Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1652/2025 03.11.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı xidmət müqaviləsi üzrə pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13479 manat 28 qəpik əsas borcun, 835 manat 14 qəpik cərimənin və ödənilmiş 132 manat 95 qəpik dövlət rüsumunun Cavabdehndən alınıb iddiaçıya ödənilməsinə dair barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə "xxxx" MMC arasında 20 avqust 2024-cü il tarixində 22 nömrəli xidmət müqaviləsi bağlanılmışdır. Xidmət müqaviləsi əsasında göstərilən xidmətlərə görə 13479 manat 28 qəpik borclu tərəfindən təsdiqlənmişdir. Lakin cavabdeh artıq uzun müddətdir ki, borc məbləğini ödəməkdən boyun qaçırmağa davam edir. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına çalışarkən, cavabdehə göndərilən rəsmi pretenziya məktubunda qeyd olunan borcu ödəməli olduğu barədə xəbərdarlıq edilmişdir. Cavabdeh şifahi olaraq borcu ödəyəcəyinə söz versə də, faktiki olaraq yenə də pulu ödəməmiş və petenziyaya hər hansı rəsmi cavab verməmişdir. Müqavilənin 4.4-cü bəndinə görə, ödəniş 30 iş günündən artıq müddətdə gecikdirildiyi halda, hər gecikdirilmiş gün üçün ümumi məbləğin 0,1 % miqdarında cərimə hesablanır. Təhviltəslim aktlarına müvafiq olaraq gecikdirilmiş ödənişlər üçün son 60 günə görə, cərimə məbləği aşağıdakı şəkildə hesablanacaqdır: 13479,28 0,1% = 13,47 13,47 60 gün = 835,14 (cərimə məbləği) Məhkəmə iclasında iştirak edən iddiaçınının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh MMC-yə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024cü il tarixli 22 saylı xidmət müqaviləsindən görünür ki, sifarişçi müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokoluna əsasən xidmətin göstərilməsini sifariş edir, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada adı gedən xidmətləri göstərməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən sifarişçi göstərilmiş xidmətlərə görə xidmət haqqını 30 gündən artıq müddətdə icraçıya ödəmədikdə hər gecikdirilmiş gün üçün ümumi məbləğin 0,1 %-i miqdarında cərimə ödəyir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qiymətlərin razılaşdırılması protokolundan, müqaviləyə əlavə 1-dən görünür ki, JCB 3CX 14M2WM markalı ** BA *** D.Q.N-lı ekskovator yükləyici ilə 26 gün ərzində xidmətlərin göstərilməsinə görə 6000, ƏDV 1080, cəmi 7080 qeyd edilmişdir. İş materiallarında olan elektron qaimələrdən görünür ki, ƏDV daxil olmaqla xx.xx.2024cü il tarixli 10117213 saylı qaimə üzrə 1633,8516 manat, xx.xx.2024-cü il tarixli 10544938 saylı qaimə üzrə 7080,0236 manat, xx.xx.2024-cü il tarixli 11824374 saylı qaimə üzrə 4765,4005 manat dəyərində xidmətlərə dair qaimə "xxxx" MMC tərəfindən Cavabdeh MMCyə ötürülmüş və həmin qaimələr təsdiq edilmişdir. İş materiallarında olan iş və xidmətlərin təhvil-təslim aktlarından görünür ki, ƏDV daxil olmaqla xx.xx.2024-cü il tarixli akta əsasən 1633,85 manat, xx.xx.2024-cü il tarixli akta əsasən 7080 manat. xx.xx.2024-cü il tarixli akta əsasən 4765,38 manat məbləğində görülmüş işlər "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. İş materiallarında olan pretenziya məktubundan görünür ki, borcluya borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Məhkəmə qeyd edir ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024-ci il tarixdə xidmət müqaviləsi bağlanmışdır. Tərəflər JCB 3CX 14M2WM markalı ** BA *** D.Q.N-lı ekskovator yükləyici ilə xidmət göstərilməsi üçün razılaşmışlar. İcraçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, texnika ilə xidmət göstərmiş, sifarişçi isə müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, göstərilən xidmətin haqqını ödəməmiş, nəticədə icraçıya 13479 manat 23 qəpik (təqdim edilən iş və xidmət aktlarına əsasən göstərilmiş xidmətin məbləği 13479 manat 28 qəpik deyil, 13479 manat 23 qəpik təşkil edir) borcu qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı həmin məbləğdə borcu cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması icraçının əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, icraçı işi icra edərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 835,14 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 500 manat məbləğində müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış xidmət müqaviləsi üzrə 13479 manat 23 qəpik əsas borc, 500 manat cərimə borcu olmaqla cəmi 13979 manat 23 qəpik borc cavabdehdən alınaraq iddiaçıya verilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 132 manat 95 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 131 manat 94 qəpik dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli 22 saylı xidmət müqaviləsinə əsasən 13479 manat 23 qəpik əsas borc, 500 manat cərimə borcu olmaqla cəmi 13979 (on üç min doqquz yüz yetmiş doqquz) manat 23 (iyirmi üç) qəpik borc, 131 (bir yüz otuz bir) manat 94 (doxsan dörd) qəpik dövlət rüsumu Cavabdehndən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1652/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1652/2025
03.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver