Məhkəmə qərarları › İş №e-2-2(115)-1968/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1968/2025

27.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1968/2025 27.10.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: iddia tələbinin etiraf edilməsi) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumillikdə 12312,5 manat borc və 127 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 oktyabr 2020-ci il tarixdən etibarən "xxxx" MMC şirkəti ilə agent müqaviləsi əsasında agent broker (komisyonçu) fəaliyyəti ilə məşğuldur. xx.xx.2024-cü il tarixdən isə şirkət əl dəyişdiyi üçün eyni qayda ilə "xxxx" ASC ilə davam edirlər. Xidmət növü onunla müqavilə əsasında işləyən agentlərə şirkətin təqdim etdiyi proqram təminatı üzərindən əhaliyə qaz, işıq, su, bank, internet, sığorta, mobil balans artırılması kimi yığımın təşkil olunması üçün kompüter və PC lərə proqram təminatını yazaraq və eyni zamanda limit ayıraraq ödənişlərin (yığımın) qəbulundan ibarətdir. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 48.1-ci maddəsinə əsasən elektron pul təşkilatı ödəniş xidmətləri sahəsində fəaliyyətini lisenziya aldıqdan sonra həyata keçirə bilərlər. Bunu nəzərə alaraq "xxxx" ASC xx.xx.2024-cü il EPT-009 saylı lisenziyanı əldə etmişdir. (Təsdiq linki:https://www.cbar.az/page853/electronicmoney-institutions) Əlavə olaraq, həmin qanunun 3.1.1-ci, 3.1.2-ci və 3.1.4-cü maddələrində nəzərdə tutulmuş ödəniş xidmətlərinin göstərilməsi, bank və elektron pul təşkilatı eyni zamanda elektron pulun satışı və elektron pulun qalıq dəyərinin geri ödənilməsi üçün ölkə daxilində ödəniş agentini cəlb edə bilərlər. Ödəniş xidməti təchizatçısı cəlb etdiyi ödəniş agentlərinin ödəniş xidmətləri üzrə fəaliyyətinə görə tam məsuliyyət daşıyır. Sadalanan maddələrin tələblərinə uyğun olaraq o və "xxxx" ASC arasında müqavilə imzalanmışdır. (Müqaviləni təsdiqləmək üçün link:https://www.cbar.az/page-856/payment-agents link üzrə yüklənəcək excell faylın ilk sətrində onun adı çıxır). Bundan əlavə, növbəli şəkildə də ona bağlı agentlərlə də onunla müqavilə bağlanılır və həmin agentlərdə müştərilərdən yığım həyata keçirə bilsin deyə onların şəbəkələrinə qoşulur. (Agentin kompyuter ve mobil telefonuna proqram təminatı yazılır) Öhdəliyimdə iki azyaşlı uşaq olduğu üçün işlərini həyat yoldaşı X3 aparır. Əvəllər də tanıdığı və heç bir şəxsi ədavəti olmayan Cavabdeh (yoldaşının sinif yoldaşı olub) müraciət edərək ödənişlər həyata keçirə bilmək üçün proqram təminatı üçün köməklik istəmişdir. Onlar də öz növbələrində agent qismində şəxsdən sənədləri (Şəxsiyyətini təsdiq edən sənəd və VÖEN təqdim etməsini tələb etdilər. Sənədlər təqdim olunduqdan sonra Cavabdeh ilə Tovuz şəhər M.Ə.Sabir küçəsində yerləşən ticarət obyektinə baxış keçirdilər və xx.xx.2025-ci il tarixdə Tovuz şəhər M.H.Şəhriyar 60 ünvanında yerləşən ofisdə agent müqaviləsi imzalanmışdı. Elə həmin gün də ödənişlər həyata keçirə bilsin deyə proqram təminatını Cavabdeh android tipli mobil telefonuna yazmışdı. Cavabdeh öz ofisində əlavə olaraq sığorta fəaliyyəti ilə də məşğul olur. Ödənişləri həyata keçirmək üçün ona günlük fərqli məbləğlərdə avans açılırdı. İlk ay hər şey qaydasında olsa da iyul ayının 18-i və 19 u tarixdə ona 15306 AZN dəyərdə limit verilmişdi. Vəsait günlük və bir gündən bir ərazidəki agentlərdən toplanaraq öz bank hesabılarına oradan isə növbəli şəkildə limit almaq üçün "xxxx" ASC-nin bank hesabına vurulur. Cavabdeh vəsaiti tələb edəndə isə fərqli bəhanələr gətirərək vəsaitin tez bir zamanda ödəniləcəyi barədə vədlər vermişdi. Neçə günlük çəkişmələrdən sonra 2993.5 AZN çətinliklə ödətdirə bilmişdilər. Sonrakı günlərdə isə limit çatışmazlığı ilə bağlı problemlər yaşanmış şirkət limitləri saxlamışdı və iş dayanmışdı. Cavabdeh xx.xx.2025-ci il tarixli kassa 7 saylı müqavilənin 6.5-ci bəndinin kobud şəkildə pozmuşdur. 6.5. Müqavilə tərəfinin bu müqaviləyə və qanunvericiliyə zidd olan hərəkət və ya hərəkətsizliyi nəticəsində zərərçəkmiş tərəf digər tərəfi ödəniləcək cərimələr, vurulmuş ziyanlar, həmçinin onların miqdarı barədə rəsmən xəbərdar edir. Xəbərdarlığı alan tərəf müvafiq tələbi aldığı gündən hesablamaqla 10 (on) iş günü ərzində onun ödənilməsini təmin etməlidir.

3. Sonradan İddiaçı ərizə təqdim edərək, Cavabdeh xx.xx.2025-ci il tarixədək ona ödədiyi məbləğin 115 manat, xx.xx.2025-ci il tarixədək ona ödədiyi məbləğin 515 manat təşkil etdiyini bildirərək, cavabdehin qalıq borcunun yekun olaraq 11797,50 manat təşkil etdiyini, həmçinin cavabdehin ona verəcəyi məbləğin dövriyyə qazancı olaraq əlavə 3000 manat çox ziyan vurduğunu və buna görə də qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. II. Tərəflərin mövqeyi

4. İddiaçı iddia ərizəsində yazılanlara uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

5. İddiaçının nümayəndəsi X3 iddia ərizəsində yazılanlara uyğun izahat verərək və iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh borcunu etiraf etsə də, çox az miqdarda ödəniş etdiyi üçün şirkət tərəfindən ona limit verilmir və o da öz qazancını təmin edə bilmir. Bu səbəbdən iddia tələbi artırılaraq, 3000 manat dəymiş ziyan da istəyirlər. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

6. Cavabdeh ərizə təqdim edərək, iddiaçıya 11797,50 manat borcu olduğunu etiraf etmiş və iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir.

II. Sübutların tədqiqi

7. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 10 oktyabr 2020-ci il tarixli müqavilənin şərtlərindən görünür ki, Müqavilənin predmetini Azərbaycan Respublikası ərazisində şirkətin abunəçiləri və ödəyiciləri tərəfindən "Şirkət”in texniki imkanları çərçivəsində mobil operator nıüəssisləri şəbəkəsi, İnternet servis provayderlər (İSP) kommunal xidmətlər və digər xidmət operatorları üzrə edilən ödəmələrinin "Agent” tərəfindən Müqavilədə müəyyən edilən ödəmə Qəbulu Məntəqələri (ÖQM) ilə yığılması və yığılmış vəsaitlərin şirkətin bu Müqavilədə qeyd olunmuş hesablaşma hesabına köçürülməsi ilə bağlı xidmətlərin (bundan sonra ‘Xidmət’adlandırılacaq) göstərilməsi və "Şirkət" tərəfindən bu Müqavilənin şərtlərinə uyğun Agentə xidmət haqqının ödənilməsi ilə tərəflər arasında Müqavilə üzrə münasibətlərin tənzimlənməsi təşkil edir.

8. xx.xx.2020-ci il tarixli 799 nömrəli müqavilə üzrə hüquq və vəzifələrin ötürülməsinə dair 23.09.204-cü il tarixli razılaşmadan görünür ki, Onlayn Ödəmə” Müqavilə üzrə müəyyən edilən hüquq və vəzifələrini “Qoldenpey"ə ötürür (1). "xxxx" hazırkı Razılaşma əsasında ona ötürülən və Müqavilə üzrə "xxxx" yə dair tətbiq edilən hüquq və vəzifələri qəbul edir (2), “Sahibkar” Müqavilə üzrə "xxxx"yə dair tətbiq edilən hüquq və vəzifələrin "xxxx"ə ötürülməsinə etiraz etmir (3).

9. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 iyun 2025-ci il tarixli müqavilənin şərtlərindən görünür ki, bu Müqavilənin predmetini Azərbaycan Respublikası ərazisində "xxxx" MMC-nin xidməti vasitəsi ilə X1 (ÖQM) vəsaitlərin “Kassam. az” sistemi vasitəsilə yığılması məqsədilə “Agent" əvvəlcədən “ Baş dilerin hesabına müəyyən miqdarda depozit formasında vəsait yatırmaqla limit əldə edir, həmin limit miqdarında ödəmələri X1 (ÖQM) yığılmasını təşkil edir.

10. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 iyun 2025-ci il tarixli müqaviləyə 01 saylı Əlavənin Qeydindən görünür ki, günlük istifadədən asılı olaraq baş diler agentə maksimum 15000 manata qədər limit aça bilər.

11. Qəbzlərdən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli 13131 nömrəli qəbzlə 4000 manat, xx.xx.2025-ci il tarixli 7134 nömrəli qəbzlə 3000 manat, xx.xx.2025-ci il tarixli 7470 nömrəli qəbzlə 2999,50 manat, xx.xx.2025-ci il tarixli 8135 nömrəli qəbzlə 3000,50 manat, xx.xx.2025-ci il tarixli 3398 nömrəli qəbzlə 399,50 manat, xx.xx.2025-ci il tarixli 15856 nömrəli qəbzlə 295 manat, xx.xx.2025-ci il tarixli 12953 nömrəli qəbzlə 274,50 manat, xx.xx.2025-ci il tarixli 9701 nömrəli qəbzlə 273,50 manat, xx.xx.2025-ci il tarixli 5301 nömrəli qəbzlə 1059 manat limit ayrılmışdır.

12. 28 iyul 2025-ci il tarixli xəbərdarlıqla müəyyən olunur ki, cavabdehə 10 iş gün müddətində borcun tam ödənilməsi tələb olunmuşdur.

III. Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 787. Broker müqaviləsi anlayışı 787.1. Broker müqaviləsinə əsasən brokerə muzd müqabilində sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırığı verilir. 787.2. Əgər bu Məcəllənin bu fəslinin aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, broker müqaviləsinə tapşırıq müqaviləsi haqqında qaydalar tətbiq edilir. Maddə 788. Brokerin muzd almaq hüququnun əmələ gəlməsi. Xərclərin əvəzinin ödənilməsi 788.1. Brokerin öz vasitəçilik xidmətləri və ya köməyi nəticəsində müqavilə həyata keçirildikdən sonra muzd almaq hüququ vardır. Əgər müqavilə təxirəsalıcı şərtlə bağlanırsa, muzd yalnız həmin şərt baş verdikdə tələb edilə bilər. 788.2. Brokerin xərclərinin əvəzi yalnız ayrıca şərtləşdirildiyi halda ödənilir. Bu, müqavilənin bağlanmadığı hallara da tətbiq edilir. 788.3. Əgər broker başqa iştirakçıya broker müqaviləsinə zidd üsulla xidmətlər göstərmişsə və ya vicdanlılıq prinsipinə zidd olaraq digər tərəfdən də muzd almağı şərtləşdirmişdirsə, onun muzd almaq və xərclərinin əvəzinin ödənilməsi hüququ istisna edilir. Maddə 789. Ticarət nümayəndəsi (agent) haqqında müqavilə 789.1. Ticarət nümayəndəsi haqqında müqaviləyə görə, sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxsə (ticarət agentinə) alğı-satqı müqavilələrinin, habelə xidmətlər yaradılmasına dair müqavilələrin (ticarət əqdlərinin) bağlanmasında hər hansı istehsalçının, sənayeçinin və ya tacirin (tapşıranın) adından və hesabına vasitəçilik xidmətləri göstərmək və (və ya) bunları bağlamaq barəsində uzunmüddətli tapşırıq verilir. 789.2. Həm fiziki, həm də hüquqi şəxslər ticarət agenti ola bilərlər. Aşağıdakılar ticarət agentləri deyildirlər: 789.2.1. vasitəçilik fəaliyyəti və ya əqdlərin bağlanması ilə təsadüfdən-təsadüfə məşğul olan şəxslər; 789.2.2. ticarət və xammal birjalarında işləyən şəxslər; 789.2.3. tapşıranla əmək müqaviləsi bağlamış şəxslər. 789.3. Ticarət nümayəndəsi haqqında müqavilə yazılı formada bağlanır. 789.4. Müqavilə ilə tənzimlənməyən öhdəliklərə bu Məcəllə və əlavə olaraq, ticarət nümayəndəsinin olduğu yerdə ticarət sahəsindəki işgüzar adətlər tətbiq edilir. Maddə 792. Ticarət agentinin muzdu 792.1. Ticarət agentinin sabit aylıq muzd və (və ya) əqdlərin dövriyyəsindən və ya miqdarından asılı muzd (komisyon muzdu) almaq hüququ vardır. 792.2. Muzd müqaviləyə əsasən hesablanır. Əgər o, müqavilə ilə tənzimlənmirsə, ticarət agentinin öz təqdim etdiyi mallar və ya bunlara oxşar mallar üçün işgüzar adətlərə uyğun qəbul edilmiş muzda bərabər muzd almaq hüququ vardır. İşgüzar adətlər olmadıqda müqavilənin istənilən iştirakçısı bütün hallar nəzərə alınmaqla ağlabatan muzdun müəyyənləşdirilməsi üçün məhkəməyə müraciət edə bilər. 792.3. Muzdun tamamilə və ya qismən komisyon prinsiplərinə əsaslandığı hallara bu Məcəllənin 793-cü maddəsi tətbiq edilir. Maddə 793. Ticarət agentinin komisyon muzdu 793.1. Ticarət agentinin aşağıdakılar üçün komisyon muzdu almaq hüququ vardır: 793.1.1. ticarət nümayəndəsi haqqında müqavilənin qüvvədə olduğu müddət ərzində ya ticarət agentinin fəaliyyəti nəticəsində bağlanmış, ya da oxşar əqdlərin həyata keçirilməsi üçün ticarət agentinin əvvəllər müştəri kimi cəlb etdiyi şəxslər ilə bağlanmış bütün ticarət əqdləri; 793.1.2. əgər ticarət agentinin müəyyən coğrafi ərazidə və ya şəxslərin müəyyən qrupuna müstəsna hüququ varsa, həmin ərazidə və ya həmin qrupdan müştərilər ilə bağlanan bütün əqdlər; 793.1.3. ticarət nümayəndəsi haqqında müqavilənin qüvvədə olma müddəti bitəndən sonra bağlanmış ticarət əqdləri - bu şərtlə ki, əqd ticarət agentinin müqavilənin qüvvədə olduğu dövrdə və ya bundan sonra ağlabatan dövrdə fəaliyyəti nəticəsində yaransın və ya müştərinin sifarişini agent və ya tapşıran ticarət nümayəndəsi haqqında müqavilə üzrə hüquq münasibətlərinə xitam verilənədək alsın. 793.2. Əgər ticarət əqdi bir neçə ticarət agentinin fəaliyyəti nəticəsində həyata keçirilərsə, onlar komisyon muzdunu həmin əqdin bağlanmasına onlardan hər birinin göstərdiyi təsirə uyğun nisbətdə bölüşdürürlər. 793.3. Ticarət agentinin komisyon muzduna iddiası tapşıranın üçüncü şəxslə müqavilə üzrə öz öhdəliklərini icra etməsindən və ya icra etməli olmasından sonra əmələ gəlir. Komisyon muzduna iddia tapşıran öz öhdəliklərini icra etdikdən sonra üçüncü şəxsin öz müqavilə öhdəliklərini yerinə yetirdiyi və ya yerinə yetirməli olduğu andan gec olmayaraq əmələ gəlir. 793.4. Əgər tapşıranla üçüncü şəxs arasında bağlanmış müqavilənin yerinə yetirilməyəcəyinə əminlik olarsa və onun yerinə yetirilməməsi tapşıranın cavabdeh olduğu hallardan irəli gəlməzsə, komisyon muzduna iddia istisna edilir. Əgər ticarət agenti həmin əqd əsasında komisyon muzdunu almışdırsa, bu muzdu qaytarmağa borcludur. 793.5. Təqvim ilinin hər rübündən sonrakı ayda tapşıran ticarət agentinə müvafiq rüb üçün ona çatası komisyon muzdunun hesabını verir. Bu hesabda komisyon muzdunun miqdarını və ödənilməsi müddətini yoxlamaq üçün zəruri məlumat göstərir. 793.6. Hər rüb üçün komisyon muzdu rübün qurtarmasından ən geci bir ay keçənədək ödənilməlidir. 793.7. Bu Məcəllənin 793.5 və 793.6-cı maddələrinə uyğun komisyon muzdlarının hesabının verilməsi və ödənilməsi müddəti tərəflərin razılaşmasına əsasən qısaldıla və ya uzadıla bilər, özü də bu müddət ən çoxu altı aylığına uzadıla bilər. 793.8. Ticarət agenti komisyon muzdunun hesablanması üçün zəruri olan mühasibat uçotu sənədləri də daxil olmaqla tapşıranın bütün sənədlərini gözdən keçirmək hüququna malikdir. Maddə 794. Ticarət nümayəndəsi haqqında müqavilənin qüvvədə olma müddəti və ləğvi 794.1. Ticarət nümayəndəsi haqqında müqavilə üzrə hüquq münasibətlərinə, əgər müqavilənin qüvvədə olması konkret müddətlə məhdudlaşdırılmayıbsa, müqavilədə müəyyənləşdirilmiş müddətdə xitam verilir. Lakin əgər tapşıranın dinməz və ya birbaşa razılığı ilə ticarət agenti öz fəaliyyətini davam etdirirsə və ya əgər ilkin müqavilədən sonra yeni müqavilə bağlanırsa, hesab edilir ki, müqavilə lap əvvəldən qeyri-müəyyən müddətə bağlanmışdır. 794.2. Qeyri-müəyyən müddətə bağlanmış müqaviləni istənilən iştirakçı ləğvetmə haqqında xəbərdarlıq edilməsinin ağlabatan müddətini gözləməklə ləğv edə bilər. Ağlabatan müddət birinci il ərzində azı 1 ay, ikinci il ərzində azı 2 ay və əgər müqavilənin qüvvəsi iki ildən çox davam edirsə, 3 ay təşkil edir. Əgər müddətli müqavilə bu Məcəllənin 794.1-ci maddəsinə uyğun olaraq müddətsiz müqaviləyə çevrilirsə, ləğvetmə haqqında xəbərdarlıq müddəti hesablanarkən müqavilənin bütün qüvvədə olma müddəti əsas götürülür. 794.3. Müqavilənin iştirakçıları ləğvetmə haqqında xəbərdarlıq edilməsinin daha uzun müddətini şərtləşdirə bilərlər. Ləğvetmə haqqında xəbərdarlıq edilməsinin bu müddəti həm tapşıran, həm də ticarət agenti üçün eyni olmalıdır. Maddə 797. Zərərin əvəzinin ödənilməsi Müqavilə üzrə hüquq münasibətlərinə xitam verildikdə ticarət agenti, bu Məcəllənin 796-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, tapşıranın müqavilə üzrə hüquq münasibətlərini hüquqa zidd və ya yanlış dəyişdirməsi və ya bu münasibətlərə xitam verməsi nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini də tələb edə bilər. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 220. Qətnamənin məzmunu 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Plenumunun Qərarı

Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

IV. Məhkəmənin mövqeyi

a) müqavilə üzrə əsas borcun tutulması tələbi ilə bağlı

16. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

17. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

18. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, Onlayn Ödəmə” MMC ilə İddiaçı arasında bağlanmış 10 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən müqavilənin predmetini Azərbaycan Respublikası ərazisində şirkətin abunəçiləri və ödəyiciləri tərəfindən "Şirkət”in texniki imkanları çərçivəsində mobil operator nıüəssisləri şəbəkəsi, İnternet servis provayderlər (İSP) kommunal xidmətlər və digər xidmət operatorları üzrə edilən ödəmələrinin "Agent” tərəfindən Müqavilədə müəyyən edilən ödəmə Qəbulu Məntəqələri (ÖQM) ilə yığılması və yığılmış vəsaitlərin şirkətin bu Müqavilədə qeyd olunmuş hesablaşma hesabına köçürülməsi ilə bağlı xidmətlərin (bundan sonra ‘Xidmət’adlandırılacaq) göstərilməsi və "Şirkət" tərəfindən bu Müqavilənin şərtlərinə uyğun Agentə xidmət haqqının ödənilməsi ilə tərəflər arasında Müqavilə üzrə münasibətlərin tənzimlənməsi təşkil edir. xx.xx.2020-ci il tarixli 799 nömrəli müqavilə üzrə hüquq və vəzifələrin ötürülməsinə dair 23.09.204-cü il tarixli razılaşmadan görünür ki, Onlayn Ödəmə” Müqavilə üzrə müəyyən edilən hüquq və vəzifələrini “Qoldenpey"ə ötürür (1). "xxxx" hazırkı Razılaşma əsasında ona ötürülən və Müqavilə üzrə "xxxx" yə dair tətbiq edilən hüquq və vəzifələri qəbul edir (2), “Sahibkar” Müqavilə üzrə "xxxx"yə dair tətbiq edilən hüquq və vəzifələrin "xxxx"ə ötürülməsinə etiraz etmir (3). İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 iyun 2025-ci il tarixli müqavilənin şərtlərindən görünür ki, bu Müqavilənin predmetini Azərbaycan Respublikası ərazisində "xxxx" MMC-nin xidməti vasitəsi ilə X1 (ÖQM) vəsaitlərin “Kassam. az” sistemi vasitəsilə yığılması məqsədilə “Agent" əvvəlcədən “ Baş dilerin hesabına müəyyən miqdarda depozit formasında vəsait yatırmaqla limit əldə edir, həmin limit miqdarında ödəmələri X1 (ÖQM) yığılmasını təşkil edir.

19. Hazırda iddiaçı 01 iyun 2025-ci il tarixli müqavilə üzrə 11797,50 manat məbləğində qalıq borcun ödənilməsini tələb edir.

20. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

22. Cavabdeh tərəfindən məhkəmə iclasında verilmiş ərizədən görünür ki, cavabdeh iddiaçıya 11797,50 manat borcu olduğunu etiraf etmiş və iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir.

23. Beləliklə, iddiaçının irəli sürdüyü cavabdehdən 11797,50 manat pulun tutulması tələbi üzrə iddia cavabdeh tərəfindən etiraf edildiyindən, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, əksinə iddiaçının maraqlarına uyğundur, cavabdehin iddianı etiraf etməsi qəbul olunmalı və iddia həmin hissədə təmin edilməlidir.

b) Müqavilə üzrə gecikdirilmiş faiz borcunun tutulması tələbi ilə bağlı

24. İddiaçı, həmçinin, gecikdirilmiş dövr üçün 01 iyun 2025-ci il tarixli müqavilə üzrə 3000 manat məbləğində pulun da tutulmasını da xahiş etmiş və qeyd etmişdir ki, cavabdeh ona verəcəyi məbləğin dövriyyə qazancı olaraq 3000 manatdan çox ziyan vurmuşdur. Buna görə də qətnamə çıxarılarkən Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinin nəzərə alınmasını xahiş etmişdir.

25. İddiaçı tərəfindən təqdim edilmiş ərizədən görünür ki, ərizə məhkəmə baxışı gedişində, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə təqdim edilmiş və cavabdeh ödəniş etdiyi üçün iddiaçı əsas borc məbləğini azaltmış, lakin iddia tələbini artıraraq, əlavə olaraq 3000 manatdan çox ziyan vurulduğunu bildirərək, həmin məbləği də tələb etmişdir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

27. Göründüyü kimi iddiaçı tərəfindən iddia tələbi həcmi məhkəmə baxışı gedişində artırılmış, lakin bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlməmiş, iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməmişdir. Buna görə də iddia tələbi həcminin artırılması barədə ərizə məhkəmə tərəfindən qəbul edilmədiyindən, həmin hissədə iddia tələbinə məhkəmə tərəfindən münasibət bildirilməsi zəruri hesab edilməmişdir.

b) Məhkəmə xərcləri ilə bağlı

28. İddiaçı eləcə də 127 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

29. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 127 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

30. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

31. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125,39 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumunun 1,61 hissəsi İddiaçı özünə aid edilməlidir.

V. Məhkəmənin gəldiyi nəticə

33. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 iyun 2025-ci il tarixli müqavilə üzrə 11797,50 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.

34. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən

QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 iyun 2025-ci il tarixli müqavilə üzrə 11797,50 (on bir min yeddi yüz doxsan yeddi manat əlli qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125,39 (bir yüz iyirmi beş manat otuz doqquz qəpik) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 1,61 (bir manat altmış bir qəpik) hissəsi İddiaçı özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Əbülfəz Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar