Məhkəmə qərarları › İş №e-2-2(115)-2157/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2157/2025

16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2157/2025 16.10.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, müqavilədən imtina, iradə ifadəsinin üsulları, gecikdirilmiş faiz borcu) Hakim Məmmədli Əbülfəz Namiq oğlu İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) Cavabdehnə (bundan sonra mətndə Cavabdeh MMC) qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, sadələşdirilmiş məhkəmə icraatı qaydasında baxaraq müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 7750 manat əsas borc, 710.41 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 8460,41 manat pul, 105 manat dövlət rüsumunun İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli 58№-li “normativ sənəd və layihələrin tərtib edilməsinə dair” müqavilə imzalanmışdır. Bu müqavilənin 1.1-ci maddəsinə əsasən Sifarişçi müqavilə əsasında Daşkəsən rayonu "NB Seramik” MMC-yə məxsus "Çovdar” keramika xammalı yatağı üçün "Ətraf mühitə təsirin qiymətləndirilməsi" (ƏMTQ), Rekultivasiya Planı, "Ekoloji Paspoert", "Dağ-mədən inkişaf planı" layihə sənədlərinin hazırlanmasını İddiaçı MMC-yǝ (İcraçıya) sifariş verir və İcraçı həmin sifarişi müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirir. Həmin müqavilənin 2.1.3-cü maddəsinə əsasən Sifarişçi İcraçının haqqını bu müqavilənin 3.2 bəndində nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1.1-ci maddəsinə əsasən hazırki müqavilənin 1.1 bəndində göstərilmiş işlər üçün sifarişçi və icraçı arasında görüləcək işlərin ümumi dəyəri 15500 AZN (on beş min beş yüz manat 00 qəpik) müəyyənləşdirilir. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən əgər Tərəflərin razılığı əldə olunmazsa, mübahisələr Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun həlledilir. Tərəflərindən qanunvericiliyin tələblərinə müvafiq olaraq, cavabdehə xx.xx.2025-ci il tarixində pretenziya məktubu ünvanlanmışdır. Lakin qarşı tərəf hər hansı ödəniş etməmişdir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 58№-li “normativ sənəd və layihələrin tərtib edilməsinə dair” müqavilə üzrə Cavabdeh MMC-nin İddiaçı MMC-yə ödənilməmiş 7750.00 AZN məbləğində aktiv borcu vardır. Belə ki, xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 771644 nömrəli elektron qaiməyə əsasən, 7750.00 AZN məbləğində aktiv ödənilməmiş borc məbləği qalmaqdadır. Əldən çıxmış fayda üçün faizlərin miqdarı isə bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 771644 nömrəli elektron qaiməyə əsasən, 7750.00 (borc) x 5%:12ay x 22 ay= 710.41 AZN (xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək olan ayların sayı) Beləliklə, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanılmış “normativ sənəd və layihələrin tərtib edilməsinə dair” müqaviləsindən irəli gələn borcu: 7750 AZN borc 710.41 AZN əldən çıxmış fayda təşkil edir.

3. Məhkəmə tərəfindən cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 10 iş günü ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Sübutların tədqiqi

5. Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış 09 oktyabr 2023-cü il tarixli 53 nömrəli müqavilədən görünür ki, Sifarişçi müqavilə əsasında Daşkəsən rayonu "NB Seramik” MMC-yə məxsus "Çovdar” keramika xammalı yatağı üçün "Ətraf mühitə təsirin qiymətləndirilməsi" (ƏMTQ), Rekultivasiya Planı, "Ekoloji Paspoert", "Dağ-mədən inkişaf planı" layihə sənədlərinin hazırlanmasını İddiaçı MMC-yǝ (İcraçıya) sifariş verir və İcraçı həmin sifarişi müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirir (1.1). Sifarişçi İcraçının haqqını bu müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürür (2.1.3) Hazırki müqavilənin 1.1 bəndində göstərilmiş işlər üçün sifarişçi və icraçı arasında görüləcək işlərin ümumi dəyəri 15500 müəyyənləşdirilir (3.1). Bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və xx.xx.2024-cü il tarixədək qüvvədədir.

6. 20 fevral 2023-cü il tarixli “Ekoloji sənəd və layihələrin təhvil-qəbul” aktından görünür ki, tərəflər arasında 09 oktyabr 2023-cü il tarixli 53 nömrəli müqavilənin qiyməti 15500 manat razılaşdırılımış və tərəflərin imzası ilə təsdiq edilmişdir.

7. Elektron qaimələrdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli 771644 nömrəli qaimə üzrə 15500 manat məbləğində malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar ötürülmüşdür.

8. xx.xx.2023-cü il tarixli, 000İPX1233052EDF nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC-nin hesabından İddiaçı MMC-nin hesabına 7750 manat köçürülmüşdür.

9. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehə yaranmış borcun (7750 manat əsas borcun) 5 gün müddətində tam ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

III. Məhkəmə baxışının hədləri

10. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi

Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

IV. Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 760. Müqaviləyə podratçının təşəbbüsü ilə xitam verilməsi 760.2. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada). Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

12. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli Qərarı

Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.

V. Məhkəmənin mövqeyi

a) müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı

13. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

14. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

15. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış 09 oktyabr 2023-cü il tarixli 53 nömrəli müqaviləsinə əsasən sifarişçi Daşkəsən rayonu "NB Seramik” MMC-yə məxsus "Çovdar” keramika xammalı yatağı üçün "Ətraf mühitə təsirin qiymətləndirilməsi" (ƏMTQ), Rekultivasiya Planı, "Ekoloji Paspoert", "Dağ-mədən inkişaf planı" layihə sənədlərinin hazırlanmasını İddiaçı MMC-yǝ sifariş verir və İcraçı həmin sifarişi müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməsini, Sifarişçi isə icraçının haqqını müqavilədə nəzərdə tutulmüş qaydada ödəməyi öhdəsinə götürür. Müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək işləri təhvil vermiş, lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş və nəticədə onun iddiaçıya 7750 manat borcu qalmışdır.

16. Hazırda iddiaçı 09 oktyabr 2023-cü il tarixli 53 nömrəli müqavilə üzrə 7750 manat məbləğində qalıq borcun ödənilməsini tələb edir.

17. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

18. Mülki Məcəllənin podrat müqaviləsi haqqında ümumi müddəalarının tələblərinə əsasən podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyə, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyə borcludur.

19. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə podrat müqaviləsi olub iddiaçının tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 753.1-ci maddəsi təşkil edir.

20. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn tələb etmək hüququnu realizə edir.

21. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

22. Beləliklə, məhkəmə hesab edir ki, müqavilə üzrə öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

b) müqaviləsi üzrə gecikdirilmiş faiz borcunun tutulması tələbi ilə bağlı

23. İddiaçı, həmçinin, gecikdirilmiş dövr üçün 710,41 manat məbləğində pulun da tutulmasını da xahiş etmişdir.

24. İş materiallarından görünür ki, tərəflər arasında müqavilə xx.xx.2023-cü ildə bağlanmış və podrat müqaviləsinin icra müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir.

25. İddiaçı hazırda 01 noyabr 2023-cü il tarixdən (elektron qaimənin göndərildiyi tarixdən) xx.xx.2025-ci il tarixədək (pretenziya məktubunda qeyd olunan tarix) gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 5 manat faiz borcunu tələb edir.

26. Belə ki, hazırkı iddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddənin tələbinə görə (zamana görə qüvvədə olan redaksiyasına əsasən) borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi imkanının qarşısının alınmasına yönəlmişdir.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

28. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında göstərilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.

29. Məhkəmə yuxarıda istinad olunan normaları və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, hazırki halda iddiaçı 01 noyabr 2023-cü il tarixdən (elektron qaimənin göndərildiyi tarixdən) deyil, məhz müqaviləyə xitam verildiyi xx.xx.2024-cü il tarixdən pretenziya məktubunun göndərildiyi xx.xx.2025-ci il tarixədək olan faiz borcunu tələb edə bilər.

30. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan 1 il 7 ay 26 gün üçün faiz məbləği ((illik - 7750 manat x 5%)=387,5 manat, aylıq – 387,5/12=32,29 manat, günlük – 387,5 manat/365 gün=1,06 manat, cəmi 387,5 manat + 32,29 manat x 7 ay + 1,06 manat x 26 gün=) 641,36 manat təşkil edəcəkdir.

c) Məhkəmə xərcləri ilə bağlı

31. İddiaçı eləcə də 105 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

32. 11.09.2025-ci il tarixli ödəniş qəbzi ilə müəyyən olunur ki, 105 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

33. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 103,92 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməli, ödənilmiş dövlət rüsumun qalan 1,08 manat hissəsi İddiaçı MMC-nin özünə aid edilmədir.

V. Məhkəmənin gəldiyi nəticə

34. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 09 oktyabr 2023-cü il tarixli 53 nömrəli müqavilə üzrə 7750 manat əsas borc, geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 641,36 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 8391,36 manat pul Cavabdeh MMCdən tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.

35. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-6 və 360-cı maddələrinə əsasən

QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 09 oktyabr 2023-cü il tarixli 53 nömrəli müqavilə üzrə 7750 manat əsas borc, geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 641,36 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 8391,36 (səkkiz min üç yüz doxsan bir manat otuz altı qəpik) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 103,92 (bir yüz üç manat doxsan iki qəpik) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumun qalan 1,08 (bir manat səkkiz qəpik) manat hissəsi İddiaçı özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Əbülfəz Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar