Məhkəmə qərarları › İş №e-2-2(115)-2107/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2107/2024

21.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2107/2024 21.11.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “Samir” firmasına qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, sadələşdirilmiş məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 aprel 2021-ci il tarixli endirim kampaniyasında iştirak edilməsi haqqında müqavilə üzrə 900,12 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh “Samir” firmasından tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə “Samir” firması arasında 29 aprel 2021-ci il tarixli endirim kampaniyasında iştirak edilməsi haqqında müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci bəndində göstərildiyi kimi bu müqavilə ilə müştərilərin təşkilatçıda apardıqları əməliyyatlarla bağlı təşkilatçı tərəfindən müştərilərə endirim faizlərinin tətbiq edilməsi və bank tərəfindən bu müqavilənin şərtlərinə uyğun olaraq endirim kampaniyasının reklamının həyata keçirilməsi üzrə bank və təşkilatçı arasında yaranmış münasibətlər tənzimlənir. Müqavilənin 4.2.4-cü bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində bank kartlarının sahiblərinə bu müqavilənin 1 saylı əlavəsində göstərilən miqdarda və bu müqavilənin 2 saylı əlavəsində göstərilən qaydalara uyğun endirim təklif edilir. Müqavilənin 1 saylı əlavəsində endirimin miqdarı cəmi 3%, endirimləri təqdim edən obyekt kimi isə yanacaq doldurma məntəqəsi (Çinarlı qəsəbəsi) göstərilmişdir. Müqavilənin 3.4-cü bəndinə əsasən bankın müştəriləri endirim kampaniyasından yararlanmaq üçün bank kartlarını təşkilatçının müştərilərə xidmət göstərən personalına təqdim etməklə, müqavilənin şərtlərinə uyğun endirimlər alır. Müqavilənin 3.6-cı bəndinə əsasən bank endirim faizini müştərinin xeyrinə nağd pul şəklində hesabladığı hallarda, təşkilatçının müəssisələrində xidmətin tam dəyəri digər bankların post terminalları vasitəsi ilə ödənilərsə, xidmətin tam dəyəri (endirim hissəsi daxil olmaqla) müştərinin (alıcının) bank kartının bağlı olduğu hesabından silinərək təşkilatçının digər bankda olan bank hesabına mədaxil edilir. Endirim məbləğinin müştəriyə çatmalı olan hissəsi bankın hesabından müştərinin bank kartının bağlı olduğu hesabına ödənilir. Endirim faizi nisbətində pul vəsaitinin müştəriyə çatmalı olan hissəsini bank öz hesabından müştəriyə ödədiyi üçün, endirim faizi nisbətində pul vəsaitinin (Müştəriyə çatmalı olan hissəsi də daxil olmaqla) əgər müqavilənin 3.8-ci bəndində nəzərdə tutulmuş qaydada ödənilməsi mümkün deyildirsə, təşkilatçının sərəncamı əsasında onun hesabından Bankın müxbir hesabına hər ayın ilk 10 iş günü ərzində bu Müqavilənin 3.7-ci bəndində nəzərdə tutulmuş qaydada ödənilir. Müqavilənin 4.1.4-cü bəndinə əsasən endirim kampaniyası çərçivəsində təşkilatçının digər banklarda olan pos-terminala bağlı hesabına köçürülmüş endirim faizi nisbətində pul vəsaitinin hər ayın ilk 10 iş günü ərzində bankın müxbir hesabına köçürülməsini və ya nağd qaydada ödənilməsini təşkilatçıdan tələb etmək hüququ vardır. Müqavilənin 4.2.12-ci bəndinə əsasən endirim kampaniyası ilə əlaqədar hesabına daxil olmuş pul vəsaitinin, endirim faizi nisbətində hissəsinin akseptsiz qaydada silinməsini təmin etmək, silinməsinə və aidiyyatı üzrə köçürülməsinə maneəçilik törətməmək, bu məqsədlə vəsaitin banka köçürülməsi üçün həmin banka əvvəlcədən yazılı razılıq vermək və hər ayın ilk 10 iş günündən gec olmayaraq banka ödəmək vəzifəsi vardır. Müqavilənin şərtlərinə görə cavabdeh öhdəliyini tam və vaxtında icra etməyi öhdəsinə götürsə də, vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan arayışa əsasən cavabdehlə bağlanmış endirim kampaniyasında iştirak edilməsi haqqında müqaviləyə əsasən borcu aşağıdakı səbəblərdən yaranmışdır: Müqavilə şərtlərinə əsasən kartmane kart müştəriləri yanacaq doldurma məntəqəsi ödəniş zamanı İddiaçı ASC ödəniş məbləğinin 3% qədərini tərəfdaşın adından müştərilərə geri qaytarıb. Daha sonra qaytarılmış bu məbləğ tərəfdaş tərəfindən banka geri ödəniş olunmalı idi. Lakin tərəfdaş bu məbləği banka geri ödəniş etməmişdir. xx.xx.2023-cü il tarixinə Banka olan borcu 900,12 manatdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdeh “Samir” firmasına 24 oktyabr 2024-ci il tarixli e-2-2(115)-2107/2024 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə “Samir” firması arasında bağlanmış 29 aprel 2021ci il tarixli 693 saylı endirim kampaniyasında iştirak edilməsi haqqında müqavilədən görünür ki, bu müqavilə ilə müştərilərin təşkilatçıda apardıqları əməliyyatlarla bağlı təşkilatçı tərəfindən müştərilərə endirim faizlərinin tətbiq edilməsi və bank tərəfindən bu müqavilənin şərtlərinə uyğun olaraq endirim kampaniyasının reklamının həyata keçirilməsi üzrə bank və təşkilatçı arasında yaranmış münasibətləri tənzimləməyi və bu müqavilə üzrə nağdsiz əməliyyatlar həm bankın, həm də istənilən digər bank pos-terminalları ilə həyata keçirilə bilməsi müəyyən edilmişdir. Müqavilənin 3.6-cı bəndinə əsasən bank endirim faizini müştərinin xeyrinə nağd pul şəklində hesabladığı hallarda, təşkilatçının müəssisələrində xidmətin tam dəyəri digər bankların post terminalları vasitəsi ilə ödənilərsə, xidmətin tam dəyəri (endirim hissəsi daxil olmaqla) müştərinin (alıcının) bank kartının bağlı olduğu hesabından silinərək təşkilatçının digər bankda olan bank hesabına mədaxil edilir. Endirim məbləğinin müştəriyə çatmalı olan hissəsi bankın hesabından müştərinin bank kartının bağlı olduğu hesabına ödənilir. Endirim faizi nisbətində pul vəsaitinin müştəriyə çatmalı olan hissəsini bank öz hesabından müştəriyə ödədiyi üçün, endirim faizi nisbətində pul vəsaitinin (Müştəriyə çatmalı olan hissəsi də daxil olmaqla) əgər müqavilənin 3.8-ci bəndində nəzərdə tutulmuş qaydada ödənilməsi mümkün deyildirsə, təşkilatçının sərəncamı əsasında onun hesabından bankın müxbir hesabına hər ayın ilk 10 (on) iş günü ərzində bu Müqavilənin 3.7-ci bəndində nəzərdə tutulmuş qaydada ödənilməsi müəyyən olunmuşdur. Həmiçinin müqavilənin 3.7-ci maddəsinə əsasən endirim faiz nisbətində pul vəsaitinin təşkilatçının digər bankdakı bank hesabından banka köçürülməsini təmin etmək üçün hər ayın 10-dək təşkilatçı onun post terminalının olduğu digər bank və bank arasında üzləşmə aktı tərtib edilir . Üzləşmə aktı tərtib edildikdən sonra təşkilatçı 3 gün ərzində, lakin istənilən halda ayın 10-dan gec olmamaq şərtilə vəsaitləri bankın hesabına köçürülməsi müəyyən olunmuşdur. İş materiallarında olan arayışda qeyd edilmişdir ki, Samir firmasının 900,12 manat məbləğində borcu var. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, 29 aprel 2021-ci il tarixli endirim kampaniyasında iştirak edilməsi haqqında müqaviləyə əsasən müştərilərin təşkilatçıda apardıqları əməliyyatlarla bağlı təşkilatçı tərəfindən müştərilərə endirim faizlərinin tətbiq edilməsi və bank tərəfindən bu müqavilənin şərtlərinə uyğun olaraq endirim kampaniyasının reklamının həyata keçirilməsi üzrə bank və təşkilatçı arasında yaranmış münasibətləri tənzimləməyi və bu müqavilə üzrə nağdsiz əməliyyatlar həm bankın, həm də istənilən digər bank pos-terminalları ilə həyata keçirilə bilməsi müəyyən edilmişdir. Müqaviləsi üzrə öhdəliklər iddiaçı tərəfindən tam icra edilmiş, cavabdeh isə öhdəliyini tam və vaxtında icra etməyi öhdəsinə götürsə də, vaxtında və lazımı qaydada icra etməmişdir. Nəticədə onun iddiaçıya 900,12 manat borcu vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış 900,12 manat pulu cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, müqavilə üzrə 900,12 məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün isə 30 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Cavabdеh “Samir” firmasından 29 aprel 2021-ci il tarixli endirim kampaniyasında iştirak edilməsi haqqında müqavilə üzrə 900 (doqquz yüz) manat 12 (on iki) qəpik məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar