Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-290/2025 13.03.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı soyuducunun və ya onun dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı soyuducunun və ya onun dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbi üzrə SKO7.8160000.0000.23 nömrəli Big Ugur markalı soyuducunuvə ya onun 700 manat dəyərini, eləcə də 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 730 manat pulun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında xx.xx.2023-ci il tarixli “əvəzsiz istifadə” müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən, “ A+CO” ASC özünə məxsus 700 manat dəyərində avadanlığı Cavabdeh əvəzsiz müddətli istifadəsinə verməyi, sonuncu isə həmin avadanlığı müvafiq Təhvil-Təslim Aktı əsasında qəbul edib özünə məxsus ticarət obyektlərində nümayiş etdirilməsini təmin etməyi və Müqaviləyə xitam verilməsi halında Avadanlığı təbii köhnəlmə dərəcəsi nəzərə alınmaqla İddiaçı ASC-yə geri qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən avadanlığın qiyməti 700 (yeddi yüz) manat təşkil edir və Müqavilə ilə nəzərdə tutulmuş cərimə hədlərinin müəyyən edilməsində avadanlığın dəyərini ifadə edir. İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli müqavilə və həmin tarixli təhvil təslim aktından məlum olur ki, cavabdeh SKO7.8160000.0000.23 nömrəli Big Ugur markalı dəyəri 700 (yeddi yüz) manat olan soyuducunu təhvil almışdır. xx.xx.2024-cü il tarixində tərəflərindən göndərilən bildirişə əsasən cavabdehlə aralarında bağlanılmış müqaviləyə xitam verilərək 7 (yeddi) təqvim günü ərzində Avadanlığın geri qaytarılması ilə bağlı onlayn kargüzarlıq vasitəsilə müraciət edilmişdir. Lakin həmin tarixdən etibarən cavabdeh tərəfindən soyuducunun qaytarılması və ya onun dəyərinin ödənilməsi ilə bağlı heç bir addım atılmamışdır. xx.xx.2023-ci il tarixli “əvəzsiz-istifadə” müqaviləsinin 4.2-ci bəndindən göründüyü kimi Cavabdeh müqaviləyə xitam verilmə anından başlayaraq 7 (yeddi) təqvim günü ərzində Avadanlığı geri qaytarmalı idi. Lakin cavabdeh öhdəliyi bu günə qədər icra etməyərək həm öhdəliyin icra müddətini, həm də öhdəliyin vicdanlı icra tələbini pozmuşdur. Məhkəmənin 11 fevral 2025-ci il tarixli hazırlıq iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 izahatında bildirmişdir ki, mağazada soyuducuda enerji içkiləri saxlayırdılar. Şirkət onlara mal gətirən zaman ona məxsus olan “Mitsubishi Pajero” markalı avtomobili vurmuşlar. Həmin hadisə nəticəsində ona təxminən 5-6 min manat məbləğində ziyan dəymişdir. Lakin şirkət tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Bu məsələ ilə bağlı polisə məlumat vermiş və həmin şəxsi 40 manat məbləğində cərimə etmişlər. Ona dəymiş ziyan ödənilmədiyi üçün soyuducunu onlara geri qaytarmamışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və onun nümayəndəsi isə məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqavilə, təhvil-təslim aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. 736.1-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. 736.3-cü maddəsinə əsasən əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanı qaytarılmasını istənilən vaxt tələb edə bilər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilənin 1.1-ci maddəsinə əsasən, “ A+CO” ASC özünə məxsus 700 manat dəyərində avadanlığı Cavabdeh əvəzsiz müddətli istifadəsinə verməyi, sonuncu isə həmin avadanlığı müvafiq Təhvil-Təslim Aktı əsasında qəbul edib özünə məxsus ticarət obyektlərində nümayiş etdirilməsini təmin etməyi və Müqaviləyə xitam verilməsi halında Avadanlığı təbii köhnəlmə dərəcəsi nəzərə alınmaqla İddiaçı ASC-yə geri qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə əsasən avadanlığın qiyməti 700 manat təşkil edir və müqavilə ilə nəzərdə tutulmuş cərimə hədlərinin müəyyən edilməsində avadanlığın dəyərini ifadə edir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən soyuducu iddiaçı tərəfindən cavabdehə əvəzsiz istifadə üçün təhvil verilmişdir. Daha sonra iddiaçı tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixli məktub ilə rəsmi qaydada müraciət olunmuş, xx.xx.2023-cü il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə xitam verildiyi və soyuducunun 7 gün ərzində iddiaçı təşkilata qaytarılması tələb olunmuşdur. Lakin bu zamana qədər soyuducu iddiaçıya qaytarılmamışdır. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən tərəflərdən hər hansı biri digərini 30 gün əvvəldən rəsmi qaydada xəbərdar etməklə müqaviləyə birtərəfli qaydada xitam verə bilər və tərəflər müqavilənin xitamı anından başlayaraq 7 təqvim günü ərzində avadanlığın təhvil-təslimini həyata keçirməlidirlər. Göründüyü kimi cavabdeh iddiaçı ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə xitam verilməsinə baxmayaraq müqavilənin 4.2-ci bəndinə əsasən 7 təqvim günü müddətində soyuducunu iddiaçıya qaytarmalı olduğu halda onu iddiaçıya geri qaytarmamışdır. Belə olan halda müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh SKO7.8160000.0000.23 nömrəli “Big Uğur” markalı soyuducu, o olmadıqda isə onun dəyəri olan 700 manat məbləğində pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Eyni zamanda iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh SKO7.8160000.0000.23 nömrəli “Big Uğur” markalı soyuducu, əgər o olmadıqda isə onun dəyəri olan 700 manat məbləğində pul, hər iki halda 30 manat dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh SKO7.8160000.0000.23 nömrəli “Big Uğur” markalı soyuducu, əgər o olmadıqda isə onun dəyəri olan 700 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-290/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-290/2025
13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver