Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1705/2022 24.10.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı yaranmış borc məbləğinin, dəymiş maddi ziyanın ödənilməsi və texnikanın saz vəziyyətdə geri qaytarılması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında, baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci il 19 may tarixli 03-LM/20 nömrəli müvəqqəti lizinq müqaviləsinə əsasən 1500 manat əsas borcun, 967,50 manat cərimənin və 3000 manat əldən çıxmış faydanın cəmi 5467,50 manat borc məbləğinin və 100 manat mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi və qanunsuz istifadədə olan 1 ədəd Sampo Rosenlew SR-2035 markalı taxılyığan kombaynın saz vəziyyətdə geri alınaraq İddiaçı ASC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (əvvəlki "xxxx" Açıq Səhmdar Cəmiyyəti) ilə Cavabdeh arasında bağlanmış 2020-ci il 19 may tarixli 03-LM/20 nömrəli müvəqqəti lizinq müqavilələrinə əsasən 1 ədəd Sampo Rosenlew SR-2035 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. Cavabdeh lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində ödəməyi öhdəsinə götürmüş, lakin öhdəlikləri yerinə yetirməmişdir. Müqaviləyə əsasən onun Cəmiyyətə müqavilə üzrə 1500 manat borcu vardır. Həmçinin müqavilənin 3.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Buna əsasən ödəniş qrafiki üzrə olan gecikdirilən günlərə görə hesablanmış cərimənin məbləği müqavilə üzrə cəmi 967,50 manat təşkil etmişdir. Bundan başqa müqavilənin müddətinin başa çatmasına baxmayaraq, cavabdeh tərəfindən texnika qanunsuz olaraq saxlanıldığı üçün Cəmiyyətə ümumilikdə 3000 manat maddi ziyan vurulmuşdur. Tərəflər arasında bağlanmış müqavilələrin 1.4-cü maddəsinə görə cavabdeh icra müddəti başa çatdıqdan sonra texnikaları saz, işlək və dəst halda Lizinqə (İstifadəyə) verənə qeyd-şərtsiz geri qaytarılmasına dair öhdəlik daşıyır. Buna baxmayaraq cavabdeh həmin texnikadan bugünədək qanunsuz olaraq istifadə edir və buna görə Cəmiyyətə heç bir ödəniş etmir. İddiaçı Cavabdeh vermiş olduğu texnikanı başqa vətəndaşa verərək ondan gəlir əldə edə bilərdi. Lakin cavabdeh həmin texnikaları vaxtında geri qaytarmadığına görə iddiaçı texnikanı yenidən dəyərləndirə bilməmişdir. Ona görə də iddiaçı adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək bildirdi ki, tərəflər arasında bağlanmış 19 may 2020-ci il tarixli müvəqqəti lizinq müqaviləsinə əsasən taxıl yığan kombayn ona 2020-ci ilin İİ və İİİ rübündə istifadəyə verilmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, lizinq ödənişini ödəməmiş, həmçinin taxıl yığan kombaynı qanunsuz olaraq istifadəsində saxlamışdır. Onun hazırkı vaxtadək 1500 manat əsas borc, 967,50 manat cərimə və 3000 manat əldən çıxmış fayda olmaqla cəmi 5467,50 manat borcu vardır. Ona görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 03-LM/20 nömrəli kənd təsərrüfatı texnikasının müvəqqəti lizinqə verilməsi barədə müqavilədən görünür ki, lizinq verən 1 ədəd Sampo SR 2035 markalı, 2009-cu il istehsallı, şassi №557130, mühərrik №03102 taxılyığan kombaynı 2020-ci ilin 2-ci rübü üçün 750 manat, 2020-ci ilin 3-cü rübü üçün isə 750 manat olmaqla ümumilikdə 1500 manat lizinq ödənişi müəyyənləşdirərək lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi öz öhdəsinə götürmüşdür. Lizinq alan isə müqavilənin şərtinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.4-cü bəndindən görünür ki, lizinq alan lizinq obyekti olan texnikanı 2020-ci ilin 3-cü rübü başa çatdıqdan sonra 5 iş günü müddətində saz, işlək və komplektləşdirilmiş vəziyyətdə lizinq verən tərəfindən müəyyənləşdirilmiş saxlanc yerinə geri qaytarmalıdır. Həmin Müqavilənin 3.2-ci bəndindən görünür ki, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verənin lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququ müəyyənləşdirilmişdir. İş materillarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli texnikanının təhvili barədə aktdan görünür ki, "xxxx" ASC-yə məxsus 1 ədəd Sampo SR 2035 markalı, 2009-cu il istehsallı, şassi №557130, mühərrik №03102 taxılyığan kombayn Cavabdeh təhvil verilmişdir. İş materillarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 620 nömrəli əmrdən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 03-LM/20 nömrəli müvəqqəti lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo SR 2035 markalı, 2009-cu il istehsallı, şassi №557130, mühərrik №03102 taxılyığan kombaynı 2020-ci ilin 2-ci və 3-cü rübü ərzində taxıl biçini mövsümündə istifadə edilməsi üçün Cavabdeh müvvəqəti olaraq lizinqə verilməsi əmr edilmişdir. İşin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 03-LM/20 nömrəli müvəqqəti lizinq müqaviləsinin 3.2-ci bəndi ilə müəyyənləşdirilmiş ödəniş qrafikinə uyğun olaraq Cavabdeh gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində hesablanmış cərimə borcu 967,50 manat təşkil edir. İşin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, lizinq alan Cavabdeh xx.xx.2020-ci il tarixli 03-LM/20 nömrəli müvəqqəti lizinq müqaviləsininin şərtlərinə əməl etməyərək lizinqə götürdüyü texnikanı 2021-ci və 2022-ci illərdə geri qaytarmamış və lizinq verən İddiaçı ASC həmin texnikanı müvəqqəti lizinqə verilməsi nəticəsində gələcək gəlirlərdən məhrum olmuşdur. Bunun nəticəsi olaraq İddiaçı ASC –nə əldən çıxmış fayda olaraq 3000 manat məbləğində zərər dəymişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 02795 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Gəncə şəhəri 1 saylı Mediasiya Təşkilatı tərəfindən Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyi və İddiaçı ASCnin nümayəndəsi tərəfindən 100 manat məbləğində mediasiyaya dair ödəniş edildiyi barədə arayış verilmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Məhkəmə qeyd edir ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə kənd təsərrüfatı texnikasının müvəqqəti lizinqə verilməsi barədə müqavilə bağlanmış, lizinq verən bir ədəd taxılyığan kombaynı 2020-ci ilin 2-ci rübü üçün 750 manat, 2020-ci ilin 3-cü rübü üçün isə 750 manat olmaqla ümumilikdə 1500 manat lizinq ödənişi müəyyənləşdirərək lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi öz öhdəsinə götürmüş, lizinq alan isə müqavilənin şərtinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən lizinq verən öz öhdəliyini yerinə yetirmiş, taxılyığan kombaynı lizinq alanın sahiblik və istifadəsinə vermiş, lakin lizinq alan isə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, lizinq ödənişini ödəməmiş, həmçinin taxılyığan kombaynı vaxtında lizinq verənə qaytarmamışdır. Ona görə də məhkəmə hesab edir ki, lizinq verən müqavilə üzrə yaranmış borc məbləğini, habelə cavabdehin sahiblik və istifadəsinə verilmiş taxılyığan kombaynın geri qaytarılmasını tələb etməkdə haqlıdır. Həmin hissələrdə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 967,50 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, müqaviləyə əsasən taxılyığan kombayn lizinq alanın 2020-ci ilin 2-ci və 3-cü rübü ərzində sahiblik və istifadəsinə verilmiş, 2020-ci ilin 3-cü rübü başa çatdıqdan sonra 5 iş günü müddətində saz, işlək və komplektləşdirilmiş vəziyyətdə lizinq verən tərəfindən müəyyənləşdirilmiş saxlanc yerinə geri qaytarması şərtləşdirilmişdir. Lakin lizinq alan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, taxılyığan kombaynı lizinq verənə vaxtında qaytarmamışdır. Bununla da lizinq obyekti lizinq alanın istifadəsində və sahibliyində olduğundan mülkiyyətçi tərəfindən yenidən dəyərləndirə bilməmiş, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, iddiaçı əldən çıxmış faydanı da tələb etməkdə haqlıdır və həmin hissədə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, müvəqqəti lizinq müqaviləsi üzrə lizinq predmeti (1 ədəd Sampo Rosenlew SR 2035 markalı, 2009-cu il istehsallı, şassi № 557130, mühərrik № 03102 taxılyığan kombayn) saz vəziyyətdə geri qaytarılmalı, Cavabdeh 1500 manat əsas borc, 100 manat cərimə borcu, 3000 manat əldən çıxmış fayda olmaqla cəmi 4600 manat və 100 manat mediasiya xərci tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 03-LM/20 nömrəli müvəqqəti lizinq müqaviləsi üzrə lizinq predmeti (1 ədəd Sampo Rosenlew SR 2035 markalı, 2009-cu il istehsallı, şassi № 557130, mühərrik № 03102 taxılyığan kombayn) saz vəziyyətdə geri qaytarılsın və Cavabdeh 1500 manat əsas borc, 100 manat cərimə borcu, 3000 manat əldən çıxmış fayda olmaqla cəmi 4600 (dörd min altı yüz) manat və 100 (yüz manat) manat mediasiya xərci tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1705/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1705/2022
24.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver