Məhkəmə qərarları › İş №e-2-2(115)-1708/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1708/2022

01.11.2022 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1708/2022 01.11.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı bölüşdürülmüş dividendin ödənilməsi və digər illərin mənfəətinin bölüşdürülməsinə dair təsisçilərin ümumi yığıncağının keçirilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2018-ci il üzrə bölüşdürülmüş 22000 manat dividend məbləğinin, vəkil üçün ödənilmiş 121 manatın, ödənilmiş 50 manat dövlət rüsumunun, 400 manat mediasiya xərcinin, cəmi 22627 manat pulun cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada alınaraq ona ödənilməsi və digər illərin mənfəətinin bölüşdürülməsinə dair təsisçilərin ümumi yığıncağının keçirilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh2 MMC-nin 50% pay hüquqlu təsisçisidir. Lakin Cavabdeh2 MMC-nin fəaliyyəti müddətində bir dəfə də olsun təsisçi olaraq ona heç bir dividend ödənilməmişdir. Bununla bağlı olaraq Cavabdeh2 MMC-yə müraciət edilmişdir. Lakin Cavabdeh2 MMC-nin cavab məktubu ilə dividendin ödənilməsindən imtina edilmişdir. Sözügedən dividend məbləği Cavabdeh2 MMC ilə bərabər onun digər təsisçisi Cavabdeh1 müştərək qaydada tutularaq ona ödənilməlidir. Çünki müəssisənin aktivləri onun sərəncamında olmuş, müəssisəyə faktiki rəhbərliyi o həyata keçirmişdir. Müəssisənin fəaliyyətə başladığı vaxtdan hazırki dövrə qədər olan ümumi dövriyyəsi isə bir milyon manatdan çoxdur. Baxmayaraq ki, Cavabdeh2 MMC fəaliyyəti dövründə mənfəət əldə etmişdir, lakin payçı olaraq ona bir manat da olsun belə pul ödənilməmişdir. Cavabdeh2 MMC vergi orqanına təqdim etdiyi ödəmə mənbəyində verginin tutulmasına dair bəyannamədə qeyd edir ki, 44000 manat xalis mənfəət olmuş və guya ki, 22000 manatını ona ödəmişdir. Lakin cavabdehlər tərəfindən ona heç bir pul vəsait ödənilməmişdir. Eyni zamanda bildirir ki, cavabdehə məktub göndərərək təsisçilərin ümumi yığıncağının keçirilməsini təklif edərək xx.xx.2022- ci il tarixdə ünvan 1 ünvanına dəvət edib. Təsisçi Cavabdeh1 iclasda iştirak etməmişdir. İclasın nəticələri xx.xx.2022-ci il tarixli protokolla rəsmiləşdirilmişdir. Hesab edir ki, 2018-ci ilin bölüşdürülmüş mənfəətinin 22000 manatı ona ödənilməli və digər illərin mənfəətinin bölüşdürülməsi üçün təsisçilərin ümumi yığıncağının keçirilməsinin təşkil edilməsi Cavabdeh2 MMC-nin və digər təsisçi Cavabdeh1 üzərinə vəzifə qoyulması haqqında qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatında göstərdi ki, hüquqlarını müdafiə etdiyi şəxs İddiaçı Cavabdeh2 MMC-də 50% paya malikdir. Hüquqi şəxsə isə rəhbərliyi Cavabdeh1 edir. Cəmiyyət 2018-ci ildə 44000 manat mənfəət əldə etmişdir. Onun həmin məbləğdə mənfəət əldə etməsi təqdim etdikləri sənədlərlə təsdiq edilir. Belə ki, Cəmiyyətin vergi orqanın təqdim etdiyyi vergi bəyannaməsi və ona əlavə edilmiş sənədlərlə 44000 manatın təsisçilər arasında bölünərək hər bir təsisçiyə 22000 manat bölüşdürüldüyü qeyd edilmişdir. Cavabdehlər isə qeyd edir ki, əldə olunan mənfəətin yarısı, yəni 22000 manat İddiaçı verilmişdir, lakin bunu təsdiq edən hər hansı sənəd təqdim edə bilmirlər. Həmin ilin mənfəətinin bölüşdürülməsi üçün təsisçilərin yığıncağı keçirilməmişdir. Yığıncağı hüquqlarını müdafiə etdiyi şəxs çağırmış, lakin digər təsisçi iştirak etmədiyi üçün yetərsay olmadığından hər hansı iclasın keçirilməsi mümkün olmamışdır. Ona görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X2 izahatında göstərdi ki, müəssisənin bütün fəaliyyəti dövründə əlvə etdiyi mənfəət 44000 manatdır ki, həmin məbləğlə bağlı vergi bəyannaməsini təqdim etmişlər. Bütün xərcləri çıxıldıqdan sonra ümumi məbləğ 44000 manat olmuşdur. Həmin məbləğ təsisçilər arasında bölüşdürülmüşdür. Hər bir təsisçiyə 22000 manat vəsait bölüşdürülmüşdür, ancaq ümumi məbləğdən 4400 manat, hər bir təsisçinin payından 2200 manat vergiyə ödənilmişdir. Vergi məbləği olan 4400 manat vəsait isə 2019-cu ilin aprel ayında Vergilər Nazirliyinin hesabına köçürülmüşdür. Bu barədə vergi orqanına hesabat təqdim edilmişdir. Lakin mənfəətin bölüşdürülməsi ilə bağlı ümumi yığıncağın qərarı və ya protokolu olmamışdır. Hansı əsasla bölüşdürülməsindən məlumatı olmamış, ancaq sənədlər əsasında vergi orqanına məlumat verilmişdir. Bölüşdürülmüş məbləğ isə iddiaçıya verilmişdir. Belə ki, tərəflər bir-biri ilə qohumdurlar, həmin pul vəsaiti ödənilərkən hər hansı sənəd tərtib edilməmişdir. Ona görə də bölüşdürülmüş gəlirin iddiaçıya təqdim edilməsini təsdiq edə bilmir. Ona görə də iddianın təmin edilməməsini xahiş edir. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə də işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh2 2019-cu ilin 1-ci rübünə dair ödəmə mənbəyində tutulan vergi bəyannaməsindən görünür ki, gəlirləri 44000 manat, vergi məbləği 4400 manat müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh2 2019-cu ilin 1-ci rübünə dair ödəmə mənbəyində tutulan vergi bəyannaməsinə 1 saylı əlavədən görünür ki, gəlir məbləği cəmi 44000 manat, vergi məbləği cəmi 4400 manat göstərilməklə həmin gəlir məbləği Cavabdeh1 və İddiaçı arasında hər birinə 22000 manat olmaqla bölüşdürülmüş, hər birinin gəlir məbləğindən isə 2200 manat vergi məbləği nəzərdə tutulmuşdur. İş materiallarında olan Cavabdeh2 2016-2019-cu illər üzrə mənfəət vergisinin bəyannaməsindən görünür ki, 2016-cı il üzrə vergiyə cəlb olunan mənfəət 7978,53 manat, mənfəət vergisinin dərəcəsi 20 manat olmaqla mənfəəət vergisi 1595,73 manat olması, 2017ci il üzrə vergiyə cəlb olunan mənfəət 23117,43 manat, mənfəət vergisinin dərəcəsi 20 manat olmaqla mənfəəət vergisi 4623,49 manat olması, 2018-ci il üzrə vergiyə cəlb olunan mənfəət 25545,18 manat, mənfəət vergisinin dərəcəsi 20 manat olmaqla mənfəəət vergisi 4909,04 manat olması və 2019-cu il üzrə isə vergiyə hər hansı mənfəətin cəlb olmadığı göstərilmişdir. İş materiallarında olan "xxxx" QSC-nin əməliyyatın təfərrüatı sənədindən və hesabdan çıxarışdan görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixdə 4400 manat məbləğində vəsaiti Vergilər Nazirliyinin hesabına ödənilmişdir. İş materiallarında olan Cavabdeh2nə aid xx.xx.2022-ci il tarixli şəxsi hesab vərəqəsindən çıxarışdan görünür ki, 4400 manat məbləğində pul vəsaiti xx.xx.2019-ci il tarixə ödəniş kimi qeydə alınmşdır. İş materiallarında olan 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********259500 uçota dair arayışından görünür ki, AZ.PLAST” Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43-cü maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən hüquqi şəxsin orqanları hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsinnizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 90-1.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. Həmin Məcəllənin 90-1.2-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə qeyd edir ki, Cavabdeh2 2019-cu ilin 1-ci rübünə dair vergi bəyannaməsinə və ona 1 saylı əlavəyə əsasən gəlirləri 44000 manat, vergi məbləği 4400 manat müəyyən edilmiş, 44000 manat hər iki təsisçi arasında hər birinin payı 22000 manat olmaqla bölüşdürülmüş, hər birinin gəlir məbləğindən isə 2200 manat vergi məbləği alınması nəzərdə tutulmuşdur. Ümumi gəlirdən vergi məbləğində aid 4400 manat pul vəsaiti xx.xx.2019-cu il tarixdə dövlət büdcəsinə ödənilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh2 44000 manat gəlirinin İddiaçı bölüşdürülmüş hissəsi, yəni 22000 manatın 2200 manat vergi çıxılmaqla 19800 manatı cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa Cavabdeh2 nümayəndəsi bölüşdürülmüş gəlir məbləğinin iddiaçıya verilməsi ilə bağlı dəlillərinə münasibət bildirən məhkəmə qeyd edir ki, qeyd edilən halla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir və belə bir hal iş materialları ilə də təsdiqini tapmır. Həmçinin iddiaçı tərəf 44000 manat gəlirin 2018-ci ilin mənfəəti olmasını, digər illərin mənfəətinin bölüşdürülməsi üçün ümumi yığıncağın keçirilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasını tələb etsə də Cavabdeh2 2016-2019-cu illər üzrə mənfəət vergisinin bəyannamələrində 44000 manat gəlirin məhz 2018-ci ilin mənfəəti olmasını müəyyən edilmir. İddiaçı tərəf də tələbini bu hissədə əsaslandıra bilməmişdir. Həmçinin cavabdeh tərəf də 44000 manat gəlirin 2016-2018-ci illləri əhatə etdiyini bildirmişdir. Bundan başqa 2019-cu cavabdeh tərəfindən məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, Cavabdeh2 2019-cu il üzrə mənfəət vergisinin bəyannaməsi ilə vergiyə hər hansı mənfəətin cəlb olmadığı müəyyən edilir. Həmçinin sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək dayandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı 44000 manat gəlirin məhz 2018-ci ilin gəliri olması, digər illəri, yəni 2016-2017-ci illəri əhatə etməməsi ilə bağlı hər hansı sübut təqdim etmədiyindən 2016-2017-ci illərin mənfəətinin bölüşdürülməsi üçün ümumi yığıncağın keçirilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması ilə bağlı iddia tələbi əsaslı sayıla və təmin edilə bilməz. Bundan başqa Cəmiyyətin 2019-cu il ərzində və ondan sonra hazırkı vaxtadək mənfəət əldə etməsi ilə bağlı da iddiaçı məhkəməyə hər hansı sübut təqdim etməmiş, iddia tələbinin həmin dəlillərini təsdiq etməmişdir. Ona görə də iddiaçının Cəmiyyətin 2019-cu il də daxil olmaqla ondan sonrakı illərin mənfəətinin bölüşdürülməsi üçün ümumi yığıncağın keçirilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması ilə bağlı iddai tələbi əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan Gəncə şəhəri 1 saylı Mediasiya Təşkilatı tərəfindən Cavabdeh1 ilkin mediasiya sessiyasında iştirak etmədiyi, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etməsi və onun tərəfindən 400 manat məbləğində mediasiyaya dair ödəniş edildiyi barədə arayış verilmişdir. İş materiallarında olan hökümət ödəniş portalına dair ********* nömrəli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin məhkəmə verilməsi üçün 50 manat dövlət rüsumu ödəmişdir. Qeyd edilənlənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş 50 manat dövlət rüsumu və 400 manat mediasiya xərci də cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı iddia tələbində 121 manat vəkilə ödənilmiş pul vəsaitinin də cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsini tələb etsə də tələbini əsaslandıran sübutu məhkəməyə təsdiq etməmişdir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 təsisçiləri arasında bölüşdürülmüş dividend gəliri olaraq 19800 (on doqquz min səkkiz yüz manat) manat pul, ödənilmiş 50 (əlli manat) manat dövlət rüsumu, 400 (dörd yüz manat) manat mediasiya xərci, cəmi 20250 (iyirmi min iki yüz əlli manat) manat pul cavabdehlər Cavabdeh2ndən və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar