Məhkəmə qərarları › İş №e-2-2(115)-2130/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2130/2022

05.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2130/2022 05.12.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC-dən 19452,80 (18 % ƏDV ilə) manat məbləğində borcun və 200 manat mediasiya xərcinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında 24 dekabr 2013-cü il tarixli 049-X-2013 saylı müqavilə imzalanmışdır. Müqaviləyə görə İcraçı, yəni İddiaçı MMC Sifarişçinin, yəni "xxxx" MMC-ni Fiber-optik kabel üzərindən 12 Mbit/s sürətlə İnternet şəbəkəsinə qoşulmasını təmin edir. Müqavilənin 3.2-ci maddəsinə görə Sifarişçi aylıq xidmət haqqını əvvəlcədən İcraçı tərəfindən hesab təqdim edildiyi gündən 5 bank günü müddətində köçürmə yolu ilə ödəyir. Lakin cavabdeh yuxarıda qeyd edilən müqavilələrin şərtlərini pozaraq iddiaçı tərəfindən xidmət müqaviləsi üzrə aylıq hesablar təqdim edilməsinə baxmayaraq ödəniş etməmişdir. Müqavilələrin şərtlərinə müvafiq olaraq cavabdehə hər ay müvafiq xidmətlər göstərilmişdir. Müqavilə üzrə 2019-cu il tarixindən 2022-ci il tarixinə kimi göstərilən xidmətlərə görə 19452,80 (18 % ƏDV ilə) manat məbləğində ödəniş bu günə kimi həyata keçirməmişdir. İş üzrə Cavabdeh MMC ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iş üzrə iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir. Belə ki, tərəflər arasında olan xidmət müqaviləsinə əsasən iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışından və elektron qaimələrdən görünür ki, cavabdehə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixdək müvafiq işlər görülmüş, lakin cavabdeh xidmətin əvəzi olaraq xx.xx.2019-cu il tarixdən iddaçının hesabına hər hansı bir pul məbləği ödəməmişdir. Bununla da iddiaçı tərəf son tarixdən, yəni xx.xx.2019-cu ildən 3 il 2 ay, yəni xx.xx.2022-ci il tarixinə onun müqavilə üzrə hüquqlarının pozulması barədə cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Bununla da iddiaçı öz iddia müddətini hər hansı bir üzürlü səbəb olmadan ötürmüşdür. Halbuki müqavilə üzrə iddia müddəti üç ildir. İş üzrə İddiaçı MMC cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsinə etiraz verərək göstərmişdir ki, borc 2019-cu ilin iyun ayında deyil, iyun 2019-cu il tarixdən may 2022-ci il dövrü ərzində yaranmışdır. Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Borcu təsdiq edən e-qaimələr üzrə iddia müddəti onların təqdim edildiyi vaxtdan hesablanır. E-qaimələrin tarixinə əsasən də iddia müddəti ötürülməyib. Ona görə də cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil2 izahatında göstərdi ki, tərəflər arasında 24 dekabr 2013-cü il tarixdə müqavilə bağlanmış, müqavilə əsasında cavabdehə internet xidməti göstərilmişdir. Lakin cavabdeh 2019-cu ilin iyun ayından 2022-ci ilin may ayına qədər göstərilmiş xidmətlərin ödənişlərini etməmişdir. Bununla əlaqədar borc yığılmışdır. Həmçinin iddia ərizəsində göstərilən borc məbləği 2019da yaranmamışdır. Bu borc iyun 2019-cu il tarixdən 2022-ci ilədək yaranan borc məbləğidir. Bu ödənişlər dövrü ödənişlərdir. Hər ay ödəniş üçün ayrıca müddət hesablanmalıdır. Bu müqavilədə də öz əksini tapmışdır. Təqdim edilmiş qaimələrdən və maliyyə arayışından da görünür ki, 3 illik iddia müddəti keçməmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil1 izahatında göstərdi ki, borc məbləğinin olmasını mübahisələndirmirlər. Lakin tərəflər arasında müqavilə üzrə münasibətlər 2013-cü ildə başlanmışdır. xx.xx.2019-cu ildən cavabdeh tərəfindən ödəniş edilməməsinə baxmayaraq iddiaçı müqavilə şərtlərini pozaraq iddiaçıya xidmət göstərməyə davam etmişdir. Maliyyə arayışında da bu öz əksini tapmışdır. Müqavilə öhdəlikləri üzrə iddia müddəti üç ildir. Cavabdeh 03 iyun 2019-cu ildə iddiaçının hüquqlarını pozmuş və ödəniş etməmiş, iddiaçı tərəf üç illik iddia müddətini ötürmüşdür. Odur ki, iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan 24 dekabr 2013-cü il tarixli 049-X-2013 saylı müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında yüksək sürətli internet xidmətlərinin göstərilməsi ilə bağlı müqavilə bağlanmış, müqaviləyə əsasən Sifarişçinin Fiber-optik kabel üzərindən 12 Mbit/s sürətlə İnternet şəbəkəsinə qoşulması və təqdim olunan digər xidmətlər ilə bağlı münasibətlərin tənzimlənməsi nəzərdə tutulmuşdur. Müqavilə üzrə xidmətlərin dəyəri FO üzərindən 12 Mbit/s sürətlə İnternetə qoşulmaq, limitsiz aylıq xidmət haqqı, cəmi 480 AZN, 18% ƏDV, yekun 566,40 AZN müəyyən edilmişdir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən Sifarişçi aylıq xidmət haqqını əvvəlcədən İcraçı tərəfindən hesab təqdim edildiyi gündən 5(beş) bank günü müddətində köçürmə yolu ilə ödəyir. İş materiallarında olan xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixli elektron qaimələrdən görünür ki, FO kabel üzərindən 12 Mbit/s internet xidmətlərinin göstəriləməsi ilə əlaqədar olaraq ƏDV-yə cəlb edilən məbləğ 480 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 86 manat 40 qəpik, yükun məbləğ 566 manat 40 qəpik göstərilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixə (xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixdək) 20019 manat 20 qəpik borcu vardır. İş materiallarında olan 20 iyul 2022-ci il tarixli mediasiya prosesinin tətbiqi barədə təklif məktubundan görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə məktub göndərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Həmin Məcəllənin 379.4-cü maddəsinə əsasən müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır. Həmin Məcəllənin 379.4-1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin Qanunun 32.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 24 dekabr 2013-cü il tarixdə yüksək sürətli internet xidmətlərinin göstərilməsi ilə bağlı müqavilə bağlanmış, müqaviləyə əsasən İcraçı Sifarişçinin Fiber-optik kabel üzərindən 12 Mbit/s sürətlə İnternet şəbəkəsinə qoşulmasını təmin etməyi, Sifarişçi isə müqavilə üzrə 18% ƏDV daxil 566,40 manat məbləğində haqq ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan sənədlərdən və maliyyə arayışından görünür ki, Cavabdeh MMC ödənişləri xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək ödəməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə mediasiya prosesinin tətbiqi ilə bağlı cavabdehə məktub göndərmişdir. Mediator tərəfindən xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi ilə bağlı arayış verilmişdir. İddia xx.xx.2022-ci il tarixdə verilmişdir. Göründüyü kimi, iddiaçı müqavilə tələbləri üzrə 3 illik iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Belə ki, tərəflər aralarında bağlanmış müqavilənin şərtlərinə əsasən Sifarişçi aylıq xidmət haqqını əvvəlcədən İcraçı tərəfindən hesab təqdim edildiyi gündən 5 bank günü müddətində köçürmə yolu ilə ödənilməsi ilə bağlı razılığa gəlmişlər. İş materiallarına əlavə edilmiş elektron qaimələrdən görünür ki, 296034 nömrəli qaimə xx.xx.2019-cu il tarixdə saat 16:52-də göndərilmişdir. Buna baxmayaraq qeyd edilən qaimə üzrə ödəniş aparılmamış, habelə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək verilmiş e-qaimələr ödənilməmişdir. İddiaçı hüquqlarının pozulduğunu bildiyi vaxt isə xx.xx.2019-cu il tarixdən başlayaraq 5 bank günü olmuşdur. Həmin tarixdən isə üç illik müddət ötdükdən sonra qarşı tərəfə mediasiya prosesinin tətbiqi ilə bağlı məktub göndərmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, 3 illik iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizə verildiyindən iddia tələbi təmin edilməməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş mediasiya xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar