Məhkəmə qərarları › İş №e-2-2(115)-147/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-147/2024

01.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-147/2024 01.04.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək nömrələrə görə yaranmış 6511,51 manat, telefonların qalıq dəyərinə görə 12988,58 manat olmaqla, cəmi 19500 manat borc məbləğinin və ödənilmiş 200 manat mediasiya xərcinin Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 21 dekabr 2015-ci il tarixli abunə müqaviləsinə görə iddiaçı siyahısı bu müqaviləyə əlavədə olan nömrələri və telekommunikasiya xidmətləri ilə cavabdehi təmin edir, cavabdeh isə öz növbəsində müqavilə və tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edir və müvafiq ödənişləri həyata keçirir. 22 dekabr 2015-ci il tarixli təminat məktubuna əsasən 1101 ədəd nömrə cavabdehin istifadəsinə verilmişdir. Abunə müqavilələrinin 4.3-cü maddəsinə görə abunəçi müntəzəm olaraq balansını yoxlamalı və müsbət olmasını təmin etməli, müqavilənin şərtlərinə uyğun olaraq vaxtlı-vaxtında xidmətlərdən istifadəyə görə və İddiaçı tərəfindən ayrılmış kredit limiti üzrə yaranmış borcların ödənişini həyata keçirməlidir. Cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər pozulmuş, təqdim edilmiş nömrələrdən istifadəyə görə 6511,51 manat borcu qalmışdır. Abunə müqaviləsinə edilmiş 1 saylı əlavəyə görə iddiaçı cavabdehə nömrələrdən əlavə, 3 ədəd “İphone 6 s”, 1 ədəd “Samsung A 7”, 1 ədəd “Samsung s 6 EDGE” və 1 ədəd “Samsung Note 5” markalı telefonları təqdim edir. Həmin əlavənin 2-ci bəndinə görə mobil telfonlar 12 fevral 2016-cı il tarixdə təqdim edilməlidir. Əlavənin 8-ci bəndinə görə mobil telefonlar abunəçiyə təqdim edildikdən sonra, 1 təqvim ili ərzində abunəçi abunə müqaviləsi üzrə aylıq minimum 2357 manat, illik isə 28288 manat danışıq haqqı ödəməlidir. Əlavənin 9-cu bəndinə görə isə, danışıq haqqı əlavənin 8-ci bəndində müəyyən edilmiş minimum haqdan aşağı olarsa, cavabdeh ona təqdim edilmiş hesab faktura əsasında müvafiq aya görə hesablanmış fərq məbləğini iddiaçıya ödəməlidir. Bildirirlər ki, 12 fevral 2016-cı il tarixli təhvil-təslim aktı əsasında, 1 saylı əlavədə göstərilmiş 3 ədəd “İphone 6 s”, 1 ədəd “Samsung A 7”, 1 ədəd “Samsung s 6 EDGE” və 1 ədəd “Samsung Note 5” markalı telefonlar cavabdehə təqdim edilmişdir. Telefonlar təqdim edildikdən sonra, cavabdeh bir təqvim ili üçün 28288 manat danışıq haqqı ödəməli olduğu halda, cəmi 15299,42 manat danışıq haqqı ödəmişdir. Buna görə də, qalıq məbləğ olan 12988,58 manat (28288-15299,42=12988,58) cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Bütün bunları nəzərə alaraq, cavabdehin iddiaçı abunə müqaviləsi və abunə müqaviləsinə 1 saylı əlavə üzrə, cəmi 19500 manat borcu qalmışdır. İş üzrə Cavabdeh MMC ərizə, habelə iddiaya etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddia müddətinin keçməsini (8 il müddətin) nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 21 dekabr 2015-ci il tarixli abunə müqaviləsi və ona edilmiş 1 saylı əlavədə qeyd edilən şərtlərə iddiaçı tərəf əməl etməmişdir. Belə ki, müqavilənin şərtlərinə uyğun olaraq 21 dekabr 2015-ci il tarixli abunə müqaviləsinə 1 saylı əlavə üzrə cavabdehə nömrədən əlavə 3 ədəd “İphone 6 s”, 3 ədəd Samsung markalı telefonları hədiyyə olaraq təqdim etməli olsa da, iddiaçı tərəfin rəsmilərinin daxili yazışmalarından sonra iddiaçı tərəf onlara rəsmən bildirdilər ki, hədiyyə kimi nəzərdə tutulan 6 ədəd yeni telefon rəhbərliyin şərtləri dəyişdiyinə görə onlara verilməyəcək. Əvəzində danışıqlar üçün yüklənən pulun əvvəl nəzərdə tutulan 5 %-i, 10 %lə əvəzlənə bilər. Və təbii ki, bağlanılan müqavilə şərtlərini pozan iddiaçı tərəfə bildirilmişdir ki, Cavabdeh MMC olaraq onlar da müqavilənin yenidən belə şərtlərlə bağlanmasına razı deyillər. Və abunəçilərə payladıqları 1101 ədəd nömrənin də kimlərdə olması barədə anket məlumatları (abunəçilərin şəxsiyyət vəsiqələrinin surətlərini) 31 may 2016-cı ildə iddiaçı tərəfə təqdim etməklə məsələyə son qoymuşlar. Qarşı tərəf isə onlara müqavilədə götürdüyü öhdəlik üzrə nə 6 ədəd telefon hədiyyəsini, nə də 1 il ərzində onlara abunəçilər tərəfindən ödənilən 15299 manat danışıq haqqını ödəmələrindən müqaviləyə görə nəzərdə tutulan 5% pulu Cavabdeh MMC-nin hesabına köçürməmişlər. Yəni qarşı tərəf 21 dekabr 2015-də bağlanan müqaviləni birtətəfli qaydada pozmuşdur. Lakin bu gün məhkəmə prosesi zamanı məlum olmuşdur ki, İddiaçı MMC-nin rəsmi təmsilçisi Ruslan Hüseynov o zaman onlardan 21 dekabr 2015-ci il tarixli abunə müqaviləsi, ona əlavə edilmiş 1 saylı əlavə və 27 yanvar 2016-cı il tarixli hədiyyələrin təhvil-təslim aktı vərəqlərinə möhür vurmalarını, sonra təsdiq edildikdən sonra onlar tərəfin rəhbərliyinin imzalayacağını bildirmişdir. Onlar da vərəqələri möhürləyərək Ruslan Hüseynova təqdim etmişlər. Ruslan Hüseynov isə onlara bildirmişdir ki, sənədlərin imzalama mərasimi və telefonların verilməsi onların ofisdə xüsusi kameralı otaqda olacaqdır ki, rəhbərlik nəzarət edə bilsin. Lakin sonradan onlara bu sənədlər nədənsə verilməmişdir. Bu gün əldə etdikləri hər üç sənəddə isə Cavabdeh MMCnin o zamanki baş direktoru Şaiq Məmmədovun əvəzinə tam fərqli fərqli imzalar qoyulmuşdur. Yəni hər üç sənəd bilərəkdən saxtalaşdırılmışdır. Bunu məhkəmə xətşünaslıq ekspertizası çox asanlıqla təyin edə bilər. Qarşı tərəfin rəsmisi etiraf etmişdir ki, hədiyyə kimi nəzərdə tutulan 6 ədəd telefon rəhbərliyin şərtlərin dəyişilməsinə görə onlara təhvil verilməyib. Yəni iddiaçı tərəf onlara qarşı konkret olaraq sənədləri saxtalaşdırmaqla, nəzərdə tutulan 6 ədəd telefonları mənimsəməklə dələduzluq cinayəti törətmişdir. Həmçinin müqaviləyə 1 saylı əlavədə müddətin bir il olduğu göstərilir. MMC müddətin artırılması ilə bağlı müraciət etməsə də "xxxx" MMC şirkətə verilmiş nömrələrdən aylıq abunə haqqının tutulmasını davam etdirib. Əgər iddiaçının tələbi qanunidirsə o zaman tələb edilir ki, 2016-cı ilin sonundan başlayaraq indiyədək MMC-nə verilmiş nömrələrə yüklənmiş abunə haqqlarının məbləği barədə məlumat versin. Hansı ki, razılıqları pozulanadək müqavilədə əks olunmuşdu ki, 5% onların MMC-nə verilsin. Digər tərəfdən iddiaçı tərəfin onlarla bağladığı 21 dekabr 2015-ci il tarixli saxta müqavilələri və qeyd edilən şərtlərə əməl etməməsindən sonra 18 may 2016-cı ildə tərəfin şərtlərə əməl etməməsinə görə pozduğu müqavilə əsasında onlara qarşı 8 ildən sonra yəni, 2023-cü ildə məhkəmədə qaldırdığı əsassız pul tələbinə dair iddanın da əhəmiyyəti yoxdur. Belə ki, onların tələb etdiyi və şişirdilmiş rəqəmlərlə göstərilən 19500 manat pul tələbinin iddia müddəti də çoxdan keçmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edərək bildirdi ki, telefonlar cavabdehə təhvil verilmişdir. Maliyyə arayışında qeyd edilən 19500 manat borcun 6511 nömrələrə görə, 12989 manatı isə telefonlara görə yaranmış borcdur. Müqavilə cavabdehlə bağlandığı üçün nömrələrə görə borcu cavabdehdən tələb edirlər. Nömrələrin paylanması ilə əlaqədar onlara cavabdeh tərəfindən siyahı təqdim edilməmişdir. Nömrə ilə əlaqədar abunə haqqını istifadəçilər cavabdehə ödəməli idi, daha sonra da cavabdeh onlara ödəniş etməli idi. Bununla əlaqədar cavabdeh tərəfindən nəzarət edilməli idi. Təminat məktubundakı məbləğlər müəyyən olunmuş limitlərdir. 1 il ərzində əlavədə nəzərdə tutulan məbləğ tam ödənilmədiyi üçün qalıq məbləğini cavabdehdən geri istəyirlər. Abunə haqqları son dövrlərə kimi ödənilmişdir. 2023cü ildə sonuncu ödəniş edilmişdir. Nömrələrin kimə paylanması ilə bağlı isə onlara siyahı təqdim edilməmişdir. Bu onlar üçün maraqlı deyildir. Telefonlar cavabdehdə qalmışdır, sadəcə olaraq fərq məbləğini istəyirlər. 3825 manat sırf abunə haqqına görə, 1557 manat isə zəng xidmətinə görə olan borclardır. Abunə haqqlarına görə müəyyən ödənişlər edilmişdir. Müddət ötdüyü üçün artıq ödənilən məbləğlər abunə haqqında görə borcdan silinmir. Müqaviləyə əsasən nömrələrdən istifadəyə görə məsuliyyəti abunəçi daşıyır. Nömrələrlə əlaqədar ödənişlərin hansı vaxta kimi edilməli olması müqavilədə müəyyən edilməmişdir. Ödənişləri borcdan çıxdıqdan sonra məhkəməyə iddia ilə müraciət etmişlər. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçı ilə bağladıqları müqaviləyə əsasən iddiaçı tərəfindən ona telefonlar verilməli idi, lakin ona heç bir telefon verilməmişdir. Belə problemli məsələ başqa şəxslərin də başına gəlmişdir, iddiaçının işçisi telefonları götürüb getmişdir. Müqaviləni onun verdiyi etibarnamə əsasında dostu bağlamışdır. Lakin iddiaçı müqavilənin bir surətini ona verməmişdir. Təhvil-təslim aktı və digər sənədlər onlar tərəfdən imzalansa da iddiaçı onlara hər hansı telefon verməmişdir. İddiaçı tərəfindən ona təxminən 1000-2000 ədəd nömrə verilmişdir. O isə nömrəni müştərilərə ödənişsiz vermiş, lakin nömrənin aktiv olması üçün müştəri ona aylıq abunə haqqı ödəməli idi və iddiaçı da bundan gəlir əldə etməli idi. Yəni o nömrələri pul qarşılığında satıb iddiaçıya ödəniş etməli deyildi. Nömrələrin hamısını isə paylamışdır. Aylıq abunə haqqının müəyyən faizini iddiaçı ona verməli idi, lakin ona heç bir ödəniş edilməmişdir. Bu problemlərin yaranmasında səbəbkar iddiaçının işçisi olmuşdur, o isə xarici ölkəyə qaçmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya və cavabdehə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçının nümayəndəsi isə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının və cavabdehin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 21 dekabr 2015-ci il tarixli abunə müqaviləsindən görünür ki, hazırki müqaviləyə əsasən İddiaçı siyahısı bu müqaviləyə əlavə olan 1 saylı əlavədə müəyyən edilən nömrələri və telekommunikasiya xidmətlərini abunəçiyə təmin etməyi, abunəçi isə öz növbəsində bu müqavilədə və müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə etməyi və xidmətlərdən istifadəyə görə müvafiq ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1.1-ci bəndinə əsasən İddiaçı abunəçi tərəfindən hazırki müqavilə imzalanan tarixə qüvvədə olan tariflər, abunəçinin seçdiyi tarif planı üzrə nəzərdə tutulmuş ilkin ödəniş məbləğinin ödənişi həyata keçirildikdən sonra rabitə xəttini aktivləşdirir, yoxlayır və abunəçini nömrə və SİM kart ilə təmin etmək, müqavilənin 4.4.3-cü bəndinə əsasən isə "xxxx" tərəfindən təqdim olunan seçim çərçivəsində tarif planını seçmək, müvafiq şərtlər və qaydalara uyğun olaraq onu digəri ilə əvəz etmək İddiaçı un öhdəliklərindən biri olaraq nəzərdə tutulmuşdur. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən abunəçiyə tarif planına uyğun istifadəsində olan xidmətlərə görə hesab-faktura təqdim olunur. Hesab-faktura aldıqda abunəçi ödənişi hesab-fakturada göstərilən son ödəmə tarixindən əvvəl həyata keçirməyə borcludur. Hesabfakturada göstərilən məbləğin tam olaraq vaxtında ödənilməməsi bu müqavilənin şərtlərinin kobud şəkildə pozulması kimi hesab edilir. Həmiçinin müqavilənin 9.2-ci bəndinə əsasən abunəçi “yazılı şəkildə rəsmi müraciət əsasında” "xxxx" a təqdim etməklə bu müqavilə əsasında göstərilən xidmətləri istənilən zaman müvəqqəti olaraq 90 təqvim gündən artıq olmayan müddətdə dayandıra bilər. Eyni zamanda abunəçi bu prosedura uyğun olaraq müqaviləyə xitam vermək hüququna da malikdir. Müqavilə üzrə xidmətlərin dayandırılması və eləcə də müqaviləyə xitam verilməsi heç bir halda abunəçini müvafiq rabitə xəttinin bağlanılma anına qədər nömrədən istifadə nəticəsində yaranmış borclarını ödəmək öhdəliyindən azad etmir. Abunəçinin müraciəti əsasında müvəqqəti dayandırılmış xidmətlər abunəçinin həmin qaydada rəsmi müraciəti əsasında istənilən zaman bərpa oluna bilər. Əgər bu müqavilə əsasında xidmətlərin müvəqqəti dayandırılması müddəti keçdikdən dərhal sonra abunəçi həmin xidmətlərin bərpa olunması məqsədi ilə bu maddədə nəzərdə tutulmuş qaydada İddiaçı a müraciət etməzsə, bu halda müqavilə tərəflərin qarşılıqlı razılığı əsasında xitam verilmiş hesab ediləcək və İddiaçı nömrəni istənilən üçüncü şəxslərin istifadəsinə vermək və ya nömrədən qanunvericiliyə zidd olmayan digər məqsədlər üçün istifadə etmək, eləcə də rabitə xəttini bağlamaq hüququna malikdir. Əgər abunəçi nömrə aktivləşdirildikdən sonra 3 təqvim ili ərzində xidmətlərdən rəsmi şəkildə imtina edərsə, bu halda abunəçi hər bir imtina edilmiş nömrəyə görə 30 manat məbləğində İddiaçı a imtina haqqı ödəməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 21 dekabr 2016-cı il tarixli telekommunikasiya xidmətlərinin göstərilməsinə dair abunə müqaviləsinə 1 saylı əlavədən görünür ki, İddiaçı müqavilənin 4.1-ci maddəsində nəzərdə tutulmuş nömrə (lər) ilə birlikdə istifadə olunması məqsədilə abunəçiyə pulsuz 3 ədəd “İphone 6S”, 1 ədəd “Samsung S6 EDGE”, 1 ədəd “Samsung A7” və 1 ədəd “Samsung NOTE 5” markalı mobil telefon təqdim edir. Əlavənin 2-ci bəndinə əsasən mobil telefonlar abunəçiyə 12 fevral 2016-cı il tarixdə təqdim edilməlidir və tərəflər arasında müvafiq təhviltəslim aktı imzalanmalıdır. Həmiçinin müqavilənin 3-cü bəndinə əsasən təhvil-təslim aktında mobil telefonların sayı və markası qeyd olunmalıdır. Əlavənin 7-ci bəndinə əsasən abunəçi zəmanət verir ki, hazırki abunə müqaviləsi mobil telefonlar ona təqdim olunduğu və tərəflər arasında imzlanan təhvil-təslim aktının tarixindən etibarən ən azı bir il ərzində qüvvədə qalacaqdır və bu müddət ərzində abunəçiyə müqavilə əsasında təqdim olunan sim kartlar üzrə telekommunikasiya xidmətlərinin istifadə olunması davam edəcəkdir. Həmin əlavənin 8-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, mobil telefonlar abunəçiyə təhvil verildikdən və tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra 1 təqvim ili ərzində abunəçi abunə müqaviləsi üzrə İddiaçı a aylıq minimum 2357 manat, illik isə 28288 manat məbləğində danışıq haqqı ödəməlidir. Həmiçinin əlavənin 9-cu bəndinə əsasən əgər abunə müqaviləsi üzrə danışıq haqqı bu əlavənin 8-ci maddəsində müəyyən olunmuş minimum məbləğdən aşağı olarsa, abunəçi İddiaçı tərəfindən ona təqdim edilmiş hesab faktura əsasında müvafiq aya görə hesablanmış fərq məbləğini İddiaçı a ödəməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 21 dekabr 2015-ci il tarixli abunə müqaviləsinə görə iddiaçı siyahısı bu müqaviləyə əlavədə olan nömrələri və telekommunikasiya xidmətləri ilə cavabdehi təmin edir, cavabdeh isə öz növbəsində müqavilə və tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edir və müvafiq ödənişləri həyata keçirir. 22 dekabr 2015-ci il tarixli təminat məktubuna əsasən 1101 ədəd nömrə cavabdehin istifadəsinə verilmişdir. Təqdim edilmiş nömrələrdən istifadəyə görə 6511,51 manat borc yaranmışdır. Həmin borcun 3825,32 manatı abunə haqqı, 1557,06 manatı zəng xidməti, 35,47 manatı sms xidməti, 148,73 manatı internet xidməti, 935,63 manatı digər xidmətlər, 9,31 manatı gecikmə faizinə görə yaranmış borcdur. Bundan əlavə tərəflər arasında imzalanmış abunə müqaviləsinə 1 saylı əlavənin 8 və 9-cu bəndlərinə görə 12988,58 manat borc yaranmışdır. İş materiallarında olan təhvil-təslim aktdından görünür ki, xx.xx.2016-cı il tarixdə 3 ədəd “İphone 6S”, 1 ədəd “Samsung S6 EDGE”, 1 ədəd “Samsung A7” və 1 ədəd “Samsung NOTE 5” markalı mobil telefonlar Cavabdeh MMC-nin müdiri Şaiq Mərdanova təhvil verilmişdir. İş materiallarında olan təminat məktubundan görünür ki, Cavabdeh MMC bu məktubla təsdiqləyir ki, Cavabdeh MMC şirkətə ayrılan nömrələr üzrə göstərilən xidmətlərə görə ödənişlərin təyin olunmuş müddət ərzində ödənilməsinə zəmanət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 379.4-cü maddəsinə əsasən müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır. Həmin Məcəllənin 379.4-1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin Qanunun 32.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. Məhkəmə qeyd edir ki, iddia tələbində iddiaçı nömrələrə görə yaranmış 6511,51 manatın və telefonların qalıq dəyərinə görə 12988,58 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Məhkəmə iddianın telefonların qalıq dəyərinə görə 12988,58 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, tərəflər arasında bağlanmış 21 dekabr 2015-ci il tarixli abunə müqaviləsinə 1 saylı əlavəyə əsasən tərəflər razılığa gəlmişlər ki, İddiaçı MMC müqavilənin 4.1-ci maddəsində nəzərdə tutulmuş nömrə (lər) ilə birlikdə istifadə olunması məqsədilə abunəçiyə pulsuz 3 ədəd “İphone 6S”, 1 ədəd “Samsung S6 EDGE”, 1 ədəd “Samsung A7” və 1 ədəd “Samsung NOTE 5” markalı mobil telefonları 12 fevral 2016-cı il tarixdə təqdim etməli və tərəflər arasında müvafiq təhvil-təslim aktı imzalanmalıdır. Mobil telefonlar abunəçiyə təhvil verildikdən və tərəflər arasında təhviltəslim aktı imzalandıqdan sonra 1 təqvim ili ərzində abunəçi abunə müqaviləsi üzrə İddiaçı a aylıq minimum 2357 manat, illik isə 28288 manat məbləğində danışıq haqqı ödəməlidir. Həmçinin həmin əlavənin 7-ci bəndinə əsasən tərəflər razılığa gəlmişlər ki, hazırki abunə müqaviləsi mobil telefonlar ona təqdim olunduğu və tərəflər arasında imzlanan təhviltəslim aktının tarixindən etibarən ən azı bir il ərzində qüvvədə qalacaqdır və bu müddət ərzində abunəçiyə müqavilə əsasında təqdim olunan sim kartlar üzrə telekommunikasiya xidmətlərinin istifadə olunması davam edəcəkdir. Bundan sonra tərəflər arasında təhviltəslim aktı imzalanmış və xx.xx.2016-cı il tarixdə 6 ədəd mobil telefon Cavabdeh MMC-yə təhvil verilmişdir. Məhkəmə ilk öncə cavabdehin iddiaçı tərəfindən ona mobil telefonların təqdim edilməməsi ilə bağlı etirazına cavab olaraq bildirir ki, mobil telefonların iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi işdə olan təhvil-təslim aktı ilə təsdiq olunur. Cavabdeh həmin akta imza etmədiklərini bildirsə də, akt tərəflərin nümayəndələri tərəfindən imzalanmış, habelə hər iki MMC-nin möhürü ilə təsdiq eidlmişdir. Bundan başqa cavabdehin nümayəndəsi məhkəmənin hazırlıq iclasında mobil telefonların təhvil-təslim aktına imza etdiklərini, lakin telefonların onlara verilmədiyini izahatında bildirmişdir. Abunə müqaviləsinə 1 saylı əlavədən görünür ki, mobil telefonlar abunəçiyə təhvil verildikdən və tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra 1 təqvim ili ərzində abunəçi abunə müqaviləsi üzrə İddiaçı a aylıq minimum 2357 manat, illik isə 28288 manat məbləğində danışıq haqqı ödəməlidir. 6 ədəd mobil telefon xx.xx.2016-cı il tarixdə cavabdehə təqdim edilmiş, cavabdeh həmin tarixdən 1 təqvim ili ərzində, yəni xx.xx.2017-ci il tarixədək 28288 manat məbləğində ödəniş etməli idi. İddiaçı həmin məbləğin müəyyən hissəsinin, yəni 15288,42 manatının ödənildiyini (hansı tarixdə ödənildiyinə dair sübut təqdim etməmişdir, yalnız iddiaçının nümayəndəsi ödənilən həmin məbləğin xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək ödənildiyini izahatında qeyd etmişdir), 12988,58 manatının isə ödənilmədiyini qeyd etmişdir ki, müqaviləyə əlavədə həmin məbləğin ödənilməsi üçün nəzərdə tutulmuş müddətdən (xx.xx.2017-ci il tarixdən) 6 il 7 aydan artıq müddətdən sonra mediasiyanın tətbiq barədə cavabdehə təklif göndərmiş, mediasiya təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə arayış verilmiş və iddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, iddiaçı abunə müqaviləsinə əlavəyə əsasən mobil telefonların qalıq dəyərinə görə cavabdehdən tələb etdiyi pul məbləğinə (12988,58 manata) münasibətdə 3 illik iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür. Həmçinin məhkəmə iddia tələbinin nömrələrə görə yaranmış 6511,51 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, tərəflər arasında 21 dekabr 2015-ci il tarixdə abunə müqaviləsi bağlanmış, abunəçiyə abunəçinin imzası ilə təsdiq edilmiş təminat məktubunda göstərilən nömrələr təhvil verilmiş və nömrələr üzrə göstərilən xidmətlərə görə ödənişlərin təyin olunmuş müddət ərzində ödənilməsinə abunəçi zəmanət vermişdir. Birincisi abunə müqaviləsindən görünür ki, iddiaçı müqaviləyə 1 saylı əlavədə müəyyən edilən nömrələri və telekommunikasiya xidmətlərini abunəçiyə təqdim etməli, abunəçi isə öz növbəsində müqavilədə və müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə etməyi və xidmətlərdən istifadəyə görə müvafiq ödənişləri həyata keçirməl idi. Lakin iddiaçı nömrələrin və telekommunikasiya xidmətlərinin müəyyən edildiyi 1 saylı əlavəni və cavabdehin müqavilə imzalanan tarixə qüvvədə olan tariflərlə razılaşması, seçdiyi tarif planı üzrə ödəmələri üzərinə götürməsinə dair məhkəməyə sübut təqdim etməmiş, belə bir əlavənin və cavabdehin razılaşdığı tarif planının olmasını təsdiq edə bilməmişdir. Həmçinin müqaviləyə əsasən iddiaçı abunəçiyə tarif planına uyğun istifadəsində olan xidmətlərə görə hesab-faktura təqdim etməli, hesab-faktura aldıqda abunəçi ödənişi hesabfakturada göstərilən son ödəmə tarixindən əvvəl həyata keçirməli idi. Lakin iddiaçı məhkəməyə cavabdehə ödəmələrlə bağlı hesab faktura təqdim etməsi, hansı məbləğdə ödəniş etməli olması və ödənişlərin ən son hansı tarixdə edilməli olması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. İddiaçının nümayəndəsi abunəçinin imzası ilə təsdiq edilmiş təminat məktubunda əksini tapan qrafikdə mobil nömrələrin limitinə aid hissədə göstərilən məbləğlərin tarif planı olması, həmin məbləğlərin cavabdeh tərəfindən ödənilməli olmasını qeyd etmişdir. Məhkəmə qeyd edir ki, nə müqavilədə, nə də təminat məktubunda abunəçinin seçdiyi və razılaşdığı tarif planı, ödəyəcəyi məbləğ və ödəmələrin hansı tarixdən və yaxud hansı tarixədək aparılması öz əksini tapmamışdır. Təminat məktubunda isə qeyd olunan məbləğlər nömrələrin limitinə aid məbləğlərdir. Bundan başqa məhkəmə abunə müqaviləsinə 1 saylı əlavənin bəzi müddəalarını bir daha nəzərə çatdırmağı vacib bilir. Belə ki, yuxarıda qeyd edilən 21 dekabr 2015-ci il tarixli abuna müqaviləsinə 12 fevral 2016-cı il tarixli 1 saylı əlavədə iddiaçı müqavilədə nəzərdə tutulmuş nömrə (lər) ilə birlikdə istifadə olunması məqsədilə abunəçiyə pulsuz 6 ədəd mobil telefonun verilməsini öz öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı 6 ədəd mobil telefonu cavabdehə istifadə üçün pulsuz vermişdir. Halbuki iddiaçı iddia tələbində cavabdehdən mobil telefonların dəyəri olan 28288 manatın ödənilməyən qalıq hissəsini, yəni 12988,58 manatı tələb etmişdir. Əlavənin daha bir bəndində isə aylıq minimum 2357 manat, illik isə 28288 manat məbləğində ödənişin təyinatı danışıq haqqı üzrə ödəmələr kimi nəzərdə tutulmuşdur, telefonların dəyəri olaraq nəzərdə tutulmamışdır və iddiaçı cavabdehin ona abunə müqaviləsi üzrə 28288 manat məbləğindən əlavə hər hansı ödəniş etməli olmasını sübut edə bilməmişdir. Qeyd edilən əlavənin digər bəndində göstərilmişdir ki, hazırki abunə müqaviləsi mobil telefonlar abunəçiyə təqdim olunduğu və tərəflər arasında imzlanan təhvil-təslim aktının tarixindən etibarən ən azı bir il ərzində qüvvədə qalacaqdır və bu müddət ərzində abunəçiyə müqavilə əsasında təqdim olunan sim kartlar üzrə telekommunikasiya xidmətlərinin istifadə olunması davam edəcəkdir. Göründüyü ki, əlavədə abunə müqaviləsinin qüvvədə qalacağı müddət barədə tərəflər razılaşmışlar. Belə ki, mobil telefonlar abunəçiyə təqdim olunduğu və tərəflər arasında imzlanan təhvil-təslim aktının tarixi xx.xx.2016-cı il tarixidir və həmin tarixdən 1 il ərzində abunə müqaviləsinin qüvvədə qalması nəzərdə tutulmuşdur ki, həmin tarix xx.xx.2017-ci ildir. Müqavilənin qüvvədə olması tarixindən 6 il 7 aydan artıq müddətdən sonra iddiaçı müqavilə üzrə nömrələrə görə yaranmış 6511,51 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini məhkəmədən xahiş etmiş, bununla da həmin məbləğə münasibətdə də 3 illik iddia müddətini ötürməklə məhkəmədə iddia qaldırmışdır. Bundan başqa məhkəmə iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə nömrələrdən birinə 1 manat ödəniş edildiyinə dair məhkəməyə sənəd təqdim etsə də həmin məbləğin cavabdeh tərəfindən ödənilməsini, habelə cavabdehin ödəməli olduğu borc məbləğinə aid olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, 3 illik iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizə verildiyindən iddia tələbi təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən mediasiya xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini əsasən QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar