Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1431/2025 05.01.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Cavabdeh və onun nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 99900 manat və ödənilmiş 389,70 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023cü il tarixli DT070323 nömrəli distribyutorla xidmət müqaviləsi bağlanmışdır. Adıçəkilən müqavilənin 1.1-ci bəndinə əsasən satıcı, yəni İddiaçı MMC istehsal, idxal və ya digər formada ticarət predmeti olan məhsulların distribyutora çatdırılmasını (təhvil verilməsini) öz üzərinə götürür. Distribyutor isə həmin malı qəbul edib əvəzində müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada haqqını ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.4.1 ci bəndinə əsasən distribyutor sifarişlərin lazımi qaydada təsdiq etmək, malı qəbul edib əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş müddət ərzində haqqını tam ödəməyi öz üzərinə vəzifə olaraq qoyulmuşdur. Müqavilənin 3.1-ci bəndinə əsasən malın satış qiyməti satıcı tərəfindən vahid qiymət üzrə təyin edilir. Malın qiymətinə bütün xərclər (daşınma və.s) daxildir. Distribyutor satıcıya çatdırılmış (təhvil verilmiş) malın dəyərini satıcının hesabına nəğd və ya köçürmə yolu ilə ödəməklə həyata keçirilir. Ödənişlər malın çatdırıldığı (təhvil verildiyi) gündən etibarən növbəti ayın 10 dan gec olmayaraq 30 təqvim günü ərzində ödənilməlidir. Bundan başqa Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2023-cü il tarixli MB070323 saylı mövcud borcun etirafı və öhdəliyin öz üzərinə götürmək haqqında müqavilə bağlanmışdır. Adıçəkilən müqavilənin 1-ci bəndinə əsasən borclu etiraf edir ki, tələbkar və borclu arasında bağlanmış xx.xx.2023-cü il tarixli DT070323 nömrəli distribyutorla xidmət müqaviləsinə əsasən borclunun tələbkar qarşısında hazırkı tarixə 99900 manat məbləğində ümumi borcu yaranmışdır. Qeyd edilən müqavilənin 2-ci bəndinə əsasən borclu öz öhdəsinə götürür ki, mövcud borcun tam məbləğini bu müqavilənin 3-cü bəndi ilə müəyyən olunmuş qaydada ödəyəcəkdir və hazırkı müqavilə müddəti ərzində götürülmüş öhdəliklərin yerinə yetirilməsinə bütün gücünü sərf edəcəkdir. Müqavilənin 3.1-ci bəndinə əsasən borclu tələbkara olan ümumi borc məbləğini hər ay üçün minimum 5550 manat məbləğində olmaqla 18 ay müddətinə tam ödəyəcəkdir. Müqavilənin 3.2-ci bəndinə əsasən borc məbləği müqavilənin qüvvəyə mindiyi andan etibarən hər təqvim ayının 15-dən gec olmamaq şərti ilə müqavilənin tərkib hissəsi olan 1 saylı əlavədə qeyd olunmuş tarixlərdə müntəzəm olaraq ödənilir. Göründüyü kimi yuxarıda sadalanan müqavilələr ilə cavabdehin üzərinə bir sıra öhdəliklər qoyulmuşdur. Lakin həmin öhdəliklər bu günə kimi cavabdeh tərəfindən icra edilməmişdir. Yəni cavabdeh tərəfindən almış mallar üzrə iddiaçıya hər hansı pul ödənişi edilməmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə iddia ərizəsinə etirazla müraciət edərək bildirmişdir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 18 mart 2022-ci ildə Mülki Məcələnin 340.2-ci maddəsinin şərh edilməsinə dair qərar qəbul edib. Həmin qərarda əsas məqamlar aşağıdakılardır: Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Məhkəmələr əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakımünasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Həmçinin həmin qərarda qeyd edilib ki, məhkəmələr tərəfindən işlərə baxılarkən o da nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcələsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsdəli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcələnin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: 1) - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; 2) - gizli bağlanan əqd və ya pərdələnən əqd tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; 3)- yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Hazırkı iş materiaları ilə iddiaçının iradə ifadəsinin olmadığı əqdlərə istinad edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehin tələbi əsassızdır, rədd edilməlidir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, üzləşmə aktında yazılan tarixdən sonra "xxxx" vasitəsi ilə öz adından İddiaçı MMC-nin hesabına ödəniş etmiş, etdiyi ödənişlər borc məbləğindən çox olmuşdur. Həmçinin iddiaçı ilə işləyən vaxt ona idarə edilməsi üçün Ford markalı nəqliyyat vasitəsi verilmiş, həmin nəqliyyat vasitəsinə görə 22000 manat məbləğ hesablanmış, qeyd edilən məbləğ də ona borc olaraq hesablanmışdır. Sonra isə həmin nəqliyyat vasitəsi ondan götürülmüşdür. Nəqliyyat vasitəsinə hesablanan məbləğ müqavilədə göstərilməsə də 99000 manat pulun içinə daxildir. Lakin həmin müqavilədə qeyd edilən məbləğ də onun boynunda qalmışdır. O borcun etirafı haqqında müqavilədə göstərilən tarixdən sonra iddiaçıdan mal almamışdır. Cavabdeh həmçinin izahatında göstərdi ki, İddiaçı MMC şirkət kimi əvvəl Gəncə şəhərində fəaliyyət göstərmiş, bir aydan sonra isə burdakı fəaliyyətlərini dayandırmışlar. Şirkət ona bildirmişdir ki, malları ona aşağı qiymətə verəcək, o da bununla razılaşmış, hesab etmişdir ki, malları satıb işçilərin maşını da verəcək, maşınların icarə haqqlarını da. Anbarı isə o icarəyə götürmüş, lakin icarə müqaviləsi olmamışdır. İşçilər bir ay İddiaçı MMC-nin rəsmi işçiləri olmuşdur, ondan sonra qeyri-rəsmi işləmişlər. Şahid2 onlarda satış təmsilçisi, Elşən Salmanov malları təhvil verən şəxs olmuşdur. Şahid3, Azad Musayev onlarla alqı-satqı etmiş, onlara da mal verilmişdir. Müqavilə İddiaçı MMC ilə müştərilərin arasında bağlanmış, malları isə o müştərilərə vermiş, müştərilər də pulu olduqları yerdən ödəmişlər. Müştərilərlə o işlədiyinə görə malları o vermişdir. O iddiaçıya qeyd ediləndən artıq məbləğdə ödəniş etmişdir. Məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 etiraza uyğun izahat verərək göstərdi ki, borcun etirafi müqaviləsi qurma bir müqavilədir, bu müqaviləni mal verdikləri hər kəslə bağlamışlar. Bu müqavilə yalançı bir müqavilədir, bu müqaviləni mal vermək məqsədi ilə əvvəlcədən bağlamışlar. İddiaçı qeyd edir ki, cavabdeh borcun etirafı barədə sənədə imza çəkdikdən sonra heç bir ödəniş etməmişdir. Bankdan gələn sənəd təsdiq edir ki, iddiaçının göstərdikləri düzgün deyil. Həmçinin iddiaçıya ödənişləri cavabdehin tapşırığı ilə başqa şəxslər də etmişdir. İddia tələbi əsassızdır, iddiaçının istinad etdiyi müqavilə etibarsız bir müqavilədir, bu müqavilə tərəflərin iradə ifadəsini özündə əks etdirmir, iddia tələbinin rədd edilməsini barədə qətnamə qəbul edilməsini xahiş edir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 ifadəsində göstərdi ki, işlədikləri vaxt İddiaçı MMC-ni Cavabdeh təmsil edirdi, ondan mal almışdır və ödənişini etmişdir. İddiaçı MMC ilə spirtli içki almaq üçün müqaviləni təxminən 2023-cü ildən əvvəl bağlamışlar. Bu işləri mühasib aparmışdır. Ödənişləri İddiaçı MMC ilə bağladıqları müqavilə əsasında spirtli içkilərə görə ödəmişlər. İşləri onun əvəzinə qardaşı apardığı üçün tam məlumatlı deyildir. Malları o deyil, qardaşı Həsən qəbul etmişdir. Təhvil-təslim aktına qardaşı Həsən imza çəkmişdir. Hesab nömrəsini o vaxtlar deyəsən Cavabdeh vermişdi. Ödənişləri bankdan köçürmə yolu ilə çox vaxt o etmişdir. Cavabdeh malları satan zaman onların obyektinə gəlmişdir. İddiaçı MMCnin məhsullarının hamısını Orxandan almışlar. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərdi ki, o Azad Musayevin oğludur, “Milli Market”də o icraçı direktor işləyir. Atası yaşlı olduğu üçün məhkəməyə gələ bilməmişdir. VÖEN X1 adınadır, elektron sistemdə onu işə götürən olaraq o qeyd edilmişdir. Cavabdeh 13-14 ildir ki tanıyır, onların mağazasına yaxınlaşıb İddiaçı MMCnin mallarını təqdim etmişdi, onda onu tanıdığı, etibar etdiyi üçün onunla işləməyə razılaşmışdır. Birinci şifahi razılaşmışlar, sonra da müqavilə bağlamışlar. Müqaviləni bağlamağı o özü təklif etmişdi ki, o ancaq rəsmi işləyir. Müqaviləni İddiaçı MMC Bakıdan hazırlayıb göndərmişdir. İddiaçı MMC ilə 2023-cü ildə müqavilə bağlamışdırlar, onların tərəfdən müqaviləyə o imza çəkmişdir. Müqaviləyə əsasən İddiaçı MMC-dən spirtli içkilər alırdılar. Cavabdeh onlar malı rəsmi qaydada alırdılar, malları öz maşınları ilə həmişə 2 nəfər gətirirdilər. Malları qaimə-faktura əsasında anbardarları təhvil alırdı. Malları ona Orxan göndərirdi. 16400 manatlıq mal almışdılar və rəsmi qayda da ödənişlərini etmişdirlər. Ödənişləri elektron qaimə əsasında edirdilər. Elektron qaimələri onlara İddiaçı MMC göndərirdi. Mallar İddiaçı MMC-yə məxsus olduğu üçün ödənişləri onun hesabına edirdilər. Onlara malları sürücülər İddiaçı MMC-nin Orxana verdiyi malların olduğu anbardan gətirirdilər. Malları Orxandan gəldiyini təsdiq edən sənəd onlarda yoxdur. Malları onlara Samir adlı şəxs verirdi, pulun ödənilməsini də o gəlib xahiş edirdi. Elə olurdu Orxan özü zəng etdiyindən ödənişi edirdi. O İddiaçı MMC-dən heç kəsi tanımır, o Orxanı tanımışdır. Malları onlara təhvil verən də Orxanın işçiləri olmuşdur. İşçilər özü deyirdi ki, onların müdiri Orxandır. İddiaçı MMC-nin onlara qarşı hər hansı iddia tələbi olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərdi ki, İddiaçı MMC ilə əmək müqaviləsi olmuş, vəzifəsi satış təmsilçisi idi. İddiaçı MMC-nin sistemində bir ay rəsmi işçi olmuşdur. O, Orxan müəllimin işçisi olmuşdur, 2021-2022-ci ildən 2023-cü ilin axırlarına kimi işləmişdir. İl yarımdan artıqdır ki, işdən çıxmışdır. İşlədikləri müddətdə müştərilərə mallar vermişlər. Mallar Bakıdan gəlmış, onların Gəncədəki anbarına yığılmış, müştərilərin sifarişi əsasında malları aparıb vermişlər. Müqavilələri olanlara müqavilə əsasında, olmayanlara da müqaviləsiz malları vermişlər. Apardığı malları İddiaçı MMC-yə məxsus blanklar müşaiət edirdi. Təhvil verəndə həmin blankalara imza çəkdirirdilər. Elektron qaiməni Bakıdan İddiaçı MMC özü göndərirdi. Ödənişlər İddiaçı MMC-nin hesabına edilirdi. Cavabdeh mallar İddiaçı MMC-dən gəlirdi. Anbara gələn maldan aparıb müştərilərə verirdilər. Cavabdeh onların müdiri idi. Anbardarları Elyar malları qəbul edirdi. Birdəfəyə nə qədər mal gəldiyini anbardar bilirdi. O mağazalara daxil olub müştərilərdən sifariş alırdı, gəlib ofisdə yazırdı, sürücülər Ford maşınları ilə aparıb çatdırırdılar. Malları sürücü aparıb verirdi. Onun işi mallara müştəri tapmaq, malları satmaq idi. Aradabir özü də mal aparıb müştəriyə təhvil vermişdir. Mallar İddiaçı MMC-dən gəlirdi. Anbara gələn mallar İddiaçı MMC-nin malları idi. Malların Cavabdeh satılması barədə məlumatı yoxdur. Anbara nəzarəti Orxan edirdi. İşçiləri Orxan təyin edirdi. İddiaçı MMC Orxanı rəhbər təyin etdiyi üçün mallar ora gəlirdi. Orxanı İddiaçı MMC-nin təyin etdiyi rəhbər kimi tanıyırdılar. İddiaçı MMC-nin mallarını ancaq Orxandan götürmüşlər. Rafael topdana, Cəsur marketə və çox mağazaya mal vermişdirlər. Orxandan 100000 manat ətrafı mal satmışdırlar. Malları aparanda, satanda Orxanla əlaqə saxlayırdılar. Onun maaşını Orxan müəllim əlbəəl vermişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid4 ifadəsində göstərdi ki, bir ay rəsmi müqaviləsi olmuş, sonradan əmək müqaviləsi olmadan çalışmış, həm sürücü, həm də fəhlə kimi işləmişdir. Sürücü olaraq Orxan müəllimlə işləmiş, rəsmi əmək müqavilsi olmamış, Ford maşınını sürmüşdür. Həmin maşını icarəyə götürmüşdülər. Anbarı Orxan müəllim tutmuş, mallar Bakıdan gəlmiş, malları anbardarıları təhvil almışdır. Elə ay olmuşdur ki, Bakıdan 2 dəfə mal gəlmişdir. Bakıdan malları Orxan müəllimə göndərirdilər. Nəzarəti, Bakı ilə danışıqları Orxan müəllim edirdi. Malları gəlib anbardan götürmüşdür. Mal onlara ambardan qaimələr əsasında təhvil verilmişdir. Anbara yığılan malı Orxan müəllimin malı kimi tanıyırıdılar. Onlara göstərişi Orxan müəllim verirdi. Malı Ford maşını ilə aparırdılar, həmin maşın təxminən bir ton mal tuturdu. Elə olurdu 300 manatlıq, ele olurdu 1000 manatlıq mal aparırdılar. Ümumilikdə cəmi nə qədər mal təhvil verdiklərini bilmir. Ən çox Şəmkirə Həsən topdana mal aparmışdırlar. Bundan əlavə Şəmkirdə El topdana da mal aparırdılar. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 03 iyul 2023-cü il tarixli DT070323 saylı distribyutorla xidmət müqaviləsindən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən satıcı yəni İddiaçı MMC istehsal, idxal və ya digər formada ticarət predmeti olan məhsulların distribyutora çatdırılmasını öz üzərinə götürür. Distribyutor isə həmin malı qəbul edib əvəzində müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada haqqını ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.4.1 ci bəndinə əsasən distribyutor sifarişlərin lazımi qaydada təsdiq etmək, malı qəbul edib əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş müddət ərzində haqqını tam ödəməyi öz üzərinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən malın satış qiyməti satıcı tərəfindən vahid qiymət üzrə təyin edilir. Malın qiymətinə bütün xərclər (daşınma və.s) daxildir. Distribyutor satıcıya çatdırılmış malın dəyərini satıcının hesabına nəğd və ya köçürmə yolu ilə ödəməklə həyata keçirilir. Ödənişlər malın çatdırıldığı (təhvil verildiyi) gündən etibarən növbəti ayın 10 dan gec olmayaraq 30 təqvim günü ərzində ödənilməlidir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MB070323 saylı mövcud borcun etirafı və öhdəliyin öz üzərinə götürmək haqqında müqavilədən görünür ki, borclu etiraf edir ki, tələbkar və borclu arasında bağlanmış xx.xx.2023-cü il tarixli, DT070323 nömrəli distribyutorla xidmət müqaviləsinə əsasən borclunun tələbkar qarşısında hazırkı tarixə 99900 manat məbləğində ümumi borcu yaranmışdır. Həmin müqavilənin 2-ci bəndinə əsasən borclu öz öhdəsinə götürür ki, mövcud borcun tam məbləğini bu müqavilənin 3-cü bəndi ilə müəyyən olunmuş qaydada ödəyəcəkdir və hazırkı müqavilə müddəti ərzində götürülmüş öhdəliklərin yerinə yetirilməsinə bütün gücünü sərf edəcəkdir. Müqavilənin 3.1-ci bəndinə əsasən borclu tələbkara olan ümumi borc məbləğini hər ay üçün minimum 5550 manat məbləğində olmaqla 18 ay müddətinə tam ödəyəcəkdir. Müqavilənin 3.2-ci bəndinə əsasən borc məbləği müqavilənin qüvvəyə mindiyi andan etibarən hər təqvim ayının 15-dən gec olmamaq şərti ilə müqavilənin tərkib hissəsi olan 1 saylı əlavədə qeyd olunmuş tarixlərdə müntəzəm olaraq ödənilir. İş materiallarında olan mövcud borcun etirafı və öhdəliyin öz üzərinə götürmək haqqında xx.xx.2023-cü il tarixli, MB070323 saylı müqaviləyə 01 saylı əlavədən görünür ki, hər təqvim ayının 15-dən gec olmamaq şərti ilə qeyd olunmuş tarixlərdə müntəzəm olaraq ödənilir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 2025/204/33447 saylı məktubundan və hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci ilədək "xxxx" ASC vasitəsilə İddiaçı MMC-nin hesabına 41769 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 03 iyul 2023-cü il tarixdə bağlanmış distribyutorla xidmət müqaviləsinə əsasən İddiaçı MMC malları Cavabdeh çatdırılmasını, Cavabdeh isə həmin malı qəbul edib əvəzində müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin tərəflər arasında mövcud borcun etirafı və öhdəliyin öz üzərinə götürmək haqqında müqavilə bağlanmış, Cavabdeh həmin tarixə 99900 manat borcu yarandığını, ümumi borc məbləğini hər ay üçün minimum 5550 manat məbləğində olmaqla 18 ay müddətinə tam ödəyəcəyini öhdəsinə götürmüşdür. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci ilədək "xxxx" ASC vasitəsilə İddiaçı MMC-nin hesabına 41769 manat ödəniş etmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, cavabdeh tərəf tərəflər arasında bağlanmış müqavilələrin etibarsız olmasını bildirmiş, tərəflərin həqiqi iradələrini ifadə etməyən bir müqavilələr olmasını bildirmişlər. Məhkəmə bildirir ki, istər distribyutorla xidmət müqaviləsi, istərsə də mövcud borcun etirafı və öhdəliyin öz üzərinə götürmək haqqında müqaviləsinin etibarsızlığına dəlalət edən hər hansi bir hal müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə bildirir ki, iddiaçı iddia tələbində cavabdehdən 99900 manat borcun tutulmasını xahiş etsə də cavabdeh müqavilələr bağlandığı tarixdən sonra iddiaçının hesabına 41769 manat ödəniş etmişdir. Odur ki, 99900 manat borcdan ödənilmiş 41769 manat pul çıxılmaqla 58131 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının ona verdiyi mallardan başqa şəxslərə mal verdiyini, həmin şəxslərin də iddiaçıya ödəniş etdiyini bildirmişdir. Bununla bağlı məhkəmə bildirir ki, digər şəxslərə məhz cavabdehə verilmiş 99900 manat məbləğində maldan satılması öz təsdiqni tapmır. Dindirilmiş şahidlər də malları iddiaçı təşkilatla bağladıqları müqavilə əsasında malları müşaiət edən qaimə-faktura üzrə aldıqlarını, müqavilə əsasında iddiaçı təşkilat tərəfindən göndərilmiş elektron qaimələr əsasında həmin təşkilata ödəmələr apardıqlarını bildirmişlər. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqavilələrdən isə görünür ki, alınmış malın dəyərinin məhz Cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilməsi nəzərdə tutulmuşdur. Həmçinin cavabdeh iddiaçı tərəfindən ona nəqliyyat vasitəsi verildiyini, həmin nəqliyyat vasitəsinin dəyərinin də borca daxil edildiyini, sonradan isə nəqliyyat vasitəsinin iddiaçı tərəfindən geri qaytarıldığını bildirsə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 389,70 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 264,39 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 03 iyul 2023-cü il tarixli distribyutorla xidmət müqaviləsinə əsasən 58131 (əlli səkkiz min yüz otuz bir) manat borc və 264 (iki yüz altmış dörd) manat 39 (otuz doqquz) qəpik dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1431/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1431/2025
05.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver