Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-3060/2025 23.01.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Gəncə Kommersiya Məhkəməsinin hakimi Qələndərzadə Ramiq Ramis oğlu İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 786,75 manat borc və ödənilmiş 30 manat rüsum olmaqla, cəmi 816,75 manat pulun alınaraq "xxxx"MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı pambığın əkini-becərilməsi üçün cavabdehlə bağladığı xam-pambığın alqı-satqı müqaviləsi üzrə sonuncunun kreditləşdirilməsi məqsədilə "xxxx" ASC ilə xx.xx.2023-cü tarixli, 01/23 №-li zaminlik müqaviləsi bağlamış və həmin müqavilənin 1.1-ci bəndinə əsasən, kreditor qarşısında zaminliklə təmin edilmiş öhdəlik götürmüşdür. xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə uyğun olaraq kreditor cavabdehə kredit xətti açaraq, onu zəruri maliyyə vəsaiti ilə təmin etmiş, iddiaçı isə həmin vəsaitin ödənilməsinə zamin qismində öhdəlik götürmüşdür. Cavabdeh sözügedən kredit müqaviləsinin ödəniş şərtlərinə əməl etməmiş və Kreditor qarşısında öhdəliyi yaranmışdır. Kreditor tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, cavabdehin kreditora əsas və faiz borcu olmaqla, ümumilikdə 786,75 manat borcu mövcud olmuş və zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsədilə, həmin borc tam şəkildə akseptsiz qaydada olmaqla idiaçının bank hesabından tutulma edilməklə Kreditora ödənilmişdir. Son nəticədə cavabdehin iddiaçıya zaminliklə təmin edilmiş öhdəlik üzrə ümumilikdə 786,75 manat borcu yaranmışdır. Yaranmış borcun könüllü qaytarılması ilə bağlı iddiaçı tərəfindən cavabdehə pretenziya göndərilsə də, nəticəsiz qalmışdır. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən əldə olunan məlumatdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adı İddiaçı olaraq dəyişdirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh xx.xx.2025-ci il tarixli, e-2-2(115)-3060/2025 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etirazlarını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən məhkəmə bildirişi xx.xx.2025-ci il tarixində rəsmi qaydada alınmasına baxmayaraq iddiaçının tələbinə dair etirazlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit xətti müqaviləsi, əməkdaşlıq və zaminlik müqaviləsi, arayış, hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər.Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən bank bu müqavilənin şərtlərinə uyğun olaraq gələcəkdə Borcalana məqsədli istifadə, qaytarılmaq, faizlər və digər ödənişlər ödənilmək şərtilə kredit verməyi, borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində banka qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən öhdəliyin yuxarı həddi 100000 manat, illik faizin yuxarı həddi 15 faiz, öhdəliyin icra müddəti isə ən çoxu 12 ay olaraq müəyyən olunmuşdur. Cavabdeh, sözügedən kredit müqaviləsinin ödəniş şərtlərinə əməl etməmiş və "xxxx" ASC qarşısında öhdəliyi yaranmışdır. Hazır ki iş üzrə İddiaçı MMC (əvvəlki adı "xxxx" MMC) ilə "xxxx" ASC arasında bağlanılmış xx.xx.2023-cü tarixli, 01/23 №-li əməkdaşlıq və zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən "xxxx" MMC pambığın əkilməsi və becərilməsi üçün hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağladığı müqavilələr üzrə həmin şəxslərin kreditləşdirilməsi məqsədilə Banka sifarişçilərin adları və kredit məbləği əks olunan kredit sifarişi cədvəlini təqdim edir, bank isə həmin siyahı üzrə borcalanlara kredit xətti açır. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən borcalan bu müqavilənin 1.3-cü bəndində göstərilən kredit xətti müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borcalanla birgə məsuliyyət daşımağı, həmin öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürür və/ və ya lazımınca icra etmədiyi təqdirdə zamin Bankın ilkin yazılı tələbi ilə kredit məbləğini (əsas borc), ona hesablanmış faiz və dəbbə pulu ilə birlikdə dərhal Banka ödənilməsini öz üzərinə götürür. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən zaminliklə təmin edilən öhdəlik zaminin banka təqdim etdiyi kredit tələbi cədvəlinə uyğun fərdi sahibkarlarla bağlanılmış və gələcəkdə bağlanılacaq kredit xətti müqavilələrindən irəli gələn borc öhdəliyidir. "xxxx" ASC tərəfində iddiaçıya təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, cavabdehin kreditora əsas və faiz borcu olmaqla, ümumilikdə 786,75 manat borcu mövcud olmuş və zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsədilə, həmin borc tam şəkildə akseptsiz qaydada olmaqla iddiaçının bank hesabından tutulma edilməklə "xxxx" ASC-yə ödənilmişdir. Nəticədə cavabdehin iddiaçıya 786,75 manat zaminliklə təmin edilmiş öhdəlik üzrə borcu da yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi borcalan Cavabdeh kreditoru "xxxx" ASC qarşısında öhdəliyini yerinə yetirmədiyindən onun öhdəliyi zamin olan hazırkı İddiaçı tərəfindən yerinə yetirilmişdir. Qanunvericiliyin tələbi baxımından borcun ödənilməsi zamin tərəfindən təmin edildiyindən kreditorun bütün hüquqları zaminə keçmiş və zamin olan hazırkı iddiaçı banka ödədiyi 786,75 manat məbləğində borcu borclu Cavabdeh tələb etməkdə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, 786,75 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 786,75 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-3060/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-3060/2025
23.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver