Məhkəmə qərarları › İş №e-2-2(115)-1818/2024

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-1818/2024

19.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1818/2024 19.11.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1818/2024 saylı qərardadından iş üzrə İddiaçı vəkili Vəkil1 tərəfindən verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və pul tələbinə dair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 0.0308 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyriyaşayış obyektindən cavabdehin çıxarılması və xx.xx.2024-cü il tarixdən hazırki ayadək üç ay müddətinə hər ay 5000 manat olmaqla cəmi 15000 manat (əldən çıxmış fayda) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh2 (FİN: xxxxxxx, VÖEN: **********, xx xxxx 1994-cü ildə ünvan 2 ünvanında qeydiyyatda olan) cavabdeh qismində cəld edilməsi və ünvan 1 ünvanda yerləşən 0.0308 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyriyaşayış obyektindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması və xx.xx.2024-cü il tarixdən hesablanmaqla obyektin tam boşaldılıb mənə təhvil verilənədək hər ay 3000 manat cavabdehlərdən müştərək qaydasında tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1818/2024 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və pul tələbinə dair mülki işin aidiyyəti üzrə baxılması üçün Gəncə şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı vəkili Vəkil1 şikayət qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işdə olan sənədlərlə müəyyən olunur ki, iddiaçının qanuni istifadəsində olan ünvan 1 ünvanda yerləşən 0.0308 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış obyekti Gəncə şəhərində Xan Bağı parkında yerləşməklə sahibkarlıq obyektidir və çayxana kimi fəaliyyət göstərir. Mübahisənin predmeti isə həmin obyektin istifadəsi ilə bağlı bağlanmış icarə müqaviləsinin müddətinin bitməsinə görə cavabdehlərin həmin obyektdən çıxarılması və obyektin tam boşaldılıb iddiaçıya təhvil verilənədək hər ay 3000 manat (icarə haqqı miqdarında) cavabdehlərdən müştərək qaydasında tutularaq İddiaçı ödənilməsindən ibarətdir. Beləliklə, hər iki cavabdeh sahibkar olmaqla, mübahisənin subyektidirlər, həm də mübahisə predmeti məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan işə kommersiya məhkəməsindən baxılmalıdır. Məhkəmə sadalanan prosessual hüquq normalarının tələblərini pozaraq düzgün olmayaraq işə ümumi məhkəmədə baxılması barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair ”2020-ci il 18 sentyabr tarixli 10 saylı qərarın 11-ci bəndində göstərilmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində qeyd edilir ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır, birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Hesab edirik, məhkəmə aidiyyatı düzgün müəyyən olunmamışdır. Həm cavabdehlərin fərdi sahibkar olması, həm də mübahisənin məhz cavabdehlərin icarəyə götürdüyü qeydi-yaşayış obyektinin icarə müqaviləsi ilə bağlı olduğundan, mübahisə kommersiya mübahisəsi olduğundan işə ümumi məhkəmədə yox, kommersiya məhkəməsində baxılmalıdır. Şikayətdə qeyd olunan dəlilləri araşdırıb, iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1818/2024 saylı qərardadı əsaslıdır və ləğv edilməsi üçün əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. “Elektron Məhkəmə” informasiya sisteminin məlumatından görünür ki, İddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınmamışdır. Beləliklə, iş üzrə cavabdehlərin sahibkarlıq fəaliyyətini həyakat keçirən fiziki şəxs statusu olsa da, İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs statusu yoxdur. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli qərarının 11-ci bəndində məhkəmələrə izah edilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Mülki Prosessual Məcəllənin 403-1.5-cü maddəsinin tələbinə əməl edilməklə iş kassasiya instansiyası məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya rədd edir və mübahisəyə baxılması üçün tərəflərə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Mülki Prosessual Məcəllənin 269.3-cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 10.8-1, 263, 264, 408 və 403-1.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1818/2024 saylı qərardadından iş üzrə İddiaçı vəkili Vəkil1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şikayətin surəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilsin. Şikayət iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar