Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-41/2025 27.01.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında, baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6017,81 manat əsas borc məbləği, gecikdirilmiş dövr üçün 25 manat, hüquqi xidmətin göstərilməsi üzrə xərc 300 manat və 84 manat məhkəməyə ödənilən dövlət rüsumu olmaqla, cəmi 6426,81 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixində İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında, distribütora məxsus malların diler tərəfindən satışını həyata keçirən və satış şərtlərini əks etdirən 16466 saylı diler müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən dilerə, özünə məxsus olan malları təklif edir. Bunun əsasında, diler tərəfindən tərəflərin müqaviləyə və distribütora məxsus olan malların satışını, realizə olunmasını tənzimləyən digər sənədlərdə razılaşdırdıqları şərtlərə uyğun olaraq həmin mallar üzrə satış həyata keçirilir. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapmışdır. Lakin dilerin distribütordan aldığı mala görə borcu yaranmışdır. Belə ki, 01 fevral 2024-cü il tarixdə tərəflər arasında imzalanmış üzləşdirmə aktının məzmunundan görünür ki, 31 yanvar 2024-cü il tarixinə Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə borcu 6217,81 manat təşkil edir. Həmçinin aktın məzmunundan aydın olur ki, diler yaranmış borcu "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin ilk yazılı tələbi ilə geri qaytarmalıdır. xx.xx.2024-cü il tarixli 359 saylı maliyyə arayışına əsasən Cavabdeh tərəfindən borcdan edilən ödənişdən sonra xx.xx.2024-cü il tarixinə olan borcu 6017,81 manat təşkil edir. Borclunun borcunu geri qaytarmaq vəzifəsi ilk yazılı tələbin göndərildiyi andan başlanır. Belə ki, Cavabdeh elektron şəkildə ilk yazılı pretenziya göndərilmişdir. Cavabdeh şəxsin ünvanına öz öhdəliyini yerinə yetirməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixində kağız daşıyıcıda da pretenziya məktubu çatdırılmışdır. Ödəmə üçün pretenziyada müəyyən olunmuş müddət də nəzərə alınsa, borclunun öhdəliyi icra etmək vəzifəsi xx.xx.2024-cü il tarixindən başlanmalıdır. İddianın xx.xx.2024-cü il tarixində göndərildiyi nəzərə alınsa iddianın gecikdirilməsi üzrə məbləğ 1 ay əsasında 25,07 manat hesablanmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdeh etirazında göstərdikləri ilə bağlı onunla telefon danışığı zamanı da bildirmişdir. Ola bilsin ki, müqavilədəki imza cavabdehə məxsus deyil, lakin üzləşdirmə aktlarının birini cavabdehin işçisi, digər ikisini isə özü imzalamışdır. Onlarda üzləşdirmə aktları, ödəniş sənədləri və təhvil-təslim aktlar mövcuddur. 16 aprel 2024-cü ildə isə cavabdeh tərəfindən sonuncu dəfə 200 manat ödəniş edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, obyektində məişət texnikaları satışı ilə məşğuldur. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə uzun müddət işləmişlər. Əvvəl normal işləsələr də, sonradan şirkətin öz içində qalmaqallar baş vermişdir. Tez-tez işçilərini dəyişmişlər, səbəb kimi isə şirkət daxili yeyinti olduğunu bildirmişlər. Məhkəməyə təqdim edilən müqavilədən onun xəbəri yoxdur, müqavilədəki möhür başqa şəxsə məxsusdur. Həmçinin o imza çəkəndə imzası A hərifi ilə başlasa da müqavilədəki imza Ə hərifi ilə başalmışdır. Onların arasında yazılı müqavilə olmamışdır. Pulu malları təhvil alarkən malı gətirən adama verirdi. Bir dəfə iddiaçının əməkdaşları obyektə gəlmiş, ona çoxlu mal vercəklərini və malın pulunu isə uzun müddət ərzində hissə-hissə verə biləcəyini bildirmişlər. Daha sonra ona üzləşmə aktı təqdim etmişlər və həmin aktdakı məbləğə heç baxmamışdır. 01 aprel 2023-cü il tarixli və 01 yanvar 2024-cü il tarixli üzləşmə aktına onun özü imza çəkmiş, lakin 01 fevral 2024-cü il tarixli üzləşmə aktına imza çəkməmiş, adı çəkilən Fərid adlı şəxsi də tanımır. 01 fevral 2024-cü il tarixli aktdakı möhür ona məxsusdur, ancaq möhrü akta o vurmamışdır. Borc üzə ödənişlər etmişdir. Onun iddiaçıya təxmini olaraq 1300-1400 manat borcu qalmışdır. 16 aprel 2024-cü il tarixli qəbz formasında pul ödəməmiş, həmin qəbzdəki imza ona məxsus deyildir. Cavabdeh həmiçinin izahatında göstərdi ki, məhkəməyə təqdim etdiyi diskdə iddiaçının mal vermə qaydası görünür, iddiaçı ancaq həmin qaydada ona mal vermişdir. Üzləşdirmə aktına isə bilmədən imza çəkmişdir. O, iddiaçıdan mal almışdır, pul almamışdır. İddiaçı həmin malların verilməsini təsdiq edən sənədləri təqdim etməlidir. Onun iddiaçıya 1270 manat borcu vardır, o da mallarının satılmaması ilə əlaqədardir. Nə vaxt istəsələr həmin malı onlara qaytara bilər. İddiaçıya iddia ərizəsində qeyd edilən qədər borcu yoxdur. İddiaçının işçilərinin böyük qismi hazırda yeyinti ilə bağlı həbs edilmişdir. Buna görə onun üstünə borc yazmışlar, həmçinin onun adından müqavilə bağlamışlar. Həmin müqavilədəki imza, VÖEN və möhür saxtadır. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini və işin prokrorluğa göndərilməsini xahiş edir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 29 sentyabr 2018-ci il tarixli 16466 saylı diler müqaviləsindən görünür ki, distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə uyğun olaraq dilerə, özünə məxsus olan malları təklif etməyi, diler isə öz növbəsində tərəflərlərin bu müqaviləyə və onun tərkib hissəsi olan digər sənədlərə əsasən bu malların satışını həyata keçirməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 01 yanvar 2024-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh İddiaçı QSC-nə 6317,81 manat borcunun olması hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan 01 aprel 2024-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh İddiaçı QSC-nə 6817,81 manat borcunun olması hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 oktyabr 2024-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 110-112-ci vərəqlərində olan xx.xx.2018-ci il tarixli 16466 saylı diler müqaviləsinin sonuncu vərəqəsinin “Diler:” qrafasındakı imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilən audio-video diskin tədqiqi zamanı müəyyən olundu ki, görüntüdə İddiaçı QSC-nin nümayəndəsi cavabdehin obyektinə gəlir, özünü təqdim edir, malları müşayiət edən sənədi Cavabdeh verir, sonuncu həmin sənədi təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 29 sentyabr 2018-ci il tarixli 16466 saylı diler müqaviləsi etibarsızdır. Belə ki, həmin müqavilə Cavabdeh adına tərtib edilsə də onun tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanmış, başqa vergi ödəyicisi olan şəxsin möhürü ilə təsdiq edilmişdir. Bundan başqa məhkəmə bildirir ki, iddiaçı cavabdehə satması üçün mal verdiyini, cavabdeh tərəfindən öhdəlik tam icra edilmədiyini bildirmiş, cavabdehdən 6017,81 manat borc məbləğinin tutulmasını xahiş etmişdir. Cavabdeh də izahatında iddiaçının əməkdaşları tərəfindən ona satması üçün mal verildiyini, uzun bir müddət ərzində hissə-hissə ödəyə biləcəyini bildirdiklərini, malın pulunu iddiaçıya qaytardığını, iddiaçıya 1270 manat borcu qaldığını bildirmişdir. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehə satılması üçün mal verilməsi hər iki tərəfin izahatı ilə təsdiq edilir. Borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, cavabdeh iddiaçıya 1270 manat borcu qaldığını bildirsə də həm iddiaçı müəssisənin əməkdaşının, həm də cavabdehin imzası ilə təsdiq edilmiş 01 aprel 2023-cü il tarixli üzləşmə aktında borc məbləğinin 6817 manat 81 qəpik olması, 01 yanvar 2024-cü il tarixli üzləşmə aktında borc məbləğinin 6317 manat 81 qəpik olması qeyd edilmişdir. Həm İddiaçı QSC-nin əməkdaşları, həm də Cavabdeh özü tərəfindən təqsdiq edilmiş üzləşmə aktlarına əsasən cavabdehin 01 yanvar 2024-cü il tarixə 6317 manat 81 qəpik borcu olması müəyyən olunur. İddiaçı cavabdehdən 6017,81 manat borcu tələb edir ki, cavabdeh həmin məbləğdə deyil, daha az məbləğdə borcun qalması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Cavabdehdən 6017 manat 81 qəpik əsas borc məbləği tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı borcun gecikdirildiyi dövr üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə istinad edərək əsas borca hesablanmış illik 5% olmaqla 25 manat məbləğində faiz borcunun tutulmasını məhkəmədən xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı bildiriş xx.xx.2024-cü il tarixdə tərtib etmiş, borcun 1 həftə ərzində ödənilməsi təklif edilmiş, bildiriş cavabdehə xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Həmin tarixdən 1 həftə müddət nəzərə alınmaqla xx.xx.2024-cü il tarixədək (iddia ərizəsinin cavabdehə göndərildiyi tarix) olan müddət ərzində iddiaçı əsas borc məbləğinin gecikdirilməsi üçün hesablanmış 25 manat faiz məbləğini də cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, 25 manat faiz borcu da olmaqla cəmi 6042 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 84 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 300 manat məbləğində hüquqi yardımla bağlı vəkil xidməti haqqı ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 84 manat dövlət rüsumu və hüquqi yardım üçün göstərilmiş 300 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 110 manat ekspertiza xərci iddiaçı "xxxx" QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6017 manat 81 qəpik əsas borc, 25 manat faiz borcu olmaqla cəmi 6042 (altı min qırx iki) manat pul, hüquqi yardım üçün göstərilmiş 300 (üç yüz) manat pul, 84 (səksən dörd) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 110 (bir yüz on) manat ekspertiza xərci iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-41/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-41/2025
27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver