Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-233/2025 02.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı xidmət müqaviləsi üzrə pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mənzil Tikinti Kooperativi ilə arasında xx.xx.2023-cü il tarixdə bağlanmış İM00102 saylı müqavilə əsasında göstərilən xidmətin dəyəri olan ƏDV daxil olmaqla 9207 manat məbləğində xidmət haqqının, 2762,10 manat cərimənin və 126 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MTK arasında xx.xx.2023-ci il tarixli nəqliyyat vasitələrinə texniki xidmət və təmir haqqında İM00102 № li müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən İddiaçı MMC tərəfindən CavabdehMTK-nın nəqliyyat vasitələrinə texniki və təmir xidmətlər göstərilmişdir. Göstərilmiş xidmətlərlə bağlı müvafiq elektron qaimə və zəruri olan digər sənədlər tərtib edilərək cavabdehə təqdim edilmişdir. Müqavilənin 5.7-ci maddəsinə əsasən göstərilmiş xidmətlərin dəyəri elektron qaimənin cavabdehə verildiyi gündən 10 gün ərzində icra edilməlidir. Əvvəllər tərəflər arasında normal əməkdaşlıq münasibətləri olmuşdur. Lakin cavabdeh daha sonradan ödəniş etməyi dayandırmışdır. Cavabdeh tərəfindən sonuncu ödəniş 04 iyul 2023- cü il tarixində icra edilmişdir. Hazırda göstərilən texniki və təmir xidmətlərinə görə cavabdehin İddiaçı MMC-yə ƏDV daxil olmaqla 9207 manat məbləğində borcu yaranmışdır. İddiaçı MMC yaranmış borcun ödənilməsi ilə bağlı dəfələrlə şifahi şəkildə cavabdehə müraciət etmişdir. Cavabdeh isə hər dəfə qısa müddət ərzində borcunu ödəyəcəyinə dair söz versə də bu günə qədər borcunu ödəməmişdir. Cavabdehlə aparılmış danışıqlar heç bir nəticə vermədiyi üçün pretenziya ilə cavabdehə müraciət edilmişdir. Lakin pretenziyanı aldıqdan sonra da cavabdeh nə pretenziyaya münasibət bildirmiş, nə də ödəməli olduğu borcunu ödəmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçınının nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, təqdim edilən sənədlərdə iki dövlət qeydiyyat nömrəli avtomobil qeyd edilsə də müqavilə üzrə xidmət göstərilən bir ədəd avtomobil olmuşdur. Belə ki, xidmət göstərilən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrəsi sonradan dəyişmişdir. İddianı müdafiə edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh MTK-ya məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 27 mart 2023-cü il tarixli İM00102 saylı xidmətlərin göstərilməsi haqqında müqavilədən görünür ki, icraçı qismində İddiaçı MMC-nin direktoru X1, sifarişçi qismində Cavabdeh MTK-nın baş direktoru X2 qeyd edilməklə tərəflər arasında müqavilə bağlanmış, müqaviləyə əsasən icraçı sifarişçinin tapşırığı əsasında müqavilə müddəti ərzində sifarişçi ilə razılaşdırılmış şərtlər əsasında avtonəqliyyat vasitələrinə texniki xidmət və təmir işlərini sifarişçiyə təhvil verməsini, sifarişci isə icra edilmiş xidmətləri təhvil almağı və razılaşdırılmış xidmət haqqını icraçıya ödəməyi üzərinə götürmüşdür. İş materiallarında olan Cavabdeh MTK-ya məxsus olan avtomobillərin texniki xarakteristikasından görünürü ki, tərəflər JAC T8 markalı Pikap tipli, 2022-ci il buraxılışlı 77AK966 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə texniki xidmət və təmir işlərinin aparılması üçün razılaşmışlar. İş materiallarında olan elektron qaimələrdən görünür ki, ƏDV daxil olmaqla xx.xx.2023cü il tarixli 168862 saylı qaimə üzrə 49,32 manat, xx.xx.2023-cü il tarixli 233819 saylı qaimə üzrə 404,97 manat, xx.xx.2023-cü il tarixli 831042 saylı qaimə üzrə 584,10 manat, xx.xx.2023-cü il tarixli 213106 saylı qaimə üzrə 794,38 manat, xx.xx.2023-cü il tarixli 945231 saylı qaimə üzrə 293,21 manat, xx.xx.2023-cü il tarixli 067880 saylı qaimə üzrə 240,12 manat, xx.xx.2023-cü il tarixli 808058 saylı qaimə üzrə 197,31 manat, xx.xx.2023-cü il tarixli 531554 saylı qaimə üzrə 186,91 manat, xx.xx.2023-cü il tarixli 795819 saylı qaimə üzrə 376,41 manat, xx.xx.2024-cü il tarixli 00150845 saylı qaimə üzrə 1837,8028 manat, xx.xx.2024-cü il tarixli 00144101 saylı qaimə üzrə 753,7958 manat, xx.xx.2024-cü il tarixli 00535881 saylı qaimə üzrə 1019,2226 manat, xx.xx.2024-cü il tarixli 10201850 saylı qaimə üzrə 565,5622 manat, xx.xx.2024-cü il tarixli 10331349 saylı qaimə üzrə 153,164 manat, xx.xx.2024-cü il tarixli 10771557 saylı qaimə üzrə 1232,2504 manat, xx.xx.2024-cü il tarixli 11303209 saylı qaimə üzrə 519,20 manat dəyərində xidmətlərə dair qaimə İddiaçı MMC tərəfindən Cavabdeh MTK-ya ötürülmüş və həmin qaimələr təsdiq edilmişdir. İş materiallarında olan pretenziya məktubundan görünür ki, borcluya borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh MTK arasında xx.xx.2023-ci il tarixdə nəqliyyat vasitələrinə texniki xidmət və təmir haqqında müqavilə bağlanmışdır. Tərəflər JAC T8 markalı, Pikap tipli, 2022-ci il buraxılışlı 77AK966 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə texniki xidmət və təmir işlərinin aparılması üçün razılaşmışlar. İcraçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, nəqliyyat vasitəsinə xidmət göstərmiş, sifarişçi isə müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, göstərilən xidmətin haqqını ödəməmiş, nəticədə icraçıya 9207 manat borcu qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı həmin məbləğdə borcu cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması icraçının əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, icraçı işi icra edərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 2762,10 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 200 manat məbləğində müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış texniki xidmət və təmir haqqında müqavilə üzrə 9207 manat əsas borc, 200 manat cərimə borcu olmaqla cəmi 9407 manat borc cavabdehdən alınaraq iddiaçıya verilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 126 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 114 manat 07 qəpik dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 27 mart 2023-cü il tarixli İM00102 saylı avtomobillərə texniki xidmət və təmiri haqqında müqaviləyə əsasən 9207 manat əsas borc, 200 manat cərimə borcu olmaqla cəmi 9407 (doqquz min dörd yüz yeddi) manat borc, 114 (bir yüz on dörd) manat 07 (yeddi) qəpik dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-233/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-233/2025
02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver