Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-998/2024 09.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-nə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xidmət müqaviləsi, pul tələbi) X1 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iştirakı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı MMC iddia ərizəsi, daha sonra isə iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixli xidməti müqavilə üzrə ödənilməmiş 119769,28 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 04 mart 2021-ci il tarixli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər arasında çoxsaylı hesablaşmalar olmuşdur, yəni iddiaçı tərəfindən iş icra olunurmuş və cavabdeh həmin işlərin dəyərini ödəmişdir. Növbəti dəfə, cavabdehə xidmət göstərilmişdir və işlər cavabdeh tərəfindən qəbul olunmuşdur. Bundan sonra cavabdehə 25 may 2022-ci il tarixdə görülmüş işlərin dəyərinin ödənilməsi üçün 154468 saylı elektron qaimə faktura göndərilmişdir və cavabdeh həmin qaiməni qəbul etmişdir. Həmin qaimə 183842 manat 50 qəpik miqdarındadır.İddiaçı ilə çoxsaylı danışırlıqlardan və məktublaşmadan sonra cavabdeh 27 mart 2023-cü il tarixdə sözügedən qaimə üzrə 183842.5 manatdan yalnız 55323.10 manat vəsait ödəmişdir. Lakin bu günədək qalan məbləği ödəməmişdir. Cavabdehə elektron qaydada pretenziya məktubu göndərilmişdir, lakin həmin müraciət cavabsız qalmışdır. Eyni zamanda, mediasiya qaydada ona müraciət olunmuşdur və 26 oktyabr 2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 6.2, 442, 443.2, 445.1, 445.4, 448.1, 448.2-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəni müdafiə etdiyini və təmin edilməsini xahiş etmişdir, əlavə olaraq bildirmişdir ki, tərəflər arasında çoxsaylı danışırlıqlardan və məktublaşmadan sonra cavabdeh 27 mart 2023-cü il tarixdə sözügedən qaimə üzrə 183842.5 manatdan yalnız 55323.10 manat vəsait ödəmişdir. Lakin bu günədək qalan məbləği ödəməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə münasibətində qeyd etmişdir ki, hüquqlarını müdafiə etdiyi şirkətlər arasında partyorluq münasibətləri uğurlu olmuşdur. Qeyd olunan mübahisə üzrə anlaşılmazlıq ona görə yaranmışdı ki, təchizatçı kimi çıxış edən Envix Şirkəti cavabdehə eyni adlı 2 müxətlif hüquqi şəxs adından xidmət göstərirdi ki, bunlardan biri İddiaçı MMC digəri isə "xxxx" MMC olmuşdur. Cavabdeh həm İddiaçı MMC həm də "xxxx" MMC ilə əməkdaşlıq etmişdir. Hansı ki hər iki şirkətin də rəhbərliyi eyni şəxsdir. Anbar işçiləri 4686 saylı e-qaimə üzrə göndərilmiş fakturaya əsasən ödəniş ediblər. Halbuki hər şirkət tərəfindən vurulan qaiməyə ayrıca münasibət göstərilməsinin hüquqi tərəflərini anbar işçiləri bilmədiyi üçün, bugünki gün belə bir mübahisə yaranmışdır. Belə ki anbar işçiləri hesab edirdilər ki, anbara daxil olmalar vahid formadadır. Lakin cavabdeh anbara həm "xxxx" MMC həm də İddiaçı MMC–dən daxil olmalar olur. Araşdırmalardan belə məlum oldu ki, cavabdeh tərəf 2 şirkəti bir-birinə qarışdıraraq e-qaimə üzrə ödənişləri digər şirkətə ödəmişdir. Ona görə də, cavabdeh qarşı tərəfə borcunun olmadığını iddia edir. Anbar işçisi 4686 saylı qaimə üzrə Envix Pro MMCyə 154000 ƏDV daxil pul ödəyib və rəhbərliyə də bu formada məruzə olunmuşdur. Anbar və təchizat anlamır ki, Envix Print MMC rəhbərlik eyni olsa da, hər biri ayrı hüquqi şəxsdir. X2 MMC, istərsə də Envix Pro MMC şirkətlərindən vahid qaimələr cavabdehə göndərilmişdir. Belə ki, hər şirkətdən fərqli qaimələr cavabdehə daxil olmamışdır. Cavabdeh həmin qaimələrin hamısını saysaq iddianı qəbul etməli olacaqdır. Səbəb ödənişin yarısının olmamasıdır. Müvafiq qaimə üzrə mallar cavabdehə təhvil verilib. Lakin sənədləşmə cəhətdən məlum olur ki, cavabdehin ödənişlər digər şirkətə olmuşdur. Envix Pro MMC ilə bağlı sübutları e-sistemə əlavə etməyinə səbəb, təchizatçı onlara X2 MMCdən, istərsə də Envix Pro MMC-dən vahid təchizatçı kimi anbar mədaxilləri olmuşdur. Tərəflər arasında danışıqlar aparıldıqdan sonra problemin nədə olduğu məlum olmuşdur. Belə ki, əl qaimələri ilə say düz gəlsə də, onlar anbar qeydlərinə müvafiq sayda mal daxil olmamış, hansı səbəbdən daxil olmadığının izahanı verə bilmirlər. Ödənişin olmamasının səbəbi anbara mədaxilin olmaması ilə bağlıdır. İddianı 107548.15 manat hissəsində qəbul edirlər, 183842.50 manat dəyərində mallar əl qaimələrinə əsasən onlara təhvil verilmiş, lakin anbar mədaxilində bu öz əksini tapmadığı üçün iddianı qismən qəbul edirlər. Tədqiq olunan sübutlar İş materiallarında olan: “Sifarişçi” İddiaçı MMC ilə “İcraçı" Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021ci il tarixli 11/21 nömrəli xidmət müqaviləsinin predmetindən görünür ki, İcraçı Sifarişçinin sifarişi əsasında, həcmi və digər xüsusiyyətləri Müqavilənin Əlavələrində əks etdirilmiş tərəflərin qarşılıqlı razılığı əsasında Sifarişçinin işgüzar tələblərini təmin etmək məqsədi ilə çap işləri və s. (bundan sonra ümumilikdə “işlər”, ayrılıqda isə “iş” adlanacaq) Sifarişçiyə təqdim etməyi, Sifarişçi isə işləri qəbul edib əvəzində müqavilə ilə müəyyənləşdirilmiş məbləği icraçıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.5-ci bəndinə əsasən icraçı işlərin nümunələrini elektron formada əvvəlcə təsdiq ücün Sifarişçiyə təqdim edir və təqdim olunan elektron nümunələr Sifarişçi tərəfindən təsdiq edildikdən sonra İcraçı işləri Sifarişçiyə təhvil verəcəkdir. Sifarişçi ən geci 2 (iki) iş günü ərzində işlərin elektron nümunələrinin təsdiqlənməsini həyata keçirməlidir. Elektron formada təqdim edilmiş formalar Sifarişçi tərəfindən qəbul edilmədikdə bu barədə İcraçıya məlumat verilir və sonuncuya həmin konkret iş üçün mövcud versiyaya düzəlişlər edilməsi və işin yeni formasının hazmanması ücün əlavə 5 (beş) iş günü vaxt verilir. Müqavilənin 4.2-ci bəndinə əsasən bu müqavilə üzrə ödənişlər bank hesabına köçürmə qaydasında olmaqla müqaviləyə edilmiş Əlavələrdə nəzərdə tutulmuş formada həyata keçiriləcəkdir. İş materiallarında olan EBBO seriyalı, 109915 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 52958,40 manat, EBBA seriyalı, 609608 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 11979,83 manat, EBBC seriyalı, 169548 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 109943.20 manat, EBBD seriyalı, 369445 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 9962.15 manat, EBBO seriyalı, 109479 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 10932.70 manat, EBBP seriyalı, 471821 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 81166.30 manat, EBBV seriyalı, 123910 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 54447.06 manat, EBBW seriyalı, 174572 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 58892.10 manat, EBBW seriyalı, 154571 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 16947.16 manat, EBBW seriyalı, 154468 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 183342.50 manat, EBBZ seriyalı, 268678 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 2398.94 manat, EBBZ seriyalı, 693130 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 354 manat, EBCB seriyalı, 138225 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 53,10 manat, EBCB seriyalı, 138105 nömrəli, xx.xx.2022ci il tarixli elektron qaiməyə əsasən 247,80 manat dəyərində müxtəlif adda mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. 07 yanvar 2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödənilmişdir. 26 oktyabr 2023-cü il tarixli MŞB/6-0615 nömrəli mediasiya arayışından məlum olurki, ilkin mediasiya xərci olaraq 400 manat ödəniş həyata keçirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı müqavilədə nəzər tutulmuş xidməti göstərsə də, cavabdeh tərəfindən nəzərdə tutulmuş xidmət haqqı iddiaçıya tam olaraq ödənilməmişdir. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş, qarşı tərəfin gördüyü işi qəbul etsə də, şərtləşdirilmiş xidmət haqqını ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla, həmçinin nümayəndənin izahatı ilə öz təsdiqini tapır. Buna görə də iddiaçının icra etdiyi işin müqabilində cavabdehdən muzdun ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə 183842.50 manat dəyərində malların təqdim edildiyini bildirmiş, həmin məbləğdən 107548.15 manat hissəsini cavabdeh tərəfin qəbul etdiyini, ümumilikdə isə ödənişlərin təkcə İddiaçı MMC-yə deyil, "xxxx" MMC-yə edildiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən vahid təchizatçı kimi təqdim edilmiş malların dəyərini həm İddiaçı MMC-yə, həm də "xxxx" MMC-yə ödəsə də, "xxxx" MMC başqa hüquqi şəxs olduğu üçün ona edilmiş ödənişlər hazırkı mübahisəli qaimə üzrə ödənişlərə aid edilə bilməz. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, iddiaçı tərəfindən xidmətlərin cavabdehə təhvil verildiyini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil alınana xidmətlərə görə 119769,28 manat pulu ödəmədiyini, iddiaçının göstərilən xidmətin dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 119769,28 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə iddianın təmin olunduğunu və ilkin mediasiya sessiyasında cavabdehin üzrsüz səbəbdən iştirak etmədiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 400 manat mediasiya xərcinin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixli xidməti müqavilə üzrə ödənilməmiş 119769 (bir yüz on doqquz min yeddi yüz altmış doqquz) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində pul vəsaiti, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat və mediasiya prosesinin keçirilməsi üçün xərcləmiş 400 (dörd yüz) manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-998/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-998/2024
09.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver