Məhkəmə qərarları › İş №e-2-2(115)-425/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-425/2024

17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-425/2024 17.04.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə. İddiaçı Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli **********05 saylı müqavilə üzrə yaranmış 1100,05 manat borc Cavabdeh MMC-dən tutularaq Gəncə şəhər MKTİB-in xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhər MKTİB ilə hüquqi şəxs Cavabdeh MMC arasında “Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair” xx.xx.2021 tarixli **********05 saylı müqavilə bağlanılmışdır. İddiaçıGəncə şəhər MKTİB tərəfindən cavabdeh hüquqi şəxs Cavabdeh MMC-yə göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi barədə dəfələrlə bildiriş və xəbərdarlıqlar verilsə də, cavabdeh tərəfindən müqavilə üzrə borclar ödənilmədiyindən cavabdehin xx.xx.2024 tarixinə iddiaçıya 1100,05 manat (min yüz manat beş qəpik) borcu yaranmışdır İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən ödəniş olmasa da, onlar öz xidmətlərini davam etdirmişlər, tullantılar yığılmasa o ərazi kəskin şəkildə antisanitariyaya məruz qalar. Hal-hazırda da xidmət göstərilir, lakin ödəniş olunmur. Birinci ayın məbləğində olan fərq onunla əlaqəlidir ki, birinci ayın ödənişində güzəşt olmuşdur. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair müqavilə, şəxsi hesab vərəqəsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Gəncə Şəhər Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021 tarixli, **********05 saylı “Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair” müqaviləyə əsasən icraçı təyin edilmiş sahədən tullantıları müqavilədə qeyd olunan müddət ərzində daşınmasını və zərərsizləşdirilməsini təmin edir. İcraçı qeyd olunan tullantıların daşınmasını və zərərsizləşdirilməsini öhdəsinə götürmüş, məişət tullantılarının daşıma xərci aylıq 55 manat, illik 2021-ci ilin aprel ayının biri tarixindən xx.xx.2021-ci il tarixinədək 385 manat təşkil etmişdir. Müqavilən şərtlərinə əsasən hər ayın 25-dən gec olmayaraq cari ay üçün görülən iş haqqı icraçının bank hesabına köçürülməlidir. Həmin müqavilənin 2-ci bəndinə əsasən sifarişçi təyin etdiyi ərazidən məişət tullantılarının daşınmasına görə bağladığı müqaviləyə əsasən göstərilən müddətdə hər ay xidmət haqqını icraçının bank hesabına ödəyir. Həmin müqavilənin 9-cu bəndinə əsasən sifarişçi ödənişi vaxtında yerinə yetirmədikdə və müqavilənin şərtlərini pozduqda qanunvericilikdə nəzərdə tutulan qaydada tədbirlərin görülməsi nəzərdə tutulur. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə mütəmadi xidmət göstərilmiş, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə onun 1100,05 manat borcu yaranmışdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı büdcə təşkilatı olaraq dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 31,01 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdehndən 1100,05 manat məbləğində pul tutularaq iddiaçı Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə ödənilməli, Cavabdehndan 31,01 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 1100,05 manat məbləğində pul tutularaq iddiaçı Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə ödənilsin. Cavabdehndan 31,01 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar