Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1246/2024 30.09.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” X5 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” X5 Cavabdeh Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” X7 Cavabdeh Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borc 30852,21 manat, faiz borcu 37,88 manat və cərimə borcu 1549,87 manat olmaqla, ümumilikdə 32439,96 manat vəsaitin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu məbləğinin borclunun bank hesabı və digər əmlakları hesabına tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1052 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”na uyğun olaraq, güzəştli kreditlərin sahibkarlıq subyektlərinə çatdırılması məqsədilə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu ilə müvəkkil kredit təşkilatı Cavabdeh Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2021-ci il tarixdə “Müvəkkil kredit təşkilatı vasitəsilə Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair” əməkdaşlıq müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq Kredit İttifaqına Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 9 investisiya layihəsinin maliyyələşdirilməsinə müvafiq sifarişlər əsasında 80000 manat güzəştli kredit ayrılmışdır. Lakin, Kredit İttifaqı tərəfindən Fond qarşısında müqavilə üzrə öhdəlikləri icra edilməmiş və nəticədə xx.xx.2024-cü il tarixə Fond qarşısında qaytarılması tələb olunan vaxtı keçmiş əsas kredit borc 30852,21 manat, faiz borcu 37,88 manat və cərimə borcu 1549,87 manat olmaqla, ümumilikdə 32439,96 manat təşkil etmişdir. Hal-hazırda qanunvericiliyə və müqavilə şərtlərinə uyğun olaraq Fond tərəfindən faiz və cərimələrin hesablanması davam etdirilir. Müqavilənin 3.2.2-ci bəndinə əsasən Kredit İttifaqı Fondun vəsaitindən istifadə üzrə fəaliyyətini, Fondun vəsaitinin sahibkarlıq subyektlərinə verilməsini, verilmiş vəsaitin təyinatı üzrə istifadəsinə nəzarəti, öhdəliklərin müəyyən edilmiş müddətdə və məbləğdə yerinə yetirilməsini Qaydaya və bu Müqaviləyə, habelə qanunvericiliyə uyğun olaraq təmin etməlidir. Qaydanın 3.5-ci və 3.7-ci bəndlərinə əsasən, müvəkkil kredit təşkilatları istifadə etdikləri vəsait üzrə əsas borcu və hesablanmış faizləri Fondla bağladıqları müqaviləyə uyğun olaraq, hər ay üzrə növbəti ayın 3 iş günündən gec olmayaraq Fonda ödəməlidirlər. Müvəkkil kredit təşkilatlarının Fond qarşısında öhdəlikləri onların sahibkarlıq subyektlərinə münasibətindən asılı deyildir. Sahibkarlıq subyektləri tərəfindən güzəştli kreditlər, faizlər və digər öhdəliklər üzrə ödənişlərin həyata keçirilməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatları Fond qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidirlər. Müvəkkil kredit təşkilatları Fond qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün köçürülməyən vəsaitin 0,1 faizi həcmində, lakin 120 gündən çox olmamaq şərtilə cərimə ödəyirlər. Müvəkkil kredit təşkilatları öhdəliklərini icra etmədikdə, Fond öz vəsaitinin qaytarılması üçün tədbirlər görür. Ancaq ayrılmış güzəştli kreditlər üzrə vəsaitlərin geri qaytarılması istiqamətində ödənişlərin həyata keçirilməsində Kredit İttifaqı xx.xx.2024-cü il tarixdən gecikmələrə yol vermiş və nəticədə müqavilə üzrə öhdəliklərini gecikdirdiyi üçün köçürülməyən vəsaitin 0,1 faizi həcmində cərimə hesablanmasına başlanılmışdır. Fondla Kredit İttifaqı arasında xx.xx.2024-cü il tarixdə aparılmış və Kredit İttifaqının rəhbəri tərəfindən imzalanmış və möhürlənmış üzləşmə aktına əsasən borclunun Fond qarşısındakı öhdəlikləri onun tərəfindən hər hansı mübahisələndirmə aparılmadan təsdiq edilmişdir. Fond tərəfindən edilmiş çoxsaylı rəsmi xəbərdarlıqlara baxmayaraq Kredit İttifaqı tərəfindən öhdəliklərin yerinə yetirilməsi təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” X5 nümayəndəsi X3 iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə məlumat verilsə də məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu ilə Cavabdeh Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 24 avqust 2021ci il tarixli müvəkkil kredit təşkilatı vasitəsilə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsindən görünür ki, tərəflər arasında Fondun vəsaiti hesabına güzəştli kreditin verilməsi, uçotun aparılması, təyinatı üzrə istifadəsinin monitorinqi, geri qaytarılması, müvəkkil kredit təşkilatının Fond qarşısında hesabatlılığına dair münasibətləri tənzimləyir. İş materiallarında olan Cavabdeh Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fonduna ünvanladığı 29 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi tərəfindən X1 cəlb edilmiş güzəştli kredit vəsaiti üzrə 2024-cü ilin yanvar tarixinə qalıq borc məbləğinin qarşılıqlı üzləşməsi yoxlanılmış və eynilik təşkil etməsi təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən Cavabdeh Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş güzəştli kredit vəsaitləri üzrə qalıqların 2024-cü ilin 01 yanvar tarixinə qarşılıqlı üzləşməsi aktından görünür ki, Cavabdeh Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 9 nəfər sahibkara ümumilikdə 80000 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətlərindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu ilə Cavabdeh Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 24 avqust 2021-ci il tarixdə müvəkkil kredit təşkilatı vasitəsilə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi bağlanmış, müqavilənin predmetini tərəflər arasında Fondun vəsaiti hesabına güzəştli kreditin verilməsi, uçotun aparılması, təyinatı üzrə istifadəsinin monitorinqi, geri qaytarılması, müvəkkil kredit təşkilatının Fond qarşısında hesabatlılığına dair münasibətləri tənzimlə təşkil etmişdir. Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən Cavabdeh Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi məqsədilə 80000 manat güzəştli kredit ayrılmışdır. İddiaçı əməkdaşlıq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, güzəştli kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə əməkdaşlıq müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, onun iddiaçıya 30852,21 manat əsas borc, 37,88 manat faiz borcu və 1549,87 manat cərimə borcu olmaqla, ümumilikdə 32439,96 manat borcu yaranmışdır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi güzəştli kredit məbləğini, kreditə hesablanmış faizləri və cəriməni cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, əməkdaşlıq müqaviləsi üzrə yaranmış 30852 manat 21 qəpik əsas borc, 37 manat 88 qəpik faiz borcu, 1549 manat 87 qəpik cərimə borcu olmaqla, cəmi 32439 manat 96 qəpik məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində borc məbləğinin borclunun bank hesabı və digər əmlakları hesabına tutulmasını xahiş etmişdir. Halbuki borcun borclunun əmlakı və ya hesabları üzrə ödənilməsi qətnamənin icrası ilə bağlı görülən tədbirlərə aiddir. Ona görə də həmin hissədə iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 187,32 manat dövlət rüsumu ödənmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 187,32 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” X7 ilə Cavabdeh Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 24 avqust 2021-ci il tarixli müvəkkil kredit təşkilatı vasitəsilə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi üzrə yaranmış 30852 manat 21 qəpik əsas borc, 37 manat 88 qəpik faiz borcu, 1549 manat 87 qəpik cərimə borcu olmaqla, cəmi 32439 (otuz iki min dörd yüz otuz doqquz) manat 96 (doxsan altı) qəpik məbləğində pul və ödənilmiş 187 (bir yüz səksən yeddi) manat 32 (otuz iki) qəpik dövlət rüsumu Cavabdeh Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” X6 ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1246/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1246/2024
30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver