Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1606/2024 04.12.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil1, Cavabdehin nümayəndəsi Vəkil2 iştirakları ilə. İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, tikilinin öz hesabına sökülməsi və pul tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tikilinin öz hesabına sökülməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Göygöl rayonunun, Qızılqaya qəsəbəsində yerləşən 0.60 ha torpaq sahəsinin 0.10 ha torpaq sahəsi hissəsindən çıxarılmasına, torpaq sahəsində məzar (qəbir) daşları hazırlanması üçün inşa edilmiş tikililərin və quraşdırılmış avadanlıqların öz hesabına sökülüb çıxarılmasına və ona yaranmış 1000 manat borcun, ödədiyi 100 manat dövlət rüsumu ondan alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl rayonunun, Qızılqaya qəsəbəsində yerləşən 0.60 ha torpaq sahəsi xx.xx.2008-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq 60 il müddətinə yüklü edilərək onun istifadəsinə verilmişdir. 2018-ci ildə o, həmin torpaq sahəsinin təxminən 0.10 ha hissəsini şifahi icarə müqaviləsinə əsasən Cavabdeh istifadəsinə vermişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh 6 ay müddətində hər ay 250 manat kirayə haqqı verməli idi, 6 aydan sonra hər ay 50 manat kirayə pulunu artırmaqla 500 manata çatdırmasını öhdəsinə götürmüşdür. Lakin Cavabdeh cəmi bir ay 50 manat kirayə haqqını artıraraq hal-hazıra kimi 300 manat kirayə haqqı ödəmişdir. Cavabdeh tərəfindən aralarında bağlanan şifahi icarə müqaviləsinin şərtləri pozulduğundan onların arasında narazılıq olmuş və o bu səbəbdən dəfələrlə cavabdehə torpaq sahəsində məzar (qəbir) daşları hazırlanması üçün inşa etdiyi tikililərin və həmin mərmər sexində müxtəlif növ qəbir daşlarını yonub istehsal etmək üçün alınmış avadanlıqların öz hesabına söküb apararaq torpaq sahəsindən çıxmasını tələb etsə də Cavabdeh onun sözlərinə məhəl qoymayaraq torpaq sahəsindən çıxmamış və bununla da ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını pozmuşdur. Belə ki, o iki dəfə həmin torpaq sahəsini satmaq istəmiş, lakin Cavabdeh torpaq sahəsindən çıxmadığı üçün o, torpaq sahəsini sata bilməmişdir. Hətta torpaq sahəsini almaq istəyən şəxslə dava-dalaş etmişdir. Bundan sonra, o Cavabdeh ona məxsus torpaq sahəsindən çıxarılmasında köməklik olunması üçün Göygöl Rayon Polis Şöbəsinə müraciət etmiş, lakin Polis Şöbəsindən cavab olaraq bildirilmişdir ki, cavabdehə qarşı olan tələb mülki xarakterli olduğundan məhkəməyə müraciət edilməsi tovsiyə edilmişdir. Odur ki, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh kirayə haqqı olan 300 manat pulun son ödənişini 06 may 2024-cü il tarixdə ödəmişdir, yəni artıq 3 aydır ki, heç bir ödəniş etmir, onun ona 900 manat borcu yaranmışdır. Bundan başqa, o, Cavabdeh istifadə etdiyi elektrik enerjisinə görə 100 manat pul ödəmişdir. Bununla birlikdə hazırda Cavabdeh ona 1000 manat borcu vardır. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, hər ay 55 manat ödəniş edir. Torpaq sahəsi 60 il müddətinə qanuni istifadəsindədir və bu barədə sübutlar, çıxarışlar təqdim etmiş, yalnız həmin torpaq sahəsində bəzi tikililərin çıxarışı yoxdur. Bunun da səbəbi odur ki, həmin tikililər yarımçıqdır və o bunun üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyindən rəy almalıdır ki, həmin tikililər onun mülkiyyətinə keçsin. Cavabdeh bu barədə ona maneə olur. Təxminən 3 il əvvəl qarşı tərəfi həmin ərazidən çıxartmaq istəmiş və çıxmadığı üçün satmaq fikrinə gəlmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1n məhkəmə iclasında izahatında bildirdi ki, Göygöl rayonunun, Qızılqaya qəsəbəsində yerləşən 0.60 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq 60 il müddətinə yüklü edilərək iddiaçının istifadəsinə verilmişdir. 2018-ci ildə o həmin torpaq sahəsinin təxminən 0.10 ha hissəsini şifahi icarə müqaviləsinə əsasən Cavabdeh istifadəsinə vermişdir. Şifahi icarə müqaviləsinə əsasən Cavabdeh 6 ay müddətində hər ay 250 manat kirayə haqqı verməli idi, 6 aydan sonra hər ay 50 manat kirayə pulunu artırmaqla 500 manata çatdırmasını öhdəsinə götürmüşdür. Lakin Cavabdeh cəmi bir ay 50 manat kirayə haqqını artıraraq halhazıra kimi 300 manat kirayə haqqı ödəmişdir. Cavabdeh tərəfindən aralarında bağlanan şifahi icarə müqaviləsinin şərtləri pozulduğundan narazılıq olmuş və bu səbəbdən dəfələrlə cavabdehə torpaq sahəsində məzar (qəbir) daşları hazırlanması üçün inşa etdiyi tikililərin və həmin mərmər sexində müxtəlif növ qəbir daşlarını yonub istehsal etmək üçün alınmış avadanlıqların öz hesabına söküb apararaq torpaq sahəsindən çıxmasını tələb edilsə də Cavabdeh torpaq sahəsindən çıxmamış və bununla da iddiaçıya mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını pozmuşdur. Belə ki, iddiaçı iki dəfə həmin torpaq sahəsini satmaq istəmiş, lakin Cavabdeh torpaq sahəsindən çıxmadığı üçün torpaq sahəsini sata bilməmişdir. Hətta torpaq sahəsini almaq istəyən şəxslə dava-dalaş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında izahatında bildirmişdir ki, iddiaçını tanımır və torpaq sahəsini Müzadil Əliabbasovdan icarəyə götürmüşdür. Bütün şərtləri onunla razılaşmış və aylıq icarə haqqı 300 manat olmuşdur. Aralarında yazılı icarə müqaviləsi bağlanılmamışdır. Dəfələrlə yazılı müqavilə bağlamağı təklif etsə də, Müzadil Əliabbasov ona narahat olmamasını bildirmişdir. Əgər nə vaxtsa torpaq sahəsini satacağı təqdirdə ona satacağını bildirmişdir. Həmin torpaq sahəsində sahibkarlıqla məşğul olmaq üçün torpaq sahəsində məzar (qəbir) daşları hazırlanması üçün tikililər inşa etmiş və həmin mərmər sexində müxtəlif növ qəbir daşlarını yonub istehsal etmək üçün avadanlıqlar almışdır. İddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, iddianı təmin edilməməsini məhkəmədən xahiş edirlər. Belə ki, iddia əsassızdır. Notarial qaydada müqavilə yoxdur, tərəflər şifahi qaydada razılaşıblar, bu da etibarsız əqd hesab olunur. İddiaçının subyektiv hüququ yoxdur. Vergidən yayınmaq üçün müqavilə bağlamayıblar. 100 manat elektrik enerjisinə görə ödəniş etdiklərini deyirlər, lakin ora bağlıdır, aprel ayından etibarən fəaliyyəti dayanıb. Həmçinin çıxarışdan da görünür ki, torpağın mülkiyyətçisi deyillər, ona görə də İddiaçı iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. İddiaçı tərəfindən icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: mülkiyyət sənədləri, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirilmişdir ki, cavabdeh Quluzadə İlkin qaynı oğlu ilə hərbi xidmətdə birlikdə olublar, yəni bir-birini ordan tanıyırlar. Gəlininə məxsus olan torpaq sahəsinin 0.10 ha hissəsini İlkinə icarəyə vermişdir. Belə razılaşmışlar ki, İlkin 6 ay müddətində hər ay 250 manat icarə haqqı verməli idi. 6 ay sonra hər ay icarə haqqı 50 manat artırılmaqla 500 manat olmalı idi. Yalnız bundan sonra müqviləni rəsmi qaydada bağlamalı idilər. Lakin İlkin 50 manat icarə haqqını artıraraq halhazıra kimi 300 manat icarə haqqı ödəyir. Daha sonra müəyyən səbəblərdən həmin yeri başqa şəxslərə satmaq qərarına gəlmişlər. 3 il bundan əvvəl müştərilər də gəlmişlər, beh də vermişlər, lakin onlar satmağa qoymamışlar ki, binanı onlara bağışlayıblar. Halbuki o, İlkinə binanı bağışlamamışdır. İkinci müştərilər gələndə də eyni hallar yaşanmışdır. Bir müddətdən sonra məhkəməyə müraciət etmişlər. Mərmər daşları ilə iş görükdə torpaq çirklənir. Ödənişi 500 manata çatdırsalar müqavilə bağlayacaqdılar. İş materiallarında olan torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Göygöl rayonunun, Qızılqaya qəsəbəsində yerləşən 0.60 ha torpaq sahəsinin hüquq sahibi İddiaçıdır. İş materiallarında olan MH seriyalı ******* nömrəli, xx.xx.2008-ci il tarixli Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Göygöl rayonunun, Qızılqaya qəsəbəsində yerləşən 0.60 ha torpaq sahəsi xx.xx.2003-cü il tarixdən hesablanmaqla 60 il müddətinə İddiaçı istifadəsindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1 və 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 710.1-ci maddəsinə əsasən torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 50-ci maddəsinə əsasən torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpaqdan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli müvəqqəti istifadə on beş ilədək müəyyən oluna bilər. Uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün - on beş ildən 99 ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə - on beş ildən 49 ilədək müəyyən oluna bilər. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir. 51-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Torpağın istifadəsi haqqında sənədlərdə nəzərdə tutulduğu hallarda torpağın istifadəçisi onu icarəyə verə bilər. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən 0.60 ha torpaq sahəsi xx.xx.2003-cü il tarixindən hesablanmaqla xx.xx.2008-ci ildən 60 il müddətinə İddiaçı müvəqqəti istifadəsindədir. İddiaçının qayınatası X2 2016-cı ildə cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən 0.60 ha torpaq sahəsinin 0.10 ha hissəsi cavabdehin icarəsinə verilmişdir. Tərəflər aralarında əvvəlcə hər ay 250 manat icarə haqqının ödənilməsi ilə bağlı razılığa gəlmiş, daha sonra aylıq icarə haqqı 300 manat müəyyən edilmişdir. Cavabdeh orada məzar (qəbir) daşları hazırlanması üçün tikililər inşa etmiş və həmin mərmər sexində müxtəlif növ qəbir daşlarını yonub istehsal etmək üçün avadanlıqlar almışdır. Cavabdeh həmin torpaq sahəsindən istifadə edərək gəlir əldə etmişdir. 2023-cü ilin əvvəllərindən iddiaçı həmin torpaq sahəsində tikili işləri aparmaq istədiklərini və buna görə çıxmasını tələb etmişdir. Cavabdeh əvvəlcə razılaşmış və müəyyən qədər vaxt istəmişdir. Lakin vaxt verilməsinə baxmayaraq cavabdeh torpaq sahəsindən çıxmamış və oradan istifadəyə davam etmişdir. Cavabdeh axırıncı dəfə 2024-cü ilin may ayında 300 manat icarə haqqı ödəmiş və ondan sonra torpaqdan istifadəyə davam etsə də, heç bir ödəniş etməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında şifahi qaydada razılaşma əsasında icarə münasibətləri yaranmış və icarə ilə bağlı hər hansı müddət müəyyən olunmamışdır. Şifahi qaydada razılaşma ilə aylıq 300 manat icarə haqqının ödənilməsi vəzifəsi qoyulmuşdur. Bu halı cavabdeh məhkəmə iclasında vermiş olduğu izahatı ilə təsdiq etmişdir. Lakin cavabdeh tərəfindən həmin öhdəlik yerinə yetirilməmiş, torpaq sahəsindən istifadə etməsinə baxmayaraq icarə haqqını ödəməmiş və nəticədə cavabdehin iddiaçıya icarə haqqı üzrə 900 manat borcu qalmışdır. İş materiallarında olan abonet saldosundan görünür ki, Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən İddiaçı məxsus və X3 istifadəsində olan qeyri-yaşayış sahəsində enerji sərfiyyatına görə 05 iyun 2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi 148 manat ödəniş edilmişdir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş elektrik enerjisinə görə 100 manat məbləğində pul cavabdeh tərəfindən ödənilməlidir İşin faktiki hallarından göründüyü kimi, Göygöl rayonunun, Qızılqaya qəsəbəsində yerləşən 0.60 ha torpaq sahəsi İddiaçı qanuni istifadəsindədir. İddiaçı tam mülkiyyət hüququ üzrə mülkiyyətçi olmasa da, əmlaka qanuni əsasla yəni, rəsmi şəkildə sahiblik edən şəxs kimi onun hüquqları mülkiyyətçi hüquqlarına bərabər tutulur. Göründüyü kimi, cavabdeh iddiaçının qanuni istifadəsində olan 0.60 ha torpaq sahəsinin 0.10 ha hissəsindən istifadə etməklə, iddiaçının qanunla qorunan hüquqlarını pozur və iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Qanunvericiliyin tələbinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə hesab edir ki, İddiaçı məxsus olan Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən 0.60 ha torpaq sahəsinin 0.10 ha torpaq sahəsi hissəsində məzar (qəbir) daşları hazırlanması üçün inşa edilmiş tikililər və quraşdırılmış avadanlıqlar Cavabdeh hesabına sökülməli və cavabdeh həmin əmlaklarla birlikdə iddiaçıya məxsus olan Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən 0.60 ha torpaq sahəsinin 0.10 ha torpaq sahəsi hissəsindən çıxarılmalıdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçının ümumiyyətlə bu iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Çünki mübahisə predmeti olan torpaq sahəsi iddiaçının mülkiyyətində deyildir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan MH seriyalı ******* nömrəli, xx.xx.2008-ci il tarixli Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Göygöl rayonunun, Qızılqaya qəsəbəsində yerləşən 0.60 ha torpaq sahəsi xx.xx.2003-cü il tarixdən hesablanmaqla 60 il müddətinə İddiaçı istifadəsindədir. Qanunvericiliyin tələbinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. İddiaçı sözügedən torpaq sahəsindən qanuni əsaslarla istifadə etdiyindən və həmin istifadəyə cavabdeh tərəfindən manələr yaradıldığından iddiaçının ona məxsus 0.60 ha torpaq sahəsinin 0.10 ha hissəsindən cavabdehin çıxarılmasını tələb etmək üçün subyektiv hüququ vardır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Eyni zamanda iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 100 manat dövlət rüsumu da cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus olan Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən 0.60 ha torpaq sahəsinin 0.10 ha torpaq sahəsi hissəsində məzar (qəbir) daşları hazırlanması üçün inşa edilmiş tikililər və quraşdırılmış avadanlıqlar Cavabdeh hesabına sökülməli və cavabdeh həmin əmlaklarla birlikdə iddiaçıya məxsus olan Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən 0.60 ha torpaq sahəsinin 0.10 ha torpaq sahəsi hissəsindən çıxarılmalı, Cavabdeh 1000 manat borc və 100 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus olan Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən 0.60 ha torpaq sahəsinin 0.10 ha torpaq sahəsi hissəsində məzar (qəbir) daşları hazırlanması üçün inşa edilmiş tikililər və quraşdırılmış avadanlıqlar Cavabdeh hesabına sökülsün və cavabdeh həmin əmlaklarla birlikdə iddiaçıya məxsus olan Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən 0.60 ha torpaq sahəsinin 0.10 ha torpaq sahəsi hissəsindən çıxarılsın. Cavabdeh 1000 manat borc və 100 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-1606/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1606/2024
04.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver