Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-365/2025 17.02.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: müqavilə üzrə xidmət haqqının ödənilməsi) Hakim Məmmədli Əbülfəz Namiq oğlu İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, sadələşdirilmiş məhkəmə icraatı qaydasında baxaraq müəyyən etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏDV daxil olmaqla 6647,87 manat məbləğində xidmət haqqı və 87 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi ilə İddiaçı MMC arasında xx.xx.2024-cü il tarixli İM00238 nömrəli nəqliyyat vasitələrinə texniki xidmət və təmir haqqında müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən İddiaçı MMC tərəfindən “N saylı hərbi hissənin nəqliyyat vasitələrinə texniki və təmir xidmətləri göstərilmişdir. Göstərilmiş xidmətlərlə bağlı müvafiq elektron qaimə və zəruri olan digər sənədlər tərtib edilərək cavabdehə təqdim edilmişdir. Müqavilənin 5.7-ci maddəsinə əsasən göstərilmiş xidmətlərin dəyəri elektron qaimənin cavabdehə verildiyi gündən 10 (on) gün ərzində icra edilməlidir. Lakin cavabdeh elektron qaimənin ona verilməsinə baxmayaraq İddiaçı MMC-yə ödəniş etməmişdir. Hazırda göstərilən texniki və təmir xidmətlərinə görə cavabdehin İddiaçı MMC-yə ƏDV daxil olmaqla 6647,87 manat məbləğində borcu yaranmışdır. İddiaçı MMC yaranmış borcun ödənilməsi ilə bağlı dəfələrlə şifahi şəkildə cavabdehə müraciət etmişdir. Lakin bu günə qədər də heç bir borc ödənməmişdir. Cavabdehlə aparılmış danışıqlar heç bir nəticə vermədiyi üçün İddiaçı MMC xx.xx.2024-cü il tarixində borcun ödənilməsi ilə bağlı pretenziya ilə cavabdehə müraciət etmişdir. Lakin pretenziyanı aldıqdan sonra da cavabdeh nə pretenziyaya münasibət bildirmiş, nə də ödəməli olduğu borcunu ödəməmişdir.
3. Məhkəmə tərəfindən cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 10 iş günü ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Sübutların tədqiqi
5. İddiaçı MMC ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsi arasında bağlanmış N yanvar 2024-cü il tarixli İM00238 saylı “Avtomobillərə texniki xidmət və təmiri haqqında müqavilə”dən görünür ki, müqaviləyə əsasən “İcraçı” “Sifarişçi”nin sifarişinə əsasən hər hansı bir əsasla ona məxsus olan (mülkiyyət, sahiblik, istifadə icarə, etibarnamə və sairə hər hansı bir digər əsasla ona məxsus olan və idarə etdiyi avtonəqliyyat vasitələrinə texniki xidmət və təmir işlərini icra etməyi, “Sifarişçi” isə icra edilmiş xidmətləri təhvil almağı və razılaşdırılmış xidmət haqqını icraçıya ödəməyi öhdəsinə götürür.
6. Elektron qaimələrdən görünür ki, İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinə xx.xx.2024-cü il tarixli 00062697 nömrəli qaimə üzrə 3148,21 manat, xx.xx.2024-cü il tarixli 00354508 nömrəli qaimə üzrə 3499,66 manat məbləğində mallararın, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar ötürülmüşdür.
7. 170476 nömrəli servis kartından görünür ki, İddiaçı MMC tərəfindən xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi Cavabdeh məxsus O020QQ dövlət nömrə nişanlı “X1” markalı nəqliyyat vasitəsinə xidmətlər göstərilmiş və göstərilən xidmətlərin və ehtyyat hissələrinin ümumi məbləği ƏDV daxil 3123,24 manat təşkil edir.
8. 170447 nömrəli servis kartından görünür ki, İddiaçı MMC tərəfindən xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi Cavabdeh məxsus O004QQ dövlət nömrə nişanlı “Mitsubushi Pajero” markalı nəqliyyat vasitəsinə xidmətlər göstərilmiş və göstərilən xidmətlərin və ehtyyat hissələrinin ümumi məbləği ƏDV daxil 136,29 manat təşkil edir.
9. 170370 nömrəli servis kartından görünür ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi Cavabdeh məxsus O004QQ dövlət nömrə nişanlı “Mitsubushi Pajero” markalı nəqliyyat vasitəsinə xidmətlər göstərilmiş və göstərilən xidmətlərin və ehtyyat hissələrinin ümumi məbləği ƏDV daxil 3011,92 manat təşkil edir.
10. Elektron qaydada ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, borc məbləğinin xx.xx.2024-cü il tarixinə kimi ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
III. Məhkəmə baxışının hədləri
11. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi
Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
IV. Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
V. Məhkəmənin mövqeyi
a) müqavilə üzrə xidmət haqqının ödənilməsi tələbi ilə bağlı
13. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
14. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
15. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, İddiaçı MMC ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsi arasında imzalanmış N yanvar 2024-cü il tarixli, İM00238 nömrəli “Avtomobillərə texniki xidmət və təmiri haqqında” müqaviləyə əsasən iddiaçı cavabdehə hər hansı bir əsasla ona məxsus olan və idarə etdiyi avtonəqliyyat vasitələrinə texniki xidmət və təmir işlərini icra etməyi, cavabdeh isə icra edilmiş xidmətləri təhvil almağı və razılaşdırılmış xidmət haqqını icraçıya ödəməyi öz üzərinə götürmüşdür. Müqavilənin 5.7-ci bəndinə əsasən göstərilmiş xidmətlərin dəyəri elektron qaimənin cavabdehə verildiyi gündən 10 (on) gün ərzində köçürmə yolu ilə hesaba ödənilməlidir.
16. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış N yanvar 2024-cü il tarixli, İM00238 nömrəli “Avtomobillərə texniki xidmət və təmiri haqqında” müqaviləsi xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1- ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.
17. Mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
19. Hazırkı iş üzrə müqavilədə tərəflər hər birinin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
20. Bu mənada məhkəmə göstərir ki, tərəflər arasında dəyəri ödənilən xidmətlərlə bağlı formalaşmış işgüzar münasibət bu yöndə olmuşdur ki, iddiaçı və cavabdeh arasında müqavilə imzalanır və servis aktı tərtib olunur, iddiaçı tərəfindən həmin müqaviləyə və servis aktına uyğun olaraq elektron qaimə-faktura cavabdehə göndərilir, cavabdeh də həmin elektron qaiməyə istinad etməklə göstərilmiş xidmətlərin dəyərini ödəyir.
21. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
22. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinin N yanvar 2024-cü il tarixli, İM00238 nömrəli “Avtomobillərə texniki xidmət və təmiri haqqında” müqavilə əsasında ƏDV daxil 6647,87 manat borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir.
23. Beləliklə, məhkəmə cavabdehin xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, ƏDV daxil 6647,87 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
24. İddiaçı, elecədə 87 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
25. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına və iş materiallarına əlavə edilmiş qəbzə əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 87 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
26. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu əvəzi olaraq 87 manat pul cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsindən tutularaq İddiaçı MMC-nə ödənilməlidir.
VI. Məhkəmənin gəldiyi nəticə
27. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, ƏDV daxil olmaqla 6647,87 manat məbləğində xidmət haqqı Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
28. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2N-220, 222, 227, 233, 284-6 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ:
İddia təmin edilsin. ƏDV daxil olmaqla 6647,87 (altı min altı yüz qırx yeddi manat səksən yeddi qəpik) manat məbləğində xidmət haqqı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsindən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş 87 (səksən yeddi) manat məbləğində dövlət rüsumunun əvəzi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Əbülfəz Məmmədli