Məhkəmə qərarları › İş №e-2-2(115)-199/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-199/2024

23.05.2024 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-199/2024 23.05.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh X12 Cəmiyyətinə qarşı dividendlərin hesablanması və hesablanmış dividendlərin ödənilməsi ilə bağlı ümumi yığıncağın keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh X12 Cəmiyyətinə qarşı dividendlərin hesablanması və hesablanmış dividendlərin ödənilməsi ilə bağlı ümumi yığıncağın keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Simurq ATSC-nin İdarə Heyətinin səhmdarlarının ümumi yığıncağında xx.xx.1999-cü ildən başalayaraq xx.xx.2023-cü ilə qədər mərhum atasına (qanun üzrə vərəsə kimi) və ona məxsus dividentlərin hesablanması və hesablanmış dəyəri 30000 manat məbləğində qiymətləndirilən dividentlərinin ödənilməsi ilə bağlı Simurq ATSC-nin İdarə Heyətinin səhmdarlarının ümumi yığıncağın keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı (qanun üzrə vərəsə) məhrum atası X2 onların cəmiyyətdə adında olan səhmlərlə bağlı yaranmış mübahisə ilə əlaqədar məcbur olub məhkəməyə müraciət edir. Belə ki, məhkəmədən əvvəl bu məsələ ilə bağlı cəmiyyət ilə yəni məhkəmədən kənar razılaşma təklif etmişdir. Məhrum atası X2 Cavabdeh ATSC-də nə qədər səhm payı olub, həmin səhmin qiyməti, X2 1997-xx.xx.2019 və yəni onun İddiaçı xx.xx.2019-xx.xx.2023-cü illəri əhatə edən dövr üçün həmin səhmlərdən paylarına nə qədər dividentlər əldə olunması ilə əlaqədar Cəmiyyətin İdarə Heyyəti Səhmdarları tərəfindən yığıncaq keçirilərək onun ərizəsini müzakirə edərək bu barədə ətraflı yazılı məlumat verilməsi ilə bağlı müraciət etmişdir. Həmçinin qanunvericiliyə görə ona və məhrum atası X2 əvvəllər adına qeydə alınmış səhmlərdən düşən divident payını alınmasına dair cəmiyyət tərəfindən ödənilməsini xahiş etmişdir. Lakin Cavabdeh ATSC-i tərəfindən ona heç bir rəsmi məlumat verilməmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, cəmiyyətin mövqeyi ziddiyyət yaradır. Belə ki,Cavabdeh ATSC-nin xx.xx.2019-cü il tarixli ona ünvanlanmış məktubunda mərhum atasına məxsus səhmlərin ona aid olmadığı bildirilmişdir. Digər məktublarda isə xx.xx.2019-cü il və xx.xx.2019-cü il tarixli məktublarda isə eyni məzmunlu cavab verilərək xx.xx.2019-cü il tarixli AA83302819 saylı X7 görə divident vəsaitinin ödənilməsi Cəmiyyətin İdarə Heyəti tərəfindən yalnız 2020-ci il yekunlaşdıqdan sonra, yəni ona düşən payın ödəniləcək məbləğin 2021-ci ilin iyun ayında cəmiyyətin X6 keçiriləcək yığıncağında ödənilməsi qərar verilməsi qeyd edilmişdir. Həmin dövrdən ona nə yığıncağın keçirilməsi, nə də nəticəsi barədə rəsmi məlumat verilməmişdir. Hesab edir ki, məhkəmə araşdırması zamanı cavabdehin yüksək məbləğdə gəlir əldə edilməsi müəyyən olunacaq və onun hesabına görə ödəniləcək dividentlərin məbləği 30000 manata yaxın bir vəsait etməlidir. Artıq bu il o, bir neçə dəfə həm vəkil vasitəsi ilə vəkil sorğusu və özü şəxsi müraciətlər etmişdir (sənədlər iddia ərizəsinə əlavə edilib). Heç bir cavab və məlumat yenə verilməmişdir. Cavabdehin nümayəndəsi Vəkil2 məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, İddiaçı atası X2 vəfatından sonra vərəsəlik yolu ilə CavabdehATSC-də 0,0075 faizlə səhm payına sahib olmuş və bu pay Azərbaycan Respublikası Milli X8 Kağız Mülkiyyətçilərinin Reyestrindən xx.xx.2021-ci il tarixli Çıxarışda qeyd edilmişdir. İddiaçı 2021-ci ilin iyun ayından başlayaraq divident üçün Cavabdeh ATSC-yə müraciətlər edərək 1997-ci ildən başlayaraq həm atasının almalı olduğu, həm də atasının ölümündən sonra ona verilməli olan dividentin verilməsini tələb etmişdir. Məlumat üçün bildirir ki, ”Simurq Kompani” ATSC iddiaçının ərizəsində göstərdiyinin ziddinə olaraq 1997-ci ildə deyil, xx.xx.1999-cu il tarixdə təsis edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə X10 xx.xx.1999-cu ildə qeydə alınmışdır. Müraciətlərinə cavab olaraq İddiaçı bildirilmişdir ki, müəssisə hesabat ilini gəlirlə başa vurduğu illərdə atası Füzuli Məhərrəmov cəmiyyətin nizamnaməsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq vergilər üzrə öhdəliklər yerinə yetirildikdən sonra qalan xalis mənfəətdən səhmdarların cəmiyyətin nizamnamə kaptalında olan səhmlərinin miqdarına proporsional surətdə,o cümlədən atasının 0,0075 faizlik payına uyğun olaraq ödənilmişdir. 2012-2019-cu illərdə isə CavabdehATSC Gəncə şəhərində sərnişindaşıma xidmətini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Beynəlxalq Bankından götürdüyü ******* manat kredit hesabına aldığı 65 ədəd “Hunday County” markalı avtobuslara görə kredit borcunu ödəmək məqsədilə bu illərdə əldə edilmiş xalis mənfəəti səhmdarların ümumi yığıncaqlarının qərarı ilə kreditin ödənilməsinə yönəldilmişdir. Cəmiyyətin nizamnamə kapitalının 86,7 faizi 3 nəfər təsisçiyə, yerdə qalan 13,3 faizi isə digər 320 nəfərə, o cümlədən cəmiyyətdəki payların 0,0075 faizinə malik olan Fizuli Məhərrəmova məxsus olmuşdur ki, onun da bu illərdə dividentə görə alacağı məbləğ ən yaxşı halda 2,5 manat təşkil etmişdir. 2021-ci ilin 18 iyun tarixində Cavabdeh ATSC-yə məxsus kafedə baş vermiş yanğın nəticəsində kafeyə bitişik arxiv otağında olan mühasibatlığa məxsus sənədlərin yanaraq məhv olması səbəbindən mərhum səhmdar Fizuli Məhərrəmovun payına düşən dividenti almasını imzası ilə təsdiq edən cədvəlləri təəssüf ki, təqdim etmək mümkün deyildir. İddiaçı cəmiyyətin 0,0075 faizlik payla cəmiyyətin 323 səhmdarlarından biri olduğu vaxtdan-2020-ci ilin mart ayından ölkədə koronovirus pandemiyası başladığından şəhərdaxili sərnişindaşıma xidmətinə qoyulmuş məhdudiyyətlər və bu məhdudiyyətlərin 2022-ci ilin oktyabr ayına qədər davam etməsi səbəbindən Cavabdeh ATSC 2020-ci ili 335110 manat, 2021-ci ili 85665 manat, 2022-ci ili isə 235464,11 manat zərərlə başa vurduğundan qanunvericiliyə uyğun olaraq səhmdarlara divident vermək mümkün olmamışdır. Müəssisənin zərərlə işləməsinin digər bir səbəbi isə 44 günlük Vətən Müharibəsi günlərində hər gün cəmiyyətin 20-35 ədəd avtobusunun cəbhə xəttinə hərbçilərin daşımasına cəlb edilməsi, bu maşınların təmiri xərcləri və cəbhə bölgəsindən təmir üçün müraciət edən ayrı-ayrı hərbi hissələrə məxsus avtonəqliyyat vasitələrinin müəssisənin hesabına təmir edilməsi olmuşdur. 2020, 2021, 2022-ci maliyyə illərinin nəticələri sərbəst audit tərəfindən təftiş edilmiş və müvafiq yekun hesabatı təsdiq olunmuşdur. 2023-cü ildə cəmiyyətin fəaliyyətinin yekunlarına dair hesabat Azərbaycan Respublikası Prezidenti Administrasiyasının orqanı olan “Xalq” qəzetinin xx.xx.2023-cü tarixli dərc edilmişdir. Cavabdeh ATSC 2023-cü maliyyə ilinin nəticələrinə sərbəst auditin yoxlamasından sonra 2024-cü ilin iyun ayında keçiriləcək ümumi yığıncağında yekun vuracaqdır. Səhmdar cəmiyyət 2023-cü ili mənfəətlə başa vurarsa 2024-cü ilin iyun ayında keçirilməsi nəzərdə tutulmuş səhmdarların ümumi yığıncağının qərarına uyğun olaraq digər səhmdarlar kimi İddiaçı da mənfəətdən məxsus olduğu 0,0075 faiz payla divident alacaqdır. Bu baxımdan hesab edirəm ki, iş üzrə İddiaçı CavabdehATSC-yə qarşı dividentin ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, 1997-ci ilə qədər cavabdeh müəssisə dövlət müəssisəsi olub. 1997-ci ildə özəlləşdirmə zamanı onun atası da səhm əldə etmişdir və 2015-ci ildə vəfat edənə qədər orda işləyib, amma indiki zamana qədər dividend almayıb. Onlar məhkəməyə yalan ərizə göndəriblər ki, guya atasının dividend alması barədə sənədlər 2016-2020-ci illərin sənədləri ilə birlikdə yanğın zamanı məhv olub. Lakin, onun atası 2015-ci ildə rəhmətə gedib və 2016-2020-ci illər arası onun dividend almaqla barədə heç-bir sənədi ola bilməz. Dedilər ki, ziyana işləyiblər pandemiya zamanı, amma o, özüdə o sahədə çalışır və bilir ki, müəssisənin çətin işlədiyi dövr ancaq SMS icazə olan zaman olub. Çünki başqa vaxt hamı işə gedirdi. Daha sonra etirazda qeyd olunur ki, 2012-2019-cu illərdə isə Cavabdeh ATSC Gəncə şəhərində sərnişindaşıma xidmətini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Beynəlxalq Bankından götürdüyü ******* manat kredit hesabına aldığı 65 ədəd “Hunday County” markalı avtobuslara görə kredit borcunu ödəmək məqsədilə bu illərdə əldə edilmiş xalis mənfəəti səhmdarların ümumi yığıncaqlarının qərarı ilə kreditin ödənilməsinə yönəldilmişdir Lakin, heç-bir rekvizit təqdim olunmayıb və heç-bir yığıncaq keçirilməyib. Depozit hüququnu adına 2019-cu ildə keçirmiş, amma onlar yazıblar ki, 2021-ci ildə bu baş verib. Qalan hissələrdə də onların yazdıqları yalandır. Misal üçün, 2019-cu ildə statistikaya yazıblar ki, 958158 manat məbləğdə gəlir olub bundan özlərinə məxsus 86%-i çıxdıqdan sonra ona düşən 0,0075% 955 manat edir. Amma ona bu məbləğ ödənilməyib. Bu məbləğdə düz deyil, çünki onların gündəlik gəlirləri 8000 manat civarındadır. Belə, 1 saylı marşrutda 11 maşın işləyir və hər bir maşın gündəlik 155-160 manat miqdarda ödəniş edir, 2 saylı marşrutda 13 maşın işləyir və hər maşın gündəlik 155-160 manat miqdarda ödəniş edir, 3 saylı marşrutda 6 maşın işləyir və hər maşın gündəlik 20 manat ödəyir, 5 saylı marşrutda 10 maşın işləyir və hər maşın gündəlik 100 manat ödəniş edir. Eyni zamanda ASC-nin dayanacağında 34 boks var və onların hamısı icarəyə verilib. Ümumi yığıncaqların protokollarında kreditin məbləği düzgün qeyd olunmayıb. Təqdim edilmiş Protokolların heç birində Ümumi yığıncaqda iştirak edən iştirakçılar Ümumi yığıncağın yekun qərarına etiraz etməyib və bu inandırıcı deyil. Cavabdehin təqdim etdiyi sənədlərdə təzadlar var. Bir də qeyd etmək istərdi ki, pandemiya zamanı işçilərin maaşının yarısını dövlət özü ödəyirdi, amma onların təqdim etdikləri sənədlərdə bu əksini tapmır. 2019-cu ildə atasının səhmlərini öz adına keçirmiş və bundan sonra işlə təmin olunmaq üçün müraciət etmişdir. Amma 4 ildən sonra işlə təmin olunmadığından məhkəmədə mübahisə qaldırmışdır. Təqdim olunan yığıncaq qərarlarının hamısı sonradan hazırlanıb. Onun tələbi odur ki, 1999-cu ildən başlayaraq bütün yığıncaq qərarlarını təqdim etsinlər. Cavabdeh tərəf öz etiraz ərizəsində bir çox dəlillər irəli sürür, amma heç birinin sübutu yoxdur. Etirazda qeyd olunur ki, üç əsas səhmdarın 86% səhm payı var. Lakin, bunu sübut edən sənədlər yoxdur. Eyni zamanda qeyd olunur ki, ümumi səhmdar sayı 323 nəfərdi, amma yenə də sübut təqdim etməmişlər. Beynəlxalq Bankdan kreditin götürülməsi barədə sənəd yoxdur. Etiraz məktubunda yazıblar ki, onun 0.0075% payı var, amma reyestrdə görünür ki, onun adına 4 pay məxsusdur. O, bilmək istərdi ki, bu günə qədər hansı səhmdara nə qədər ödəniş edilib. Eyni zamanda sürücünün yola çıxma sənədindən görünür ki, 168 manat pul gətirib və bundan 160 manat xəzinəyə keçirilib və qalan 8 manat sürücüyə verilib. Sözü gedən 8 manat sürücünün maaşıdır, sürücülərə aylıq maaş verilmir. Bir də bokslar 25 il ərzində icarəyə verilir. Onun bunlardan əvəllər Simurq şirkətində işlədiyi üçün məlumatı vardır. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 məhkəmə iclasında izahatında bildirdi ki, əvvəlcə onu bildirmək istəyirlər ki, ildə ən azı bir dəfə səhmdarların yığıncağı olmalıdır. Lakin buna baxmayaraq nə iddiaçının atası, nə iddiaçının özü vərəsəlik hüququ tanınandan sonra yığıncaqla bağlı məlumat almamışlar. Onlar gələcəkdə iddia tələbi ilə bağlı nizamnamə kapitalı lazım olacaq və elektron portal vasitəsi ilə vəsatətləri olacaq ki, mühasibatlıq ekspertizası təyin edilsin. Onlar şübhələnirlər ki, Vergi Məcəlləsinin 83.9 maddəsinin tələbləri pozulub ümumi yığıncaqların protokollarında kreditin məbləği düzgün qeyd olunmayıb. Təqdim edilmiş protokolların heç birində Ümumi yığıncaqda iştirak edən iştirakçılar Ümumi yığıncağın yekun qərarına etiraz etməyib və bu inandırıcı deyil. Odur ki, qeyd edilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 məhkəmə iclasında məhkəməyə təqdim edilən etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, 2020, 2021, 2022-ci maliyyə illərinin nəticələri sərbəst audit tərəfindən təftiş edilmiş və müvafiq yekun hesabatı təsdiq olunmuşdur. 2023-cü ildə cəmiyyətin fəaliyyətinin yekunlarına dair hesabat Azərbaycan Respublikası Prezidenti Administrasiyasının orqanı olan “Xalq” qəzetinin xx.xx.2023-cü tarixli dərc edilmişdir. CavabdehATSC 2023-cü maliyyə ilinin nəticələrinə sərbəst auditin yoxlamasından sonra 2024-cü ilin iyun ayında keçiriləcək ümumi yığıncağında yekun vuracaqdır. Səhmdar cəmiyyət 2023-cü ili mənfəətlə başa vurarsa 2024-cü ilin iyun ayında keçirilməsi nəzərdə tutulmuş səhmdarların ümumi yığıncağının qərarına uyğun olaraq digər səhmdarlar kimi İddiaçı da mənfəətdən məxsus olduğu 0,0075 faiz payla divident alacaqdır. Bu baxımdan hesab edir ki, iş üzrə İddiaçı CavabdehATSC-yə qarşı dividentin ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Divident almaq hüququ olan səhmdarın onu tələb etmək hüququ var. Səhmi olan insan Ümumi yığıncağın qərarından şikayət vermə hüququna malikdir, amma iddiaçı dəvət olunan yığıncağa getmir və heç bir qərarı da mübahisələndirmir. Qarşı tərəfin əvvəlki iclaslarda təqdim etdiyi sübutların hamısı ancaq avtobus sürücülərinin sözündən irəli gəlir. Hesab edir ki, bu mübahisənin məhkəməyə aidiyyatı yoxdur və Ümumi yığıncaqda həll olunmalı məsələdir. İddiaçı və cavabdeh tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: qanun üzrə vərəsəlik haqqında şəhadətnamə, arayış, ümumi yığıncağın protokolları, müstəqil auditor hesabatı, nizamnamə və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən xx.xx.2015-ci il tarixdə ölmüş X2 vərəsəsi-oğlu İddiaçı miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş xx/xx-1348 nömrəli məktuba əsasən Cavabdeh ASC-də miras qoyan X2 adına qalan hər birinin nominal dəyəri 2 manat olan 4 ədəd adi səhmdən ibarətdir. İş materiallarında olan 04 may 2023-cü il tarixli 1120 nömrəli vəkil sorğusundan görünür ki, X2 Cavabdeh ATSC-də nə qədər səhm payı olub, hər səhmin qiyməti, X2 1997-xx.xx.2019 və İddiaçı xx.xx.2019-xx.xx.2023-cü illəri əhatə edən dövr üçün həmin səhmlərdən paylarına qədər dividendlər əldə olunması barədə ərtaflı yazılı məlumat verilməsi barədə Cavabdeh ATSC-yə sorğu ünvanlanmışdır. İş materiallarında olan 22 oktyabr 2021-ci il tarixli xx/xx-07986 nömrəli arayışdan görünür ki, 18 iyun 2021-ci il tarixdə, saat 21:15-də Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 52 ünvanında yerləşən “Simurq Kompani" ATSC-yə məxus, X1 tərəfindən icarəyə götürülmüş kafedə yanğın hadisəsi baş vermiş, nəticədə kafeyə bitişik arxiv otağı və otaqda saxlanılan “Simurq Kompani" ATSC-nin 2016-2020-ci fəaliyyət illərini əhatə edən, mühasibatlığa aid sənədlər, əmək haqqı cədvəlləri, pandemiyaya görə kollektivə ayrılmış dövlət yardımının verilməsi cədvəlləri, bank köçürmələri və vergi ödəmələri çekləri yanaraq məhv olmuşdur. İş materiallarında olan 09 yanvar 2024-cü il tarixli 02 nömrəli məlumatdan görünür ki, “Simurq Kompani ”ATSC-nin Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin saytında onlayn rejimdə “Rəsmi statistik hesabatların təqdim edilməsi” elektron xidməti üzrə yaradılmış informasiya sistemində 1-Müəssisə nömrəli formanın rəsmi statistik hesabatının 171 -ci sətri (əməliyyat mənfəəti- zərər) sonuncu 3 il üzrə aşağıdakı kimi əks olunmuşdur: 2020-ci il 335 min 10 manat 2021 -ci il 85 min 665 manat 2022-ci il – 235 min 464 manat “COVİD 19” pandemiyası ilə əlaqədar 2020-2022 - ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın qərarı ilə sərnişindaşıma xidmətinə tətbiq edilən məhdudiyyətlər, 44 günlük Vətən müharibəsi günlərində hər gün 20-40 ədəd avtobusunun cəbhə xəttinə hərbçilərin daşınmasına cəlb edilməsi, yanacaq-təmir xərcləri və müxtəlif hərbi hissələrə məxsus avtonəqliyyat vasitələrinin müəssisənin hesabına təmir olunaraq ön cəbhəyə yola salınması səbəblərindən Cavabdeh ATSC son 3 ili yuxarıda göstərilən rəqəmlərlə ifadə olunan məbləğdə zərərlə işlədiyindən müəssisənin səhmdarlarına dividentin verilməsi mümkün olmamışdır. İş materiallarında olan 30 iyun 2021-ci il tarixli, 07 oktyabr 2022-ci il tarixli, 30 iyun 2023-cü il tarixli Cavabdeh X12 Cəmiyyəti səhmdarlarının ümumi yığıncağının protokolundan görünür ki, müəssisə tərəfindən ümumi yığıncaq keçirilmiş maliyyə illəri zərərlə başa vurulduğundan mənfəət əldə olunmadığına görə səhmdarlara dividentin verilməsinin mümkün olmadığı qeyd olunmuşdur. İş materiallarında olan e-2-2(115)-199/2024 nömrəli 16 aprel 2024-cü il tarixli məktubdan görünür ki, icraatda olan İddiaçı Cavabdeh X12 Cəmiyyətinə qarşı dividendlərin hesablanması və hesablanmış dividendlərin ödənilməsi ilə bağlı ümumi yığıncağın keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair e-2-2(115)-199/2024 nömrəli iş üzrə zərurət yarandığından 1999-cu ildən 2020-ci ilədək hər maliyyə ili üzrə ayrı-ayrılıqda olmaqla keçirilmiş ümumi yığıncaqların qərarlarının və yaxud protokollarının surətlərinin qısa müddətdə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsini təmin edilməsi barədə Cavabdeh ATSC-yə sorğu ünvanlanmışdır. İş materiallarında olan 22 may 2024-cü il tarixli 16 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin və 1999-cu ildə təsis edilmiş Cavabdeh ASCnin Nizamnaməsinin tələblərinə uyğun olaraq hər il səhmdarların ümumi yığıncağı keçirilmiş, 2012-ci ilə qədər səhmdar cəmiyyət maliyyə ilini gəlirlə başa vurduğu illərdə səhmdarların cəmiyyətdəki səhm payının faizinə uyğun olaraq onlara divident hesablanaraq ödənilmişdir. 2012-ci ildə cəmiyyətin ümumi yığıncağı yeni avtobusların alınması zərurəti ilə əlaqədar müəssisənin mənfəətindən hesablanan divident məbləğinin bank kreditinin ödənilməsinə yönəldilməsi haqqında qərar qəbul etmişdir. Bu günədək kreditə görə banka ödənişlər davam edir və xx.xx.2024-cü il tarixinə müəssisənin banka ödənilməli olan borcu 215362 manat təşkil edir (banka edilmiş aylıq kredit ödənişlərinin məbləği haqqında bank sənədinin surəti məktuba əlavə edilir). 18 iyun 2021-ci il tarixdə CavabdehASC-yə məxsus kafedə baş vermiş yanğın nəticəsində kafeyə bitişik arxiv otağı və otaqda saxlanılan Cavabdeh ASC-nin mühasibatlıq, o cümlədən səhmdar cəmiyyətin 1999-cu ildən -2020-ci ilə qədər olan dövrü əhatə edən bütün sənədləri yanaraq məhv olduğundan tələb olunan sənədləri məhkəməyə təqdim etmək mümkün deyildir. Yanğınla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin arayışı məktuba əlavə edilir. İddiaçı başqa bu vaxtadək heç bir səhmdar dividentin verilməsi ilə bağlı şikayətçi olmamışdır. Onu da qeyd edir ki, İddiaçı adı atasının vəfatından sonra 2020-ci ildən Milli Depozit Mərkəzinin X5 Reyestrinə daxil edilmişdir. Ona görə də iddiaçının vəfat etmiş atasının 2012-ci ildən başlayaraq səhmdarların dividentinin müəssisənin kredit borcunun ödənilməsinə yönəldilməsi haqqında qərara səs verməsini nəzərə almadan onun adından əvvəlki illər üçün divident tələb etməsini qeyri-qanuni tələb hesab edirlər. Məhkəməyə təqdim edilmiş sənədlərdən göründüyü kimi 2020 -2022-cı illərdə “COVİD” 19 pandemiyası müddətində sərnişindaşıma nəqliyyatına tətbiq edilən məhdudiyyətlər, 44 günlük Vətən müharibəsi günlərində isə avtobuslarının cəbhə bölgəsinə hərbçilərin daşınması üçün hərbi komissarlıqların sərəncamına verilməsi, üstəlik cəbhə bölgəsindəki hərbi hissələrə məxsus avtomobillərin cəmiyyətin emalatxanalarında müəssisənin vəsaiti hesabına təmir edilməsi səbəbindən müəssisə zərərlə işləməyə başlamış, 2024-cü ilin yanvar ayında Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditi tərəfindən aparılmış yoxlamanın nəticəsinə görə səhmdar cəmiyyət 2023-cü maliyyə ilini də 383243 manat zərərlə başa vurmuşdur. Hər il olduğu kimi, 2024-cü ilin 12 aprelində CavabdehASC səhmdarlarının növbəti ümumi yığıncağı keçirilmiş, yığıncaq audit yoxlamasının yekunlarını və təftiş komissiyasının hesabatlarını dinləyərək təsdiq olunması haqqında qərar qəbul etmişdir. Yığıncağın keçirilməsi haqqında “Xalq qəzeti”nin xx.xx.2024-cü il tarixli 44 (30448) sayında elan verilmiş,səhmdarların,o cümlədən İddiaçı ünvanına yığıncaqda iştirak etməyin zəruriliyi haqqında bildiriş göndərilsə də, iddiaçı ümumi yığıncaqda iştirak etməmişdir. İddiaçı şikayətinin əsassız olmasını nəzərə alaraq onun iddia tələbinin rədd edilməsi haqqında qərar qəbul etməyinizi xahiş edir. İş materiallarına əlavə olunmuş xx.xx.1999-cu il tarixli qərarla qeydə alınmış 3/259 nömrəli Cavabdeh X12 cəmiyyətinin nizamnaməsinin 8.3-cü bəndindən görünür ki, cəmiyyətin bütün adi səhmlərinin nominal dəyəri eynidir və 10000 manat təşkil edir. Adi səhmlərin ümumi sayı 53569 ədəd və ya nizamnamə kapitalının 100 faizini təşkil edir. Cəmiyyətin bütün səhmləri adlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 99.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər. 106-1.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir. 106-3.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir. 106-3.2-ci maddəsinə əsasən səhmdar cəmiyyəti nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır və 30 (otuz) gün müddətində icra edilir. Səhmdarların tərkibinin dəyişməsi dividendlərin ödənilməsi barədə qərarın bu Məcəllə ilə müəyyən edilmiş müddətdə və qaydada icra olunmasına təsir etmir. 106-3.3-ci maddəsinə əsasən adi səhm üzrə dividend səhmdar cəmiyyətinin xalis mənfəətinin səhmdarlara hər bir adi səhm üzrə hesablanmış ödənişlər şəklində bölüşdürülmüş hissəsidir. 107-1.1-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. 107-1.2-ci maddəsinə əsasən səhmdarların növbəti ümumi yığıncağı ildə bir dəfədən az olmayaraq çağırılmalıdır (illik ümumi yığıncaq). 107-1.4-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə media ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməlidir 107-6.1-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağının protokolu yığıncaq bitdikdən sonra üç iş günündən gec olmayaraq iki nüsxədə tərtib olunur, sədrlik edən şəxs və katib tərəfindən imzalanır və möhürlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.15-ci maddəsinə əsasən dividend - hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir. Hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir (bölüşdürülməmiş mənfəət hesabına formalaşan əmlak istisna olmaqla), həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) nominal dəyəri (bölüşdürülməmiş mənfəət hesabına səhmlərin (payların) artan nominal dəyəri istisna olmaqla) hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Muradov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 iyun 2017-ci il tarixli qərarında qeyd etmişdir ki, mənfəətin bölüşdürülməsi yalnız ümumi yığıncağın qərarı ilə həyata keçirilir. Ümumi yığıncaq mənfəətin həm tam, həm də qismən bölüşdürülməsini müəyyən edə bilər. Konstitusiya Məhkəməsinin Plenumunu qərarından görünür ki, dividendlərin ödənilməsi ilə bağlı məsələlərdə şəxslərin bilavasitə, yəni birbaşa olaraq məhkəməyə müraciət etməsi yolverilməz sayılmışdır. Yuxarıda qeyd olunan hüquq normalarının tələbindən göründüyü kimi mənfəətin bölüşdürülməsi məsələsinə səhmdarlarının ümumi yığıncağında baxılır. Cəmiyyətin səlahiyyətli orqanının qərarı olmadan mənfəətin bölüşdürülməsi həyata keçirilə bilməz. Göründüyü kimi hazırkı mübahisə üzrə mənfəətin bölüşdürülməsi məsələsinə səhmdarlarının ümumi yığıncağında baxılmalı məsələ olduğundan iddiaçı həmin öhdəliyin cavabdehin üzərinə qoyulması ilə bağlı iddia qaldırmışdır. Məhkəmə araşdırması zamanı cavabdeh orqana hər maliyyə ili üzrə ayrı-ayrılıqda olmaqla keçirilmiş ümumi yığıncaqların qərarlarının və yaxud protokollarının surətlərinin məhkəməyə təqdim edilməsi barədə sorğu ünvanlanmış və cavabdeh yalnız 2020-ci ildən sonra keçirilən ümumi yığıncağın protokollarını və qərarlarını məhkəməyə təqdim edə bilmişdir. Cavabdeh eyni zamanda iş materiallarında olan 22 oktyabr 2021-ci il tarixli xx/xx- 07986 nömrəli arayışa istinad edərək bildirmişdir ki, 18 iyun 2021-ci il tarixdə “Simurq Kompani" ATSC-yə məxus kafedə baş vermiş yanğın nəticəsində kafeyə bitişik arxiv otağı və otaqda saxlanılan Cavabdeh ATSC-nin mühasibatlıq, o cümlədən səhmdar Cəmiyyətin 1999-cu ildən 2020-ci ilə qədər dövrü əhatə edən bütün sənədləri yanaraq məhv olduğundan tələb olunan sənədləri məhkəməyə təqdim etmək mümkün olmamışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin xx.xx.2021-ci il tarixli arayışında isə baş vermiş yanğın nəticəsində Cavabdeh ATSC-nin 2016-2020-ci illər üzrə fəaliyyətini əhatə edən mühasibatlığa aid sənədlərin, əmək haqqı cədvəllərinin və digər sənədlərin yanaraq məhv olduğu bildirilmişdir. Göründüyü kimi arayışda Simurq Kompani” ATSC-nin 2016- 2020-ci illər üzrə fəaliyyətini əhatə edən sənədlərin yanaraq məhv olunduğu göstərilsə də, cavabdeh isə öz məktubunda yanğın nəticəsində 1999-cu ildən 2020-ci ilədək dövrü əhatə edən bütün sənədləri yanaraq məhv olduğunu göstərmişdir. Məhkəmə cavabdehin məhkəməyə təqdim etdiyi ümumi yığıncağın qərarlarının yanaraq məhv olunması ilə bağlı həmin dəlillərini əsassız hesab edir. Təqdim olunmuş arayışla bunu müəyyən etmək qeyrimümkündür. Ona görə də məhkəmə cavabdeh tərəfindən arayışda göstərilən illər üzrə, eyni zamanda 2000-2015-ci illər üzrə də ümumi yığıncağın keçirilməməsi qənaətinə gəlir. xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdə ölmüş X2 vərəsəsi kimi tanınmış və şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş xx/xx-1348 nömrəli məktuba əsasən Cavabdeh ASC-də miras qoyan X2 adına qalan hər birinin nominal dəyəri 2 manat olan 4 ədəd adi səhmdən ibarətdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, 2000-2019-cu illər üzrə səhmdarların ümumi yığıncağının keçirilməsi öhdəliyi Cavabdeh ASC-nin üzərinə qoyulmalıdır. Məhkəmə iddia tələbinin iddiaçıya və mərhum atasına məxsus dividendlərin hesablanması və hesablanmış dəyəri 30000 manat məbləğində qiymətləndirilən dividendlərinin ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, iddiaçıya və onun mərhum atasına məxsus dividendlərin hesablanması və hesablanmış dividendlərin ödənilməsi–bir sözlə, mənfəətin bölüşdürülməsi qanunvericiliyin və Konstitusiya Məhkəməsinin yuxarıda adı qeyd olunan Plenumunun qərarından da göründüyü kimi yalnız ümumi yığıncaqda müzakirə olunan bir məsələdir. Bu məsələ ilə bağlı ümumi yığıncağın keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması yolverilməzdir. Əgər ümumiyyətlə hər hansı maliyyə illəri üzrə ümumi yığıncaq keçirilməmişdirsə, məhkəmə həmin yığıncaqların keçirilməsi öhdəliyini cavabdehin üzərinə qoya bilər. Lakin həmin ümumi yığıncaqda hansı məsələlərin iclasın gündəliyinə daxil edilməsini müəyyən edə bilməz. Gündəliyə daxil edilən məsələlər ümumi yığıncağın iclasında müzakirə edilərək səs çoxluğu ilə həll edilməlidir. Mülki Məcəllənin 106-1.3.4-cü maddəsinə əsasən cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin hüququdur. Bu maddənin dispozisiyasına görə ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsi və gündəliyə yeni müzakirə mövzularının əlavə olunması səhmdarların hüququ kimi nəzərdə tutulsa da, bu məsələlər yığıncaqda səs çoxluğu ilə həll edilir. Qanunun bu normasının dispozisiya şərtlərini hazırki işin məhkəmə tərəfindən müəyyən edilən hallarına tətbiq etməklə belə nəticəyə gəlmək olur ki, iddia tələbində qeyd olunan məsələlərin keçiriləcək ümumi yığıncağın gündəliyinə daxil edilməsi və müzakirə edilməsini təklif etmək iddiaçının hüququ olsa da, həmin məsələlərin ümumi yığıncağın gündəliyinə daxil edilməsi məhkəmə müstəvisində deyil, ümumi yığıncağın iclasında müzakirə edilərək səs çoxluğu ilə həll edilməlidir. Odur ki, keçiriləcək ümumi yığıncaqda 2000-2019-cu illər üzrə əldə olunmuş mənfəətin bölüşdürülməsi ilə bağlı məsələnin iclasın gündəliyinə daxil edilməsinin müzakirə edilməsi öhdəliyi Cavabdeh X12 Cəmiyyətinin üzərinə qoyulmalıdır. 02 oktyabr 2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh X12 Cəmiyyəti ilkin mediasiya sesissiyasında iştirak etməmiş, İddiaçı və onun nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərcini ödəmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 2000-2019-cu illər üzrə səhmdarların ümumi yığıncağının keçirilməsi, həmçinin keçiriləcək ümumi yığıncaqda həmin illər üzrə əldə olunmuş mənfəətin bölüşdürülməsi ilə bağlı məsələnin iclasın gündəliyinə daxil edilməsinin müzakirə edilməsi öhdəliyi Cavabdeh X12 Cəmiyyətinin üzərinə qoyulmalı, Cavabdeh X12 Cəmiyyətindən 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2000-2019-cu illər üzrə səhmdarların ümumi yığıncağının keçirilməsi, həmçinin keçiriləcək ümumi yığıncaqda həmin illər üzrə əldə olunmuş mənfəətin bölüşdürülməsi ilə bağlı məsələnin iclasın gündəliyinə daxil edilməsinin müzakirə edilməsi öhdəliyi Cavabdeh X12 Cəmiyyətinin üzərinə qoyulsun. Cavabdeh X12 Cəmiyyətindən 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar