Məhkəmə qərarları › İş №e-2-2(115)-1635/2025

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-1635/2025

25.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1635/2025 25.07.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızı, İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 2 saylı X1 Mərkəzinin cavabeh Cavabdeh qarşı icarə müqaviləsinə xitam verilməsi, icarəyə verilmiş torpaq sahəsində olan tikililərin sökülməsi, icarəyə verilmiş torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək iddiaçıya qaytarılması tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 2 saylı X1 Mərkəzi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 2 saylı X1 Mərkəzi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli 11 nömrəli icarə müqaviləsinə xitam verilməsi, icarəyə verilmiş torpaq sahəsində olan tikililərin sökülməsi, icarəyə verilmiş torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Departamentinin (hazırda Meşələrin İnkişafı Xidməti) Tovuz X1 Mərkəzi (hazırda 2 saylı X1 Mərkəzi) Azərbaycan Respublikası Meşə Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 30 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə Qaydaları”na əsasən vətəndaş Cavabdeh ilə xx.xx.2009-cu il tarixli 11 nömrəli icarə müqaviləsi bağlanmışdır. Tovuz X1 Mərkəzi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli 11 nömrəli müqaviləyə əsasən Mərkəzin Cırdaxan meşəbəyiliyinin 9-cu kvartalında meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan, meşə ilə örtülü (meşə ilə örtülü olmayan) sahədən turizmrekreasiya məqsədi ilə 0.40 ha sahəsi 10 il müddətinə Cavabdeh verilmişdir. 2 saylı X1 Mərkəzinin əməkdaşları tərəfindən icarəyə verilmiş torpaq sahəsinə xx.xx.2025-ci il tarixdə baxış keçirilərkən 13.30x6.70x3.00 m ölçüdə 1 ədəd daşdan tikili əsaslı kotej, 9.00x3.40x3.00m ölçüdə 1 ədəd daşdan əsaslı tikili, 2.40x1.50x2.00 m ölçüdə dəmir dayaqlar üzərində bir tərəfi bitişik manqalxana, 3.60x3.60x2.30 m ölçüdə 1 ədəd dəmir dayaqlar üzərində söhbətgah yeri beton, 2.50x2.50x1.30 m ölçüdə 1 ədəd dəmir dayaqlar üzərində cücədamı yeri beton, 4.80x3.20x2.30 m ölçüdə 5 ədəd dəmir dayaqlar üzərində söhbərgah yeri dəmir list, 9.70x5.90x2.50 m ölçüdə 1 ədəd altı daş üstü kərpicdən əsaslı tikili, 3.00x3.00x2.50 m ölçüdə 1 ədəd kərpicdən yarımçıq əsaslı tikili, 2.00x2.00x2.50 m ölçüdə mişar daşından yarımçıq əsaslı tikili hamısı bitişik, 16.00x6.00x3.20 m ölçüdə 1 ədəd dəmir dayaqlar üzərində söhbətgah yeri taxta banket üçün dəmir reys üstündə, 4.70x3.00x2.20 m ölçüdə 1 ədəd dəmir dayaqlar üzərində söhbətgah yeri taxta, 1.40x2.20x2.40 m ölçüdə daşdan ayaq yolu əsaslı tikililərin tikilməsi fakları müəyyən edilmişdir. Aşkar edilmiş faklar barədə xx.xx.2025-ci il tarixdə 004803 saylı akt tərtib edilmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin149.2.1-149.2.3-cü maddələrinə əsasən ərizədə ərizənin verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Məhkəmə qeyd edir ki, iddiaçı icarəyə verilmiş torpaq sahəsində olan tikililərin sökülməsini məhkəmədən tələb etsə də hansı tikililərin və kimin hesabına sökülməsini göstərməmişdir. Bundan başqa iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdeh tərəfindən elektron qaydada alınmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Həmin Məcəllənin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. İddiaçıya izah olunur ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 154 və 155-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 2 saylı X1 Mərkəzinin cavabeh Cavabdeh qarşı icarə müqaviləsinə xitam verilməsi, icarəyə verilmiş torpaq sahəsində olan tikililərin sökülməsi, icarəyə verilmiş torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək iddiaçıya qaytarılması tələbinə dair iddiası və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar