Məhkəmə qərarları › İş №e-2-2(115)-1195/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1195/2024

23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1195/2024 23.07.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Gəncə Kommersiya Məhkəməsinin hakimi Qələndərzadə Ramiq Ramis oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17 may 2021-ci il tarixli Endirim Kampaniyasında iştirak edilməsi haqqında müqavilə üzrə 942,88 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında 17 may 2021-ci il tarixli Endirim Kampaniyasında iştirak edilməsi haqqında müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci bəndində göstərildiyi kimi bu müqavilə ilə müştərilərin təşkilatçıda apardıqları əməliyyatlarla bağlı təşkilatçı tərəfindən müştərilərə endirim faizlərinin tətbiq edilməsi və bank tərəfindən bu müqavilənin şərtlərinə uyğun olaraq Endirim Kampaniyasının reklamının həyata keçirilməsi üzrə Bank və Təşkilatçıarasında yaranmış münasibətlər tənzimlənir. Müqavilənin 4.2.4-cü bəndinə əsasən Müqavilənin qüvvədə olduğu müddət ərzində Bank kartlarının sahiblərinə bu Müqavilənin 1 saylı Əlavəsində göstərilən miqdarda və bu Müqavilənin 2 saylı Əlavəsində göstərilən qaydalara uyğun endirim təklif edilir. Müqavilənin 1 saylı Əlavəsində endirimin miqdarı cəmi 5 %, endirimləri təqdim edən obyekt kimi isə Xengeland (Mehdi Hüseyn küçəsi 88) göstərilmişdir. Müqavilənin 3.4-cü bəndinə əsasən bankın müştəriləri endirim kampaniyasından yararlanmaq üçün bank kartlarını təşkilatçının müştərilərə xidmət göstərən personalınatəqdim etməklə, müqavilənin şərtlərinə uyğun endirimlər alır. Müqavilənin 3.6cı bəndinə əsasən bank endirim faizini müştərinin xeyrinə nağd pul şəklində hesabladığı hallarda, təşkilatçının müəssisələrində xidmətin tam dəyəri digər bankların post terminalları vasitəsi ilə ödənilərsə, xidmətin tam dəyəri (endirim hissəsi daxil olmaqla) müştərinin (alıcının) bank kartının bağlı olduğu hesabından silinərək təşkilatçının digər bankda olan bank hesabına mədaxiledilir. Endirim məbləğinin müştəriyə çatmalı olan hissəsi bankın hesabından müştərinin bank kartının bağlı olduğu hesabına ödənilir. Endirim faizi nisbətində pul vəsaitinin müştəriyə çatmalı olan hissəsini bank öz hesabından müştəriyə ödədiyi üçün, endirim faizi nisbətində pul vəsaitinin (Müştəriyə çatmalı olan hissəsi də daxil olmaqla) əgər müqavilənin 3.8-ci bəndində nəzərdə tutulmuş qaydada ödənilməsi mümkün deyildirsə, təşkilatçının sərəncamı əsasında onun hesabından bankın müxbir hesabına hər ayın ilk 10 (on) iş günü ərzində bu Müqavilənin 3.7-ci bəndində nəzərdə tutulmuş qaydada ödənilir. Müqavilənin 4.1.4-cü bəndinə əsasən Endirim kampaniyası çərçivəsində təşkilatçının digər banklarda olan pos-terminala bağlı hesabına köçürülmüş endirim faizi nisbətində pul vəsaitinin hər ayın ilk 10 (on) iş günü ərzində Bankın müxbir hesabına köçürülməsini və ya nağd qaydada ödənilməsini Təşkilatçıdan tələb etmək hüququ vardır. Müqavilənin 4.2.12-ci bəndinə əsasən Endirim kampaniyası ilə əlaqədar hesabına daxil olmuş pul vəsaitinin, endirim faizi nisbətində hissəsinin akseptsiz qaydada silinməsini təmin etmək, silinməsinə və aidiyyatı üzrə köçürülməsinə maneəçilik törətməmək, bu məqsədlə vəsaitin Banka köçürülməsi üçün həmin banka əvvəlcədən yazılı razılıq vermək və hər ayın ilk 10 (on) iş günündən gec olmayaraq Banka ödəmək vəzifəsi vardır. Müqavilənin şərtlərinə görə cavabdeh öhdəliyini tam və vaxtında icra etməyi öhdəsinə götürsə də, vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan arayışına əsasən Cavabdeh 17 may 2021-ci il tarixli Endirim Kampaniyasında iştirak edilməsi haqqında müqaviləyə əsasən borcu aşağıdakı səbəblərdən yaranmışdır: Müqavilə şərtlərinə əsasən Kartmane kart müştəriləri Xəngəland obyektdən ödəniş zamanı Rabitəbank ödəniş məbləğinin 5 % qədərini tərəfdaşın adından müştərilərə geri qaytarıb. Daha sonra qaytarılmış bu məbləğ tərəfdaş tərəfindən banka geri ödəniş olunmalı idi. Lakin Tərəfdaş bu məbləği banka geri ödəniş etməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixinə banka olan borcu 942,88 manatdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 12 iyun 2024-cü il tarixli, e-2-2(115)-1195/2024 nömrəli bildirişlər göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən məhkəmə bildirişi xx.xx.2024-cü il tarixdə alınmasına baxmayaraq iddiaçının tələbinə dair etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Endirim Kampaniyasında iştirak edilməsi haqqında müqavilə, borc haqqında arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinin tələblərinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 17 may 2021-ci il tarixli Endirim Kampaniyasında iştirak edilməsi haqqında müqaviləyə əsasən müştərilərin təşkilatçıda apardıqları əməliyyatlarla bağlı təşkilatçı tərəfindən müştərilərə endirim faizlərinin tətbiq edilməsi və bank isə bu müqavilənin şərtlərinə uyğun olaraq Endirim Kampaniyasının reklamının həyata keçirilməsi öhdəsinə götürmüşdür. Müqaviləsi üzrə öhdəliklər iddiaçı tərəfindən tam icra edilmiş, cavabdeh isə öhdəliyini tam və vaxtında icra etməyi öhdəsinə götürsə də, vaxtında və lazımı qaydada icra etməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş müqavilənin 3.6-cı bəndinə əsasən 3 bank endirim faizini müştərinin xeyrinə nağd pul şəklində hesabladığı hallarda, təşkilatçının müəssisələrində xidmətin tam dəyəri digər bankların post terminalları vasitəsi ilə ödənilərsə, xidmətin tam dəyəri (endirim hissəsi daxil olmaqla) müştərinin (alıcının) bank kartının bağlı olduğu hesabından silinərək təşkilatçının digər bankda olan bank hesabına mədaxil edilir. Endirim məbləğinin müştəriyə çatmalı olan hissəsi bankın hesabından müştərinin bank kartının bağlı olduğu hesabına ödənilir. Endirim faizi nisbətində pul vəsaitinin müştəriyə çatmalı olan hissəsini bank öz hesabından müştəriyə ödədiyi üçün, endirim faizi nisbətində pul vəsaitinin (Müştəriyə çatmalı olan hissəsi də daxil olmaqla) əgər müqavilənin 3.8-ci bəndində nəzərdə tutulmuş qaydada ödənilməsi mümkün deyildirsə, təşkilatçının sərəncamı əsasında onun hesabından bankın müxbir hesabına hər ayın ilk 10 (on) iş günü ərzində bu Müqavilənin 3.7-ci bəndində nəzərdə tutulmuş qaydada ödənilir. Həmin müqavilənin 3.7-ci maddəsinə əsasən endirim faiz nisbətində pul vəsaitinin təşkilatçının digər bankdakı bank hesabından banka köçürülməsini təmin etmək üçün hər ayın 10-dək təşkilatçı onun post terminalının olduğu digər bank və bank arasında üzləşmə aktı tərtib edilir . Üzləşmə aktı tərtib edildikdən sonra təşkilatçı 3 gün ərzində, lakin istənilən halda ayın 10-dan gec olmamaq şərtilə vəsaitləri bankın hesabına köçürməlidir. İş materiallarına əlavə olunmuş sübutlarla Cavabdeh 942,88 manat borcunun olduğu təsdiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdеh Cavabdeh 17 may 2021-ci il tarixli Endirim Kampaniyasında iştirak edilməsi haqqında müqavilə üzrə 942,88 manat məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdеh Cavabdeh 17 may 2021-ci il tarixli Endirim Kampaniyasında iştirak edilməsi haqqında müqavilə üzrə 942,88 manat məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar