Məhkəmə qərarları › İş №e-2-2(115)-1152/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1152/2025

22.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1152/2025 22.10.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz istifadənin qadağan edilməsi, əmlakdan çıxarılma, qanunsuz açılmış girişin bağlanması və qeyri-yaşayış sahəsinin cavabdehin zəbtindən azad edilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospektində istifadədə olan 0.0532 ha torpaq sahəsində yerləşən 249 nömrəli binanın 1-ci girişinin 1-ci mərtəbəsində 71.35 kv.m ümumi, 42.5 kv.m əsas, 28.85 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin altında yerləşən zirzəmidən Cavabdeh qanunsuz istifadəsinin qadağan edilməsi, onun əşyaları birlikdə ordan çıxarılması, zirzəmiyə qanunsuz açılmış girişin bağlanması, qeyri-yaşayış sahəsinin Gəncə şəhəri, Atatürk prospektinə baxan hissəsinin qarşısısının Cavabdeh zəbtindən azad edilərək boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospektində istifadədə olan 0.0532 ha torpaq sahəsində yerləşən 249 nömrəli binanın 1-ci girişinin 1-ci mərtəbəsində 71.35 kv.m ümumi, 42.5 kv.m əsas, 28.85 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsindən Cavabdeh maneçilik törədiyinə görə tam mülkiyyət hüququ ilə istifadə edə bilmir. Maneçilik ondan ibarətdir ki, qeyri-yaşayış sahəsinin altında yerləşən zirzəmini zəbt edib, binanın təyinatına zidd olaraq zirzəmiyə qapı açıbdır. Qeyri-yaşayış sahəsinin qarşısında qanunsuz olaraq ticarətlə məşğul olur. Cavabdeh fəaliyyət göstərdiyi ərazidən qapı açaraq sahibkarlıq fəaliyyətini həyata keçirmək istəyir. Ona görə də məhkəmədə mülkiyyət hüququnun müdafiəsinə dair iddia qaldırmaq məcburiyyətində qalır. İş üzrə Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 27 sentyabr 2004-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinin Baş Memarı M.İbrahimova və maraqlı şəxs N.H.İsmayılova qarşı Atatürk prospekti 249 saylı binanın zirzəmisində yerləşən “Universal” kiçik müəssisəsinin giriş qapısı üzərində mağaza tikilməsinə icazə verilməsi barədə 24 iyun 2004-cü il tarixli 10-315 saylı sənədin ləğvi tələbi təmin edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə kollegiyasının 07 dekabr 2004-cü il tarixli qətnaməsi ilə iş üzrə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 27 sentyabr 2004-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Ali Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının 16 fevral 2005-ci il tarixli qərarı ilə Apellyasiya Məhkəməsinin 07 dekabr 2004-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə şəhəri üzrə İcra idarəsinin 14 avqust 2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli icra sənədinin icraatına xitam verilmişdir. Göründüyü kimi hazırkı iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri və qərarı mövcuddur. Belə olan halda bu işə yenidən baxıla bilməz və qaldırılmış iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, iddiaçının mülkiyyətində olan sahə binanın birinci mərtəbəsindədir. “Market” yazılan yerin arxası iddiaçının mülkiyyətindədir. İddiaçının “Buta” yazılan yerdən kənarda da girişi vardır. İddiaçı istəyir ki, “Market” yazılan yerdən də onun mülkiyyətində olan qeyriyaşayış sahəsinə giriş olsun. Zirzəmi ilə bağlı iddiaçının hüquqlarını pozan odur ki, orada bişirilən peraşki və s. yeməklərin iyi, qoxusu sahibkarların narazılığına səbəb olur. Çünki peraşki və s. yeməkləri zirzəmidə bişirirlər. Zirzəmi ümumi istifadədə olsa da ordan ancaq Cavabdeh istifadə edir. Cavabdeh zirzəmiyə girən kimi sağ tərəfdə, yəni iddiaçının obyektinin altında fəaliyyət göstərir. Həmçinin zirzəmi ümumi istifadədə olduğuna görə iddiaçı da zirzəmidən istifadə etmək istəyir. Bundan başqa iddiaçı binanın yan tərəfindən açılan pilləkənin, zirzəmiyə girişin bağlanmasını istəyir. Zirzəmiyə olan kənar giriş iddiaçının obyektinin altında yerləşir. Bununla bağlı icazəsi olmasa da iddiaçı həmin girişi bağlatdırıb öz obyektinin altından giriş açmaq istəyir. İddia tələblərini dəyişdirmək və ya dəqiqləşdirmək istəmirlər, iddia tələbinin olduğunu kimi nəzərə alınmasını xahiş edir. İddaçının nümayəndəsi həmçinin izahatında göstərdi ki, cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsindən belə nəticəyə gəlmək olur ki, qeyd etdikləri peraşki satılan yer cavabdehin istifadəsindədir. Çünki cavabdeh iddia tələbinin tam rədd edilməsini xahiş edir. Cavabdeh iddia ərizəsində qeyd etdiyi ictimai iaşə obyektinin ona aidiyyəti olmadığını bildirsə də video görüntü vardır ki, oradan Cavabdeh istifadə edir. Hazırlıq iclasında müvafiq orqanlara sorğu vermiş, onlardan alınan cavabı məhkəməyə təqdim etmişdir. Qeyd etmək istəyir ki, mübahisə edilən həmin sahə Gəncə şəhər İcra Hakmiyyətinin balansındadır, icra hakimiyyəti tərəfindən hər hansı sərəncam verilməmişdir. Lakin iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsi onun mülkiyyətindədir. Həmçinin qida agentliyinə müraciət etmiş, onlar da cavabdehi cərimə etmişdir. İddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, zirzəmi ümumi olaraq 7 nəfərin mülkiyyətindədir. Texniki pasport ümumidir, orada sahələr bölünməmişdir. Onun mülkiyyətində olan sahə 5 kv.m-dir. O ancaq 5 kv.m sahədə fəaliyyət göstərir. Zirzəmiyə əvvəllər giriş təqdim olunmuş şəkillərdəki ortada boş olan, yəni Mehriban adlı şəxsə məxsus olan yerdən idi. Zirzəmiyə girişi bağlayıb Mehribana satıblar. Zirzəmiyə əvvəlki girişin üstü bağlanmışdır, ancaq pilləkən öz yerində durur. Pilləkən ümumu 13 kv.m idi. Kənardan açılan pilləkən 13 kv.m pilləkənə aiddir. Binanın yan tərəfindən açılan qapını isə icra hakimiyyəti açmışdır. Həmin girişin bağlanması ilə bağlı ona qarşı iddiaçının atası iddia qaldırmışdı. Cavabdeh həmçinin izahatında göstərdi ki, qarşı tərəf özünə məxsus obyektin ona məxsus hissənin üstündə yerləşməsinə dair sübut təqdim etməmişdir. Həmin obyektin alt hisəssi onun olduğu üçün obyektin altından, yəni ona məxsus yerdən onlara kanalizasiya borusu aparmaq üçün icazə vermişdir. O həmin yerdə xəmir hazırlatdırır, aparıb başqa yerdə bişirirlər. “Market” yazılan yer ilə onun əlaqəsi yoxdur. İddia edilən yer, çölə qoyulan masalar ona məxsus deyildir. Həmin sahənin mülkiyətçisi Anar adlı şəxsdir, ordan istifadə edən isə Türkan adlı şəxsdir, həmin sahənin ona heç bir aidiyyəti yoxdur. Qida Agentliyi onun zirzəmidə olan sahəsində yoxlama keçirməmişdir, lakin çöldə olan yerə baxış keçirmişdir, Türkan Əliyevaya cərimə yazılmışdır. İddia tələbinin rədd edilməsini xahiş edir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidaməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya MH ******* nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri Nizami rayonu Atatürk prospektində istifadədə olan 0.0532 ha torpaq sahəsində yerləşən 249 nömrəli binanın 1-ci girişinin 1-ci mərtəbəsində 71.35 sahəsi kv.m ümumi, 42.5 kv.m əsas, 28.85 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış sahəsi (6 saylı əksxana) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarından olan daşınmaz əmlakın texniki pasportundan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidaməti Gəncə şəhər ərazi idarəsi tərəfindən Gəncə şəhəri Nizami rayonu Atatürk prospekti-249 6 saylı əksxana (mağaza) binasının texniki pasportu xx.xx.2008-ci il tarixdə tərtib edilmişdir. İş materiallarından olan reyestr nömrəsi **********82-05101-083004 saylı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ümumi sahəsi 158,30 kv.m olan Gəncə şəhəri Atatürk prospekti 249 ev 3A-da yerləşən qeyri-yaşayış sahəsi hüquq sahibləri X4 payı 76.5 kv.m, X5 payı 58.5 kv.m, Cavabdeh payı 5.0 kv.m, X6 payı 4.6 kv.m, X8 payı 13.7 kv.m qeyd edilməklə mülkiyyət hüquqları qeydiyyata alınmışdır. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 27 sentyabr 2004cü il tarixli 2-1240/2004 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh Salyan oğlunun Gəncə şəhəri İcra Hakimiyyətinin baş memarı X3 qarşı Gəncə şəhər Atatürk prospekti 249 saylı binanın zirzəmisində yerləşən “Universal” kiçik müəssisəsinin giriş qapısı üzərində mağaza tikilməsinə icazə verilməsi barədə 24 iyun 2004-cü il tarixli 10-315 saylı sənədin (icazənin) ləğv edilməsi və giriş yolunun açılıb istifadəyə verilməsinə dair iddiaçı təmin edilmiş, Gəncə şəhəri Atatürk prospekti 249 saylı binanın zirzəmisinə 2-ci giriş yolu (pilləkən) üzərində İddiaçı Hüseyn oğluna vitraj tikdirməsinə icazə verilməsi barədə İcra Hakimiyyətinin baş memarı M.İbrahimov tərəfindən verilmiş 24 iyun 2004-cü il tarixli 10-315 saylı icazə məktubu (sənədi) və ona əlavə edilmiş layihə ləğv edilməklə etibarsız sayılmış, Gəncə şəhəri Atatürk prospekti 249 saylı binanın zirzəmisinə gedən 2-ci giriş yolu (pilləkən) açılmaqla istifadəyə verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının 07 dekabr 2004-cü il tarixli qətnaməsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 27 sentyabr 2004-cü il tarixli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 16 fevral 2005-ci il tarixli qərarı ilə isə Apellyasiya Məhkəməsinin 07 dekabr 2004-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Qida X2-Daşkəsən Regional bölməsinin İddiaçı ünvanladığı 11 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhəri Atatürk prospekti 249A ünvanında fəaliyyət göstərən Cavabdeh adlı şəxsə məxsus obyektdə antisanitar vəziyyətdə, keyfiyyəti aşağı peraşki və suların satışının həyata keçirilməsi ilə bağlı 12 avqust 2025-ci il tarixində daxil olmuş müraciətə baxılmışdır. Müraciətə əsasən ictimai iaşə obyektində yoxlama keçirilmişdir. Yoxlama zamanı iaşə obyektində qida təhlükəsizliyi sahəsində texniki normativ aktların pozulması faktları aşkar edilmişdir. Qanunvericiliyə uyğun olaraq aşkar edilmiş noqsanlarla əlaqədar mağazanın hüquqi nümayəndəsi barədə inzibati xəta haqqında protokol tərtib edilərək maliyyə sanksiyası tətbiq edilmiş və qida obyektinə dair tələblərə əsasən icrası məcburi olan göstərişlər verilmişdir. İş materiallarında olan Gəncə şəhər İcra Hakimiyyətinin 20 oktyabr 2025-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhəri Atatürk prospekti 249 ünvanında yerləşən bina Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. Həmin binanın sağ küncündə atrıtma hissəsində açıq məkanda qida məhsullarının satışını həyata keçirən Cavabdeh Səlayn oğluna və digər şəxsə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı icazənin verilib-verilməməsi barədə məlumat yoxdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı ərazi idarəsinin reyestr nömrəsi **********22-05101-083005 olan Gəncə şəhəri Nizami rayonu Atatürk prospekti 249 ünvanında yerləşən qeyri yaşayış sahəsinə dair X1 adına xx.xx.2014cü il tarixdə texniki pasport tərtib edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, binanın qarşısında birinci mərtəbəyə bitişik hissə artırılmış, həmin artırılmış hissə özü də hissələrə bölnmüş qarşısı şüşə qapı ilə əhatə olunmuşdur. Binanın sağ küncündən zirzəmiyə pilləkən mövcuddur. Pilləkanın çıxışında əlavə artırılmış hissənin üzərində “Market” yazısı və həmin hissənin qarşısında stollar mövcuddur. İş materiallarında olan video görüntüdən görünür ki, binanın qarşısında birinci mərtəbəyə bitişik hissə artırılmış, həmin artırılmış hissə özü də hissələrə bölnmüş qarşısı şüşə qapı ilə əhatə olunmuşdur. Binanın sağ küncündən zirzəmiyə pilləkən mövcuddur. Pilləkanın çıxışında əlavə artırılmış hissənin üzərində “Market” yazısı və həmin hissənin qarşısında stollar mövcuddur. Cavabdeh həmin sahədə hərəkət edir, danışır. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 1.Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospektində istifadədə olan 0.0532 ha torpaq sahəsində yerləşən 249 nömrəli binanın 1-ci girişinin 1-ci mərtəbəsində 71.35 kv.m ümumi, 42.5 kv.m əsas, 28.85 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin altında yerləşən zirzəmidən Cavabdeh qanunsuz istifadəsinin qadağan edilməsi, onun əşyaları birlikdə ordan çıxarılması,

2. Zirzəmiyə qanunsuz açılmış girişin bağlanması,

3. Qeyri-yaşayış sahəsinin Gəncə şəhəri, Atatürk prospektinə baxan hissəsinin qarşısının Cavabdeh zəbtindən azad edilərək boşaldılması tələbini irəli sürmüşdür. Məhkəmə ilk öncə onu qeyd edir ki, iddia tələbində cavabdehdən hər hansı bir maneənin aradan qaldırılması tələbi irəli sürülməmişdir. Məhkəmə bildirir ki, Gəncə şəhəri, Atatürk prospektində yerləşən 249 nömrəli binanın birinci mərtəbəsində yerləşən ümumi 71.35 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətindədir və binanın prospektə baxan tərəfindən birinci mərtəbənin qarşısında artırılan hissədən prospektə çıxışı vardır. İddiaçı tələb irəli sürərək iddiasını zirzəmidə onun da istifadə hüquqlarının olması, zirzəmidən istifadə etmək niyyətində olması, cavabdehin zirzəmidən istifadəsinin onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinə manelər yaratması, zirzəmiyə girişin və binanın sağ künc tərəfindən artırma hissəsinin bağlanaraq həmin hissədən də mülkiyyətində olan qeyri-yaşayış sahəsindən giriş açmaq niyyətinin olması ilə əsaslandırmışdır. Məhkəmə iddia tələbinin cavabdehin zirzəmidən qanunsuz istifadəsinin qadağan edilməsi, onun əşyaları birlikdə ordan çıxarılması tələbi ilə bağlı bildirir ki, sözügedən Gəncə şəhəri, Atatürk prospektində yerləşən 249 nömrəli binanın zirzəmisində ümumi 158,30 kv.m sahə 5 nəfərin mülkiyyətindədir. Həmin sahələrdən 5 kv.m sahə mülkiyyət hüquqları üzrə Cavabdeh məxsusdur. Zirzəminin digər sahələri isə başqa şəxslərin mülkiyyətindədir. Cavabdeh mülkiyyətində olan sahədən qanuni əsaslarla istifadə edir. Sözügedən binanın birinci mərtəbəsində ümumi sahəsi 71.35 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı məxsus olsa da binanın zirzəmi sahəsi ilə bağlı hər hansı bir hüququnun olması müəyyən edilməmişdir. Onun cavabdehin mülkiyyətində olan sahədən istifadəsinin qadağan edilməsi və əşyaları ilə birlikdə çıxarılmasına dair iddiası təmin edilə bilməz. İddia tələbinin binanın zirzəmi hissəsinə açılmış girişin bağlanması ilə bağlı məhkəmə bildirir ki, binanın zirzəmiyə giriş hissəsinə də iddiaçının hər hansı hüququnun olması müəyyən edilməmişdir. Gəncə şəhəri Atatürk prospekti 249 saylı binanın zirzəmisinə gedən 2-ci giriş yolunun (pilləkənın) Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 27 sentyabr 2004cü il tarixli 2-1240/2004 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə açılmaqla istifadəyə verilməsi qət edilmişdir. İddia tələbinin binanın üzü prospektə baxan hissəsinin sağ küncündə yerləşən hissənin cavabdehin zəbtindən azad edilməsi hissəsi ilə bağlı məhkəmə bildirir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, birinci mərtəbəyə bitişik əlavə artırmalar edilmiş, əlavə artırmalar hissələrə bölünmüş və üzəri şüşə qapı ilə əhatə olunmuşdur. Həmin hissələrdən biri də binanın sağ küncündə yerləşən üzərində “Market” yazılan və qarşısında stollar olan hissədir. İddiaçı həmin hissənin cavabdehin zəbtindən azad edilməsini istəyir ki, həmin hissəyə də iddiaçının hər hansı bir hüququnun olması müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Məhkəmə bir daha qeyd edir ki, iddia tələbi cavabdeh tərəfindən iddiaçıya yaradılan hər hansı bir maneənin aradan qaldırılması ilə bağlı deyildir, heç bir hüququ müəyyən edilmədən cavabdehin qanuni əsaslarla mülkiyyətində olan sahədən istifadənin qadağan edilməsi, əşyaları ilə birlikdə çıxarılması, həmçinin mülkiyyətindən istifadə üçün açılmış girişin bağlanması, cavabdehin istifadəsində olan ərazinin zəbtdən azad edilməsi tələbini irəli sürmüşdür ki, bu iddianı qaldırmaqda iddiaçının subyektiv hüququ olmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidr. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidr. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı qanunsuz istifadənin qadağan edilməsi, əmlakdan çıxarılma, qanunsuz açılmış girişin bağlanması və qeyri-yaşayış sahəsinin cavabdehin zəbtindən azad edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar