Məhkəmə qərarları › İş №e-2-2(115)-245/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-245/2023

15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-245/2023 15.05.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh "KASTUR tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "KASTUR tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2021-ci il tarixdə 945 nömrəli müqavilədən irəli gələn 25200 manat məbləğində pulun, həmçinin 2022-ci ilin yanvar ayından iyun ayına kimi hər ay gəminin körpüdə dayandığına görə 2100 manat olmaqla 6 ay ərzində 12600 manat məbləğində pulun və ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi ilə "KASTUR tikinti” MMC arasında xx.xx.2021-ci il tarixdə 945 nömrəli müqavilə bağlanmış, müqavilənin şərtinə əsasən icraçı "KASTUR tikinti” MMC-yə 2021-ci ilin yanvar ayından etibarən “Vətən” gəmisinin N nömrəli hərbi hissəyə məxsus N saylı şəhərciyin sahil körpüsündə 12 ay müddətinə dayanmasına dair öhdəliyi üzərinə götürmüşdür. İcraçı müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirmiş, sifarişçi isə üzərinə düşən öhdəliyi icra etməyərək ödənişləri həyata keçirmədiyindən 2021-ci il üzrə 25200 manat borcu yaranmışdır. Bundan başqa "KASTUR tikinti” MMC-yə müqavilənin müddətinin bitməsi və yaranan borcun ödənilməsi ilə bağlı bildiriş göndərilmiş, ona “Vətən” gəmisinin N nömrəli hərbi hissəyə məxsus N saylı şəhərciyin sahil körpüsündə dayanmasının davam etməsi səbəbindən 2022-ci il üçün yeni müqavilə bağlanılması təklif edilmiş, buna baxmayaraq şirkət rəhbərliyi öhdəliyin yerinə yetirilməsindən və müqavilənin müddətinin uzadılmasından imtina etmişdir. Gəncə Kommersiya Məhkəməsinin qərardadına əsasən iş üzrə iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi əsl iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz olunmuşdur. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iclasda üzürlü səbəblərə görə iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə baxışının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdehə isə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, borcla bağlı qarşı tərəfə məlumat verilmiş, qarşı tərəf gəminin satılacağını və borcun ödəniləcəyini onlara vəd etsə də hazırkı vaxtadək borc ödənilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin müddəti bitsə də hazırda həmin gəmi N nömrəli hərbi hissəyə məxsus N saylı şəhərciyin sahil körpüsündə dayanmaqda davam edir. Cavabdehə borcun ödənilməsi və müqavilə müddətinin uzadılması ilə bağlı məlumat verilsə də onlar həm borcun ödənilməsindən, həm də müqavilə müddətinin uzadılmasından imtina etmişlər. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələri N nömrəli hərbi hissəsi ilə "KASTUR tikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 26 yanvar 2021-ci il tarixli 945 nömrəli “Vətən” gəmisinin körpüdə dayanmasının təmin edilməsinə dair müqavilədən görünür ki, icraçı 2021-ci il ilin yanvar ayından “Vətən” gəmisinin N nömrəli hərbi hissəyə məxsus N saylı şəhərciyin sahil körpüsündə 12 ay müddətinə dayanmasına dair öhdəlik götürmüş, sifarişçi isə müqavilənin 3.1-ci bəndinə əsasən “Vətən” gəmisinin sahil körpüsündə dayanmasına görə hər ay 2100 manat məbləğində xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 03 iyun 2022-ci il tarixli 6092 nömrəli “Vətən” gəmisinin körpüdə dayanmasının yoxlanması haqqında aktdan görünür ki, N nömrəli hərbi hissənin komissiya üzvləri xx.xx.2022-ci il tarixdə N nömrəli hərbi hissənin müvəqqəti yerləşdiyi ərazidə yoxlama keçirmiş və "KASTUR tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus gəminin sahil körpüsünə bağlandığı müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli pretenziya məktublarının surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələri N nömrəli hərbi hissəsi ilə "KASTUR tikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 26 yanvar 2021-ci il tarixli 945 nömrəli “Vətən” gəmisinin körpüdə dayanmasının təmin edilməsinə dair müqavilə bağlanmış, müqaviləyə əsasən iddiaçı 2021-ci il ilin yanvar ayından “Vətən” gəmisinin N nömrəli hərbi hissəyə məxsus N saylı şəhərciyin sahil körpüsündə 12 ay müddətinə dayanmasına dair öhdəlik götürmüş, cavabdeh isə hər ay 2100 manat məbləğində xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddia tələbində qeyd edilən birinci məsələ müqavilə üzrə müəyyən olunmuş hər ay üçün 2100 manat haqqın, yəni 12 ay üçün hesablanmış 25200 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən ödənilməməsi və həmin məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlıdır. Bununla bağlı məhkəmə bildirir ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, cavabdeh isə müqavilənin şərtlərini pozaraq aylıq ödəyəcəyi pul vəsaitini iddiaçıya ödəməmişdir. Cavabdehin müqavilə üzrə aylıq 2100 manat olmaqla 12 ay müddətinə (xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) iddiaçıya 25200 manat məbləğində borcu yaranmışdır. İddia tələbinin müqavilə üzrə borcun cavabdehdən alınıb ona verilməsi ilə bağlı hissəsi əsaslıdır, iddia həmin hissədə təmin edilməli, 25200 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbində qaldırılan ikinci məsələ ondan ibarətdir ki, iddiaçı 12600 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, müqavilə müddəti bitdikdən sonra iddiaçı təşkilatın əməkdaşları xx.xx.2022-ci il tarixdə yoxlama keçirərək akt tərtib etmiş, “Vətən” gəmisinin müqavilə müddəti bitdikdən sonra 6 ay ərzində körpüdə dayanması müəyyən edilmişdir. Bu səbəbdən 6 ay, yəni 2022-ci ilin yanvar ayından iyun ayı daxil olmaqla aylıq 2100 manatdan hesablanmaqla 12600 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, 2022-ci ilin yanvar ayından müqavilənin müddəti bitmiş, tərəflər müqavilə müddətini uzatmamışlar. Həmçinin iş materialları ilə də “Vətən” gəmisinin N nömrəli hərbi hissəyə məxsus ərazidən götürülməsi ilə bağlı tələb irəli sürülməsi müəyyən edilmir. Dəymiş ziyanla bağlı isə iddia tələbində hər hansı bir müddəa yer almır. Müqavilə müddəti bitdikdən sonra müqavilədə müəyyən edilmiş aylıq məbləğdə xidmət haqqının tutulması qanuni və əsaslı saylıa bilməz. Ona görə də iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Bakı 2 saylı mediasiya təşkilatı tərəfindən mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 200 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 200 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 165 manat 60 qəpik dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələri N nömrəli hərbi hissəsi ilə "KASTUR tikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış “Vətən” gəmisinin körpüdə dayanmasının təmin edilməsinə dair 26 yanvar 2021-ci il tarixli 945 nömrəli müqaviləyə əsasən 25200 (iyirmi beş min iki yüz) manat pul və ödənilmiş 200 (iki yüz) manat mediasiya xərci cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ödənilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 165 manat 60 qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar