Məhkəmə qərarları › İş №e-2-2(115)-26/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-26/2025

06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-26/2025 06.03.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 751 067,25 manat əsas borcun, 133 967,49 manat ƏDV-nin, 68 590,19 manat faizin və hazırkı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 1243,62 manat dövlət rüsumunun, ümumilikdə 954 868,93 manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC” xx.xx.2006-cı ildə təsis edilmiş, Nizamnaməsinə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olan kommersiya qurumudur. Fəaliyyətinin əsas istiqaməti dağ-mədən sahəsində fəaliyyət göstərən müəssisələrə xüsusi təyinatlı nəqliyyat vasitələri və texnikalarla yükdaşıma və digər xidmətlərin göstərilməsi olmuşdur. 27 fevral 2019-cu il tarixdə adı dəyişdirilərək İddiaçı MMC olmuşdur. Qeyd edilən dəyişiklik yuxarıda qeyd edilən tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən müvafiq qaydada qeydiyyata alınmışdır. 01 oktyabr 2018-ci il tarixdə "xxxx" MMC (bundan sonra “İddiaçı” adlanacaq) ilə “X3” MMC (bundan sonra “Cavabdeh” adlanacaq) arasında 1 il müddətinə QSZX 177\1018 saylı xidmət müqaviləsi və ona edilmiş 11 Əlavə (bundan sonra “Müqavilə” adlanacaq) imzalanmışdır (müqavilə və əlavələr əlavə olunur). 24 iyun 2022-ci il tarixdə “X3” MMC-nin adı dəyişdirilərək Cavabdeh MMC olmuşdur. Cavabdehlə bağlanmış müqaviləyə xx.xx.2019-cu ildə edilmiş dəyişikliyə əsasən müqavilə müddəti 1 il müddətinə uzadılmışdır. Dəyişikliyin digər şərtinə əsasən tərəflər bir-birinə müddətin bitməsinə 1 həftə qalmış müqaviləyə xitam verilməsi barədə rəsmi bildiriş vermədiyi təqdirdə müqavilə eyni müddətə uzadılmış hesab edilməliydi. İşə əlavə olunmuş əlavələrdən göründüyü kimi müqaviləyə müddət bitdikdən sonra xitam verilməmiş, əksinə müqaviləyə yeniəlavələr edilərək imzalanmışdır. Cavabdehlə aramızda olan müqavilənin və ona sonradan edilmiş əlavələrin şərtlərinə əsasən müqavilədə göstərilmiş xüsusi texnika və nəqliyyat vasitələri ilə onların sifarişini yerinə yetirməli, o cümlədən işçilərin daşınmasını həyata keçirməli, cavabdeh isə Sifarişçi olaraq müqavilədə razılaşdırılmış xidmət tariflərinə uyğun qiymətlərlə görülmüş işlərin dəyərini ödəməli idi. Tərəflərindən cavabdeh tərəfindən verilmiş bütün sifarişlər keyfiyyətlə və qüsursuz yerinə yetirilmiş, əhəng daşı, gil, vulkan külü, çınqıl, dəmir cövhəri, gips, kvars qumu və s. xammalın öz nəqliyyat vasitələrimizlə cavabdehin təyin etdiyi məntəqəyə daşınması və boşaldılması, eləcə də faren tullantısının zavoddan kənara daşınması xidmətləri icra edilmişdir. Cavabdeh MMC-nin işçilərinin də işə aparılıb gətirilməsini də iddiaçı öz nəqliyyat vasitələri ilə təmin etmişdir. Bununla yanaşı İddiaçı MMC tərəfindən ayrı-ayrı vaxtlarda bəzi nəqliyyat vasitələri və texnikalar müəyyən müddətə cavabdeh MMC-yə icarəyə verilmişdir. Cavabdeh də sifarişçi olaraq ilk vaxtlar görülmüş işlərin dəyərini ödəmişdir. Məlumat üçün bildirək ki, cavabdeh MMC ilə aralarında olan kommersiya münasibətləri2014-cü ildən başlamışdır. Bu dövr ərzində həmin münasibətlər qarşılıqlı etimad və etibara əsaslanmış, aralarında heç bir problem yaşanmamışdır. Bu səbəbdən də, bəzən görülmüş işlər müqavilədə nəzərdə tutulmuş qaydada tam sənədləşdirilməsə də, bu hal görülmüş işlərə görə ödənişlərin həyata keçirilməsinə mane olmamışdır. Lakin cavabdeh MMC-nin mülkiyyətçilərinin dəyişilməsindən sonra, yəni 2020-ci ildən başlayaraq cavabdeh tərəfindən ödənişlər həyata keçirilməsində problemlər yaranmağa başlamışdır. Tərəflərindən müqavilə üzrə göstərilmiş xidmətlərin dəyəri cəmi ƏDV daxil 7 704249,5 manat olmuş, həmin məbləğdən əsas məbləğ üzrə 5784829,76 manat Cəmiyyətin bank hesabına, ******* manat ƏDV depozit hesabına ödənilmiş, ödənilməmiş qalan borc məbləği əsas məbləğ üzrə 751067,25 manat, ƏDV üzrə 133967,49 manat təşkil edir. Cavabdeh tərəfindən sonuncu ödəniş 25 may 2021- ci ildə həyata keçirilmişdir. Dəfələrlə tərəflərindən edilmiş müraciətlərə baxmayaraq müqavilədə nəzərdə tutulmuş öhdəliklər cavabdeh tərəfindən tam icra edilməmiş və göstərdiyimiz xidmət üçün xidmət haqqı bizə tam ödənilməmişdir. Cavabdehə göndərilmiş elektron-qaimələrin bir qismi təsdiq edilmiş, bir qismi ləğv edilmiş, bir qismi isə düzəlişə göndərilmiş, lakin səbəbləri göstərilməmişdir. Halbuki,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilətəsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 2.5.1-ci bəndinə əsasən «Növü» sətrində — elektron qaimə-fakturanın növü kimi cari, düzəliş və ya ləğv olması seçilir. Düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi halda, elektron qaimə-fakturanın “Növü” sətrində “Düzəliş” qeydi seçilməklə düzəliş edilən elektron qaimə-fakturanın seriyası, nömrəsi, tarixi və düzəlişin səbəbi"xxxx" sətrində göstərilir. Beləliklə, hesab edirik ki, cavabdeh MMC-nin iddiaçı olaraq qarşımızda öhdəliyi yaranmışdır və istinad olunan maddi hüquq normalarına əsasən öhdəliyini yerinə yetirməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsində hazırda bank uçot faiz dərəcəsi 7,75% miqdarında müəyyən edilmişdir. Beləliklə, yuxarıda göstərdiyimiz mülki qanunvericiliyin tələbinə əsasən cavabdeh üzərinə götürdüyü öhdəliyini icra etmədiyindən borclu olduğu məbləği ödəmədiyindən və bizə məxsus pul vəsaitini qanunsuz özünüzdə saxladığına görə Azərbaycan Respublikası Mülki Məcəlləsini və ölkə üzrə bank uçot dərəcəsini nəzərə alaraq, cavabdehdən 68 590,19 manat (885034,74*7,75%) məbləğində özgəsinin vəsaitindən istifadə üçün faizlərtutulmalıdır ki, biz də həmin məbləği də tələb edirik. 17 aprel 2024-cü il tarixdə borcun və faizlərin ödənilməsi tələbinə dair cavabdehə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına dair pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən hər hansı bir cavab verilməmiş və mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün təşəbbüs göstərilməmişdir İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq məhkəmə iclaslarında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Şahin Vəliyev adlı cavabdeh şirkətin satış deportamentinin aparıcı mütəxəssisi ilə yazışma zamanı tərəfin nümayəndəsinin mübahisələndirdiyi 4 elektron qaimə-fakturanı təsdiqlədiyini bildirir və elektron poçtda həmin elektron qaimə-fakturalar qeyd edilib. Cavabdeh tərəf qeyd edir ki, təhvil-təslim aktı olmalıdır, lakin bu halla bağlı heç bir nümunə sənəd təqdim edə bilmir. Çünki, bugünkü günədək tərəflər arası təhviltəslim aktları tərtib edilməyib. Onların təqdim etdiyi sənədlərdən başqa heç bir sənəd təqdim etməmişdir. Cavabdeh həmin sənədləri sübut kimi qəbul etmək istəmir, halbuki cavabdehin ştampı var və nəqliyyat vasitələri onları öz tərəzisindən keçirilib. Elektronqaimələrin mövcud olmamağı ilə bağlı bildirmək istəyirlər ki, elektron-qaimələr onlar tərəfindən cavabdehə göndərilib, lakin qarşı tərəf qəbul etməyib. Vergi orqanına bu halla bağlı sorğu verilsə belə, vergi sistemində ancaq hər iki tərəfin təsdiq etdiyi qaimələr görünür. Qeyd etmək istəyirlər ki, əgər elektron-qaimə qəbul edilməyib düzəliş edilməsi üçün geri göndərilirsə, elektron-qaimənin seriasını, nömrəsini və düzəlişin səbəblərini göstərməlidir. Cavabdeh elektron-qaimələri düzəlişə göndərib, lakin təyinatını qeyd etməyib. Eyni zamanda cavabdeh öz izahatında elektron-qaimələrin bir qisminin təyinatı ilə bağlı etiraz bildirdi. Tərəfin qeyd etdiyi elektron-qaimələrin hamısı özü tərəfindən təsdiq edilib və hətta onların məhkəməyə təqdim etdiyi bank sənədlərində də ödənişlərin əksəriyyətinin təyinatı kimi qum və çınqılın daşınması üzrə edilən ödənişlər qeyd edilib. O, bu səbəbdən edilmiş ödənişlərlə razı olub-olmamasını qarşı tərəfdən soruşmuşdur. Əgər onlar bu məsələlərlə bağlı edilmiş ödənişlərlə razıdırlarsa Ukrayna, Ankara və digər daşımalar üzrə mübahisə edilə bilməz. Elektron-qaimələrin gec göndərilməsi ilə bağlı demək istəyirlər ki, tərəflər arasında işgüzar münasibətlər olub və cavabdeh tərəf onları yubadaraq ödənişləri etməmişdir. Hesab edirlər ki, iddiaları əsaslıdır. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, məhkəmə iclaslarında olan izahatlarında bildirmişdir ki, qarşı tərəfin təqdim etdiyi qaimələrin bir qismi onların şirkəti tərəfindən qəbul edilməyib. Bununla bağlı 03 aprel 2024-cü il tarixli 17 ədəd qaimə onlar tərəfindən qəbul edilməyib. Həmin qaimələrin dəyəri təxmini olaraq 700000 manat təşkil edir. Onların qarşı tərəflə əməkdaşlıq əlaqələri uzun müddətdir ki, kəsilib və əməkdaşlıq münasibətləri olmayan təqdirdə qaimələri qəbul etmək üçün əsas olmayıb. Bununla bağlı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə sözü gedən 17 qaimə haqqında məlumat almaq üçün sorğu vermişdir. İş üzrə mübahisəli məqamlar aktlarla bağlı idi. Belə ki, aktların kim tərəfindən imzalanması, hansı malların təhvil verilməsi bilinmir. Bundan başqa ƏDV-lər düzgün hesablanmamış, qaimələr düzgün tərtib olunmamışdır. Qarşı tərəfin disk daşıyıcıda təqdim etdiyi sənədlərlə oda tanış olmuşdur. Sənədlərin bu müqaviləyə aid olub-olmaması və hansı hüquqi qüvvəyə malik olduqları bilinmir. Sözü gedən sənədlər xidmətlərin keçirilməsini sübut etmir. Xidmətlərin göstərilməsi barədə hər bir ay üzrə göstərilən xidmətin adı və dəyəri əks etdirilən akt tərtib olunur. Bu hal tərəflər arasında olan müqavilədədə öz əksini tapır. Müqaviləyə əsasən tərəflər arasında hər ay təhvil-təslim aktı imzalanır və həmin akt əsasında icraçı sifarişçiyə qaimə hesab faktura təqdim edir. Daha sonra 30 gün ərzində həmin qaimə üzrə ödəniş həyata keçirilməlidir. Təqdim edilən sənədlərdə onların şirkətinin mühafizə şöbəsinin möhürü olsa belə hansı dövrü ifadə etməyi və sair şərtlər əks etdirilməyib. Ümumi dəyəri 743885,79 manat təşkil edən 17 ədəd elektron-qaimə onlar tərəfindən ümumiyyətlə qəbul edilməmişdir. Qəbul edilməməsinin səbəbi tərəflər arasında münasibətlərin həmin zaman olmamasıdır. Digər tərəfdən, əgər bir ay ərzində görülmüş işlər üzrə akt tərtib olunmalıdırsa, həmin 3 aprel 2024-cü ildə təqdim edilmiş elektron-qaimələrdən bir ay əvvəl ümumiyyətlə münasibət olmayıb. Digər iş materiallarına əlavə edilmiş qaimələrdə göstərilmiş xidmətlər ümumiyyətlə müqavilənin predmetinə aid deyil. Müqaviləyə edilmiş 11 saylı əlavədə dəqiq göstərilir ki, hansı maşın tərəfindən daşıma edilməli və hətta zibil daşıma belə dəqiqliklə göstərilib. Lakin, bu xidmətlərə Ukraynadan Azərbaycana malın daşınması, nə Türkiyənin Ankara şəhərindən malın gətirilməsi, nə qum satışı daxil deyil. Qum və çınqıl alışı alqı-satqı predmetidir və xidmət göstərilməsini ehtiva edən müqaviləyə aidiyyatı yoxdur. Ola bilsin qaimələrin sayı çox olduğundan qarşı tərəf sui-istifadə edərək müqavilə predmetinə aid olmayan elektron-qaimələri təqdim edib. Saydığı elektronqaimələrin dəyəri təşkil edir 190476,13 manat. Nəzərə alsaq ki, iddiaçı tərəfindən 7704249,50 manat xidmət göstərilib və biz 6819214,76 manat ödəmişlər. 751 067,25 manat əsas borc ƏDV üzrə 133967,49 borc qalıb və iddia ərizəsindən də görünür ki, onlar 6819214,76 manat pul ödəmişlər. Onlar bu məbləği ödəyiblərsə, müqavilənin predmetinə aid olmayan və qəbul edilməmiş elektron-qaimələrin məbləğini çıxanda, cavabdeh tərəf olaraq, tələb olunan məbləğdən artıq pul vəsaiti ödəmişlər. Hesabladıqdan sonra görünür ki, onlar 49307,18 manat artıq ödəniş etmişlər. İddia tələbini əsassız hesab edirlər və xahiş edirlər ki, iddia tələbi rədd olunsun. İddiaçı və cavabdeh tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xidmət müqaviləsi, xidmət müqaviləsinə əlavələr, maşın və mexanizmlərin istismarı haqqında akt, bank köçürmələri barədə sənəd, elektron qaimə-fakturalar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. İşin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “X3” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, QSZX 177/1018 saylı Xidmət müqaviləsinə əsasən icraçı tərəflər arasında razılaşdırılmış cədvəldə göstərilən qiymətlərə uyğun texnikalar vasitəsi ilə sifarişçinin verdiyi sifarişlər üzrə xidmət göstərir, sifarişçi isə bu müqavilə ilə nəzərdə tutulmuş xidmət haqqını müəyyən edilmiş vaxtda və qaydada icraçıya ödəməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanılmış xx.xx.2018-ci il tarixli xüsusi texnikanın icarəsi haqqında müqaviləyə Əlavə 2-dən görünür ki, həmin icarə müqaviləsi üzrə icarəçi tərəfindən icarəyə götürülən texnikalar aşağıdakılardan ibarətdir:

1. Qreyder 1 ədəd 1 aylıq icarə haqqı 7000 manat (yanacaq xaric);

2. Vərdənə (Katok) 1 ədəd 1 aylıq icarə haqqı 5000 manat (yanacaq xaric);

3. Buldozer 1 ədəd 1 aylıq icarə haqqı 7000 manat (yanacaq xaric);

4. Universal Yükləyici 1 ədəd 1 aylıq icarə haqqı 4000 manat (yanacaq xaric);

5. Dayman xidməti- nəqliyyat vasitələrinin daşınması Qazax-Bakı, Bakı-Qazax 1 nəql reysi 1000 manat. Tərəflər arasında imzalanmış 01 oktyabr 2018-ci il tarixli A-1 nömrəli, 25 fevral 2019-cu il tarixli 1 nömrəli və 1-A nömrəli, 01 mart 2019-cu il tarixli 1-B nömrəli, xx.xx.2019-cu il tarixli 2 nömrəli, xx.xx.2019-cu il tarixli 2A nömrəli, 19 iyul 2019-cu il tarixli 3 nömrəli, 30 sentyabr 2019-cu il tarixli 4 nömrəli, 01 noyabr 2019-cu il tarixli 5 nömrəli, 01 iyun 2020-ci il tarixli 6 nömrəli, 01 sentyabr 2020-ci il tarixli 7 nömrəli, 30 dekabr 2020-ci il tarixli 7A nömrəli, 19 mart 2021-ci il tarixli 8 nömrəli və 8A nömrəli, 24 may 2021-ci il tarixli 9 nömrəli, 25 iyun 2021-ci il tarixli 10 nömrəli, 05 iyul 2021-ci il tarixli 11 nömrəli Əlavələrlə xx.xx.2018-ci il tarixli QSZX 177/1018 saylı Xidmət müqaviləsinin şərtlərində dəyişikliklər olmuşdur. Tərəflər arasında müqavilə bağlandıqdan sonra iddiaçı tərəfindən cavabdehə xidmətlər göstərilmiş və ümumilikdə göstərilən xidmətlərə görə cavabdeh tərəfindən iddiaçının bank hesabına 5784829,76 manat, ƏDV depozit hesabına isə ******* manat pul köçürülmüşdür. Cavabdehin nümayəndələri də məhkəmə iclaslarında həmin məbləğlərin köçürüldüyünü bildirmişlər. Eyni zamanda iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş bank köçürməsindən iddiaçının bank hesabına 5784829,76 manat köçürüldüyü görünür. Göründüyü kimi iddiaçı tərəfindən göstərilmiş xidmətlərə və icarəyə verilmiş əmlaklarla bağlı cavabdeh tərəfindən ödənilmiş ümumilikdə 6819214,76 manat işin mübahisəsiz halıdır. İddiaçının nümayəndəsi məhkəməyə 99 ədəd elektron qaimə-faktura təqdim edərək ümumilikdə iddiaçı tərəfindən göstərilən xidmətlərin 7704249,5 manat təşkil etdiyini bildirmişdir. Yuxarıda qeyd etdiyimiz kimi iddiaçı tərəfindən göstərilmiş xidmətlər üzrə cavabdeh tərəfindən 6819214,76 manat vəsait ödənilmişdir. İddiaçı öz iddia ərizəsində cavabdeh tərəfindən ödənilməmiş qalan borcun məbləğinin əsas borc üzrə 751067,25 manat, ƏDV üzrə isə 13396,49 manat olduğunu qeyd etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəməyə yazılı qaydada izahat təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən məhkəməyə göstərilmiş xidmət(lər)in sübutu kimi yalnız elektron qaimə-fakturalar təqdim olunmuşdur. Lakin iddiaçı xidmətlərin göstərilməsi ilə bağlı məhkəməyə hər hansı təhvil-təslim aktı təqdim etməmişdir. Halbuki, tərəflər arasında bağlanmış QSZX 177/1018 saylı, xx.xx.2018-ci tarixli xidmət müqaviləsinin 2.1-ci bəndinə görə, bu müqaviləyə əsasən ödənişlər icraçı/iddiaçı tərəfindən hər ay üçün faktiki həyata keçirilmiş xidmətlər üzrə tərəflər arasında imzalanan Təhvil-təslim aktı və icraçı tərəfindən təqdim edilən hesab-faktura əsasında 30 gün ərzində nağdsız, bank köçürmə yolu ilə həyata keçirilir. Müqavilənin tələbindən göründüyü kimi, tərəflər arasında əvvəlcə, hər ay üçün faktiki həyata keçirilmiş xidmətlər üzrə müvafiq təhvil-təslim aktı imzalanmalı, bundan sonra isə iddiaçı/icraçı tərəfindən sifarişçiyə/cavabdehə hesab-faktura təqdim olunmalı idi. Buna baxmayaraq, İddiaçı müqavilənin şərtinə riayət etməmiş, müvafiq təhviltəslim aktları olmadan Cavabdehə elektron qaimə-fakturalar təqdim etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 99 ədəd elektron qaimə-fakturalara gəldikdə isə, həmin elektron qaimələrin bir qismi, yəni 03 aprel 2024-cü il tarixdə iddiaçı tərəfindən cavabdehə göndərilmiş 17 ədəd, ümumi dəyəri 743825,79 manat təşkil edən elektron qaimə cavabdeh tərəfindən ümumiyyətlə, qəbul edilməmişdir. Çünki, iddiaçı cavabdehə münasibətdə həmin qaimələrdə ifadə olunmuş xidmət(lər)i göstərməmişdir. Həmin qaimələrdən xx.xx.2024-cü il tarixli EBEB seriyalı 312421 nömrəli elektron qaimə üzrə 3208,42 manat, EBEB seriyalı 312124 nömrəli elektron qaimə üzrə 6504,44 manat, EBEB seriyalı 296356 nömrəli elektron qaimə üzrə 37170,06 manat, EBEB seriyalı 295300 nömrəli elektron qaimə üzrə 3601,36 manat, EBEB seriyalı 291149 nömrəli elektron qaimə üzrə 70835,40 manat, EBEB seriyalı 289375 nömrəli elektron qaimə üzrə 82505,60 manat, EBEB seriyalı 310600 nömrəli elektron qaimə üzrə 43966,80 manat, EBEB seriyalı 309306 nömrəli elektron qaimə üzrə 32072,40 manat, EBEB seriyalı 308839 nömrəli elektron qaimə üzrə 66080 manat, EBEB seriyalı 305045 nömrəli elektron qaimə üzrə 90398,80 manat, EBEB seriyalı 301138 nömrəli elektron qaimə üzrə 19859,40 manat, EBEB seriyalı 299889 nömrəli elektron qaimə üzrə 23600 manat, EBEB seriyalı 299336 nömrəli elektron qaimə üzrə 50055,60 manat, EBEB seriyalı 297976 nömrəli elektron qaimə üzrə 116404,64 manat, EBEB seriyalı 296958 nömrəli elektron qaimə üzrə 55082,87 manat, EBEB seriyalı 311790 nömrəli elektron qaimə üzrə 28320 manat, EBEB seriyalı 310885 nömrəli elektron qaimə üzrə 14160 manat dəyərində, ümumilikdə isə 743825,79 manat (ƏDV daxil) xidmət göstərildiyi qeyd olunsada, həmin elektron qaimələr cavabdeh tərəfindən geri qaytarılmışdır. Daha sonra cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçının məhkəməyə təqdim etmiş olduğu bir sıra elektron qaimə-fakturaların mətnində adları sadalanmış mallar, habelə xidmətlər tərəflər arasında bağlanmış və iddianın əsasını təşkil edən QSZX 177/1018 saylı, xx.xx.2018-ci tarixli xidmət müqaviləsinin predmetinə daxil deyil. Belə ki, xx.xx.2020-ci il tarixli EBAL 065057 nömrəli elektron qaimə üzrə 11900 manat, xx.xx.2020-ci il tarixli EBAL 064091 nömrəli elektron qaimə üzrə 4250 manat, xx.xx.2019-cu il tarixli EAAR 733919 nömrəli elektron qaimə üzrə 5277,97 manat və 28819,52 manat, xx.xx.2019-cu il tarixli EAAP 820103 nömrəli elektron qaimə üzrə 30150,57 manat və 9187,53 manat, xx.xx.2018-ci il tarixli EAAO 140203 nömrəli elektron qaimə üzrə 71990,54 manat, xx.xx.2020-ci il tarixli EBAN 268143 nömrəli elektron qaimə üzrə 15300 manat, xx.xx.2020-ci il tarixli EBAN 262424 nömrəli elektron qaimə üzrə 13600 manat, ümumilikdə isə 190476,13 manat dəyərində müqavilənin predmetinə aid olmayan mal və xidmətlərin dəyəri cavabdehdən tələb oluna bilməzdi. Beləliklə, iddiaçı tərəfindən QSZX 177/1018 saylı, xx.xx.2028-ci tarixli xidmət müqaviləsi üzrə cavabdehə 7704249,5 manat deyil, əslində 6769887,58 manat dəyərində xidmətlərin göstərildiyini nəzərə alsaq, Cavabdeh tərəfindən İddiaçıya daha artıq 6819214,76 manat məbləğində pul ödənilmişdir. Artıq ödənilmiş 49327,18 manat pulun geri tələb edilməsi hüququnu cavabdeh özündə saxlayır Məhkəmə ilk öncə cavabdeh tərəfindən geri qayatrılmış 17 qaimə ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan 24 iyun 2024-cü il tarixli **********012900 nömrəli müraciətə baxılması barədə məlumata əsasən sözügedən müraciətdə qeyd olunan elektron qaimə-fakturalar baza məlumatlarına əsasən aşkar edilməmişdir. Eyni zamanda iddiaçının və cavabdehin nümayəndələri məhkəmə iclaslarında vermiş olduğu izahatlarında həmin 17 ədəd elektron qaimə-fakturanın cavabdeh tərəfindən düzəliş üçün geri qaytarıldığını bildirmişlər. Göründüyü kimi cavabdeh tərəfindən geri qaytarılmış 17 ədəd elektron qaimə-fakturanın ümumi dəyəri əsas borc üzrə 630351,7 manat, ƏDV borcu üzrə isə 113474,1 manat təşkil edir. Cavabdehin nümayəndəsi həmin 17 ədəd elektron qaimə-fakturanın iddiaçı tərəfindən həmin xidmətlərin göstərilmədiyini əsas götürərək geri qaytarıldığını bildirmişdir. Lakin iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 17 fevral 2022-ci il tarixli aktla məlum olur ki, 05-T-540 dövlət nömrə nişanlı buldozer xx.xx.2021-ci il tarixə qədər, **-AB-*** dövlət nömrə nişanlı manitau xx.xx.2021-ci il tarixə qədər cavabdehin istifadəsində olmuşdur. Məhkəmə hesab edir ki, həmin texnikaların icarə haqqı ilə bağlı iddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli EBEB seriyalı 296356 nömrəli elektron qaimə (37170,06 manat (31500,06 manat əsas, 5670,01 manat ƏDV)), xx.xx.2024-cü il tarixli EBEB seriyalı 291149 nömrəli elektron qaimə (70835,40 manat (60030 manat əsas, 10805,40 manat ƏDV)) və xx.xx.2024-cü il tarixli EBEB seriyalı 289375 nömrəli elektron qaimə (82505,60 manat (69920 manat əsas, 12585,60 manat ƏDV)) cavabdeh tərəfindən geri qaytarılsa belə 17 fevral 2022-ci il tarixli aktla həmin texnikaların yuxarıda göstərilən müddətə qədər cavabdehin istifadəsində olduğu müəyyən olunur. Məhkəmə belə qənaətə gəlir ki, həmin texnikaların icarə haqqı ilə bağlı elektron qaimələr cavabdeh tərəfindən geri qaytarılsa belə göstərilən müddətə qədər həmin texnikalar cavabdehin istifadəsində olduğundan xx.xx.2024-cü il tarixli EBEB seriyalı 296356 nömrəli elektron qaimə üzrə 31500,06 manat əsas, 5670,01 manat ƏDV borcu, xx.xx.2024-cü il tarixli EBEB seriyalı 291149 nömrəli elektron qaimə üzrə 60030 manat əsas, 10805,40 manat ƏDV borcu, xx.xx.2024-cü il tarixli EBEB seriyalı 289375 nömrəli elektron qaimə üzrə 69920 manat əsas, 12585,60 manat ƏDV borcu olmaqla, ümumlikdə 161450,06 manat əsas, 29061,01 ƏDV borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə daha sonra iddiaçı tərəfindən təqdim edilmiş bir sıra elektron qaiməfakturaların mətnində adları sadalanmış malların, habelə xidmətlərin tərəflər arasında bağlanmış QSZX 177/1018 saylı, xx.xx.2018-ci tarixli xidmət müqaviləsinin predmetinə aid olmaması və həmin elektron qaimələrdə göstərilən xidmətlərin dəyərinin cavabdehdən tələb edilə bilməməsi ilə bağlı cavabdehin nümayəndəsinin dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin həmin dəlilləri əsassızdır. Belə ki, cavabdeh xx.xx.2020-ci il tarixli EBAL 065057 nömrəli elektron qaimə, xx.xx.2020-ci il tarixli EBAL 064091 nömrəli elektron qaimə, xx.xx.2019-cu il tarixli EAAR 733919 nömrəli elektron qaimə, xx.xx.2019-cu il tarixli EAAP 820103 nömrəli elektron qaimə, xx.xx.2018-ci il tarixli EAAO 140203 nömrəli elektron qaimə, xx.xx.2020-ci il tarixli EBAN 268143 nömrəli elektron qaimə, xx.xx.2020-ci il tarixli EBAN 262424 nömrəli elektron qaimələrdə adları sadalanmış malların, habelə xidmətlərin tərəflər arasında bağlanmış QSZX 177/1018 saylı, xx.xx.2018-ci tarixli xidmət müqaviləsinin predmetinə aid olmaması bildirsə də, iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş elektron qaimə fakturaların təsdiqlənməsi və düzəliş üçün geri qaytarılması ilə bağlı sənəddən görünür ki, cavabdehin qeyd etdiyi elektron qaimələrdən xx.xx.2020-ci il tarixli EBAL 065057 nömrəli elektron qaimə, xx.xx.2020-ci il tarixli EBAL 064091 nömrəli elektron qaimə, xx.xx.2019-cu il tarixli EAAR 733919 nömrəli elektron qaimə, xx.xx.2019-cu il tarixli EAAP 820103 nömrəli elektron qaimə, xx.xx.2018-ci il tarixli EAAO 140203 nömrəli elektron qaimə cavabdehin özü tərəfindən, xx.xx.2020-ci il tarixli EBAN 268143 nömrəli elektron qaimə, xx.xx.2020-ci il tarixli EBAN 262424 nömrəli elektron qaimə isə sistem tərəfindən təsdiq olunmuş və cavabdeh tərəfindən həmin qaimələrlə bağlı ödənişlər edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehə müvafiq xidmətlər göstərildiyindən cavabdeh həmin elektron qaimələri qəbul etmiş və ona görə ödənişlər etmişdir. Həmin elektron qaimələr üzrə müəyyən qədər ödənişlərin olunması iddiaçı tərəfindən həmin elektron qaimələrdə qeyd olunan xidmətlərin cavabdehə göstərildiyini təsdiq edir. Yuxarıda da qeyd etdiyimiz kimi iddiaçının nümayəndəsi tərəfindən cavabdehə göstərilmiş xidmətlərlə bağlı 99 ədəd elektron qaimə təqdim edilmiş və həmin elektron qaimələrdən 17 ədəd elektron qaimə cavabdeh tərəfindən düzəliş üçün geri qaytarılmışdır. 82 ədəd elektron qaimə üzrə isə cavabdehin özü və sistem tərəfindən təsdiq olunmuşdur. Həmin 82 ədəd elektron qaimənin ümumi dəyəri isə 6960363,71 manat (5905485,32 manat əsas, 1054878,39 manat ƏDV) təşkil edir. Beləliklə iddiaçı tərəfindən ümumilikdə 82 elektron qaimə üzrə 6960363,71 manat (5905485,32 manat əsas, 1054878,39 manat ƏDV) dəyərində ximətlərin göstərildiyi öz təsdiqini tapır. Cavabdeh tərəfindən iddiaçıya göstərilən xidmətlərə görə isə ümumilikdə 6819214,76 manat (5784829,76 manat iddiaçının bank hesabına, ******* manat ƏDV depozit hesabına) pul vəsaiti köçürülmüşdür. Cavabdeh tərəfindən ödənilmiş həmin məbləğlər nəzərə alındıqda cavabdehin iddiaçıya əsas borc üzrə 120655,56 manat ( 5905485,32-5784829,76=120655,56), ƏDV üzrə isə 20493,39 manat (1054878,39-1034385=20493,39) borcu olduğu təsdiq olunur. Ona görə də həmin borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş materiallarında olan 30 dekabr 2020-ci il tarixli əlavə 7A ilə tərəflər qarşılıqlı olaraq razılaşmışlar ki, müqavilədə və müqavilənin 1B saylı Əlavəsinin 1-ci bəndindəki cədvəllərin 2-ci yarımbəndində və 2A saylı Əlavəsində qeyd olunan daşımalar (yük, xammal, sərnişin) üzrə qiymət tarifləri xx.xx.2021-ci il tarixdən ƏDV-siz hesablanır. Buna baxmayaraq, xx.xx.2021-ci il tarixli EBBK 082831 nömrəli elektron qaimə üzrə 9939,28 manat manat və xx.xx.2021-ci il tarixli EBBF 800772 nömrəli elektron qaimə üzrə isə 7949,88 manat ƏDV hesablanmışdır. Halbuki tərəflər arasında bağlanılmış xx.xx.2020ci il tarixli Əlavə 7A ilə göstərilən xidmətlər üzrə qiymət tariflərinin ƏDV-siz hesablanması razılaşdırılmışdır. İddiaçının 17889,16 manat məbləğində ƏDV-ni tələb etmək hüququ yoxdur. Ona görə də həmin artıq hesablanmış ƏDV məbləği cavabdehdən tutulmalı olan ümumi ƏDV məbləğindən çıxılmalıdır. Belə ki, cavabdehdən tutulmalı olan ümumi ƏDV məbləği 49554,40 manat təşkil edir. Həmin məbləğdən artıq hesablanmış 17889,16 manat ƏDV məbləğini çıxdıqda ümumilikdə cavabdeh tərəfindən ödənilməli olan ƏDV məbləği 31665,24 manat təşkil edir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı ümumi məbləğ əsas borc üzrə 282105,62 manat, ƏDV borcu üzrə isə 31665,24 manat təşkil edir. Məhkəmə iddia tələbinin 68590,19 manat məbləğində faiz borcunun tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, iddiaçı öz iddia ərizəsində, cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirilməsinə görə və həmin vəsaiti qanunsuz özündə saxladığına görə bank uçot dərəcəsi nəzərə alınmaqla hesablanmış 68590,19 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. İddiaçının həmin tələbinin qanuni əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 9 iyul 2009-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarınında qeyd olunur ki, “Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-nin bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-nin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur”. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz. Ona görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən 603,77 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 640,23 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən 282105,62 manat əsas borc, 31665,24 manat ƏDV olmaqla, cəmi 313770,86 manat məbləğində pul, 603,77 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilməli, ödənilmiş 640,23 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 282165,61 manat əsas borc, 31665,24 manat ƏDV olmaqla, cəmi 313830,85 manat məbləğində pul, 603,83 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş 640,17 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar