmiş dövlət rüsumu 296.44 manat olmaqla, cəmi 250,422.9 ABŞ dolları və 1696.44 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı QSC tərəfindən mediasiya sessiyasının keçirilməsi zamanı 400 manat məbləğində ödəniş həyata keçirilmiş, daha sonra iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün əlavə olaraq 296 manat rüsum ödəmişdir. “Dövlət rüsumu haqqında” AR Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə hazırki iddianın məbləğinin 238498 ABŞ dolları borc və pulun qanunsuz saxlanmasına görə 11924.9 ABŞ dolları olmaqla, ümumilikdə 250422.9 ABŞ dolları (425468.51 manat) təşkil etməsini nəzərə alaraq qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş 400 manat mediasiya ödənişindən əlavə olaraq dövlət rüsumu məbləği tələb edilən məbləğin Mərkəzi Bank tərəfindən müəyyən olunmuş məzənəsinə uyğun olaraq ödənilməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsində borc məbləğinin ödənilməsi tələbindən əlavə olaraq xx.xx.2020-ci il tarixli, TECH-TUR-HVAC-001 saylı podrat müqaviləsinin ləğv edilməsi tələbi ilə də çıxış edir. AR Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən iddiaçı yalnız cavabdehə müqavilənin ləğv edilməsi ilə bağlı müraciət etdikdən, onun imtinasını aldıqdan, cavab alınmadığı təqdirdə isə müvafiq müddətdən sonra məhkəmədə həmin tələbi irəli sürə bilərdi. Hazırki halda isə iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda yalnız borcun ödənilməsi tələb edilmiş, müqavilənin ləğvi ilə bağlı hər hansı qeyd göstərilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun olaraq verilmədiyindən geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməli, iddia ərizəsi verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 296 manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. AR MPM-in 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı QSC-nin cavabdeh “Technicon FZCO” şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “xx.xx.2020-ci il tarixli podrat müqaviləsinin ləğvi edilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 296 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar