Məhkəmə qərarları › İş №e-2-2(115)-256/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-256/2024

08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-256/2024 08.02.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1rşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 publik hüquqi şəxsinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş ******* manat məbləğində zərərin cavabdehin öhdəliyi hesab edilməsi, cavabdehdən ******* manat məbləğində zərərin, vəkil xərcinin əvəzi olaraq 14020 manatın, mediasiya xərcinin əvəzi olaraq 1500 manatın cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, özünüməşğulluq proqramı çərçivəsində “Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı” layihəsinin icrası ilə bağlı tələb olunan kənd təsərrüfatı mallarının satınalması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X5 tərəfindən 29 iyul 2021-ci il tarixdə açıq tender elan olunmuşdur. Tender şərtlərinə əsasən təklif verən İddiaçı QSC xx.xx.2021-ci il tarixdə satınalma predmeti ilə bağlı ilə https://etender.gov.az/ portalı üzərindən “Aqrar Kredit və İnkişaf Agentliyinin xətti ilə cins heyvanlara görə güzəştlər nəzərdə tutulduğunu nəzərə alaraq qiymət təklifi verilərkən hansı formada qiymət təklifi verilməlidir?” sualı ilə müraciət etmişdir. İddiaçının e-tender.gov.az portalı üzərindən verilən sualına cavabdehin xx.xx.2021-ci il tarixli cavabında göstərildi ki: “Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydasının 6.2.2-ci maddəsinə əsasən idxal edilən damazlıq heyavnların gömrük dəyərinin, ölkə daxilində yetişdirilmiş damazlıq heyvanların isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 60 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsində bunun üçün Agentliyə ayrılmış vəsait hesbına müvəkkil kredit təşkilatları vasitəsi ilə ödənilməsi nəzərdə tutulur; Qiymət təklifi verilərkən güzəşt tətbiq edilən məbləğ çıxılmalı və qiymət təklifi verilməlidir”. İddaçı “Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı” layihəsinin icrası ilə bağlı tələb olunan kənd təsərrüfatı mallarının satınalması üçün keçirilmiş açıq tenderin qalibi olmuşdur. Daha sonra iddiaçı ilə cavabdeh arasında məbləği 1881368,00 manat olan 24 noyabr 2021-ci il tarixli DMA/41/2021 nömrəli müqavilə imzalanmışdır. Müqavilədə cavabdehin yuxarıda qeyd olunan cavabına uyğun olaraq, damazlıq heyvanların qiyməti 60 faiz az olmaqla göstərilmişdir. 11 noyabr 2021-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlığa dair Memorandum imzalanmışdır. Memorandumun məqsədi işsiz və işaxtaran şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi məqsədi ilə kənd təsərrüfatı istiqamətli aktiv məşğulluq tədbirlərinin təşkil edilməsi və bu məqsədlə damazlıq heyvanların alışı üçün mövcud dövlət dəstəyi mexanizmi çərçivəsində Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə qaydasına uyğun hesablanmış güzəşt məbləğinin ayrılması olmuşdur. Müqavilə üzrə bir simmental cinsi iribuynuzlu damazlıq heyvanın 2750 ABŞ dolları və ya 4675 manat gömrük dəyəri təşkil edir. Satınalınmış heyvanların 40%-nin işsilikdən sığorta fondunun büdcəsindən, digər 60% hissəsinin (2805 manat və ya cəmi 1.122.000 mln manat) isə AKİA vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulmuşdur. Layihəyə cəlb olunan bütün şəxslər “Məşğulluq haqqında” Qanunun tələblərinə uyğun olaraq, işsiz kimi qeydiyyata alınmış, onlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğun təşkili Qaydasına” uyğun olaraq, adıçəlilən proqrama cəlb olunmuş, şəraitinə baxış keçirilmiş, təlimlərə cəlb edilmiş, biznes planların müdafiə edərək uğur qazanmışdırlar. Müqavilə şərtlərinə uyğun olaraq 400 baş cinsi iribuynuzlu heyvan idxal edilmiş, 200 vətəndaşa Ağdam, Bakı, Balakən, Bərdə, Gədəbəy, Gəncə, Goranboy, Göygöl, Hacıqabul, İsmayıllı, Oğuz, Qax, Qazax, Qəbələ, Quba, Salyan, Samux, Siyəzən, Şabran, Şəki, Şəmkir, Tərtər, Tovuz və Zaqatala rayonlarında (şəhər) paylanışlar həyata keçirilmişdir. Eləcə də iddiaçı tərəfindən heyvanların sığortalanması üçün Aqrar Sığorta Fonduna 88826 manat ödəniş edilmişdir. İddiaçı Müqavilə üzrə bütün öhdəliklərini vaxtlı-vaxtında icra etmişdir, tələb olunan kənd təsərrüfatı mallarını, o cümlədən, cins damazlıq heyvanları təchiz etmiş və bütün vətəndaşlara çatdırmışdır. Cavabdeh müqavilə üzrə ******* manat məbləğində ödəniş etmiş, damazlıq heyvanların gömrük dəyərinin 60 fazini təşkil edən 1.122.000 manat (hər bir damazlıq heyvan üzrə 2805 manat) məbləğində öhdəliyini isə bu günə kimi icra etməmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 iddiaya etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 24 noyabr 2021-ci il tarixli DMA/41/2021 nömrəli satınalma müqaviləsi üzrə həmin müqavilədə nəzərdə tutulan maliyyə öhdəliyi Agentlik tərəfindən icra olunmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən iddia ərizəsində də tərəflər arasında bağlanmış müqavilənin Agentlik tərəfindən icrası ilə bağlı hər hansı bir məsələyə toxunulmamış, mübahisəndirilən hissə isə müqavilənin obyekti olan simmental cinsi iribuynuzlu damazlıq heyvanlarının gömrük dəyərinin 60% həcmində güzəşt məbləğinin ödənilməsi ilə əlaqədardır. İddiaçı tərəfindən iddia ərizəsində istinad edilən Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydasının” 6.2.2-ci yarımbəndinə əsasən idxal edilən damazlıq heyvanının gömrük dəyərinin, ölkə ərazisində yetişdirilmiş damazlıq heyvanların isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 60% həcmində tədbiq edilən güzəşt məbləğinin Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsi ilə ödənilməsi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin səlahiyyətləri daxilindədir. İddia tələbi üzrə zəruri əsaslandırma aparılmamış, sadəcə bir sıra gömrük bəyannamələri əlavə edilərək bir başa iddia tələbinin həcmi ilə sözügedən bəyəannamələr əlaqələndirilməmiş və əsaslandırılmamışdır. Əlavə olaraq “Dövlət satınalmaları haqqında“ AR Qanununun 53.1-ci maddəsinə istinad edərək əsasən bildirilmişdir ki, iddiaçının məhkəməyə şikayət edə bilməsi üçün əsas tələb müvafiq itki və zərərin yaranması əsasını Agentliyin vəzifələrini icra etməməsidir. Ancaq iddia ərizəsində Agentliyin məhz hansı vəzifəsinin icra etməməsi nəticəsində iddiaçıya zərərin dəydiyi əsaslandırılmamışdır. Belə olduğu təqdirdə iddiaçının iddia etdiyi zərər və Agentliyin hər hansısa bir hərəkət və ya hərəkətsizliyi arasında səbəb-nəticə əlaqəsi müəyyən olunmur. Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 etirazın məzmununa uyğun izahat verdi və iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə iddiaçıya və cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər, məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Memorandumdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında xx.xx.2021-ci il tarixində əməkdaşlığa dair Memorandum imzalanmışdır. Memorandumun 1.2.1. və 1.2.3-cü yarımbəndlərinə əsasən, Memorandumun məqsədi işsiz və işaxtaran şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi məqsədi ilə kənd təsərrüfatı istiqamətli aktiv məşğulluq tədbirlərinin təşkil edilməsi və bu məqsədlə damazlıq heyvanların alışı üçün mövcud dövlət dəstəyi mexanizmi çərçivəsində Aqrar Kredit və İnkişaf Agentliyinin (bundan sonra - AKİA) vəsaitindən istifadə qaydasına uyğun hesablanmış güzəşt məbləğinin ayrılması olmuşdur. Memorandum tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan tenderin nəticələri haqqında tender komissiyasının 01 nömrəli xx.xx.2021-ci il tarixli yekun protokolundan görünür ki, tender nəticələri üzrə birinci yeri iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tutmuşdur. İş materiallarından olan etender.gov.az portalından edilən çıxarışdan görünür ki, İddiaçı QSC xx.xx.2021-ci il tarixdə satınalma predmeti ilə bağlı həmin portal üzərindən «Aqrar Kredit və İnkişaf Agentliyinin xətti ilə cins heyvanlara görə güzəştlər nəzərdə tutulduğunu nəzərə alaraq qiymət təklifi verilərkən hansı formada qiymət təklifi verilməlidir?» sualı ilə müraciət etmiş, cavabdeh isə xx.xx.2021-ci il tarixli cavabı ilə bildirmişdir ki: “Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydasının 6.2.2-ci maddəsinə əsasən idxal edilən damazlıq heyavnların gömrük dəyərinin, ölkə daxilində yetişdirilmiş damazlıq heyvanların isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 60 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsində bunun üçün Agentliyə ayrılmış vəsait hesbına müvəkkil kredit təşkilatları vasitəsi ilə ödənilməsi nəzərdə tutulur; Qiymət təklifi verilərkən güzəşt tətbiq edilən məbləğ çıxılmalı və qiymət təklifi verilməlidir”. İş materiallarından olan 24 noyabr 2021-ci il tarixli DMA/41/2021 nömrəli satınalma müqaviləsindən görünür ki, Sifarişçi özünüməşğulluq proqramı çərçivəsində “Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı” layihəsinin həyata keçirilməsi məqsədilə tələb olunan kənd təsərrüfatı mallarının satın alınması üçün İcraçının ƏDV ilə birlikdə 1881368,00 (bir milyon səkkiz yüz səksən bir min üç yüz altmış səkkiz) manat məbləğində tender təklifini qəbul etmişdir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Müqavilənin 2.1.1-ci yarımbəndinə əsasən müqavilə üzrə satın alınacaq mallar (işlər və xidmətlər) hər mal üzrə ölçü vahidi, miqdarı, vahidin qiyməti və cəmi qiyməti bu müqavilənin ayrılmaz hissəsi olan 1 Saylı Əlavədə göstərilir. İddiaçı ilə cavabdeh arasında müqaviləyə 1 Saylı Əlavə (qiymətin razılaşdırılması protokolu) imzalanmış və tərəflərin möhürü ilə təsdiq edilmişdir. Həmin 1 saylı Əlavəyə əsasən simmental cinsi iribuynuzlu damazlıq heyvanın ümumi həcmi/miqdarı 400 baş, vahidinin qiyməti 2793 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən heyvanların sığortalanması üçün Aqrar Sığorta Fonduna 88826 (səksən səkkiz min səkkiz yüz iyirmi altı) manat ödəniş edilmişdir. İş materiallarında olan gömrük bəyannamələrindən görünür ki, xx.xx.2022-ci il tarixdə ümumi dəyəri 93500 ABŞ dolları olan 34 baş, xx.xx.2022-ci il tarixdə ümumi dəyəri 93500 ABŞ dolları olan 34 baş, xx.xx.2022-ci il tarixdə ümumi dəyəri 90750 ABŞ dolları olan 33 baş, xx.xx.2022-ci il tarixdə ümumi dəyəri 88000 ABŞ dolları olan 32 baş, xx.xx.2022-ci il tarixdə ümumi dəyəri 90750 ABŞ dolları olan 33 baş, xx.xx.2022-ci il tarixdə ümumi dəyəri 90750 ABŞ dolları olan 33 baş, xx.xx.2022-ci il tarixdə ümumi dəyəri 79750 ABŞ dolları olan 29 baş, xx.xx.2022-ci il tarixdə ümumi dəyəri 79750 ABŞ dolları olan 29 baş, xx.xx.2022-ci il tarixdə ümumi dəyəri 96250 ABŞ dolları olan 35 baş, xx.xx.2022-ci il tarixdə ümumi dəyəri 93500 ABŞ dolları olan 34 baş, xx.xx.2023-cü il tarixdə ümumi dəyəri 101750 ABŞ dolları olan 37 baş, xx.xx.2023-cü il tarixdə ümumi dəyəri 101750 ABŞ dolları olan 37 baş olmaqla ümumlikdə 400 baş simmental cinsi iribuynuzlu damazlıq heyvanlar Azərbaycana idxal olunmuşdur. İş materiallarında olan 31 may 2022-ci il tarixli Akta əsasən müəyyən edilir ki, 24 noyabr 2021-ci il tarixli DMA/41/2021 nömrəli satınalma müqaviləsinə əsasən 31 may 2022-ci il tarixinə miqdarı 68 baş, dəyəri 189924,00 manat olan simmental cinsi iribuynuzlu damazlıq heyvan iddiaçı tərəfindən təhvil verilmiş və cavabdeh tərəfindən qəbul edilmişdr. Akt iddiaçı və cavabdehin imzası və möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan 17 iyun 2022-ci il tarixli Akta əsasən müəyyən edilir ki, 24 noyabr 2021-ci il tarixli DMA/41/2021 nömrəli satınalma müqaviləsinə əsasən 17 iyun 2022-ci il tarixinə miqdarı 65 baş, dəyəri 181545,00 manat olan simmental cinsi iribuynuzlu damazlıq heyvan iddiaçı tərəfindən təhvil verilmiş və cavabdeh tərəfindən qəbul edilmişdr. Akt iddiaçı və cavabdehin imzası və möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan 06 iyul 2022-ci il tarixli Akta əsasən müəyyən edilir ki, 24 noyabr 2021-ci il tarixli DMA/41/2021 nömrəli satınalma müqaviləsinə əsasən 06 iyul 2022-ci il tarixinə miqdarı 66 baş, dəyəri 184338,00 manat olan simmental cinsi iribuynuzlu damazlıq heyvan iddiaçı tərəfindən təhvil verilmiş və cavabdeh tərəfindən qəbul edilmişdr. Akt iddiaçı və cavabdehin imzası və möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan 27 iyul 2022-ci il tarixli Akta əsasən müəyyən edilir ki, 24 noyabr 2021-ci il tarixli DMA/41/2021 nömrəli satınalma müqaviləsinə əsasən 27 iyul 2022-ci il tarixinə miqdarı 58 baş, dəyəri 161994,00 manat olan simmental cinsi iribuynuzlu damazlıq heyvan iddiaçı tərəfindən təhvil verilmiş və cavabdeh tərəfindən qəbul edilmişdr. Akt iddiaçı və cavabdehin imzası və möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan 28 fevral 2023-cü il tarixli Akta əsasən müəyyən edilir ki, 24 noyabr 2021-ci il tarixli DMA/41/2021 nömrəli satınalma müqaviləsinə əsasən 28 fevral 2023cü il tarixinə miqdarı 143 baş, dəyəri 399399,00 manat olan simmental cinsi iribuynuzlu damazlıq heyvan iddiaçı tərəfindən təhvil verilmiş və cavabdeh tərəfindən qəbul edilmişdr. Akt iddiaçı və cavabdehin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2023-cü il tarixli, “A” PAYMENT ORDER № 209OPXO232770179 nömrəli və xx.xx.2023-cü il tarixli “A” PAYMENT ORDER № 209OCAZ232830503 ödəniş tapşırıqlarından görünür ki, iddiaçı tərəfindən “LCG” Vəkil Bürosonun hesabına hüquqi xidmət haqqına görə ümumilikdə 14020 manat pul ödənilmişdir. İddiaçının xx.xx.2023-cü il tarixli məktubu ilə təsdiq edilir ki, iddiaçıya ******* manat ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Mediasiya prosesinə xitam verilməsi barədə MŞB/1/2023-00260 nömrəli 16 oktyabr 2023-cü il tarixli Protokoldan görünür ki, iddiaçı ilə cavabdeh mediasiya prosesində iştirak etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 1091.1-ci maddəsində isə göstərilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə qeyd edir ki, 11 noyabr 2021-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlığa dair Memorandum imzalanmışdır. Etender.gov.az portal üzərindən cavabdeh tərəfindən iddiaçıya bildirilmişdir ki: Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydasının 6.2.2-ci maddəsinə əsasən idxal edilən damazlıq heyavnların gömrük dəyərinin 60 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsində bunun üçün Agentliyə ayrılmış vəsait hesbına müvəkkil kredit təşkilatları vasitəsi ilə ödənilməsi nəzərdə tutulur. Qiymət təklifi verilərkən güzəşt tətbiq edilən məbləğ çıxılmalı və qiymət təklifi verilməlidir. İddaçı “Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı” layihəsinin icrası ilə bağlı tələb olunan kənd təsərrüfatı mallarının satınalması üçün keçirilmiş açıq tenderin qalibi olmuşdur. Tərəflər arasında 24 noyabr 2021-ci il tarixli DMA/41/2021 nömrəli satınalma müqaviləsi bağlanmış, iddiaçı tərəfindən heyvanların sığortalanması üçün Aqrar Sığorta Fonduna 88826 manat ödəniş edilmişdir, müqavilə üzrə iddiaçı tərəfindən 400 baş simmental cinsi iribuynuzlu damazlıq heyvanlar Azərbaycana idxal edilmiş, müqavilə üzrə iddiaçı tərəfindən 400 baş simmental cinsi iribuynuzlu damazlıq heyvanları cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən həmin heyvanlar qəbul edilmiş və paylanılmışıdr. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı zərərə məruz qalmışdır. Məhkəmə hesab edir ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24cü maddəsinə uyğun olaraq cavabdeh tərəfindən icra olunan işsiz və ya işaxtaran şəxslərin özünüməşğulluğuna kömək göstərilməsi ilə bağlı məşğulluq tədbirinin təşkili ilə əlaqədar iddiaçı tərəfindən təchiz edilmiş damazlıq heyvanların gömrük dəyərinin 60%-nin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına maliyyələşdirilməsi üçün heç bir hüquqi və qanuni əsas olmamışdır. Belə ki, işsiz və ya işaxtaran şəxslərin özünüməşğulluğuna kömək göstərilməsi ilə bağlı məşğulluq tədbiri “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğun təşkili Qaydasına” uyğun olaraq, təşkil olunur və həyata keçirilir. Kənd təsərrüfatına dövlət dəstəyi tədbirləri isə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydasının” tələbləri əsasında təşkil olunur və həyata keçirilir. Göründüyü kimi hər iki dövlət dəstəyi tədbiri ayrı-ayrı məqsədlərlə icra olunur, onların icrası üzrə qanunvericiliklə müəyyən edilən qaydalar, maliyyələşmə mənbəyi, icra edən inzabiti orqanlar və müraciət hüququ olan şəxslər dairəsi fərqlidir. Həmçinin məhkəmə hesab edir ki, cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Belə ki, iş materiallarında göründüyü kimi tərəflər arasında imzalanmış 24 noyabr 2021-ci il tarixli DMA/41/2021 nömrəli satınalma müqaviləsi üzrə 400 ədəd damazlıq heyvanların iddaçı tərəfindən cavabdehə təhvil verilməsinə baxmayaraq, onların gömrük dəyərinin 60%-i iddaçıya bu günə kimi ödənilməmiş qalmışdır. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasn işsiz, habelə bu Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Azərbaycan Respublikası Prezdentinin xx.xx.2018-ci il tarixli, 233 nömrəli Fərmanının 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy) tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş X3 Nizamnaməsinin 3.1.13-ci yarımbəndinə əsasən işsiz və mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili ilə bağlı tədbirlər görmək adıçəkilən Agentliyin vəzifələrinə aid edilmişdir. Həmin Nizamnamınin 3.1.17-ci yarımbəndində isə göstərilir ki, Agentlik sığorta ödənişlərinin verilməsini və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan aktiv məşğulluq tədbirlərinin maliyyələşdirilməsini təmin etmək vəzifəsini daşıyır. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19.0.2.5-ci maddəsinə əsasən özünüməşğulluğa kömək göstərilməsi işsizlikdən sığorta vəsaitləri hesabına maliyyələşdirilən tədbirlərdən biri kimi müəyyən edilmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, cavabdehdən 400 ədəd damazlıq heyvanların gömrük dəyərinin 60%-i olan ******* manat məbləğində zərər tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, “A” PAYMENT ORDER № 209OCAZ232830504 nömrəli ödəniş tapşırığından görünür ki, 1500 manat mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 1500 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə, iddia ərizəsində 14020 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, “A” PAYMENT ORDER № 209OPXO232770179 nömrəli və xx.xx.2023-cü il tarixli “A” PAYMENT ORDER № 209OCAZ232830503 ödəniş tapşırıqlarından görünür ki, iddiaçı tərəfindən “LCG” Vəkil Bürosonun hesabına hüquqi xidmət haqqına görə ümumilikdə 14020 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, cavabdehdən 1500 manat hüquqi yardıma görə xərcin tutularaq iddiaçıya ödənilməsi məqsədmüvafiqdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 ******* (bir milyon yüz iyirmi iki min) manat məbləğində zərər, ödənilmiş 1500 (bir min beş yüz) manat mediasiya xərci və 1500 (bir min beş yüz) manat hüquqi yardıma görə xərc tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar