Məhkəmə qərarları › İş №e-2-2(115)-2277/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2277/2025

24.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2277/2025 24.12.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə "xxxx" ASC) Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2025-ci il 27 yanvar tarixli XMQ/001-25 və 2024-cü il 25 sentyabr tarixli XMQ/0001 nömrəli müqavilələrinə əsasən 7350,00 (yeddi min üç yüz əlli) manat borcun, 1 ədəd DEUTZ FAHR 180 markalı traktorun tam bərpası üçün hesablanmış 930,00 (doqquz yüz otuz) manat dəymiş maddi ziyanın və 102,80 (bir yüz iki manat səksən qəpik) manat dövlət rüsumunun, cəmi 8382,80 (səkkiz min üç yüz səksən iki manat səksən qəpik) manat məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 2025-ci il 27 yanvar tarixli XMQ/001-25 və 2024-cü il 25 sentyabr tarixli XMQ/0001 nömrəli müqavilələrinə əsasən, 1 ədəd DEUTZ FAHR 180 markalı traktor və 1 ədəd 5-85 markalı kıotan ona istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətlə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 7350,00 (yeddi min üç yüz əlli) manat öhdəlikdən heç bir ödəniş edilməmişdir. Cavabdehin Cəmiyyətə hazırda 7350,00 (yeddi min üç yüz əlli) manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığı üçün iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etmiş, ancaq cavabdeh bugünə kimi müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, müqavilənin 1.1-ci, 2.1.4-cü və 2.1.5-ci maddələrinə əsasən ödəniş məbləğini müqavilə müddəti ərzində ödəməyi, texnikanın təyinatı üzrə səmərəli istifadəsini, saz vəziyyətdə saxlanılmasını, vaxtında texniki xidmətlərin aparılmasını, təmirini və icazəsiz konstruktiv dəyişiklik edilməməsini, texnikaya dəymiş zərərin ödənilməsininə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəliyin icrası günü müəyyənləşdirilibsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən cavabdeh öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə iddiaçı qarşısında məsuliyyət daşıyır. Lizinq alanın 2025-ci il 27 yanvar tarixli XMQ/001-25 nömrəli müqavilə üzrə texnikanı saz və dəst halda geri qaytarmaq öhdəliyi olmasına baxmayaraq texnika nasaz vəziyyətdə saxlanca verilmişdir. Müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş DEUTZ FAHR 180 markalı traktora baxış keçirilmiş və nəticədə texnikaya 930,00 (doqquz yüz otuz) manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Həmin kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunmuş arayışa əsasən texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, DEUTZ FAHR 180 markalı traktorun tam bərpası üçün - cəm 930,00 (doqquz yüz otuz) manat dəymiş maddi ziyan hesablanmışdır.

3. Tərəflərin mövqeyi

4. İddiaçının nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

II. Sübutların tədqiqi

7. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 25 sentyabr 2024-cü il tarixli XMQ/00011 nömrəli Aqrotexniki xidmətlərin göstərilməsi barədə müqavilədən görünür ki, icraçı şifarişçiyə 2024-cü ildə işğaldan azad edilmiş ərazilərdə 3 ay müddətində aqrotexniki işlərin görülməsini təşkil etmək xidmətini göstərməyi, sifarişçi isə həmin xidmətləri qəbul edib işin dəyərini ödəməyi öz öhdəsinə götürür.

8. 25 oktyabr 2025-ci il tarixli XMQ/00011 saylı aktdan görünür ki, buraxılış ili 2015ci il, Deutz Fahr 180 markalı bir ədəd traktor Cavabdeh texniki saz vəziyyətdə təhvil verilmişdir.

9. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 27 yanvar 2025-ci il tarixli XMQ/001-25 nömrəli “Aqrotexniki xidmətlərin göstərilməsi barədə” müqavilədən görünür ki, icraçı şifarişçiyə 2024-cü ildə işğaldan azad edilmiş ərazilərdə 6 ay müddətində aqrotexniki işlərin görülməsini təşkil etmək xidmətini göstərməyi, sifarişçi isə həmin xidmətləri qəbul edib işin dəyərini ödəməyi öz öhdəsinə götürür.

10. 28 yanvar 2025-ci il tarixli XMQ/001 saylı aktdan görünür ki, buraxılış ili 2016-cı il, Deutz Fahr 180 markalı bir ədəd traktor Cavabdeh ümumi saz vəziyyətdə təhvil verilmişdir.

11. 11 sentyabr 2025-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh 25 sentyabr 2024-cü il tarixli XMQ/00011 nömrəli müqavilə üzrə 2850 manat qalıq borcu vardır. Müqavilə barədə məlumat: müqavilə məbləği 2850 manat, ödənilib 0,00 manat. Qalıq borc: 2850 manat.

12. 11 sentyabr 2025-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh 27 yanvar 2025-ci il tarixli XMQ/001-25 nömrəli müqavilə üzrə 4500 manat qalıq borcu vardır. Müqavilə barədə məlumat: müqavilə məbləği 4500 manat, ödənilib 0,00 manat. Qalıq borc: 4500 manat.

13. 19.08.2025-ci il tarixli qüsur aktından görünür ki, Ağdərə RB-nin istifadəsində olan Deutz Fahr 180 (şassi S08170, mühərrik 11981037, buraxılış ili 2016) markalı traktor XMQ/01-25 xx.xx.2025-ci il müqaviləsi ilə Cavabdeh verilmişdir. Müqavilə müddəti başa çatan zaman texnika Ağdərə RB-nin parkına qayıtdıqda yuxarıda göstərilən texnikaya baxış keçirərkən traktorda nasazlıqlar aşkar edilmişdir.

14. Arayışdan görünür ki, Bərdə RN-nin Ağdərə rayon bölməsi ilə mexanizator Cavabdeh arasında bağlanmış XMQ/01-25 saylı xx.xx.2025-cl il tarixli xidmət müqaviləsi əsasında müvəqqəti olaraq onun istifadəsinə verilmiş S08170 şassi nömrəli Deutz Fahr 180 markalı traktorun saz vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər ümumilikdə 930 manat təşkil edir.

15. 10 avqust 2025-ci il tarixli XMQ/001-25 saylı aktdan görünür ki, buraxılış ili 2016cı il, Deutz Fahr 180 markalı bir ədəd traktor Cavabdeh tərəfindən Ağdara RB-nin rəhbəri X1 texniki saz vəziyyətdə təhvil verilmişdir. Kondisonerin kompressoru tam şəkildə açılıb götürülüb və soyutma sistemi nasazdır.

16. 16.09.2025-ci il tarixli pretenziyadan görünür ki, 7350 manat gecikdirilmiş borc məbləğinin və 930 manat hesablanmış zərər olmaqla, cəmi 8230 manat pulun tez bir zaman ərzində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

III. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

IV. Məhkəmənin mövqeyi

a) müqavilə üzrə xidmət haqqının ödənilməsi tələbi ilə bağlı

18. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

19. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

20. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 25 sentyabr 2024-cü il tarixli XMQ/00011 nömrəli və 27 yanvar 2025-ci il tarixli XMQ/001-25 nömrəli “Aqrotexniki xidmətlərin göstərilməsi barədə” müqavilələrə əsasən icraçı şifarişçiyə işğaldan azad edilmiş ərazilərdə aqrotexniki işlərin görülməsini təşkil etmək xidmətini göstərməyi, sifarişçi isə həmin xidmətləri qəbul edib işin dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

21. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 25 sentyabr 2024-cü il tarixli XMQ/00011 nömrəli və 27 yanvar 2025-ci il tarixli XMQ/001-25 nömrəli müqavilələr xidmət müqavilələridir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.

22. Mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.

24. Hazırkı iş üzrə müqavilədə tərəflər hər birinin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.

25. Bu mənada məhkəmə göstərir ki, tərəflər arasında dəyəri ödənilən xidmətlərlə bağlı formalaşmış işgüzar münasibət bu yöndə olmuşdur ki, iddiaçı və cavabdeh arasında müqavilə imzalanır və göstərilən xidmətlər və işlərin ümümi dəyəri həmin müqaviləyə əsasın müəyyən olunur.

26. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

27. İş materiallarından görünür ki, Cavabdeh 25 sentyabr 2024-cü il tarixli XMQ/00011 nömrəli müqaviləyə əsasən 2850 manat, 27 yanvar 2025-ci il tarixli XMQ/001- 25 nömrəli müqaviləyə əsasən 4500 manat olmaqla, ümumilikdə 7350 manat borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir.

28. Beləliklə, məhkəmə cavabdehin xidmət müqavilələri üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 7350 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

29. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.

30. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xarvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

32. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin qeyd edir ki, kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

33. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeyini ifadə etməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

b) zərərin əvəzinin ödənilməsi ilə bağlı

34. İddia ərizəsində iddiaçı 930 manat dəymiş maddi ziyanın da cavabdehdən tutulmasını xahiş etmişdir.

35. 19.08.2025-ci il tarixli qüsur aktından görünür ki, Ağdərə RB-nin istifadəsində olan Deutz Fahr 180 (şassi S08170, mühərrik 11981037, buraxılış ili 2016) markalı traktor XMQ/01-25 xx.xx.2025-ci il müqaviləsi ilə Cavabdeh verilmişdir. Müqavilə müddəti başa çatan zaman texnika Ağdərə RB-nin parkına qayıtdıqda yuxarıda göstərilən texnikaya baxış keçirərkən traktorda nasazlıqlar aşkar edilmişdir. Arayışdan görünür ki, Bərdə RNnin Ağdərə rayon bölməsi ilə mexanizator Cavabdeh arasında bağlanmış XMQ/01-25 saylı xx.xx.2025-cl il tarixli xidmət müqaviləsi əsasında müvəqqəti olaraq onun istifadəsinə verilmiş S08170 şassi nömrəli Deutz Fahr 180 markalı traktorun saz vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər ümumilikdə 930 manat təşkil edir. 10 avqust 2025-ci il tarixli XMQ/001-25 saylı aktdan görünür ki, buraxılış ili 2016-cı il, Deutz Fahr 180 markalı bir ədəd traktor Cavabdeh tərəfindən Ağdara RB-nin rəhbəri X1 texniki saz vəziyyətdə təhvil verilmişdir. Kondisonerin kompressoru tam şəkildə açılıb götürülüb və soyutma sistemi nasazdır.

36. Tərəflər arasında bağlanmış müqavilənin 2.1.4-cü bəndinə əsasən texnikanın təyinatı üzrə səmərəli istifadəsini, saz vəziyyətdə saxlanmasını və icazəsiz konstruktiv dəyişiklik edilməməsini təmin etmək və 2.1.6-cı bəndinə əsasən texnikanı müqavilənin bağlanma tarixindən 6 ay sonra öz vəsaiti hesabına saz və dəst halda geri qaytarmaq (texnikaya quraşdırılmış ehtiyat hissələri və bütün yaxşılaşdırmalar daxil olmaqla) sifarişçinin, yəni Cavabdeh vəzifəsidir.

37. Ümumiyyətlə, tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğundan asılı olmayaraq özgənin əmlakının zədələnməsinə və ya məhv edilməsinə görə zərərin əvəzinin ödənilməsi qanundan irəli gələn tələbdir. Yəni cavabdehin texnikanı saz vəziyyətdə saxlamaq öhdəliyinin müqavilədə göstərilməsindən asılı olmayaraq o, iddiaçının əmlakına zərər vurmuşdursa onun əvəzini ödəməyə borcludur.

38. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə dəymiş zərərin əvəzini iddiaçıya ödəməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

39. İddiaçı, elecədə 102,80 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

40. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına və iş materiallarına əlavə edilmiş qəbzə əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 112,39 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 102,80 manat pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

V. Məhkəmənin gəldiyi nəticə

43. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 25 sentyabr 2024-cü il tarixli XMQ/00011 nömrəli müqaviləyə əsasən 2850 manat, 27 yanvar 2025-ci il tarixli XMQ/001-25 nömrəli müqaviləyə əsasən 4500 manat olmaqla, cəmi 7350 manat və 1 ədəd DEUTZ FAHR 180 markalı traktorun tam bərpası üçün hesablanmış 930 manat dəymiş maddi ziyan olmaqla, cəmi 8280 manat pul Cavabdeh tutularaq İddiaçıASC-yə ödənilməlidir.

44. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən

QƏT ETDİ:

İddia təmin edilsin. 25 sentyabr 2024-cü il tarixli XMQ/00011 nömrəli müqaviləyə əsasən 2850 manat və 27 yanvar 2025-ci il tarixli XMQ/001-25 nömrəli müqaviləyə əsasən 4500 manat olmaqla, cəmi 7350 manat və 1 ədəd DEUTZ FAHR 180 markalı traktorun tam bərpası üçün hesablanmış 930 manat dəymiş maddi ziyan olmaqla, cəmi 8280 (səkkiz min iki yüz səksən) manat pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 102,80 (bir yüz iki manat səksən qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Əbülfəz Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar