Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-390/2025 05.05.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmətlərin göstərilməsi haqqında müqavilə) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, iddiaçının nümayəndələri X36 və Qanuni nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin Şəmkir - Qazax əraziləri üzrə nümayəndəsi Cavabdeh xx.xx.2015-ci ildən xx.xx.2021-ci ilə kimi topladığı və mühasibatlığa təqdim etmədiyi 232409.0 manat pulun tutularaq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, müəssisə Vergilər Nazirliyinin xx.xx.2011-ci il tarixli, **********500 saylı icazəsi əsasında Şəmkir, Tovuz, Qazax, Ağstafa, Gədəbəy, əraziləri üzrə Merkuri 130F-01 markalı kassa aparatlarına (NKA-lara) xidmət göstərir. Ərazilər üzrə 1384 ədəd Merkuri 130 F-01 markalı NKA var; Şəmkir rayonu -573 ədəd Tovuz rayonu-361 ədəd Qazax rayonu -188 ədəd Ağstafa rayonu- 170 ədəd Gədəbəy rayonu -178 ədəd. Fəaliyyət göstərdikləri vaxtdan ərazidə tanınan, 1998-ci ildən bu sahədə işləyən Cavabdeh ilə razılığa gələrək onunla xidmət müqaviləsi bağlamışlar. Beləliklə, müqaviləyə görə qeyd edilən ərazilərdə mövcud olan Merkuri 130F-01 markalı NKA-lara xidmət edilməsi Cavabdeh tapşırılıb. Cavabdeh işlədiyi müddətdə hər aya 2015ci ildə 11910 m, 2016-ci il 11720 m, 2017-ci il 12022 m, 2018-ci il 14052 m, 2019-cu il 16823 m, 2020-ci il – 9922 m, cəmi 76449 manat xidmət pulu toplayaraq mühasibatlığa (Gəncə şəhər H.Əliyev 93/14) təqdim etmişdir. Bu dövrdə Cavabdeh xidmət pullarını ciddi uçot blankı olan qəbzlər ilə toplayıb təhvil vermişdir. Hər ay qəbzlər üzrə Cavabdeh 1000- 1400 manatlıq qəbz təhvil verirdi. Hansı ki, Cavabdeh xidmət pulu kimi 600- 800 manat toplamışdır.Onun dediyinə görə əlavə qəbz yazılmış pullar qeydiyyata düşmə, çıxma aktlarına görə və s.görə toplanmış pullar idi. Cavabdeh mühasibatlığa təqdim etdiyi puldan özünə düşən hissəni sonradan götürərək yerdə qalanını vermişdir. Bu yaxınlarda onlara məlum olmuşdur ki, Cavabdeh ərazidə olan 1384 nəfər vergi ödəyicisindən 4 manatdan hər ay xidmət pulu, qeydiyyata düşmə və çıxma aktlarına görə alınmış pullardan dövr ərzində 332013 manat pul toplamışdır. Cavabdeh 2015-2020-ci illər üzrə topladığı pulların miqdarını müəyyən etmək və mühasibatlığa ödədiyi pullardan kənara çıxma olmasını müəyyən etmək üçün mütəxəssis dəvət edilmişdir. Mütəxəssis rəyinə görə dövr ərzində Cavabdeh 232409.0 manat pulu mühasibatlığa az ödəmişdir.
İİ.Tərəflərin mövqeyi
3. İddiaçının nümayəndəsi X36 iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Cavabdeh vergi cinayətləri ilə bağlı iş üzrə izahat verərkən deyir ki, ərazidən pul yığanda aldıqlarımızı alırdıq, qalanı qalırdı. Cavabdeh ərazidə nüfuz sahibi olduğu üçün onun işinə qarışan olmayıb. O qeyd edib ki, "xxxx" MMC formal yaradılmış müəssisədir. Halbuki, Nazirlər Kabinetinin sahələrarası Ekspert Mərkəzinin protokoluna əsasən inhisarlanmanın qarşısının alınmalı olduğu qeyd edildiyi üçün onlar bu qurumları yaratmışlar. Buna görə də 4 ay işləyə bilməmişlər. Həmin yaradılan idarələrin direktorları izahat verib ki, onlar formal direktorlardır. Müstəntiq qərarında yazır ki, onların ifadələrindən sonra onlar haqqında cinayət işlərinə xitam verilsin. Kassa aparatı idxal olunanda 18 faiz vergi ödəmişdir. 4 ildə 10 min kassa aparatı gətirmişlər və bütün kassa aparatlarının ƏDV-ni ödəmişlər. O, vergidən yayınmamışdır. O, sadəcə ümumi rəhbərliyi həyata keçirmişdir. Hazırda İddiaçı MMC-nin işçisidir. Afiq müəllim sadəcə onlara dediyini yox, əlavə pul da yığıb. İddiaçı MMC-nin ofisinə pulu versə də, izahatında "xxxx" MMC-nin ofisinə verdiyini qeyd edib. Vergi cinayətlərindəki araşdırma hələ yekunlaşmayıb, məhkəmədə iş davam edir. Afiqin hər ay yığdığı və gətirib təhvil verdiyi pulların cədvəlini məhkəməyə təqdim etmişlər. Gətirdiyi hesabatlar 2015-ci ildən olan hesabatlardır. Afiqin gətirib verdiyi bütün pullar həmin siyahıda qeyd olunub. Vergi cinayətlərində müstəntiq izahatlardan o qənaətə gəib ki, bütün pullar yığılıb. Onlar qeydiyyatdan çıxma aktına əsasən 5 manat almaqlarına baxmayaraq Afiq izahat verəndə 20 manatdan yığıldığını deyib. Afiq 1998-ci ildən Şəmkir,Tovuz Ağstafa, Qazax, Gədəbəy ərazisində bu fəaliyyəti göstərirdi. İşlədiyi dövrdə idarəyə ***-**** manat arasında pul verib. Sonradan ortaya çıxıb ki, daha çox pul yığılıb verilməyib. Onlara verilən pulların əksəriyyətini kassa aparatlarının təmirinə xərcləyirdilər. Onların vergi cinayətləri barədə araşdırmaları 1 ilə yaxın çəkdi. Orda verilən izahatda da özünü formal direktor kimi göstərmişdi və dediyinə görə guya qeydiyyatdan çıxma zamanı bütün borc bağlanırdı və sonra qeydiyyatdan çıxma aktı tərtib olunurdu. Məhz Afiqin bu sözlərinə görə o, indi vergidən yayınan şəxs kimi ittiham olunur. Lakin Afiq bir dəfə də olsun gedib məhkəmədə deməmişdir ki, o, həmin sözləri deməmişdir, həmin sözlər səhv yazılıb və s. Buna görə də qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
4. İddiaçının nümayəndəsi Qanuni nümayəndə iddia tələbini müdafiə edərək bildirdi ki, 1998-ci ildən bu sahədə işləyən Cavabdeh ilə razılığa gələrək onunla xidmət müqaviləsi bağlamışlar və Şəmkir ,Tovuz, Qazax ,Ağstafa, Gədəbəy rayonları üzrə İddiaçıMMC-nin ərazi nümayəndəsi işləmişdir. Əvvəlcə nümayəndə kimi işləyirdi, 2018-ci ilin avqust ayından bu ərazilərə direktor təyin olunmuşdur. Bu ərazilərdə təxminən 1400 kassa aparatına xidmət olunurdu və hər kassa aparatına görə ayda 4 manat xidmət haqqı yığılırdı. Ondan da Cavabdeh tərəfindən 2015-ci ildən 2020-ci ilə kimi 500, 600, 700 və s. pul verirdi. Cavabdeh 2015-2020-ci illər üzrə topladığı pulların miqdarını müəyyən etmək və mühasibatlığa ödədiyi pullardan kənara çıxma olmasını müəyyən etmək üçün mütəxəssis dəvət edilmişdir. Araşdırma zamanı müəyyən olunub ki, Cavabdeh hamıdan pulu yığıb, hər ay qəbzlər üzrə Cavabdeh 500, 600 manatlıq qəbz təhvil verirdi, ancaq onlara ödədiyi pullar arasında uyğunsuzluq yaranmışdır. İşin keyfiyyətini artırmaq məqsədi ilə bir neçə adam həmin müəssisəyə direktor təyin edilmişdir. Cavabdeh ərazidə olan nüfuzu başqa adamın işləməsinə maneəçilik törədirdi. Belə ki, direktor kim olmasına baxmayaraq, ərazidə kassa satışı və xidmət pulu toplanması Cavabdeh tərəfindən həyata keçirilirdi. Sonradan ərazini yaxşı tanıyan və işini mükəmməl bilən Cavabdeh 2018-ci ilin avqust ayında direktor təyin edilmişdir. Onlara məlum olmuşdur ki, Cavabdeh ərazidə olan 1470 nəfər vergi ödəyicisindən 4 manatdan hər ay 5880 manat xidmət pulunu toplayaraq mənimsəmişdir. Düzdür hər il yoxlama aparılıb və heç bir əskik çıxmayıb. Lakin mütəxəssis sonradan hesablama aparanda əskiklərin olduğunu müəyyən etmişdir. Cavabdeh vergi cinayətlərinin araşdırılması zamanı istintaqda bildirmişdir ki, qeydiyyatdan çıxma aktları üzrə bütün pulları yığdıqdan sonra, qeydiyyatdan çıxma mümkündür. Bundan əlavə, X16 dediklərini təsdiq edir və buna görə də qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia tələbi əsasızdır. Belə ki, 2004-cü ildən o, bu şirkətdə işləmişdir. Yığdığı pulları da qəbz əsasında şirkətə vermişdir. Aralarında olan razılaşmaya əsasən aldığı pulların 1,50 manatını özünə götürmüş, 2,50 manatını isə şirkətə vermişdir. Pulları verən zaman həm kimlərdən aldığı bardə siyahını vermiş, həm pulun sayını vermiş, həm da almadığı adamları da qeyd etmişdir və pul verməyənləri imtina kimi qeyd etmişdir.Təkcə bu şirkətlər deyil eyni zamanda üç şirkətlə işləmişdir. Pulların tam yığılması mümkün deyildi. Onun ərazisinə işçi kimi başqa şəxs də götürmüşdülər, o da cəmi iki nəfərdən pul ala bilmişdir. Odur ki, nə pul yığmışdırsa, onu da vermişdir. Müqaviləyə əsasən pulun 1,50 manatı ona çatırdı. Nə qədər pul almışdırsa, özünə çatan hissəni verib, qalanını qaytarmışdır. Necə ola bilər ki, 10 il ərzində heç bir əskik çıxmayıb, indi bu hal baş verir. İzahatında qeyd etdiyi halla bağlı isə səhvlik olmuşdu, o, izahatı verdikdən sonra bu barədə müstəntiqə bildirmişdir. 2019-cu ilə kimi uçotdan çıxanları özü gətirib sənədləşdirmişdir. Onunla birlikdə işləyən işçilərin içində ən çox pul yığan o olmuşdur. O, izahat verəndə deməmişdir ki, pulu tam yığmışdır. O, Gədəbəydə olmadığı halda onu da adına yazıblar. Ərazidən yığıb ona verirdilər. O da qeydiyyatlar əsasında Rafiq müəlimə vermişdir. O, hər ay 20-30 faiz yığırdı. Sonra başqa adamlar gətirdi pulu yığmağa. Gələnlər də onun yığa bilmədikləri adamlardan yığa bilmədilər.O, hər ay uçotlar vermişdir. Ancaq öz satdığı kassa aparatlarının pulunu yığmışdır. O, çekləri tam dəqiqliklə vermişdir. Müqavilə ödəməyənlər uçotdan çıxamayıb. O, müqavilə əsasında pulu yığıb ayda 1 dəfə gətirib ofisə təhvil vermişdir. Onun yığıb verdiyi pul hər ay qeyd edilib. Bağlanmış və qeydiyyatdan çıxmışları ayrıca qeyd etmişdir. Dəfələrlə yoxlama göndəriblər. Elə adam olmayıb ki, pulu alıb qeyd etməsin. O deməmişdir ki, tam yığılıb. 20-30 faiz pul yığıldığını demişdir. Müqavilədə abune haqqınının verilməsi məcburi deyildi, ödəniş könüllü idi. Billur Elmin əsasnaməsində könüllü olması qeyd edilib. O və onunla izahat verənlərin hamısı deyib ki, 20-30 faiz yığım olub. O, qeydiyyatdan çıxmağı illər üzrə qeyd etsə də, müstəntiq sadəcə qeyd edib ki, 20 manatdan alınıb. Hər ay fərqli pul yığımı olub. ***-**** manat arası yığım olub. Kassa aparatlarının təmirinə ondan pul alınmırdı. O, vergidən yayınma ilə bağlı heç bir söz deməmişdir. O, müstəntiqə ilk dəfədir ifadə verdiyi üçün faktiki rəhbər sözünün mənasına fikir verməmişdir. O ki qaldı izahatının səhv olması ilə bağlı iddiaçının qeyd etdiklərinə, iddiaçı tərəf özü də etiraf edir ki, Gəncə Şəhər Məhkəməsinə məhkəməyə izahat vermək üçün hər dəfə getmişdir, lakin digər şahidlər uzaq yerdən gəldiyi üçün hər dəfə uzaqdan gələnlər dindirilmiş, sonra isə vaxt qalmadığı üçün izahatını verə bilməmişdir. Bundan əlavə bildirdi ki, iddianı qəbul etmir və bununla yanaşı iddia müddətinin tətbiqi ilə bağlı verdiyi ərizənin də nəzərə alınmasını və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.
6. 21.04.2025-ci il tarixli məhkəmə iclasında mütəxəssis qismində izahat vermiş X9 rəyini müdafiə edərək bildirdi ki,iş üzrə vergi sistemindən əldə etdiyi məlumatlarla naryadları araşdırıb, ona uyğun rəy tərtib etmişdir. Afiq müəllim istintaqda da deyib ki, pulu tam yığıb. Abune haqqı üzrə yığılmalı olan bütün pul toplanılıb. Təhvil verdiyi pullar ümumi puldan çıxılaraq qalıq borcu qeyd etmişdir.
III. Sübutların tədqiqi
7. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli “xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən “İcraçı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 266 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nəzarət-kassa aparatlarının satışı, istismarı, servis texniki xidmət və təmiri qaydalan haqqında” Əsasnamənin 9,10-cu maddələrinə əsasən “Sifarişçi” ilə “İstehlakçı” arasında bağlanmış müqaviləyə əsasən müəyyən edilmiş xidmət haqlarını toplamağı, xidmətini göstərməyi öhdəsinə götürür (1.1). Göstərilən Xidmətlərin həcmi yaranan xidmət haqlarının ümumi məbləğ ilə müəyyənləşdirilir (1.2). Xidmətin göstərilməsi Tərəflərin hazırki Müqavilənin 5.2-ci bəndində göstərilən müddət ərzində həyata keçirilir (1.3). İcraçıya ödəniləcək xidmət haqqının məbləği “İcraçının” “İstehlakçı” lara göstərdiyi xidmətlərə əsasən yaranan ümumi məbləğin 30 (otuz) faizi həcmində müəyyənləşdirilir (4.1).
8. 24.09.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, "xxxx" MMC ilə razılaşmaya əsasən "xxxx" MMC-də (VÖEN**********) ərazi üzrə xidmət pullarının və qeydiyyata düşmə və çıxma aktlarına görə alınmış pulların MMC-nin mühasibatlığına ödənilib- ödənilməməsi araşdırıldı. Araşdırmalar aparılarkən aşağıdakılar müəyyən olundu: Vergilər Nazirliyinin 14 saylı ərazi vergilər idarəsində qeydiyyatda olan “Billur 14 “ MMC Şəmkir, Tovuz, Qazax, Ağstafa, Gədəbəy rayonlarında nəzarət kassa aparatlarının satışı, servis xidməti ilə məşğul olmuşdur. Təqdim olunmuş materiallarda "xxxx" MMC-yə məxsus ilkin mühasibatlıq sənədləri, o cümlədən qaimə vergi fakturalar, alğı-satqı və xidmət müqavilələri yoxlamaya təqdim edilmişdir.Yoxlama zamanı xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə ərazidən toplanmış xidmət pullarının və qeydiyyata düşmə və çıxma aktlarına görə alınmış pulların mühasibatlığa ödənilibödənilməməsi analiz edildi. "xxxx" MMC (VÖEN **********) vergi ödəyicisi kimi xx.xx.2015ci tarixdə vergi orqanında qeydiyyata alınmışdır. MMC-nin hüquqi ünvanı AZ 6001, Tovuz rayonu H.Aslanov küçəsi 51 olmuşdur. "xxxx" MMC-nin rəhbəri X17, təsisçisi Qanuni nümayəndə olmuşdur. Vergi ödəyicisi araşdırılan dövrdə sadələşdirilmiş vergi ödəyicisi olmuşdur. X35 Respublikada hesablaşma hesabları olmuşdur. Araşdırılma zamanı AVİS və Hesabat/Axtarış informasiya sisteminin məlumatlarına , o cümlədən xx.xx.2021-ci il şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2015-xx.xx.2021-ci tarixli hesabat dövründə xidmət pulundan 401472 manat pul toplanmış, 76349 manat ödənilmiş, Qeydiyyata düşmə Aktlarından 12720 manat toplanmış, 7010 manat ödənilmiş, Qeydiyyatdan çıxma Aktlarından 3475 manat toplanmış, 1180 manat ödənilmiş, cəmi 332013 manat pul mühasibatlığa az ödənilmişdir. Dövr ərzində 1400 NKA idxal edilərək dövr ərzində satılmış qəbul edilmiş, satılan NKA-lara yazılmış qeydiyyata düşmə Aktlarına görə pul alınmamışdır. NKA-lara göstərilən aylıq xidmət haqqı rayonlar üzrə 4 manat olmuşdur. Cavabdeh özünün verdiyi məlumata əsasən bu dövrdə o, qeydiyyat aktına görə 20 manat almışdır. Yoxlamaya təqdim olunmuş sənədlərdə Cavabdeh Qeydiyyata düşmə və çıxma Aktlarına görə 2015-2016-cı illərdə 5 manat, 2017-2018-ci illərdə 10 manat, 2018-2020-ci illərdə 20 manat hesabı ilə Aktlara pul ödəmişdir. Araşdırılan dövr üzrə Cavabdeh NKAlara aylıq xidmət və Aktlara görə ödənilməmiş 332013 manatlıq satış dövriyyəsi müəyyənləşdirilmişdir. Cavabdeh ilə bağlanmış xidmət müqaviləyə əsasən toplanmış pulun 30%-ni götürülmüş kimi qəbul edilsə, onda Cavabdeh mühasibatlığa ödəmədiyi pul 232409.10 manat olacaqdır.
9. Cavabdeh xidmət haqqı topladığı pul cədvəlindən görünür ki, 2015-ci ilin yanvar ayından 2020-ci ilin dekabr ayınadək olan yekun ödənilməli məbləğ 401.472 manat, ödənilən məbləğ 76.349 manat,qalıq borc 325.123 manat, qeydiyyata düşmə aktı üzrə ödənilən məbləğ 5710 manat, qalıq borc 695 manat, qeydiyyatdan çıxma aktı üzrə ödənilən məbləğ 2295 manat, qaıq borc isə 1180 manat təşkil edir.
10. Cavabdeh mühasibatlığa təqdim etdiyi pulların cədvəlindən görünür ki, 2015-ci il üzrə cəmi 11.910 manat, 2016-cı il üzrə 11.720 manat, 2017-ci il üzrə 12.022 manat, 2018-ci il üzrə 14.052 manat, 2019-cu il üzrə 16.823 manat, 2020-ci il üzrə 9922 manat olmaqla, ümumilikdə 76.449 manat pul təhvil verilmişdir.
11. Cinayət işi materiallarından edilmiş çıxarışdan görünür ki, Cavabdeh, X43, X37, X44, X24, X2, X18, X10, X5, X19, X30, X11, X25, X31, X26, X12, X38, Nəsrəddinoğlu (Əliyev) Azər İslam oğlu, X32, X33, X13, X3, X8, X6, X45, X7, X27, Qanuni nümayəndə və X20 törətdikləri vergidən yayınma cinayətində iştirakçı olmadıqları sübut olunduğundan, onların barələrində cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir.
12. Cinayət işi materiallarından edilmiş çıxarışdan görünür ki, Cavabdeh şahid qismində dindirmə protokolunda qeyd olunmuşdur ki, 1982-2005-ci illərdə Gəncə şəhərində “Billur" zavodunda mühəndis-texnoloq, usta, baş usta, növbə rəisi, sex rəisi, satış şöbəsinin meneceri vəzifələrində işləmişdir. 2005-ci ildən hal-hazıradək ''Lider’' MMC-də satış mütəxəssisi vəzifəsində işləmişdir. "xxxx" MMC-nin fəaliyyəti “Merkuri 112" və “Merkuri 116” markalı nəzarət-kassa aparatlarına servis texniki xidmətlərin göstərilməsindən ibarətdir. Həmçinin, 2010-cu ildən hal-hazıradək “X49” MMC-də "Merkuri 130F 01” markalı nəzarət-kassa aparatlarının (bundan sonra NKA) satışı, həmin NKA-ların xidmət haqlarının yığılması işi ilə məşğul olmuşdur. 2020-ci ilin avqust ayından “X49” MMC-nin faktiki rəhbəri X16 xahişi və təkidi ilə “Blllur-14" MMC-yə (VÖEN **********) direktor vəzifəsinə təyin olunmuşdur. Bildiyi qədər, "Billur-14” MMC 2015-ci ildən fəaliyyət göstərir, həmin vaxtdan təxminən 2017-ci ilədək İddiaçı MMC-nin direktoru Fərman adlı şəxs, 2017-ci ildən 2018-ci ilədək Arif adlı şəxs, 2018-ci ildən 2020-ci ilin avqust ayinədək Namiq adlı şəxs olmuşdur. 2020-ci ilin avqust ayından hazıradək “Billur-14" MMC-nin direktoru odur. Həmin şəxslərin soyadlarını, atalarının adlarını bilmir. Təxminən bildiyi qədər 2018-ci ildə İddiaçı MMC-nin fəaliyyəti bir müddətlik dayandırılmışdı. O, İddiaçı MMC-də formal direktordur, həmin müəssisəyə Rafiq Nağıyevin təkidi və xahişi ilə iki aylıq müddətə bu vəzifəyə təyin olunmuşdur. O, “X49” MMC-nin işçisi kimi “Merkuri 130F 01” markalı nəzarət-kassa aparatlarının bir ədədinin bir aylıq aylıq abunə, xidmət haqqı olan 4 manatı, həmçinin bir ədəd NKA-nın qeyiyyata düşməsi ilə bağlı olan 20 manatı, həmçinin qeydiyyatdan çıxması ilə bağlı olan 20 manatı müştərilərdən alıb “X49" MMC-nin Gəncə şəhərində olan ofisinə, həmin ofisin işçisi Elnarə Talıbovaya nağd qaydada təqdim etmişdir. Belə ki, NKA-ların bir aylıq aylıq abunə, xidmə haqqı 4 manat, qeydiyyata düşüb və çıxmalarının hər biri üçün ayrı-ayrılıqda isə haqq 20 manat idi, bu pul vəsaitləri nağd qayada müştərilərdən alınıbqeyd etdiyim formada “X49" MMC-nin baş ofisinə Gəncə şəhərində təqdim olunurdu. Həmçinin, qeydiyyata düşmə və qeydiyyatdan çıxma aklarının hər birinin qiyməti təxminən 2017-ci ilədək rayonlarda 10 manat idi, 2017-ci ilin əvvələindən başlayaraq isə bu aktlarının hər birinin qiyməti 20 manat olmuşdur. Qeydiyyatdan çıxma və qeydiyyata düşmə aktları üçün abunəçilərə hər hansı bir mədaxil qəbzi, yaxud sənəd verilmirdi, bu vəsait nağd qaydada onlardan alınırdı. Bundan başqa, vergi ödəyicisi hər hansı bir səbəbdən “Merkuri 130F 01” markalı nəzarət kassa aparatını qeydiyyatdan çıxarmaq istəyəndə vergi ödəyicisi özü, o cümlədən “Merkuri 130F 01" markalı nəzarət kassa aparatı, kassanın aparatının pasportu, həmin şəxsin şəxsiyyət vəsiqəsi, pin kodu onların ofisə gəlirdi, eyni zamanda həmin kassa aparatının aylıq abunə haqqı borcunun olub-olmaması tərəflərindən yoxlanılırdı, kassa aparatının aylıq abunə haqlarında borcu olduqda həmin borc vergi ödəyicisinə tam olaraq ödətdirilirdi, bu borc bağlandıqdan sonra nəzarət kassa aparatına eyni qaydada vergidən bu dəfə qeydiyyatdan çıxma aktı alınırdı və kassa aparatı qeydiyyatdan çıxarılırdı. Həmçinin, vergi ödəyicisinin aylıq abunə haqqına nə qədər borcu yığılırdısa, aylıq abunə haqqına görə olan həmin borc tam olaraq ödənilməyincə nəzarət kassa aparatı qeydiyyatdan çıxarılmırdı. O, “X49” MMCnin faktiki rəhbəri X28 “Billur” zavodunda işlədiyi vaxtdan tanıyır, orada son iki ildə, o, onların direktoru olmuşdur. “X49” MMC-də satış və xidmət üzrə mütəxəssis kimi işləyərək “Merkuri 130F 01” markalı nəzarət-kassa aparatların satışını həyata keçirmişdir, həmçinin həmin NKA-ların abunə, xidmət haqlarını yığımışdır, o cümlədən NKA-ların qeydiyyata düşməsi və qeydiyyatdan çıxması ilə bağlı pul vəsaitlərini yığıb gətirib “X49” MMC-nin Gəncə şəhəri Heydər Əliyev prospektində yerləşən ofisinə, həmin ofisin işçisi Elnarə Talıbova adlı xanıma təqdim etmişdir. Bundan başqa, o, satışını həyata keçirdiyi “Merkuri 130F 01" markalı NKA-ların pullarını gətirib “X49” MMC-nin Gəncə şəhərində yerləşən baş ofisinə, həmin ofisin işçisi Elnarə Talıbovaya təqdim etmişdir. Bəzən elə olurdu ki, o, Qazaxda olduğu zaman satışını həyata keçirdiyi NKA-ların satışından gələn pulları taksi ilə Qanuni nümayəndə, yaxud Fərman adlı şəxsə göndərirdi. Onun ofisə təqdim etdiyi pullar ofisdə kitabda qeyd olunurdu, o, xidmət haqqıları, aylıq abunə haqqıları gətirib özü təqdim edəndə kitabda imza edirdi. Lakin ona satış üçün NKA göndərəndə, kitaba yazılanda bunun üçün imza tələb olunmurdu. Onun "Merkuri 130F 01" markalı NKA-larına xidmət göstərdiyi ərazi, yəni aylıq abunə, xidmət haqlarını yığdığı ərazi Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarıdır. xx.xx.2015-ci ildən xx.xx.2019-cu il tarixədək olan dövrdə tərəfindən təxminən orta hesabla Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarında tərəfindən hər ay təxminən 250-300 ədəd vergi ödəyicisi, müştəridən təxminən 1100-1200 manat aylıq abunə, xidmət haqqı yığılmış və onun tərəfindən “X49” MMC-nin Gəncə şəhərində yerləşən baş ofisinə, həmin ofisin işçisi Elnarə Talıbovaya təqdim etmişdir. Hər ay ofisə təqdim etdiyi bu pul vəsaitinin 30 faizi də ona Rafiq Nağıyev tərəfindən, yaxud onun götərişi ilə ona təqdim olunmuşdur. “X49” MMC-nin rəsmi direktoru Şahin söz sahibi Rafiq Nağıyevdir. Rafiq Nağıyevin razılığı olmadan hec kim müəssisədə özbaşına heç bir hərəkət edə bilməz. O, aylıq abunə, xidmət haqlarını yığdığı müştərilərə, abunəçilərə əsasən “X49" MMC-nin, bəzən də çox nadir hallarda "xxxx" MMC-nin mədaxil qəbzlərini yazıb təqdim etmişdir, həmin qəbzlərin də bir nüsxəsini “X49" MMC-nin Gəncə şəhərində yerləşən baş ofisinə təqdim etmişdir. O, İddiaçı MMC-nin fəaliyyətinin, rolunun nədən ibarət olduğunu, hansı səbəbdən də yaradıldığını bilmir, gördüyü qədər bu müəssisə də formal müəssisə idi, çünki onların satdığı NKA-ların pullarını, o cümlədən xidmət haqları və qeydiyyata düşmə və çıxma aktlarının pullarını “X49” MMC-nin Gəncə şəhərində yerləşən baş ofisinə nağd qaydada təqdim edirdi, bütün hesabat və uçot həmin ofisə aparılırdı. O, Gəncədə olan ofisə orta hesabla ayda 2 dəfə gedir. İddiaçı MMC-nin Tovuzda şəhərində kiçik bir ofisi vardı, lakin bu ofis demək olar ki, fəaliyyətsiz idi, bütün qeydiyyat, uçot və hesabat işləri “X49 MMC-nin Gəncə şəhərində yerləşən baş ofisində aparılırdı. Ona təqdim olunan cədvəllə tanış oldu. Həmin cədvəl “X49” MMC-nin “Merkuri 130F 01” markalı NKA-larının satışı ilə bağlıdır. Belə ki, onun həqiqətən də xx.xx.2018-ci il tarixə “X49” MMC-yə NKA-satışından 4808 manat məbləğində borcu qalmışdır, həmçinin 2018-ci il ərzində tərəfindən 58 ədəd NKA, 2 ədəd akkumlyator satılmışdır, buna görə də 2018-ci il üzrə 14352 manat məbləğində borcu yaranmışdır, həmin borclardan 2018-ci il ərzində 15672 manat məbləğində pul vəsaiti tərəfindən “X49” MMC-yə nağd qaydada ödənilmişdir, həmin ilin sonuna 3488 manat məbləğində borcu qalıq qalmışdır. 3488 manat borcun hamısı tərəfindən “X49” MMC-yə tam olaraq nağd qaydada ödənilmişdir, bu günə cəmi sonrakı illər üzrə həmin müəssisəyə 200 manat borcu vardır, onu da yaxın günlərdə ödəyəcəkdir. “X49” MMC-nin “Merkuri 130F 01” markalı NKA-larının bir ədədinin satış qiyməti 2015-2016-cı illər ərzində 170 manat olmuşdur, 2017-ci ilin əvvəlindən sonra isə NKA-nın bir ədədinin satış qiyməti 240 manat olmuşdur. O, NKA-ları nağd qaydada satıb, pullarını nağd qaydada "X50" MMC-nin Gəncə şəhərində ofisinə təqdim etmişdir, ümumiyyətlə pul vəsaitlərini Elnarə Talıbova qəbul edirdi və bu vəsaitlərin qeydiyyatını kitablarda aparırdı. Ona təqdim olunan cədvəllərdə qeyd olunan tarixlərdə adının qarşısında göstərilən pul vəsaitlərini o, "X49” MMC-nin Gəncə şəhərində olan ofisə nağd qaydada təqdim etmişdir. Belə ki, kredit yazılarının qarşısında qeyd olunan məbləğlər NKA satışından olan pullardır. Həmçinin, onun qohumu Nizami Quliyev onun əvəzindən, onun vaxtı olmayanda, onun xahişinə əsasən təxminən 2 ədəd kassa satıb gətirib pulunu ona təqdim etmişdir. O, X49” MMC-nin vergidən yayınması barədə heç nə deyə bilməz. Bu müəssisənin rəhbərləri Qanuni nümayəndə və Rafiq Nağıyev vergilərlə bağlı suallara cavab verməlidir. O, bu müəssisədə vergi məsuliyyəti daşıyan şəxs deyildir. Çünki, bu müəssisənin gəlirlərini o götürməmiş, vergilərini o hesablamamış, vergi bəynnamələrini tərtib edib vergi orqanına təqdim etməmişdir. Ona görə də vergi məsuliyyətini o daşımır. İddiaçı MMC-nin də vergi məsuliyyətini o daşımır, onu həmin müəssisəyə Rafiq Nağıyev direktor vəzifəsinə təyin etdirmişdir, o, onun göstərişi və təkidi ilə həmin müəssisəyə direktor vəzifəsinə təyin olunmuşdur. “X49” MMC ilə İddiaçı MMC arasında NKA-lara xidmət göstərilməsilə bağlı müqavilənin olmasından məlumatım olmamışdır. İddiaçı MMCyə də iki aylıq direktor vəzifəsinə müvəqqəti təyin olunmuşdur, Rafiq Nağıyevlə aralarında razılaşma belə olmuşdur.
13. 20.09.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh 232.409 manat borcun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
IV. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 6. Mülki qanunvericiliyin prinsipləri 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.5. müqavilələr azadlığı. 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
16. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli Qərarı
Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).
17. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarı
Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
18. N.Hacıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 14 iyul tarixli Qərarı
Sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır.
19. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarı
Məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.
20. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarı
İddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.
V. Məhkəmənin mövqeyi
a) Borcun tutulması tələbi ilə bağlı
21. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
22. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
23. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli “xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən “İcraçı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 266 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nəzarət-kassa aparatlarının satışı, istismarı, servis texniki xidmət və təmiri qaydalan haqqında” Əsasnamənin 9,10-cu maddələrinə əsasən “Sifarişçi” ilə “İstehlakçı” arasında bağlanmış müqaviləyə əsasən müəyyən edilmiş xidmət haqlarını toplamağı, xidmətini göstərməyi öhdəsinə götürür (1.1). Göstərilən Xidmətlərin həcmi yaranan xidmət haqlarının ümumi məbləğ ilə müəyyənləşdirilir (1.2). Xidmətin göstərilməsi Tərəflərin hazırki Müqavilənin 5.2-ci bəndində göstərilən müddət ərzində həyata keçirilir (1.3). İcraçıya ödəniləcək xidmət haqqının məbləği “İcraçının” “İstehlakçı” lara göstərdiyi xidmətlərə əsasən yaranan ümumi məbləğin 30 (otuz) faizi həcmində müəyyənləşdirilir (4.1).
24. Hazırda iddiaçı tərəf tələbini onunla əsaslandırır ki, Cavabdeh ərazidə olan 1384 nəfər vergi ödəyicisindən 4 manatdan hər ay xidmət pulu, qeydiyyata düşmə və çıxma aktlarına görə alınmış pullardan dövr ərzində 332013 manat pul toplamışdır. Cavabdeh 2015-2020-ci illər üzrə topladığı pulların miqdarını müəyyən etmək və mühasibatlığa ödədiyi pullardan kənara çıxma olmasını müəyyən etmək üçün mütəxəssis dəvət edilmişdir. Mütəxəssis rəyinə görə dövr ərzində Cavabdeh 232409.0 manat pulu mühasibatlığa az ödəmişdir.
25. Göründüyü kimi iddiaçı iddia tələbinin əsası kimi hazırda mütəxəssisin verdiyi rəyə istinad edir və mütəxəssisin hesablamalarına görə borc yarandığı üçün cavabdehdən borcun tutulmasını tələb edir.
26. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli “xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC ilə “İstehlakçı” arasında bağlanmış müqaviləyə əsasən müəyyən edilmiş xidmət haqlarını toplamağı, xidmətini göstərməyi öhdəsinə götürmüş və Cavabdeh ödəniləcək xidmət haqqının məbləği Cavabdeh “İstehlakçı” lara göstərdiyi xidmətlərə əsasən yaranan ümumi məbləğin 30 faizi həcmində müəyyənləşdirilmişdir.
27. İş materiallarına əlavə edilmiş çıxarışlardan görünür ki, 2015-ci il üzrə cəmi 11.910 manat, 2016-cı il üzrə 11.720 manat, 2017-ci il üzrə 12.022 manat, 2018-ci il üzrə 14.052 manat, 2019-cu il üzrə 16.823 manat, 2020-ci il üzrə 9922 manat olmaqla, ümumilikdə 76.449 manat pul Cavabdeh tərəfindən təhvil verilmişdir. Belə ki, həmin sənədlərdən görünür ki, cavabdeh tərəfindən xx.xx.2015-ci ildən xx.xx.2021-ci ilə kimi yığılmış pullar üzrə müqavilədə müəyyən edilmiş qaydada ümumi məbləğin 30 faizi (məsələn 5 manat pul yığılmışdırsa, onun 30%-i, yəni 1,5 manat hissəsi cavabdehə çatmış, qalan 3,5 manat hissəsi isə müəssisəyə təhvil verilmişdir) cavabdeh tərəfindən götürülmüş, geri qalan 70%-i isə iddiaçı müəssisəyə təhvil verilmiş, həmçinin təhvil verilmiş pullar üzrə təhvil-təslim edilmişdir. Göründüyü kimi qeyd olunan illər ərzində heç bir çatışmazlıq aşkar edilməmiş və pullar təhvil verilən zaman pulların az və ya əskik olması ilə bağlı heç bir qeyd edilməmişdir.
28. Bundan əlavə, məhkəmə qeyd edir ki, iddiaçının əsas sübut növü kimi istinad etdiyi mütəxəssis rəyi sübut hesab edilmir. Belə ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bundan əlavə, həmin Məcəllənin 175.2-ci maddəsinə əsasən zəruri hallarda iş üzrə sübutların tədqiqi zamanı məhkəmə mütəxəssisin məsləhəti və şərhini dinləyir. Məhkəmə ilkin olaraq qeyd edir ki, X4 mütəxəssis kimi çalışmasını təsdiq edən lisenziya və ya icazə sənədi məhkəməyə təqdim edilməmiş, X1 olaraq təqaüdçü olduğunu və əvvəllər Auditorlar Palatasında işlədiyini bildirmişdir. Bundan əlavə, məhkəmə iclasında mütəxəssis qismində izahat vermiş X9 məhkəmə tərəfindən verilən suallara cavab olaraq bildirmişdir ki, iş üzrə vergi sistemindən əldə edilmiş məlumatlarla naryadları araşdırıb, ona uyğun rəy tərtib etmişdir. Göründüyü kimi mütəxəssis borc məbləğini hesablayarkən sadəcə olaraq vergi sistemindən əldə edilmiş məlumatlarla naryadlara istinad etmiş, hər bir kassa aparatı üzrə ödənilməli olan məbləğləri tam hesablamış, ödəniş olunmayan kassalar üzrə, həmçinin qeydiyyata düşmə və qeydiyyatdan çıxma üzrə də ödəniş olunmadığı halda artıq borc hesablamışdır.
29. İddiaçı tərəf Cavabdeh cinayət işi üzrə şahid qismində verdiyi ifadəsinə (kassa aparatının aylıq abunə haqlarında borcu olduqda həmin borc vergi ödəyicisinə tam olaraq ödətdirilirdi, bu borc bağlandıqdan sonra nəzarət kassa aparatına eyni qaydada vergidən bu dəfə qeydiyyatdan çıxma aktı alınırdı və kassa aparatı qeydiyyatdan çıxarılırdı.) istinad edərək, Cavabdeh həmin pulları da aldığını, lakin müəssisəyə vermədiyini bildirsə də, həmin pulların yığılması və təhvil verilməməsi ilə bağlı heç bir sübut təqdim edə bilməmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında həmin ifadəsinin onun tərəfindən deyilmədiyini və o hissəni oxumadan imza etdiyini, hətta ifadəsini düzətmək üçün dörd dəfə cinayət işi üzrə keçiriləcək məhkəmə iclasına getdiyini, lakin ona növbə çatmadığı üçün məhkəmə iclaslarının təxirə salındığını bildirmiş, iddiaçı tərəf isə həmin faktı təsdiq edərək, Cavabdeh həqiqətən də dörd dəfə cinayət işi üzrə keçiriləcək məhkəmə iclasına getdiyini, lakin ona növbə çatmadığı üçün məhkəmə iclaslarının təxirə salındığını qeyd etmişdir.
30. Göründüyü kimi iddiaçının tələbinin dəlilləri əsassızdır və iddia tələbini təmin etmək üçün yetərli sübutlar məhkəməyə təqdim edilə bilməmişdir. Hazırkı iş üzrə iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı digər sübutu işdə iştirak edən şəxslərin izahatlarından ibarətdir. Məhkəmə nəzərə alır ki, işdə iştirak edən şəxslərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə işdə iştirak edən şəxslərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
31. Məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq olunması barədə ərizəyə münasibətdə isə qeyd edir ki, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında qeyd olunmuş hüquqi mövqeyə görə iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Hazırki iş üzrə məhkəmənin mövqeyinə görə iddiaçı müvafiq subyektiv hüquqa malik olsa da, iddia tələbi əsassız olduğundan və cavabdeh tərəfindən həmin hüquq pozulmadığından iddia müddətinin tətbiqindən söhbət gedə bilməz. Çünki, iddia müddəti məhkəmə tərəfindən yalnız o zaman tətbiq oluna bilərdi ki, cavabdeh tərəfindən iddiaçının müvafiq subyektiv hüququ pozulardı, lakin iddia müddəti keçdiyi üçün iddia rədd olunardı.
b) Məhkəmə xərcləri ilə bağlı
32. İddiaçı eləcə də 522,22 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
33. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 522,22 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
34. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
35. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
36. İddia tələbi rədd edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 522,22 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməlidir.
VI. Məhkəmənin gəldiyi nəticə
37. Beləliklə, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
38. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ:
İddia rədd edilsin. İddia rədd edildiyi üçün ödənilmiş 522,22 (beş yüz iyirmi iki manat iyirmi iki qəpik) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Əbülfəz Məmmədli