Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1307/2024 24.09.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmlakın cavabdehin qanunsuz sahibliyindən geri alınması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı mülkiyyətində olan 1 ədəd MTZ50HK4B modelli, seriya nömrəsi AE**********, Rivakold, COODE 4874, MTZ50NK4, serial nömrəsi 10261615 olan, 1600 litr tutumlu 13654 manat 51 qəpik dəyərində paslanmaz metaldan hazırlanmış “Frigomilk” markalı süd soyutma çəninin və 1 ədəd 300 litr tutumlu 1878 manat dəyərində paslanmaz metaldan hazırlanmış süd saxlama çəninin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanunsuz sahibliyindən alınaraq iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış inək südü məhsulunun alınması barədə xx.xx.2020-ci il tarixli 27 saylı müqavilə əsasında alınan çiy südün keyfiyyətinin qorunub saxlanılması məqsədilə İddiaçı MMC mülkiyyətində olan 1 ədəd MTZ50HK4B modelli, seriya nömrəsi AE**********, Rivakold, COODE 4874, MTZ50NK4, serial nömrəsi 10261615 olan, 1600 litr tutumlu 13654 manat 51 qəpik dəyərində paslanmaz metaldan hazırlanmış “Frigomilk” markalı süd soyutma çəni və 1 ədəd 300 litr tutumlu 1878 manat dəyərində paslanmaz metaldan hazırlanmış süd saxlama çəni olan daşınar əmlakları müqavilənin tərkib hissəsi hesab edilən 3 saylı əlavəyə uyğun olaraq xx.xx.2020-ci il tarixli razılıq protokolu və eyni tarixli təhvil-təslim aktı ilə cavabdeh "xxxx" MMC-yə təhvil verilmişdir. Bununla bağlı müqaviləyə əlavə edilmiş xx.xx.2020-ci il tarixli razılıq protokolunda qeyd edilmişdir ki, müqavilənin 3.5-ci bəndinə uyğun olaraq, malın keyfiyyətli saxlanılmasını təmin etmək məqsədilə müqavilənin müddəti başa çatdığı müddətdə geri qaytarılması şərtilə alıcı İddiaçı MMC tərəfindən mülkiyyətində olan qeyd edilən süd saxlama çənlərini satıcı "xxxx" MMC-yə saz vəziyyətdə təhvil verilmiş və "xxxx" MMC isə müqavilənin 2.5, 2.6, 2.7 və 2.8-ci bəndlərinə uyğun olaraq, qeyd edilən çənlərini ehtiyyatla istifadə etməsini, qorunmasını, sonra işlək vəziyyətdə İddiaçı MMC-yə qaytarmasını öhdəsinə götürmüşdür. Müqavilənin müddətinin bitməsinə və dəfələrlə müraciət edilməsinə və xx.xx.2024-cü il tarixdə pretenziya göndərilməsinə baxmayaraq cavabdeh "xxxx" MMC səbəbini bildirmədən İddiaçı MMC-nin mülkiyyətində olan süd saxlama çənlərini qaytarmaqdan imtina etmişdir. Daha sonra iddiaçı "xxxx" MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin mülkiyyətində olan İtalya istehsalı olan 1 ədəd MTZ50HK4B modelli, seriya nömrəsi AE**********, Rivakold, COODE 4874, MTZ50NK4, serial nömrəsi 10261615 olan, 1600 litr tutumlu 13654 manat 51 qəpik dəyərində paslanmaz metaldan hazırlanmış “Frigomilk” markalı süd soyutma çəninin və 1 ədəd 300 litr tutumlu 1878 manat dəyərində paslanmaz metaldan hazırlanmış süd saxlama çəninin "xxxx" MMC-nin qanunsuz sahibliyindən alınaraq iddiaçıya geri qaytarılması, daşınar əmlakların alınması mümkün olmadıqda əmlakların ümumi dəyərini təşkil edən 15532,51 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 izahat verərək bildirmişdir ki, iddiaçı ilə aralarında müqavilə olmuş, onlara 2 ədəd çən verilmişdir. İddia tələbində qeyd edilən çən hazırda onlardadır. İddiaçı əvvəl onlara təxminən 20000 manat pul borclu olmuş, məhkəmə qətnaməsi ilə həmin pul hazırkı iddiaçıdan tutulmuş və icraya yönəldilmişdir. Hazırda iddiaçının təxminən onlara 5000 manat borcu qalmışdır. Həmin qalan pulu iddiaçı onlara ödəmədiyi üçün çən iddiaçıya qaytarılmamışdır. Qeyd edilən borc pulu iddiaçı onlara ödədikləri halda çən onlara qaytarılacaqdır. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 29 sentyabr 2020-ci il tarixli 27 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı MMC istehsal etdiyi inək südü məhsulunu alıcıya satmağı və alıcı ilə "xxxx" MMC isə alınan malların dəyərini bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavədə qiymətin razılşadırma protokoluna uyğun qiymətə əsasən satıcıya ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən satıcı müqavilənin 3.5-ci bəndi üzrə əlavə 3-də göstərilən ona müvəqqəti istifadəyə verilən mal materialların təhvil alınmasını, səmərəli istifadəsini, qorunmasını, müqavilə başa çatdığı müddətdə işlək vəziyyətdə təhvil verilməsini öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.6-cı bəndinə əsasən satıcı müqavilənin 3.5-ci bəndi üzrə əlavə 3də göstərilən ona müvəqqəti istifadəyə verilən mal və materialların istifadəsinə görə icarə haqqı ödəmir. Lakin alıcı süd tələb edən zaman satıcı süd verməkdən imtina edərsə, o zaman avadanlıqlar satıcıda qaldığı müddətdə, istifadə etdiyi avadanlıq və mal-materiallara görə satıcı alıcıya icarə haqqı ödəyir. İş materiallarında olan 29 sentyabr 2020-ci il tarixli 27 saylı alqı-satqı müqaviləsinə 3 nömrəli əlavədən və 29 sentyabr 2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, 1 ədəd MTZ50HK4B modelli, seriya nömrəsi AE**********, Rivakold, COODE 4874, MTZ50NK4, serial nömrəsi 10261615 olan, 1600 litr tutumlu paslanmaz metaldan hazırlanmış “Frigomilk” markalı süd soyutma çəni və 1 ədəd 300 litr tutumlu paslanmaz metaldan hazırlanmış süd saxlama çəni olan daşınar əmlaklar alıcı İddiaçı MMC tərəfindən satıcı "xxxx" MMC-yə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2010-cu il tarixli proforma fakturadan görünür ki, 250 lt olan elekli süt alım kazanı üçün ədədinin qiyməti 1000 EURO təşkil edir. İş materiallarında olan xx.xx.2010-cu il tarixli proforma invoyusdan görünür ki, “Frigomilk” G10 1600 2 MT üçün ədədinin qiyməti 7270 EURO təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə əmlakın qaytarılması ilə bağlı xəbərdar edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 29 sentyabr 2020-ci il tarixli 27 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı MMC istehsal etdiyi məhsulu alıcıya satmağı və alıcı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə alınan malların dəyərini bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavədə qiymətin razılşadırma protokoluna uyğun qiymətə əsasən satıcıya ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.5-ci bəndinə uyğun olaraq, 29 sentyabr 2020-ci il tarixli paslanmaz tutumların verilməsi haqqında razılıq protokolu və təhvil-təslim aktına əsasən malın keyfiyyətli saxlanılmasını təmin etmək məqsədilə müqavilənin müddəti başa çatdığı müddətdə geri qaytarılması şərtilə alıcı İddiaçı MMC tərəfindən mülkiyyətində olan süd saxlama çənləri satıcı "xxxx" MMC-yə saz vəziyyətdə təhvil verilmiş və "xxxx" MMC isə qeyd edilən çənləri ehtiyyatla istifadə etməsini, qorunmasını, sonra işlək vəziyyətdə İddiaçı MMC-yə qaytarmasını öhdəsinə götürmüşdür. İddiaçı müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, süd soyutma və süd saxlama çənlərini cavabdehin istifadəsinə vermiş, lakin tərəflər arasında alqı-satqı müqaviləsinin müddəti başa çatsa da cavabdehin istifadəsinə verilmiş əmlaklar iddiaçıya qaytarılmamışdır. Ona görə də iddia təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 1 ədəd süd soyutma çəni və 1 ədəd süd saxlama çəni, mövcud olmadıqda hər iki əmlakın dəyəri olan 15532 manat 51 qəpik pul alınaraq İddiaçı MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 1 ədəd MTZ50HK4B modelli, seriya nömrəsi AE**********, RİVAKOLD, COODE 4874, MTZ50NK4, serial nömrəsi 10261615 olan, 1600 litr tutumlu 13654 manat 51 qəpik dəyərində paslanmaz metaldan hazırlanmış “FRİGOMİLK” markalı süd soyutma çəni və 1 ədəd 300 litr tutumlu 1878 manat dəyərində paslanmaz metaldan hazırlanmış süd saxlama çəni, mövcud olmadıqda hər iki əmlakın dəyəri olan 15532 (on beş min beş yüz otuz iki) manat 51 (əlli bir) qəpik pul alınaraq İddiaçınə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1307/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1307/2024
24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver