Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1442/2025 09.10.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X1 qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 138153 manat məbləğində borcun və ödənilmiş 428 manat 15 qəpik dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, DT070323 №-li distribyutorla xidmət müqaviləsi bağlanmışdır. Adıçəkilən müqavilənin 1.1-ci bəndinə əsasən satıcı yəni İddiaçı MMC istehsal, idxal və ya digər formada ticarət predmeti olan məhsulların (bundan sonra “Mal” adlandırılacaq) distribyutora çatdırılmasını (təhvil verilməsini) öz üzərinə götürür. Distribyutor isə həmin malı qəbul edib əvəzində müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada haqqını ödəməyi öhdəsinə götürür. Bundan başqa Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2023-cü il tarixli, MB070323 saylı mövcud borcun etirafı və öhdəliyin öz üzərinə götürmək haqqında müqavilə bağlanmışdır. Adıçəkilən müqavilənin 1-ci bəndinə əsasən borclu etiraf edir ki, tələbkar və borclu arasında bağlanmış xx.xx.2023-cü il tarixli, DT070323 №-li distribyutorla xidmət müqaviləsinə əsasən borclunun tələbkar qarşısında hazırkı tarixə 99900 manat məbləğində ümumi borcu yaranmışdır. Qeyd edilən müqavilənin 2-ci bəndinə əsasən borclu öz öhdəsinə götürür ki, mövcud borcun tam məbləğini bu Müqavilənin 3-cü bəndi ilə müəyyən olunmuş qaydada ödəyəcəkdir və hazırkı müqavilə müddəti ərzində götürülmüş öhdəliklərin yerinə yetirilməsinə bütün gücünü sərf edəcəkdir. Müqavilənin 3.1-ci bəndinə əsasən borclu tələbkara olan ümumi borc məbləğini hər ay üçün minimum 5550 manat məbləğində olmaqla 18 ay müddətinə tam ödəyəcəkdir. Göründüyü kimi yuxarıda sadalanan müqavilələr ilə cavabdehin üzərinə bir sıra öhdəliklər qoyulmuşdur. Lakin həmin öhdəliklər bu günə kimi cavabdeh tərəfindən icra edilməmişdir. Yəni cavabdeh tərəfindən alınmış mallar üzrə onlara hər hansı pul ödənişi edilməmişdir. Yuxarıda qeyd edilən hallarla bağlı iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilsə də cavabdeh tərəfindən pretenziya məktubuna heç bir cavab verilməmişdir. Bu səbəbdən də iddiaçı hazıkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə vəsatət göndərərək bildirmişdir ki, cavabdehə xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə qədər ümumi dəyəri 184093 manat məbləğində mal satılmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş ödəniş qəbzlərində təkcə VİP Standart MMC-yə aid olan ödənişlər üzrə ümumilikdə 167721 manat olmaqla xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixədək ödəniş edildiyi göstərilmişdir. Hazırkı ərizəyə əlavə edilmiş elektron qaimə-fakturalardan başqa Cavabdeh MMC-dən təhvil aldığı lakin ödənişi həyata keçirmədiyi digər qaimə-fakturalar da mövcuddur. Bununla bağlı sübutlar da məhkəməyə təqdim olunacaq. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada ərizə göndərərək, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini, işə onların iştirakı olmadan baxılmasını, iddianı müdafiə etdiklərini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Həmçinin ərizədə qeyd etmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, təqdim edilmi sənədlər İddiaçı MMC-yə edilmiş ödənişləri özündə əks etdirmir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı MMC-nin işçisi olmuşdur, ancaq rəsmi əmək müqaviləsi bağlamamışdır. Şirkətlə 6 il əməkdaşlıq edib, Qarabağ bölgəsi üzrə filial müdiri olmuşdur. Həmişə maaşını qeyri-rəsmi qaydada almışdır. Şirkət həmin vaxt işləri yaxşılaşdırmaq məqsədi ilə kredit götürmək istəyirdi. Şirkət rəhbəri onlara bildirmişdir ki, bu sənədləri imzalamaq lazımdır ki, dövriyyələrini yüksək göstərələr. Həmin vaxt bütün filialların rəhbərlərini mövcud borcun etirafı barədə sənəd imzalatdılar. İddiaçı tərəfin dediyindən belə başa düşülür ki, onlar ona bir dəfə 138000 manat dəyərində mal veriblər və o borcu qaytarmamışdır, ancaq belə deyil. Onların hesabına pul köçürdüyünü təsdiq edən sənədlər var. Məntiqə sığmır ki, onun 138 000 manat borcu olsun, ancaq əlində yarım milyonluq qəbz olsun, deməli, əlavə mallar da götürmüşdür ki, onlara pul ödəmişdir.Onun iddiaçıya heç bir borcu yoxdur. İddiaçının ona 28000 manat borcu vardır. 3 iyul 2023-cü il tarixə qədər milyonlarla ödəniş etmişdir. İddiaçı MMC-nin hesabına 160000 manatdan yuxarı ödəniş etmişdir. Təqdim etdiyi ödəniş qəbzləri arasında ayrı-ayrı şəxslərin hesabına köçürülmüş məbləğlər də var. Sözügedən şəxslər şirkətin işçiləridir. Şirkət rəhbəri Məhəmməd müəllimin göstərişi ilə həmin şəxslərin kart hesablarına ödənişlər etmişdir. Qəbzdənlərdən görünür ki, Səfərov Bəşirin hesabına da ödənişlər etmişdir. Səfərov Bəşir də həmin şirkətdə işləyirdi. Şirkət rəhbəri olaraq müqavilədə Həsənov Orxan qeyd olunub, çünki şirkətin ən az 6-7 rəhbəri olub. Hansısa problem yarananda müdir dəyişirdi. Ancaq şirkətin sahibi Məhəmməd adlı şəxsdir. Şirkətdən onlara maşınlar verilmişdi. 3 illik lizinq müqaviləsi bağlanmışdır. 2 ilini ödəyəndən sonra maşınları əllərdindən aldılar. Şirkətin vəziyyətini Məhəmməd müəllim onlara bildirdi ki, ya müəyyən məbləğdə ödəniş edin avtomobillər sizə qalsın, ya da avtomobilləri qaytarın. Hazırda iddiaçı tərəf yenidən birlikdə işləməyi təklif etsə də, o bunu qəbul etməmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq iddia tələbi ilə razı deyildir, ona görə də iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, DT070323 №-li distribyutorla xidmət müqaviləsindən görünür ki, satıcı yəni İddiaçı MMC istehsal, idxal və ya digər formada ticarət predmeti olan məhsulların distribyutora çatdırılmasını (təhvil verilməsini), distribyutor isə həmin malı qəbul edib əvəzində müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən malın satış qiyməti satıcı tərəfindən vahid qiymət üzrə təyin edilir. Mal(lar)ın qiymətinə bütün xərclər (daşıma və s.) daxildir. Distribyutor satıcıya çatdırılmış(təhvil verilmiş) mal(lar)ın dəyərini satıcının hesabına nəğd və ya köçrülmə yolu ilə ödəməklə həyata keçirilir. Ödənişlər mal(lar)ın çatdırıldığı(təhvil verildiyi) gündən etibarən növbəti ayın 10(on)-dan gec olmayaraq 30 (otuz) təqvim günü ərzində ödənilməlidir. Nağd ödənişlər yalnız satıcının səlahiyyətli nümayəndəsindən mədaxil qəbzi (təhsilat) almaqla ödənilir. Bu qaydanın distibyutor tərəfindən pozulması nəticəsində yaranmış mübahisəyə görə məsuliyyəti distibyutor daşıyır. Mal(lar)ın dəyəri bu Müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada satıcıya ödənilmədikdə, hər gecikdirilmiş gün üçün satıcıya olan qalıq borcunun 0.5%-i həddində cərimə ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan İddiaçı MMC və Cavabdeh tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli MB070323 nömrəli mövcud borcun etirafı və öhdəliyi öz üzərinə götürmək haqqında müqavildən görünür ki, borclu etiraf edir ki, tələbkar və borclu arasında bağlanmış xx.xx.2023-cü il tarixli DT070323 saylı distribyutorla xidmət müqaviləsinə əsasən borclunun tələbkar qarşısında hazırkı tarixə 138153 manat məbləğində ümumi borcu yaranmışdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən borclu tələbkara olan ümumi borc məbləğinin hər ay üçün minimum 7675 manat məbləğində olmaqla 8 ay müddətinə tam ödəyəcəkdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli EBCİ 729989 nömrəli elektron qaiməfakturaya əsasən 21407 manat 99 qəpik, xx.xx.2022-ci il tarixli 030739 nömrəli elektron qaimə-fakturaya əsasən 24876 manat, xx.xx.2022-ci il tarixli EBCK 501721 nömrəli elektron qaimə-fakturaya əsasən 35468 manat 07 qəpik, xx.xx.2022-ci il tarixli EBCL 148706 nömrəli elektron qaimə-fakturaya əsasən 26548 manat 66 qəpik, xx.xx.2022-ci il tarixli EBCL 637209 nömrəli elektron qaimə-fakturaya əsasən 25883 manat 98 qəpik, xx.xx.2023-cü il tarixli EBCN 260197 nömrəli elektron qaimə-fakturaya əsasən 49907 manat 78 qəpik olmaqla, cəmi 184092 manat 48 qəpik məbləğində mal İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 15747 nömrəli qəbzə əsasən 7000 manat, xx.xx.2023-cü il tarixli 15 nömrəli qəbzə əsasən 2814 manat, xx.xx.2023-cü il tarixli 20199 nömrəli qəbzə əsasən 5000 manat, xx.xx.2023-cü il tarixli 2702 nömrəli qəbzə əsasən 7000 manat, xx.xx.2023-cü il tarixli 29925 nömrəli qəbzə əsasən 2815 manat, xx.xx.2023-cü il tarixli 12204 nömrəli qəbzə əsasən 5000 manat, xx.xx.2023-cü il tarixli 23332 nömrəli qəbzə əsasən 4000 manat, xx.xx.2023-cü il tarixli 16145 nömrəli qəbzə əsasən 3594 manat, xx.xx.2023-cü il tarixli 2955 nömrəli qəbzə əsasən 5000 manat, xx.xx.2023-cü il tarixli 27612 nömrəli qəbzə əsasən 2814 manat, xx.xx.2023-cü il tarixli 1360 nömrəli qəbzə əsasən 2815 manat, xx.xx.2023-cü il tarixli 27857 nömrəli qəbzə əsasən 175 manat, xx.xx.2023-cü il tarixli 8292 nömrəli qəbzə əsasən 2675 manat, xx.xx.2023-cü il tarixli 6721 nömrəli qəbzə əsasən 5000 manat, xx.xx.2023-cü il tarixli 24091 nömrəli qəbzə əsasən 7675 manat, xx.xx.2023-cü il tarixli 28127 nömrəli qəbzə əsasən 2814 manat, xx.xx.2023-cü il tarixli 8624 nömrəli qəbzə əsasən 3000 manat, xx.xx.2023-cü il tarixli 27887 nömrəli qəbzə əsasən 5000 manat, xx.xx.2023-cü il tarixli 30342 nömrəli qəbzə əsasən 8000 manat, xx.xx.2023-cü il tarixli 23640 nömrəli qəbzə əsasən 2815 manat, xx.xx.2023-cü il tarixli 3093 nömrəli qəbzə əsasən 5000 manat, xx.xx.2023-cü il tarixli 28962 nömrəli qəbzə əsasən 10 000 manat, xx.xx.2023-cü il tarixli 9246 nömrəli qəbzə əsasən 8000 manat, xx.xx.2023-cü il tarixli 9006 nömrəli qəbzə əsasən 6000 manat, xx.xx.2023-cü il tarixli 16216 nömrəli qəbzə əsasən 5000 manat, xx.xx.2023-cü il tarixli 8893 nömrəli qəbzə əsasən 2815 manat, xx.xx.2023-cü il tarixli 31786 nömrəli qəbzə əsasən 5000 manat, xx.xx.2023-cü il tarixli 28758 nömrəli qəbzə əsasən 3500 manat, xx.xx.2023-cü il tarixli 14513 nömrəli qəbzə əsasən 2300 manat, xx.xx.2023-cü il tarixli 24332 nömrəli qəbzə əsasən 2000 manat, xx.xx.2023-cü il tarixli 27260 nömrəli qəbzə əsasən 6500 manat, xx.xx.2023-cü il tarixli 28386 nömrəli qəbzə əsasən 1500 manat, xx.xx.2023-cü il tarixli 15963 nömrəli qəbzə əsasən 4500 manat, xx.xx.2024-cü il tarixli 30157 nömrəli qəbzə əsasən 4500 manat, xx.xx.2024-cü il tarixli 18723 nömrəli qəbzə əsasən 1500 manat, xx.xx.2024-cü il tarixli 15166 nömrəli qəbzə əsasən 4600 manat, xx.xx.2024-cü il tarixli 15-56 nömrəli qəbzə əsasən 10 000 manat olmaqla, cəmi 167721 manat məbləğində pul Cavabdeh tərəfindən İddiaçı MMC-nin hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya olan borcu üzləşdirilərək xx.xx.2023-cü il tarixli mövcud borcun etirafı haqqında müqaviləyə əsasən iddiaçıya 138153 manat məbləğində ümumi borcu təsdiq edilmişdir. İddiaçı iddia tələbi üzrə 138153 manat məbləğində pulun ödənilməsini tələb etsə də, iş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər müddət ərzində Cavabdeh tərəfindən İddiaçı MMC-nin hesabına ümumilikdə 167721 manat məbləğində pul köçürülmüşdür. Göründüyü kimi cavabadeh tərəfindən iddia tələbi üzrə tələb olunan məbləğdən də artıq ödənişlər edilmişdir. İddiaçı tərəfin təqdim etdiyi cəmi 184092 manat 48 qəpik məbləğində elektron qaimələrə gəldikdə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında borc qalığı xx.xx.2023-cü il tarixli mövcud borcun etirafı haqqında müqaviləyə əsasən 138153 manat məbləğində təsdiq edildiyindən, həmin qaimələr mövcud borcun etirafı haqqında müqavilə bağlana qədər verildiyindən və xx.xx.2023-cü il tarixdən sonra cavabdehin borclandığı təsdiq edilmədiyindən, iddiaçının bu dəlili əsassız hesab edilmədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-1442/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1442/2025
09.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver