Məhkəmə qərarları › İş №e-2-2(115)-1019/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1019/2025

14.08.2025 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmtəə nişanından qanunsuz istifadə ilə əlaqədar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1019/2025 14.08.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Şirkətinin Cavabdeh qarşı kontrafakt olması əlamətləri aşkar edilmiş malların ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 28 fevral 2025-ci il tarixli 3-33-1100/021Q saylı “Malların buraxılışının dayandırılması haqqında” qərarına əsasən Cavabdeh (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2025ci il tarixli XAZAR153 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 737AİX13/37AEW13 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən baxış zamanı **********0870 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “PUMA” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: PUMA əmtəə nişanlı 210 kq kişi idman ayaqqabıları, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən hüquq sahibi, baş ofisi: Almaniya, Herzogenaurach 91074, Puma Way 1 ünvanında yerləşən İddiaçı Şirkətinə (“PUMA”) ünvanlanmış 28 fevral 2025-ci il tarixli 3-33-1100/021Q saylı “Malların buraxılışının dayandırılması haqqında” qərara və “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında ərizəçiyə və bəyannaməçiyə” verdiyi 28 fevral 2025-ci il tarixli 021Q saylı bildirişə əsasən, qeydiyyat ünvanı: Naftalan şəhəri, Ş.Qurbanov küçəsi, ev 02, mənzil 38 olan fərdi sahibkar Cavabdeh (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2025-ci il tarixli XAZAR153 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 737AİX13/37AEW13 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş və bəyannaməçi "xxxx" MMC (VÖEN:**********) tərəfindən bəyan edilmiş mallara gömrük nəzarəti altında baxış keçirilmiş və baxış zamanı **********0870 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “PUMA” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: PUMA əmtəə nişanlı 210 kq kişi idman ayaqqabıları, **********) kontrafakt olması əlamətləri aşkar olunmuşdur və həmin malların buraxılışı 10 iş günü müddətinə 28 fevral 2025-ci il tarixindən 13 mart 2025-ci il tarixinədək dayandırılmışdır. Qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə hüquq sahibinin nümayəndəsinə, idxalçıya və bəyannaməçiyə dərhal yazılı bildiriş göndərilmişdir və eyni zamanda, qərarının surəti hüquq sahibinin nümayəndəsinə təqdim olunmuşdur. Cavabdeh tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş və buraxılışı dayandırılmlış mallardan nümunənin götürülməsi ilə bağlı tərəflərin iştirakı ilə gömrük nəzarəti altında olan mallardan prob və nümunələrin götürülməsi haqqında 06 mart 2025-ci il tarixli müvafiq akt tərtib edimişdir. Buraxılışı dayandırılmış malların kontrafakt olub-olmaması barədə müvafiq rəyin verilməsi üçün hüquq sahibinin baş ofisinə müraciət edilmiş və hüquq sahibinin ekspertləri tərəfindən buraxılışı dayandırılmış malların fotoşəkillərinə baxış keçirərək və müvafiq məlumatlarını yoxlayaraq buraxılışı dayandırılmış malların kontrafakt olması faktı təsdiqlənmişdir. Hüquq sahibinin müraciəti əsasında malların buraxılışının dayandırılması müddəti daha 10 iş günü müddətinə 13 mart 2025-ci il tarixindən 07 aprel 2025-ci il tarixinədək uzadılmışdır. Qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə hüquq sahibinin nümayəndəsinə, idxalçıya və bəyannaməçiyə dərhal yazılı bildiriş göndərilmişdir və eyni zamanda, qərarının təsdiqlənmiş surəti hüquq sahibinin nümayəndəsinə təqdim olunmuşdur. Qeyd edilən qərarlar və bildirişlər iddiaçıya və həmçinin, bəyannaməçi və cavabdehə vaxtında rəsmən təqdim olunmasına və qərarda cavabdehin qərardan onun təqdim olunduğu vaxtdan 30 gün müddətində şikayət verməsi hüququnun olmasının qeyd olunmasına baxmayaraq, bəyannaməçi və ya cavabdeh özlərinin qanuni hüquqlarından istifadə etməmiş və inzibati akt olan qərarın mübahisələndirilməsinə və ya ləğvinə dair məhkəməyə və ya inzibati orqana inzibati şikayət təqdim etməmişlər. Bu fakt isə öz növbəsində, həm bəyannaməçinin və həm də cavabdehin qərarlarla razı olduqlarını və idxal etdikləri malların kontrafakt olduğunu və bununla da iddiaçının qanunla tanınan və qorunan əqli mülkiyyət hüquqlarını pozduqlarını etiraf etdiklərini təsdiqləyir. Hüquq sahibi isə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, kontrafakt olması əlamətləri aşkar olunmuş malların üzərinə müvəqqəti təminat tədbirinin tədbiq edilməsi qaydasında məhkəmə tərəfindən 1 ay müddətinə həbsin qoyulmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 04 aprel 2025-ci il tarixli qərardadı ilə ərizəsi təmin edilmişdir. Cavabdeh isə ona məxsus malların üzərinə həbsin qoyulması barəsində qərardadı mübahisələndirməyib və həmin qərardadın ləğvinə dair məhkəməyə şikayət verməmişdir. Bu fakt isə öz növbəsində, cavabdehin həm Bakı Baş Gömrük İdarəsinin müvafiq qərarları və həmçinin Gəncə Kommersiya Məhkəməsinin müvafiq qərardadı ilə razı olduğunu və idxal etdiyi “PUMA” əmtəə nişanlı malların kontrafakt olduğunu və bununla da iddiaçının qanunla tanınan və qorunan əqli mülkiyyət hüquqlarını pozduğunu etiraf etdiyini bir daha təsdiqləyir. Hüquq sahibi məxsus “PUMA” və digər əmtəə nişanları dünyada tanınmış nişanlar olmaqla bərabər, Azərbaycanda da müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır və bu nişanlara dair İddiaçı Şirkətinin müəlliflik və əqli mülkiyyət hüquqları Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tanınır və qorunur. Məhkəmənin iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, mallar ona məxsusdur. Lakin elə də böyük məbləğdə olan mallar deyildir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 28 fevral 2025-ci il tarixli 3-33-1100/021Q saylı “Malların buraxılışının dayandırılması haqqında” qərardan görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikasına xx.xx.2025-ci il tarixli XAZAR153 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 737AİX13/37AEW13 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilmiş və baxış zamanı **********0870 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “PUMA” əmtəə nişanlı malların buraxılışının 10 iş günü müddətinə dayandırılması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2013-cü il tarixli 163 saylı qərarınn tələblərinə əsasən, malların buraxılışının dayandırılması barədə qəbul edilən qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə İddiaçı Şirkətinin etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X1, bəyannaməçi "xxxx" MMC-yə dərhal yazılı bildiriş göndərilməsi, qərarın birinci bəndində qeyd edilən müəddət ərzində işə məhkəmədə mahiyyəti üzrə baxılmağa başlanmadıqda və ya müddətin uzadılması ilə bağlı ərizəçinin əsaslandırılmış müraciəti olmadıqda qərarın birinci bəndinin qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 13 mart 2025-ci il tarixli 3-33-1100/029Q saylı “Malların buraxılışının dayandırılmasınnın uzadılması haqqında” qərardan görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikasına xx.xx.2025-ci il tarixli XAZAR153 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 737AİX13/37AEW13 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilmiş və baxış zamanı **********0870 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “PUMA” əmtəə nişanlı malların buraxılışının dayandırılması daha 10 iş günü müddətinə uzadılması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2013-cü il tarixli 163 saylı qərarınn tələblərinə əsasən, malların buraxılışının dayandırılması barədə qəbul edilən qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə hüquq sahibi İddiaçı Şirkətinin etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X1, bəyannaməçi "xxxx" MMC-yə dərhal yazılı bildiriş göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyəti Obyektlərinin Qeydiyyatı və Reyestr Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq reyestrinin Madrid Monitor on-line məlumat bazasında olan məlumatına əsasən PUMA SE (ünvan: Puma Way 1, 91074 Herzogenaurach (DE) adına qeydiyyata alınan 437626 saylı təsviri beynəlxalq əmtəə nişanı Əmtəələrin və Xidmətlərin Beynəlxalq Nitsa təsnifatının 18, 25, 28-ci sinifləri üzrə Azərbaycan Respublikasının ərazisində 12 aprel 2028-ci il tarixinə qədər qüvvədədir. İş materiallarında olan Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyəti Obyektlərinin Qeydiyyatı və Reyestr Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq reyestrinin Madrid Monitor on-line məlumat bazasında olan məlumatına əsasən PUMA SE (ünvan: Puma Way 1, 91074 Herzogenaurach (DE) adına qeydiyyata alınan ******* saylı təsviri beynəlxalq əmtəə nişanı Əmtəələrin və Xidmətlərin Beynəlxalq Nitsa təsnifatının 03, 18, 25-ci sinifləri üzrə Azərbaycan Respublikasının ərazisində 12 aprel 2026-cı il tarixinə qədər qüvvədədir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən üvanlanmış xx.xx.2020-ci il tarixli, 1000-130/1xx-xx/001221 nömrəli məktubdan görünür ki, Komitənin 1000/006 nömrəli xx.xx.2020-ci il tarixli Sərəncamı ilə “PUMA” əmtəə nişanı adı altında mallar Gömrük Reyestrinə daxil edilmişdir. İş materiallarında olan gömrük nəzarəti altında olan mallardan prob və nümunələrin götürülməsi haqqında 06 mart 2025-ci il tarixli aktdan görünür ki, XAZAR153 saylı invoys sənədi ilə gətirilən “PUMA” əmtəə nişanlı 1 ədəd mal götürülmüşdür. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 283.1-ci maddəsinə əsasən reyestrə daxil edilmiş tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti zamanı onların pirat və ya kontrafakt olması əlamətləri aşkar edilərsə, belə malların buraxılışı gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının rəhbəri və ya onu əvəz edən şəxsin qərarı ilə 10 (on) iş günü müddətinə dayandırılır. Ərizəçinin əsaslandırılmış müraciəti olduqda, göstərilən müddət daha 10 (on) iş gününədək uzadılır. Həmin Məcəllənin 287.1-ci maddəsinə əsasən tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan, lakin reyestrə daxil edilməmiş, habelə ərizəçinin müraciətində göstərilməmiş malların pirat və ya kontrafakt olması əlamətlərini gömrük orqanları aşkar etdikdə, onlar həmin malların buraxılışını bu Məcəllənin 283.1-ci maddəsində göstərilən müddətə dayandırmaq hüququna malikdirlər. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən əmtəə nişanı - sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır); Həmin Qanunun 6-cı maddəsinin “a” və “ç” yarımbəndin əsasən Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları və əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); qeydiyyata alınmır. Həmin Qanunun 10-cu maddəsinə əsasən əmtəə nişanının ilkinliyi bu Qanunun 9cu maddəsinə uyğun olaraq iddia sənədinin müvafiq icra hakimiyyəti orqanına daxil olduğu tarixdən müəyyənləşdirilir. Həmin Qanunun 19-cu maddəsinə görə “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum qeydə alınmış əmtəə nişanına ... dair Azərbaycan Respublikası ərazisində qüvvədə olan qeydiyyat şəhadətnaməsi verir. Əmtəə nişanına dair şəhadətnamə iddia edilmiş nişanın əmtəə nişanı kimi qeydə alınması faktını, onun ilkinliyini, əmtəələrə və göstərilən xidmətlərə aid nişan sahibinin müstəsna hüququnu təsdiq edir və qeydə alınmış nişanın təsvirini özündə əks etdirir.” Qanunun 21-ci maddəsinə görə “Əmtəə nişanının qeydiyyatı iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma verildiyi tarixdən 10 il müddətində qüvvədə olur. Bu müddət nişan sahibinin ərizəsinə əsasən haqq ödənilməklə məhdudiyyət qoyulmadan hər dəfə 10 il müddətinə uzadıla bilər.” Həmin Qanunun 25-ci maddəsinə əsasən əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. Əmtəə nişanı üzərində hüquqa malik şəxsin özü tərəfindən və ya onun razılığı əsasında ona məxsus əmtəə nişanı ilə Azərbaycan Respublikasında ticarət dövriyyəsinə buraxılan əmtəələrlə bağlı başqa şəxslərin həmin əmtəə nişanından istifadə etməsinə qadağa qoymaq hüququ yoxdur. Əmtəə nişanının sahibi “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifadəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Geniş tanınmış əmtəə nişanının sahibi onun nişanı barədə yanlış təsəvvür yarada bilən reproduksiyadan, oxşatmadan, transliterasiyadan və tərcümə olunmuş sözdən ibarət olan əmtəə nişanının və ona aid olan əmtəələrin və xidmətlərin, geniş tanınmış əmtəə nişanına aid olan əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olduğu, qeydə alınmış əmtəə nişanının sahibi isə əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olmadığı təqdirdə də yanlış təsəvvür yarada bilən nişanın qadağan olunmasını tələb edə bilər. Həmin Qanunun 26-cı maddəsinə əsasən, əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır. Əmtəənin satış üçün təklif olunması, satışı və ya xidmətin göstərilməsi qeydə alınmış nişanlardan istifadəni təsdiq edir. Həmin Qanunun 32-ci maddəsinə əsasən bu Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır. Həmin Qanunun 34-cü maddəsinə əsasən əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz olaraq qismən və ya tamamilə istifadə edən hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir. Əmtəə nişanları, coğrafi göstəricilər və ya onlara qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt hesab edilir. İxrac olunması nəzərdə tutulan kontrafakt malların gömrük ərazisindən buraxılması gömrük orqanlarının qərarı ilə dayandırıla bilər. Malların sərbəst dövriyyəyə buraxılmaması barədə ərizəçiyə (hüquq sahibinə) bildiriş verildiyi gündən 10 iş günü müddətində kontrafakt olduğu ehtimal edilən idxal mallarının üzərinə iddianın təmin edilməsi qaydasında məhkəmə tərəfindən qoyulmuş həbs qərarından sonra cavabdeh olmayan şəxsin iddiasına əsasən məhkəmədə işə mahiyyəti üzrə baxılması barədə ağlabatan müddətdə məlumat gömrük orqanlarına daxil olmadıqda, dayandırma 10 iş günündən çox olmamaq şərti ilə uzadıla bilər. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən əmtəə nişanları, coğrafi göstəricilər və ya onları qarışdıracaq dərəcədə oxşar nişanlarla qeyri-qanuni təchiz olunan mal kontrafakt məhsul hesab olunur. İş materiallarından görünür ki, iddiaçı əmtəə və xidmətlər üzrə “PUMA” əmtəə nişanından və təsvirindən istifadə etməkdə müstəsna hüquqa malikdir. Cavabdeh adına Azərbaycan Respublikasına xx.xx.2025-ci il tarixli XAZAR153 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 737AİX13/37AEW13 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə **********0870 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş (XİFMN üzrə malın adı və kodu: PUMA əmtəə nişanlı 210 kq kişi idman ayaqqabısı, **********) mallar idxal edilmişdir. Həmin idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən mallarda kontrafakt olması əlamətləri aşkar olunmuş və gömrük orqanı tərəfindən malların buraxılışı dayandırılmış, sonradan isə dayandırılmanın müddəti uzadılmışdır. İddiaçı Şirkətinin Azərbaycandakı səlahiyyətli nümayəndəsinə malların buraxılışının dayandırılması və dayandırma müddətinin uzadılması barədə qəbul edilən qərarlar göndərilməklə qərar haqqında, buraxılışın dayandırılmasının səbəbləri barədə dərhal yazılı bildiriş göndərilmişdir. Həmçinin buraxılışı dayandırılmış malların şəkilləri araşdırılması üçün İddiaçı Şirkətinə göndərilmiş, sonuncu tərəfindən buraxılışı dayandırılmış malların kontrafakt olması təsdiq edilmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, kontrafakt olması əlamətləri aşkar olunmuş “PUMA” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: PUMA əmtəə nişanlı 210 kq kişi idman ayaqqabısı, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı müvəqqəti təminat təqdbirinin verilməsi ilə bağlı 10 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli hüquqi yardım göstərilməsi haqqında müqavilədən görünür ki, tərəflər hüquqi xidmətlərin göstərilməsi üçün xidmət haqqı olaraq 400 manata razılaşmışlar. Ona görə də cavabdehdən müvəqqəti təminat tədbirinin tədbiq edilməsi barədə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və hüquqi xidmətin göstərilməsi üçün 400 manat ödənilmiş xərc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 100 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 28 fevral 2025-ci il tarixli 3-33-1100/021Q saylı “Malların buraxılışının dayandırılması haqqında” qərarına əsasən Cavabdeh (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına xx.xx.2025-ci il tarixli XAZAR153 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 737AİX13/37AEW13 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən baxış zamanı **********0870 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “PUMA” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: PUMA əmtəə nişanlı 210 kq kişi idman ayaqqabıları, **********) ticarət dövriyyəsinə buraxılmadan məhv edilsin. Cavabdeh müvəqqəti təminat tədbirinin tədbiq edilməsi barədə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu və hüquqi xidmətin göstərilməsi üçün 400 (dörd yüz) manat ödənilmiş xərc tutularaq İddiaçı Şirkətinə ödənilsin. Cavabdeh 100 (bir yüz manat) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar